Məhkəmə qərarları › İş №2(103)-8578/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8578/2020

20.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8578/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Bahdur Həsənovun iştirakı ilə, iddiaçı X1 cavabdehlər “xxxx” ASC və Sabirabad Rayon Elektrik Şəbəkəsinə qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin “ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll edilməsi barədə” müraciətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı işin ərazi aidiyyəti ilə bağlı Sabirabad Rayon Məhkəməsi ilə Nəsimi Rayon Məhkəməsinin arasında fikir ayrılığı yaranıb. Belə ki, Sabirabad Rayon Məhkəməsi işi ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərib, Nəsimi Rayon Məhkəməsi isə bununla razılaşmayaraq ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. İşə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, cavabdeh “xxxx” ASC-nin ünvanı Nəsimi rayonuna aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsində “cavabdeh” kimi göstərilən Sabirabad Rayon Elektrik Şəbəkəsi cavabdeh hesab olunmur. O, hüquqi şəxs deyil, “xxxx” ASC-nin struktur vahididir. MPM-in 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MPM Sabirabad Rayon Elektrik Şəbəkəsini cavabdeh hesab etmədiyinə görə MPM-in aidiyyət barədə müddəlarının tətbiqi zamanı onun ünvanı əsas götürülə bilməz. İddia ərizəsinin məzmununda Sabirabad Rayon Elektrik Şəbəkəsinin adının cavabdeh kimi göstərilməsi iddiaçı tərəfindən yol verilmiş pozuntudur. Sabirabad Rayon Məhkəməsi pozuntuya əhəmiyyət vermədən iddia ərizəsini icraata qəbul edib. Nəsimi Rayon Məhkəməsi iddiaçının yol verdiyi həmin pozuntuya işə mahiyyəti üzrə baxarkən müvafiq hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45.4-cü maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı mülki iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar