Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8580/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahvedi oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X1 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “X1 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən vurulmuş maddi zərərə görə 3500 manat, mənəvi zərərə görə isə 1000 manat tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayının azaldılması və ixtisarı əsası ilə işdən azad edilmişdir. Lakin bu, işəgötürülən tərəfindən gətirilən bəhanədir. Belə ki, işçilər arasında narazılıq yarandığından, onu qərəzli şəkildə işdən çıxarmışlar. Bu zaman onun məcburi köçkün olması da nəzərə alınmamışdır, halbuki, bu amil peşəkar işçi olduğu üçün nəzərə alınmalı və işdə saxlanılmalı idi. İşdən çıxarıldıqdan sonra o, iş tapa bilməmiş, buna görə də xeyli maddi ziyana məruz qalmışdır. Bundan başqa, işdən çıxarılarkən qanunvericiliyə uyğun olaraq iki ay qabaqcadan ona xəbərdarlıq edilməmiş, iki aylıq orta əmək haqqı ödənilməmişdir. Göründüyü kimi, iddiaçının hüquqları kobud şəkildə pozulmuş, işsiz qalaraq dolanacaq xərclərindən məhrum olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmədə bildirmişdir ki, əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, lakin əmək kitabçasında texniki səhv olmuşdur. Bu saxtakarlıq isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı, cavabdeh “X1 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlayaraq, həmin tarixli, 46 nömrəli əmrlə “dəmirçi” vəzifəsinə işə qəbul edilmiş, müqavilənin müddəti bir ay müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 219 nömrəli əmrlə isə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, həmin tarixdən xitam verilmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, tərəfər arasında bağlanmış bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən həmin tarixli əmrlə xitam vermişdir. İddiaçıya məxsus ******* saylı əmək kitabçasında isə qeyd olunmuşdur ki, İddiaçı, xx.xx.2019-cu il tarixli, 219 saylı əmr əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar olunduqda) işdən azad olunmuşdur. Hazırda iddiaçı, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar olunduqda) xitam verilməsinə baxmayaraq, iki aylıq orta aylıq əmək haqqı ödənilmədiyini və əvvəlcədən xəbərdarlıq edilmədiyindən uzun müddət işsiz qaldığını bildirərək, cavabdehin bu qanunsuz hərkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Cavabdeh isə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verildiyini bildirərək, iddiaya etiraz edir. Kollegiya, hesab edir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə tərəflər arasında bağlanmış əmək müqaviləsinə hansı əsasla xitam verildiyi müəyyənləşdirilməlidir. Əmək Məcəlləsinin 83.1-ci və 83.2-ci maddələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsinə xitam verilməsi, əgər həmin əmək müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilir. Bundan sonra həmin əmrə uyğun olaraq, işçiyə məxsus əmək kitabçasında onun işdən çıxarılmasının əsası ilə bağlı qeydiyyat aparılır. Başqa sözlə, əmək müqavilələrinə xitam verilməsinin əsası məhz bu barədə işəgötürənin əmri ilə rəsmiləşdirilir. Baxılan işdən görünür ki, xx.xx.2019-cu il tarixli, 219 nömrəli əmrlə İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İddiaçıya məxsus əmək kitabçasında isə, həmin əmrə istinad edilməklə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar olunduqda) əsasən işdən azad olunduğu qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsində verdiyi izahatında iş materialları arasındakı bu uyğunsuzluqla bağlı bildirmişdir ki, əmək kitabçasında texniki səhvə yol verilmişdir. İddiaçı istədiyi vaxt müəssisəyə əmək kitabçası ilə yaxınlaşarsa, tərəflərindən həmin səhvin düzəldilməsi mümkündür. Belə olan halda, Kollegiya yuxarıdakı qənaətini əsas götürərək, cavabdehin bu barədə mövqeyini (əmək kitabçasında texniki səhvə yol verilməsi barədə) inadırıcı hesab edir və bu nəticəyə gəlir ki, İddiaçıla bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Kollegiya, həmçinin nəzərə alır ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də tərəfər arasında bağlanmış bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli, 219 nömrəli əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi görünür. Belə olan halda, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin saylı və ya ştatları ixtisar olunduqda) əsasən xitam verilmədiyindən, həmin Məcəllənin 77-ci maddəsində işçilər üçün nəzərdə tutulmuş təminatlar (işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən rəsmi xəbərdar edilmə; işdənçıxarma müavinəti və s.) ona şamil edilmir. Bu hal isə ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmadığından, onun hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması hüquqi cəhətən mümkün deyil. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının maddi zərər və ona bağlı olan mənəvi zərər tələblərini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2997/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8580/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8580/2020
02.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver