Məhkəmə qərarları › İş №2(103)-8589/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8589/2021

05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8589/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə qarşı “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş maddi zərərin tutulması”tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2097/2021 saylı 26 may 2021-ci il tarixli əlavə qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27.12.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və 26.04.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın dövlət orqanlarının hərəkətləri səbəbi ilə məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun, 3.200.000 manat məbləğində əldən çıxmış faydanın, 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin və hüquqi yardım müqaviləsinə əsasən vəkilə ödənilən 1000 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03.09.2020ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi “dövlət orqanlarının hərəkətləri səbəbilə əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməmiş, məhkəmənin eyni saylı, eyni tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində iş üzrə icraata xitam verilmişdir. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1412/2021 saylı 29.01.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadı ləğv edilərək mülki iş iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində mahiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli əlavə qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı tərəfindən ödənilmiş 131.716 manat məbləğində pul vəsaitinin 75 %-i, yəni 98.787 manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə, qalan 25%i, yəni 32 929 manatın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi şikayət verərək qətnamənin ləğv olunması, uyğun olaraq iddianın tam təmin olunması və iddianın rədd olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Kollegiya qeyd edir ki, apellyasiya şikayəti nazir müavini Azər Bayramov tərəfindən imzalansa da onun apelyasiya şikayətini imzalamaq səlahiyyətinin olmasına hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Əksinə, şikayətə əlavə olunmuş Maliyyə Nazirliyinin i- 49 nömrəli 25 may 2006-cı il tarixli əmri ilə apellyasiya və kassasiya şikayətərini Nazirliyin adından imzlamaq səlahiyyətinin Nazirin birinci müavini X1-zadəyə verildiyi müəyyən edilir. Həmçinin, şikayətə əlavə olunmuş digər sənəd - Maliyyə Nazirliyinin i-111 nömrəli 29 iyul 2016-cı il tarixli əmrinin (iş bölgüsünü aparılması haqqında) surətindən nazir müavini A.Ə.Bayramova verilmiş səlahiyyətlər çərçivəsində apellyasiya şikayətini imzalamaq səlahiyyəti aşkar edilmir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2097/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli əlavə qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar