Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8592/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı vəkili X5, Cavabdeh nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin mülkiyyətçisi olduğunu, mənzilinin üst mərtbəsində yaşayan cavabdehin mənzilindən 05 avqust 2020-ci il tarixində onun mənzilinə 4 saat ərzində su axdığını, nəticədə mənzilinin qonaq otağının yararsız vəziyyətə düşdüyünü, elektrik naqillərinin sıradan çıxdığını, ev əşyalarının xarab olduğunu, hesablamasına görə 5000 manat (beş min) maddi ziyana məruz qaldığını, eyni zamanda cavabdehin etinasız hərəkəti səbəbindən mənəvi ziyan da çəkdiyini irəli sürmüş, cavabdehdən 5000 (beş min) manat maddi, 5000 manat mənəvi ziyanın əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 68 saylı yaşayış binasının 3 saylı mənzilinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 1242 (bir min iki yüz qırx iki) manat İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını, eləcə də ədalətli məhkəmə araşdırmasına olan hüququnu pozması, işə iştirakı olmadan baxması, iddiaçının mənzilinə onun mənzilindən su axıdılmasının sübuta yetirilmədiyi, mənzilindən iki digər qonşunun mənzillərinə axan su nəticəsində dəymiş ziyanı aradan qaldırdığı, iddiaçının bu haldan sui-istifadə etmək istədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, ekspert rəyində iddiaçının mənzilinə suyun sızması səbəblərinin məlum olmamasının göstərilməsini baxmayaraq məhkəmə bunları nəzərə almamış, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Buna görə də hesab edir ki, qətnamə ləğv olunaraq iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvini istəmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil iddiaçının mülkiyyətindədir; cavabdeh isə onun mənzilinin üst mərtəbəsində yerləşən 12 saylı mənzildə yaşayır. Tərəflər arasında mübahisə, iddiaçının mənzilinə su sızıntısının baş verməsi səbəbi ilə yaranmış, iddiaçı həmin sızıntının cavabdehə məxsus mənzildən qaynaqlandığını irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İş materiallarında olan, 116 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi, mühəndisi və sahə nəzarətçisi tərəfindən tərtib edilmiş 14.08.2020-ci il tarixli aktda göstərilmişdir ki, aktı tərtib edənlər ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən daxil olmuş şikayətlə bağlı həmin ünvanda olmuş, mənzilə yuxarı mərtəbədə yerləşən 12 saylı mənzildə yaşayanlar tərəfindən su axıdıldığını, nəticədə 3 saylı mənzilin zal otağının tavanında çatlar və qara ləkələr əmələ gəldiyini, mənzilin təmirə ehtiyacı olduğunu təsbit etmişlər. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin 12 mart 2021-ci il tarixli rəyində, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə 12 saylı saylı mənzildən su axıdılması faktının müəyyən edildiyi, lakin 12 saylı mənzilin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etməyin mümkün olmadığı, MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 14.08.2020-ci il tarixli aktın məlumatlarını, eləcə də 3 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələri nəzərə alındığında, həmin mənzilə 12 saylı mənzildən su sızmasının baş verdiyi qənaətinə gəlindiyi, 3 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurlarin aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1242 manat olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi məhz qeyd olunan ekspert rəyini əsas götürərək və Mülki Məcəllənin 1096-cı, 1097-ci və 21-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarında olan MKİS aktında iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı göstərilmiş, ekspert də bu halı müəyyən etmiş, sadəcə su sızmanın texniki səbəbi aydınlaşdırıla bilinməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh özü də apellyasiya şikayətində həmin halın mövcudluğunu etiraf etmiş, lakin öz mənzilindən cavabdehin mənzilinə deyil, digər iki qonşunun mənzilinə su axdığını irəli sürmüşdür. Halbuki, əgər üst mərtəbədə su axıntısı baş vermişdirsə, bu axıntının birinci növbədə alt mərtəbədə fəsad yaradacağı ağlabatan mühakimə əsasında daha qəbulediləndir və bunun əksi nəticəyə gəlmək üçün işdə hər hansı sübut mövcud deyildir. Kollegiya hesab edir ki, ekspertin sözügedən rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçıın mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə iclasları haqqında ona rəsmi məlumat verilməməsi barədə apellyatorun apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından məhkəmə bildirişlərinin ona məxsus olan 12 saylı mənzilə göndərildiyi, lakin bildirişlərin “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarıldığı aydın olur; həmin ünvanın məhkəməyə məlum olan yeganə ünvan olduğu və cavabdehin özünə məxsus mənzildə yaşamaması səbəbindən məhkəmə bildirişlərini almamasının məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-283/2021 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qətnamə mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin olunaraq Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 68 saylı yaşayış binasının 3 saylı mənzilinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 1242 (bir min iki yüz qırx iki) manatın İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza mərkəzinin hesabına köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8592/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8592/2021
14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver