Məhkəmə qərarları › İş №2(103)-8596/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8596/2021

24.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8596/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh SOCAR Cavabdehnə qarşı “əmək vəzifələrinin yerinə yetirilən zaman xəsarət alınması ilə bağlı zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdeh Trestin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) X2, cavabdeh Trestin nümayəndəsi X4 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Trestə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, əmək vəzifələrinin yerinə yetirərkən aldığı xəsarət ilə bağlı 24.02.2012-ci il tarixdən etibarən əmək haqqının 80 faizi miqdarında pulun cavabdeh Trestdən hər ay onun xeyrinə tutulması, 2020-ci ilin fevral ayınadək isə ödənişin birdəfəlik aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər dəniz neft qaz sənaye X1 “Azərdənizneftinşaat” Trestinin Dəmir-Beton məmulatları Zavodunun 18.09.1984-cü il tarixli 120 “k” nömrəli əmrinə əsasən iddiaçı 2-ci dərəcəli yardımçı fəhlə vəzifəsi üzrə işə qəbul olunmuşdur. 18.10.1984-cü il tarixdə iş yerində əmək vəzifələrini icra edərkən iddiaçı xəsarət almış və istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar 19.10.1984cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. Həkim-əmək ekspert komissiyasının 14.03.1985-ci il tarixli, 074609 nömrəli “Tibbi arayışına” əsasən istehsalat xəsarəti ilə əlaqədar iddiaçıya 01.04.1986-cı il tarixədək İİ qrup əlillik dərəcəsi müəyyən edilmiş və müəyyən edilmişdir ki, iddiaçı əmək qabiliyyətinin 80 faizini itirmişdir. Bununla bağlı cavabdeh Trest iddiaçıya əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlə bağlı hər ay ödəniş etmişdir. İşdə aldığı xəsarətlə bağlı iddiaçı əmək fəaliyyətini davam etdirə bilmədiyi üçün 15.03.1985-ci il tarixli əmrlə cavabdeh Trest tərəfindən iddiaçı işdən azad olunmuş, daha sonra növbəti müayinədən 13.03.1986-cı il tarixdə keçmiş və həkim-əmək ekspert komissiyasının rəyinə əsasən əlillik müddəti 13.03.1987-ci il tarixədək artırılmışdır. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlər ilə bağlı iddiaçının səhhətində daima problemlər olmuş, o, yaşlandıqca aldığı əmək xəsarəti ilə bağlı səhhətində daha ciddi problemlər yaranmağa başlamışdır. 2012-ci ildə müayinə-müalicə sənədləri əsasında həkim-ekspert komissiyası əmək qabiliyyətini 80% itirməklə iddiaçıya təkrar İİ qrup əlillik dərəcəsi müəyyən etmiş və növbəti illərdə eyni diaqnozla eyni faizlə əlillik müddəti artırılmışdır. Hal-hazırda iddiaçı əmək qabiliyyətini 80% itirməklə İİ dərəcəli əlildir və əlillik müddəti 2021-ci ilədək artırılmış, əlilliklə bağlı müvafiq sənəd iddiaçıya 24.02.2012-ci il tarixdə təkrar verildikdən sonra cavabdehə dəfələrlə şifahi və yazılı müraciət etsə də, ona əmək xəsarəti ilə bağlı ödəniş edilməsindən imtina edilmişdir. Cavabdeh tərəf imtinanı onunla əsaslandırır ki, yenidən təyin edilmiş İİ qrup əlillik dərəcəsinin Zavodda baş vermiş istehsalat xəsarəti ilə bilavasitə əlaqəli olması haqqında onun tərəfindən heç bir sübut təqdim edilməmiş, cavabdeh tərəf həmin müəssisədə istehsalatla bağlı əmək xəsarəti almağını və bununla bağlı akt tərtib edildiyini, daha sonra əmək xəsarəti ilə bağlı həkim-ekspert komissiyasının rəyi ilə ona əmək qabiliyyətini 80% itirməklə İİ dərəcəli əlillik müəyyən edildiyi faktını təsdiq edir. İddiaçı boyun-baş nahiyəsindən ağır zədələr almış və onun səhhətinin bərpa edilməsi demək olar ki, qeyrimümkündür. Bunun nəticələri daim özünü göstərir, iddiaçı daim müayinə və müalicə olunur. Həmçinin müalicə ilə bağlı iddiaçı xeyli şəxsi vəsait sərf etmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi olmamış, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.10.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarətə görə 2018-ci ilin fevral ayından 2020-ci ilin fevral ayınadək olan ödənclərin müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmaqla birdəfəlik qaydada, 2020-ci ilin fevral ayından etibarən isə hər ay cavabdeh Trestdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, dövlət rüsumuna görə 30 manatın cavabdeh Trestdən alınaraq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Cavabdeh Trest həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə qəbul olduqdan 1 ay sonra, yəni 18.10.1984cü il tarixdə iddiaçı iş yerində başından xəsarət almışdır. Aldığı xəsarətlə bağlı istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar iddiaçıya istehsalat xəsarəti ilə əlaqədar 1 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. İddiaçının əmək qabiliyyətinin olmaması nəzərə alınaraq işdən azad olunmağına razılıq verilmiş və iddiaçı işdən azad olunmuşdur. Daha sonra əlillik müddəti 1 il müddətinə uzadılmışdır. İddiaçının səhhəti yaxşılaşmağa doğru davam etmiş və növbəti müayinədən keçərkən əlillik dərəcəsi təyin olunmamışdır. Bundan sonra, yəni 14.06.1988-ci il tarixdə iddiaçı ərizə ilə Trestə müraciət edərək yenidən işlə təmin olunmasını xahiş etmiş və sağlam olması barədə 17.06.1988-ci il tarixli tibbi arayış təqdim etməklə 04.07.1988-ci il tarixli 31/K nömrəli əmrlə işə qəbul olunmuşdur. İddiaçı, 10.03.1993-cü il tarixədək Zavodda əmək fəaliyyətini davam etdirmiş, işlədiyi müddət (1988-1993-cü illər) ərzində səhhəti ilə əlaqədar şikayəti olmamış və bu barədə iş yerinə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 7 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 03.02.2016-cı il tarixli müayinə barədə məlumata əsasən iddiaçıya əmək zədəsinə görə 12.04.2012-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin həmin müayinə barədə məlumatda əlilliyin təyin edilməsinin iddiaçının 1984-cü ildə aldığı xəsarətlə əlaqədar olması haqqında heç bir məlumat yoxdur. Xəsarətin baş verməsindən xeyli müddət keçmiş və xəstəliyin başqa səbəblərdən müəyyən edilməsi ekspert rəyində tam aydın göstərilməmişdir. Bundan başqa, işə baxılarkən, cavabdeh Trest tərəfindən Rayon Məhkəməsinə “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verilsə də Rayon Məhkəməsi iddia müddətini əsassız olaraq tətbiq etməmişdir. Halbuki, iddia ərizəsində iddiaçı ilə əmək münasibətlərinə cavabdeh Trest ilə əlaqədar münasibətlər 1984-cü ildə yaranmış və həmin vaxtdan 30 ildən artıq müddət keçmişdir. Cavabdeh Trestin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçının özü və vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh Trest isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, Trest də iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Odur ki, bu halı və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlardan müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, Xəzər dəniz neft qaz sənaye X1 “Azərdənizneftinşaat” Trestinin Dəmir-Beton məmulatları Zavodunun 18.09.1984-cü il tarixli 120 “k” nömrəli əmrinə əsasən iddiaçı 2-ci dərəcəli yardımçı fəhlə vəzifəsi üzrə işə qəbul olunmuşdur. 18.10.1984-cü il tarixdə iş yerində əmək vəzifələrini icra edərkən iddiaçı xəsarət almış və istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar 19.10.1984-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. Həkim-əmək ekspert komissiyasının 14.03.1985-ci il tarixli, 074609 nömrəli “Tibbi arayışına” əsasən istehsalat xəsarəti ilə əlaqədar iddiaçıya 01.04.1986-cı il tarixədək İİ qrup əlillik dərəcəsi müəyyən edilmiş və müəyyən edilmişdir ki, iddiaçı əmək qabiliyyətinin 80 faizini itirmişdir. 7 saylı TSEK-in 05.02.2016-cı il tarixli müayinə aktından çıxarışdan (müayinə tarixi 03.02.2016-cı il) görünür ki, iddiaçı İİ qrup əlildir və 80% əmək qabiliyyətini itirmişdir, təkrar müayinənin tarixi 03.02.2021-ci il tarixdir. 7 saylı TSEK-in 01.06.2016-cı il tarixli elektron informasiya məlumatından görünür ki, iddiaçı İİ dərəcəli əlildir, 80% əmək qabiliyyətini itirmişdir. Səbəb: əmək zədəsi. Müayinə tarixi: 01.06.2016-ci il. Növbəti müayinə tarixi: 03.02.2021-ci il. TSEK-nin diaqnozu: baş beyinin travmatik xəstəliyi; postravmatik stress pozğunluğu, kəskin nevrozabənzər sindrom; görmə sinirinin hissəvi atrofiyası; boyun fəqərələrinin disk zədələnməsi. SOCAR tərəfindən 14.04.2016 və 28.12.2019-cu il tarixlərdə iddiaçıya ünvanlanmış məktublardan görünür ki, iddiaçıya yenidən təyin edilmiş İİ dərəcəli əlilliyin 18.10.1984-cü il tarixdə “Azərdənizneftinşaat” Trestinin Dəmir-beton Məmulatları Zavodunda baş vermiş istehsalat xəsarəti ilə bilavasitə əlaqəli olması barədə heç bir məlumat yoxdur. DSMF-nin Bakı Şəhər Nizami Rayon Şöbəsinin **********4 saylı 17.12.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı İİ qrup əlilliyə görə 200 manat miqdarında pensiya alır. Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən işə baxmış Rayon Məhkəməsinə verilmiş 1746 saylı, 14.09.2020-ci il tarixli məktubuna əlavə edilmiş T 230/2020 saylı ekspert rəyindən görünür ki, iddiaçı hal-hazırda 26 saylı Şəhər Poliklinikasının ruhi-əsəb xəstəlikləri kabinetində “baş beyinin travmatik xəstəliyi, postravmatik stress pozğunluğu, kəskin nevrozabənzər sindrom” diaqnozu ilə dispanser qeydiyyatındadır və bununla əlaqədar ona 7 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ əlillik qrupu verilmişdir. Qeyd edilən xəstəlik və fəsadları travma mənşəli olduğundan onların qərarda göstərilən tarixdə, yəni 18.10.1984-cü il tarixdə almış olduğu travma ilə səbəbli əlaqəsinin olmasını inkar etmək olmaz. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Mülki Məcəllənin 1118.1-ci maddəsinə görə, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məcəllənin 1119-ci maddəsinə görə, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir (maddə 1119.1.). Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır (maddə 1119.3.). “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 saylı Qərarının 1-ci Fəslinin 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəsissələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Həmin Qərarın 1.2-ci bəndinə görə, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş müddət üzrə onların müraciəti əsasında aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qərarın 1.3-cü bəndinə görə, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. Qərarın 2.1-ci bəndinə görə, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Qərarın 2.2-ci bəndinə görə, əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qərarın 3.3-cü bəndinə görə, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Məhkəmə qeyd edir ki, iş yerində aldığı xəsarətə görə iddiaçıya ödənc təyin edilmiş, ödənc 13.03.1987-ci il tarixədək həyata keçirilmiş və sonradan dayandırılmışdır. İddiaçı hesab edir ki, ödəmələr cavabdeh Trestin qanunsuz hərəkətləri əsasında kəsildiyindən həmin ödənələr hesablanmalı və ona ödənilməlidir. Cavabdeh Trest isə apellyasiya şikayətində bildirir ki, onun işçisi olmuş iddiaçı 18.10.1984-cü il tarixdə iş yerində xəsarət almış və ona aldığı xəsarətlə əlaqədar 1 il müddətinə İİ qrup əlillik təyin edilmiş, daha sonra əlillik müddəti 1 il də uzadılmış və növbəti müayinədən keçərkən ona əlillik dərəcəsi təyin olunmamışdır. Hətta sağlam olması barədə 17.06.1988-ci il tarixli tibbi arayış da təqdim etmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X3 14.09.2020-ci il tarixli, T 230/2020 saylı rəyi ilə hazırda iddiaçıda olan əlilliyin onun iş yerində aldığı xəsarət nəticəsində yaranması təsdiq olunmur. İşə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən ekspert rəyini sübut kimi qəbul edərək, hesab etmişdir ki, həmin rəy, iddiaçıya 12.04.2012-ci il tarixdə təyin edilən əlillik dərəcəsinə səbəb olan xəstəliklərin onun Trestin Zavodunda çalışdığı 1984-cü ildə əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən istehsalatda aldığı xəsarətlə səbəbli əlaqəsinin müəyyən olunması üçün mötəbər sübut kimi nəzərə alınmalıdır. Apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, ekspert rəyindən görünür ki, iddiaçıda qeyd edilən xəstəlik və fəsadları travma mənşəli olduğundan onların 18.10.1984-cü il tarixdə almış olduğu travma ilə səbəbli əlaqəsinin olmasını inkar etmək olmaz. Göründüyü kimi ekspert rəyində pozuntunun iddiaçının 18.10.1984-cü il tarixdə almış olduğu travma nəticəsində yaranması qeyd olunur. Ekspertlər onda yaranmış əlilliyi həmin hadisə ilə əlaqələndirirlər. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının əmək qabiliyyətinin itirilməsi istehsalatda aldığı xəsarətlə baş vermişdir və Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, iddiaçı iddia müddətini ötürmüş, hadisədən artıq 30 il keçmişdir. Buna baxmayaraq işə baxmış Rayon Məhkəməsi “iddia müddətinin tətbiqi barədə” Trestin verdiyi ərizəni əsassız olaraq nəzərə almışıdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlillini də əsassız hesab edir və bu mövqeyi ilə bağlı bildirir ki, istehsalatda baş vermiş hadisədən uzun müddət keçməsinə baxmayaraq hazırki iş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir; fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Çünki Mülki Məcəllənin 384.0.3-cü maddəsinə görə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh SOCAR Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar