Məhkəmə qərarları › İş №2(103)-8602/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8602/2020

25.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8602/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh3 Zülfüqar oğluna (Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi və “X1” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “əmlakın həbsdən azad olunması və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.metr sahəsi olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 mülkiyyət aidiyyətinin olmaması, onların həbsdən azad olunması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. İddiaçı, şikayət verərək, həmin qərardadın ləğv olunmasını, onun və digər proses iştirakçılarının iştirakı ilə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi, xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmış və qanunvericiliyə əsasən iddiaçıya müvafiq quruma müraciət etmək hüququ izah olunmuşdur. Qərardad belə əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçı tərəfindən iddianın əsası kimi göstərilmiş faktlar – qeyri-yaşayış sahələrinin müsadirə edilməsi barədə məhkəmənin hökmündən iddiaçıya münasibətdə apelyasiya şikayəti vermək hüququnun tanınmaması hələ cinayət mühakimə icraatı növü üzrə bütün imkanların tükənməsi demək deyildir. Çünki cinayət prosessual qanunvericilikdə iddia tələbində göstərilən məsələlərə baxılması ilə bağlı prosessual hüquqi mexanizm mövcuddur və iddiaçı da məhz bu imkanlardan istifadə etməlidir. Habelə, qəbul edilsə ki, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilər, iddia tələbinin təmin olunacağı halında eyni daşınmaz əşyalar barədə fərqli məhkəmə aktları ilə fərqli qərarlar ortaya çıxacaqdır. Bu ziddiyyətli hal isə yolverilməzdir. Çünki bu vəziyyət həm də dövlətin adından çıxarılan fərqli məhkəmə aktlarının icrasının məcburiliyini əhəmiyyətsiz edə bilər. İddiaçı, şikayət verərək, həmin qərardadın ləğv olunmasını, onun və digər proses iştirakçılarının iştirakı ilə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddia ərizəsini icraata qəbul etməkdən imtina edərkən, qərardadında iddiaçının aidiyyəti üzrə hansı orqana müraciət etməli olduğunu, hansı prosessual hüquqi müdafiə mexanizmlərinin mövcud olmasını göstərməmişdir. Eyni zamanda, mülkiyyət hüququnun kobud surətdə pozulması hallarının mövcud olmasına baxmayaraq, heç bir əsas olmadan iddia ərizəsini icraata qəbul etməkdən imtina etmiş, bununla da məhkəmə əlçatanlığı hüququnu əhəmiyyətli dərəcədə pozmuşdur. Bundan başqa, qərardad çıxarılarkən ona məlumat verilməmiş, ərizəyə baxılmasında iştirakı təmin olunmamışdır. Bununla da, ədalət mühakiməsinin təməl prinsiplərindən biri olan çəkişmə prinsipi də kobud surətdə pozulmuşdur. Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmündə onun adı qeyd olunmamışdır. Həmin hökmdən aşkar şəkildə görünür ki, məhkum tərəfindən törədilməsinə istinad olunan əməllər ilə iddiaçının heç bir əlaqəsi yoxdur. Belə olan halda, icra vərəqəsində onun adının qeyd olunması və heç bir əlaqəsi olmayan hökmə istinad edərək mülkiyyətində olan qeyriyaşayış sahəsinin müsadirə edilməsi yolverilməzdir və tamamilə qanunaziddir. Yasamal Rayon Məhkəməsi, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.metr sahəsi olan qeyri-yaşayış sahələri xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. İş üzrə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1 və s. maddələri ilə məhkum olunması barədə Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə həmin qeyri-yaşayış sahələrinin cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmünün məhkum Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı məqamda irəli sürülmüş iddiaya mülki mühakimə icraatında baxıla bilməz. Ona görə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin üzərinə həbsin qoyulması, habelə həmin əmlakın xüsusi müsadirə kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yuxarıda qeyd olunan və cinayət prosesində qəbul olunmuş məhkəmə aktları əsasında həyata keçirilmişdir. Belə olan halda, həmin aktlar İddiaçı mənafeyini pozduğu halda, onun hökmdən maraqlarına toxunan və cinayət prosesində iştiraka cəlb olunmayan şəxs kimi cinayət mühakimə icraatı qaydalarına uyğun Ali Məhkəmənin sədrinə müraciət etmək hüququ vardır. Belə ki, Cinayət Prosessual Məcəllənin 408.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4 - 408.2.7, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təqdimata baxılması bu Məcəllənin 414, 416-420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. İş materiallarından isə İddiaçı bu hüququndan istifadə edərək CPM-nin həmin maddəsinə əsasən, Ali Məhkəmənin sədrinə ərizə ilə müraciət etməsi görünmür. Bu isə ona dəlalət edir ki, İddiaçı müsadirə edilmiş əmlakla bağlı cinayət prosesində öz dəlillərini irəli sürmək və onların məhkəmədə araşdırılmasına nail olmaq (məhkəməyə çatımlılıq) imkanı tükənməmişdir. Bu imkan itirilmədiyi halda məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə edilmiş əmlakın üzərindən həbsin götürülməsi barədə işə mülki qaydada baxılması və qətnamə çıxarılması mümkün deyil. Əks yanaşma cinayət və mülki mühakimə icraatında baxılan məsələlərin bir-birinə qarışmasına, qanuni qüvvəsini almış məhkəmə qərarının məcburiliyi və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olardı. Odur ki, İddiaçı cinayət prosesində mümkün olan imkanları tam tükəndikdən sonra o, həmin əmlakın özünə mənsub olması haqqında iddia qaldıra bilər. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə görə, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Göründüyü kimi, qanunda nəzərdə tutulan bu iddia, mahiyyət etibarilə müəyyən etmə iddiasıdır. Yəni, qanunverici, bu normada xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olmasının təsbit edilməsi haqqında tələbi nəzərdə tutmuşdur. Həmin hal məhkəmə qətnaməsi ilə təsbit edildikdən sonra hüququ pozulmuş şəxsin cinayət prosesində yeni açılmış halla əlaqədar müraciət etmək imkanı yaranır. Baxılan işdə İddiaçı tələbi isə mübahisə predmetinin ona mənsub olması haqqında müəyyənetmə iddiası olmayıb, cinayət işi üzrə hökmlə müsadirə edilmiş əmlakın üzərindən həbsin götürülməsi və ona qaytarılması barədədir. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, hazırkı məqamda və irəli sürülmüş tələblər üzrə ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı deyil. Ona görə də, birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməsi əsaslıdır. Həmin maddəyə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2335/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar