Məhkəmə qərarları › İş №2(103)-8617/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8617/2020

30.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8617/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1781/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X2 çıxardığı xx xxxxxxx 2019-cu il tarixli, 8İ - 15536 saylı icra qeydinin ləğv edilməsi, işin icraat qaydasına keçirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1781/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X2 "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsini əsas tutaraq xx xxxxxxx 2019- cu il tarixli, 8İ - 15536 saylı icra qeydi ilə tələbkar Cavabdeh2 ASCnin cavabdeh İddiaçı aralarında bağlanmış RK/9746015 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 2742,56 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi barədə icra qeydi çıxarmışdır. Notariat kontorunun notariusu iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsini əsas tutduğunu qeyd etsə də həmin maddənin tələblərini pozaraq, tamamilə əsassız və qeyri-qanuni icra qeydi çıxarmışdır. Belə ki, "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci maddəsində "Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir”. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişi borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır”. "Cavabdeh2” ASC tərəfindən sözügedən bildiriş iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilməmişdir. İddiaçı çıxarılmış icra qeydi ilə razı deyildir. Məktubun göndərilməməsi və ya qeydiyyatda olduğu icra qeydində göstərilən ünvana çatdırılmaması, iddiaçının borcla razılaşmağı qənaətinə gəlinməməlidir və bu hal mübahisəsizlik kimi qiymətləndirilməməlidir. Bundan başqa, iddiaçı hesablanmış borcla razı deyildir. Belə ki, həmin hesablanmış borc şişirdilmişdir və Bank tərəfindən yenidən hesablanmalıdır, əks təqdirdə müvafiq ekspertiza tərəfindən yoxlanaraq yeni borc müəyyən edilməlidir. Cavabdeh2 ASC icra qeydində göstərilən RK/07460/5 saylı kredit müqaviləsini iddiaçıya təqdim etməmiş, iddiaçı məhkəməyə şikayət verilməsi üçün müqavilənin surətini almaq üçün Cavabdeh2 ASC-yə müraciət edərkən isə müxtəlif bəhanələrlə, aidiyyəti olmayan filiallara yönəltməklə müqavilənin nüsxəsini ona təqdim etməkdən boyun qaçırmışlar. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, RK/94760/56/29 saylı kredit sazişi müqaviləsinə əsasən bank İddiaçı 48 ay müddətinə, illik 25% olmaqla 4367,49 manat məbləğində kredit vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Hazırki halda iddia ərizəsində qeyd etdikləri bildiriş ona göndərilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş İddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsi isə nümayəndələrinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Cavabdeh2 ASC xx.xx.2016-cı il tarixli kredit sazişi müqaviləsinə əsasən İddiaçı 48 ay müddətinə, illik 25% olmaqla 4367,49 manat məbləğində kredit vermişdir. Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli, 8İ-15536 saylı icra qeydinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə Bakı şəhəri, Nərimanov rayonu, X8, ev 42 ünvanında yerləşən Cavabdeh2 ASC-nin xeyrinə Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 56, mənzil 27 ünvanında qeydiyyatda olan İddiaçı RK/97460/5 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2742 manat 56 qəpik, həmçinin tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2762,56 manat pul tutulmalıdır. Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən Bakı şəhəri 13 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli, 8İ-15536 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli xəbərnaməli qəbzdən görünür ki, Cavabdeh2 ASC tərəfindən borcluya göndərilmiş bildiriş xx.xx.2019-cu il tarixdə Məmmədov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektronformada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, xx xxxxxxx 2019-cu il tarixli, 8İ-15536 saylıicra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. İcra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi, icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən "icra qeydinin ləğvi" mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə iddiaçı Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. İddiaçı icra qeydinin ləğvinə əsas kimi göstərdiyi onun ünvanına bildiriş göndərilməməsi halı bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, bildiriş İddiaçı məxsus ünvanda – ünvan 4 “Məmmədov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilmiş, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı şikayətində cavabdeh notariat ofisinin notariusunun icra qeydi apararkən "Notariat haqqında” Qanunun 76-cı maddəsininin tələblərini pozaraq, tamamilə əsassız və qeyriqanuni icra qeydi çıxardığını göstərsə də konkret olaraq bu maddənin hansı tələbinin pozulduğunu göstərməmiş, eləcə də əsassızlığın və qeyri-qanuniliyin nədən ibarət olmasını dəqiq açıqlamamışdır. Belə ki, tələbkar bankın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. Buna dair işdə(bax.i.v.25)qəbz vardır. Həmin bildirişi borclunun yaşadığı ünvanda “Məmmədov” soyadı olan şəxs qəbzi imzalamqla qəbul etmişdir. İkincisi, iddiaçının icra qeydi ilə, daha doğrusu hesablanmış borcla razı olmaması, borcun şişirdilməsi və mübahisə doğurması hazırki iddiasının əsaslılığına dəlalət etmir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüquqlarına malikdirlər(MPM.m.4.1).Yəni, iddiaçı da qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bunun üçün, iddiaçıya "Notariat haqqında” Qanunun 76-cı maddəsi də imkan verir ki,o, icra qeydi aparılmış tələbi məhkəmə qaydasında mübahisələndirsin. Başqa sözlə, bu cür vəziyyətdə iddiaçı icra qeydinin özünü deyil, onun aparıldığı tələbi mübahisələndirə bilər. Həmin tələbin müahisələndirilməsi zamanı da borcun düzgünlüyü yoxlanıla, zərurət olarsa xüsusi biliyə malik olan ekspertində köməyindən istifadə oluna bilər. Buna baxmayaraq, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməsinə, o cümlədən hansısa məbləğdə ödəniş etməsinə dair hazırki iddia ərizəsinə və apellyasiya şikayətinə də heç bir sübut əlavə etməmişdir. Üçüncüsü, "Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulan icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır müddəasınının borclunun özünə sərf edən formada təfsir etməsi də iddianın əsaslı olduğunu təsdiq etmir. Belə ki, təqdim olunan sənədlərin borcun mübahisəsiz olmasını təsdiq etdiyi..halda aparılır ifadəsi icra qeydinin aparılmasını sırf borcun məbləğinin mübahisəli yaxud mübahisəsiz olması hallarından asılı etmir. Yetər ki, təqdim olunan sənədlərdə tərəflər arasında borc(kredit) müqaviləsinin qanunla nəzərdə tutulmuş formada və qaydada bağlandığı və müqavilənin predmetini təşkil edən valyutanın borcluya verilməsi halları təsdiq olunsun. Hazırki işdədə nə iddia tələbində, nədə apellyasiya şikayətində iddiaçı bankla arasında belə bir müqavilənin olmadığını yaxud ona kreditin verilmədiyini iddia etmir. İddia etdiyi yalnız icra qeydi verilməmişdən 20 gün əvvəl tələbkar tərəfindən ona bildirişin göndərilməməsi və icra qeydində göstərilən məbləğin şişirdilmiş olması halıdır. Ancaq iddiaçı da tələbkarın icra qeydi aparılmamışdan 20 gün əvvəl ona bildirişin göndəriləcəyi halında kredit müqaviləsi üzrə yerinə yetirməsini gecikdirdiyi öhdəliyinin lazımi qaydada icra edəcəyinə bunun nə kimi əhəmiyyətli təsiri olacağı barədə heç bir dəlil göstərmir. Bu hal da ona dəlalət edir ki, iddiaçı bu cür dəlillərdən yalnız hüquqlarından sui-istifadə etmək niyyətlə istifadə edir. Bu hal isə yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1781/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar