Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8617/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehdən 14.000 manat və 2.000 manat, cəmi 16.000 manat pul alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2.000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, cavabdehdən 14.000 manat və 2.000 manat, cəmi 16.000 manat pul tutularaq iddiaçıya verilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin bir hissəsi – 14.000 manata aid olan hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 14.000 manat “ilkin alqı-satqı müqaviləsi” adlı müqavilədə (iş v. 41) göstərilən məbləğdir. Həmin müqavilə 31.01.2019-cu il tarixdə, ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 21 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə münasibətdə bağlanıb. Ev qeydiyyatsızdır, lakin faktiki olaraq cavabdehə aid olub. İlkin müqavilədə cavabdeh “satıcı” kimi, X1 isə “alıcı” kimi qeyd olunub. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə görə evin qiyməti 14.000 manat müəyyən olunur, alıcı (yəni Ramin Şahverdiyev) 14.000 manatı satıcıya (yəni cavabdehə) ödəyir. Ramin Şahverdiyev işdə iştirak edən şəxs deyil, o, birinci instansiya məhkəməsində işə baxılarkən şahid kimi dindirilib. İddiaçı həmin müqavilənin tərəfi deyil. O, bildirir ki, müqavilə Ramin Şahverdiyevin adına bağlansa da əslində evi özü üçün alıb, müqavilə bağlanan zaman şəxsiyyət vəsiqəsi yanında olmadığı üçün müqaviləni tanısı Ramin Şahverdiyevin adına səndləşdirib. İddiaçı daha sonra bildirir ki, müqavilə üzrə cavabdehə ödənilmiş 14.000 manat özünə məxsusdur, lakin cavabdeh müqavilədə göstərilən evi ona verməkdən boyun qaçırıb. Ona görə də 14.000 manat pulun qaytarılmasını tələb edib, lakin cavabdeh həmin pulu qaytarmaqdan boyun qaçırıb. Odur ki, pulun qaytarılması üçün məhkəməyə müraciət edib. Cavabdehin iddiaçıya 14.000 manat pul qaytarmaq vəzifəsi yoxdur. Mülki vəzifənin əmələ gəlmə əsasları Mülki Məcəllənin 14.2-ci maddəsində müəyyən edilib. Pul ödəmək vəzifəsinin yaranması üçün həmin əsaslardan biri mövcud olmalıdır, lakin belə əsas yoxdur. Belə ki, birinci, iddiaçı 31.01.2019-cu il tarixli müqavilənin tərəfi deyil; ikinci, iddiaçının cavabdehə 14.000 manat pul verdiyini təsdiq edən heç bir sübut yoxdur. Ona görə də birinci instansiya məhkəməsi 14.000 manat pul tələbini rədd etməklə düzgün nəticəyə gəlib. Beləliklə, apellyasiya şikayəti rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8617/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8617/2021
17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver