Məhkəmə qərarları › İş №2(103)-862/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-862/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-862/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(006)-257/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli qətnaməsinə əsasən X1, X4, X5, X2 və yetkinlik yaşına çatmayan X6 Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzilindən çıxarılmaları, İddiaçı Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

3. "xxxx" MMC tərəfindən təqdim edilən hesabata əsasən Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzilinin 25 iyun 2023-cü il tarixinə bazar dəyəri 126000 manat, kirayə dəyəri 400 manat təşkil edir.

4. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 2868/2012-53-31-002 saylı icra işi materiallarında olan 03 may 2012-ci il tarixli icraata başlamaq haqqında qərara və tələbin könüllü icrası barədə bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə 01 iyul 2011-ci il tarixli 2(004)-2743/11 saylı icra sənədinin icrasına başlanılmış və borclulara bu barədə bildiriş göndərilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 8(004)- 373/2023 saylı qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli 2(004)-2743/2011 saylı icra sənədi üzrə İddiaçı tərəfindən verilmiş “icra şöbəsinin hərəkətsizliyindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli, 2(004)- 2743/2011 saylı icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-2743/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün icra hərəkətlərinin qısa müddət ərzində icra edilməsi vəzifəsinin mövcud olması Yasamal rayon İcra şöbəsinin diqqətinə çatdırılmış, şikayət digər hissədə təmin olunmamışdır.

6. İcra işində olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin AR Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevə ünvanlanmış 09 aprel 2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Şuşa şəhərindən məcburi köçkün olan X7 ailə üzvləri ilə birlikdə 1996-cı ildən müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Eyni zamanda Şuşa şəhərinin yenidən bərpası ilə bağlı işlər aparıldığından və köçürülmə mərhələli şəkildə həyata keçirildiyindən X7 ailəsi ilə Şuşa şəhərinin digər məcburi köçkünləri ilə birlikdə öz doğma yurduna köçürüləcəkdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 2(004)- 320/2024 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin Yasamal Rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli 2(004)-2743/11 nömrəli icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 61600 manat, mənəvi zərərin əvəzi olaraq isə 100000 manat kompensasiya olmaqla cəmi 276800 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, 28 mart 1996-cı il tarixli MH seriyalı 005801 saylı Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzili onun xüsusi mülkiyyətinə verilmişdir. O və ailə üzvləri həmin ünvanda qeydiyyatdadırlar. Qeyd edilən mənzildə Şuşa rayonundan olan keçmiş məcburi köçkün ailəsi yerləşdirilmiş, həmin dövrdə iddiaçı işğal nəticəsində öz evini tərk etməyə məcbur qalmış vətəndaşların düşdüyü vəziyyəti nəzərə alaraq bu ailənin müəyyən müddətə qədər həmin mənzildə yerləşməsinə və yaşamasına etiraz etməmişdir. İddiaçı 20 ilə yaxın bir müddətdən sonra qeyd edilən mənzildə məskunlaşmış şəxslərin başqa yaşayış yeri əldə etməsi, bu mənzili hətta kirayə verməsi ilə bağlı məlumatlar əldə etdikdən sonra həmin şəxslərin özünün xüsusi mülkiyyətində olan mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli 2(004)-2743/2011 nömrəli qətnaməsi ilə verilmiş iddia ərizəsi təmin olunmuş, məskunlaşmış şəxslərin mənzildən çıxarılması və iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi qət edilmişdir. Qarşı tərəfin bu qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2011-ci il tarixli 2(103)-4492/11 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə kassasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Nəticədə qətnamənin icra olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə 01 iyul 2011-ci il tarixli 2(004)-2743/11 nömrəli icra sənədi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 24 oktyabr 2012-ci il tarixli xx/xx-2577/15 saylı məktubla bildirilmişdir ki, Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi İcra Şöbəsi tərəfindən 02 noyabr 2012-ci il tarixdə saat 15.00-da icra ediləcəkdir. Lakin, qətnamə icra edilməmiş və icra edilməmənin səbəbləri barədə iddiaçıya rəsmi qaydada heç bir məlumat verilməmişdir. Bundan sonra uzun illər ərzində həm iddiaçı, həm də onun oğlu, Vətən Müharibəsi iştirakçısı, “Laçının azad olunmasına görə" medalı ilə təltif edilmiş X8 tərəfindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə, habelə digər dövlət orqanlarına yazılı və şifahi müraciətlər edilsə də, onlara qətnamənin icrasının mümkün olmaması barədə şifahi cavablar verilmiş və nəticə etibarilə ilə qətnamənin icrası üzrə heç bir hərəkət edilmədən müsbət nəticə əldə olunmamışdır. İddiaçı Yasamal rayon icra şöbəsinə 08 sentyabr 2022-ci il tarixdə qətnamənin icra vəziyyəti ilə bağlı informasiya sorğusu göndərməklə müraciət etsə də, müraciətə ümumiyyətlə heç bir cavab verilməmişdir. İddiaçı tərəfindən Yasamal rayon icra şöbəsinə növbəti ərizə 2023-cü ilin aprel ayında göndərilmiş, ərizə vasitəsilə qətnamənin icra edilməsinin təmin olunması və 10 ildən artıq müddət keçməsinə baxmayaraq qətnamənin icra edilməməsinin nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi xahiş edilmişdir. Həmin ərizəyə heç bir yazılı cavab verilməmişdir. Yasamal icra şöbəsindən icra məmuru telefon vasitəsilə əlaqə saxlayaraq iddiaçı ilə görüşmüş və həmin görüşdə qətnamənin icrası istiqamətində addımlar atacağını bildirsə də, indiyə qədər praktiki heç bir addım atılmamışdır. Göründüyü kimi Yasamal icra şöbəsi məhkəmə qətnaməsinin icra edilməsindən faktiki imtina etmişdir. Bu hərəkətsizlik nəticəsində dövlət orqanı olan Ədliyyə Nazirliyinin Yasamal rayon İcra Şöbəsi və bu iş üzrə icraata başlamış icra məmuru iddiaçının ölkə Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş mülkiyyət hüququnu, habelə ədalətli mühakimə hüququnu və onun təminatlarını pozmuş, bununla da iddiaçıya maddi ziyan və mənəvi zərər vurmuşdur. ”Əmlak Ekspert Mərkəzi” MMC-dən əldə edilmiş 25 iyun 2023-cü il tarixli ƏEM/İ 31- 379/23 saylı, “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilin bazar satış dəyəri 126000 manat, kirayə dəyəri isə 400 manat təşkil edir. İddiaçı ona vurulmuş maddi ziyanın əvəzi olaraq real zərər üzrə 126000 manat, əldə çıxmış fayda üzrə isə 50800 manat (icra sənədini icra edilməsi üçün təyin edilmiş tarix 02 noyabr 2012-ci ildən qiymətləndirmənin aparıldığı tarixə 01 iyul 2023-cü ilə qədər olan dövrü hesabladıqda 127 ay edir, 127*400=50800) olmaqla cəmi 176800 manat kompensasiya tələb edir. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100000 manat kompensasiya tələb edir. İddiaçı uzun illər zərərli peşə kateqoriyasına daxil olan vəzifələrdə çalışmış, məhz bu illər ərzində fəaliyyətinə görə, habelə uzun müddət növbədə gözlədikdən sonra görə ona verilmiş mənzildə yaşaya bilməmiş, xeyrinə çıxmış məhkəmə qətnaməsinin icra edilməməsi istiqamətində hərəkətsizlik iddiaçıda uzun müddətli qeyrimüəyyənlik, acizlik, məyusluq, ədalətsizlik hissi yaşatmaqla ona davamlı mənəvi iztirablar vermişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m 7 saylı evin 70 saylı mənzilində məcburi köçkünlərin yaşamasına etiraz bildirilməmiş, lakin sonradan məcburi köçkünlərin həmin mənzili kirayə verərək başqa yerdə yaşaması ilə bağlı həmin şəxslərin mənzildən çıxarılması üçün iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli 2(004)-2743/11 nömrəli qərarına əsasən məcburi köçkünlərin mənzili tərk etməsi və iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülmələri qət edilmişdir. Həmin qərarın icrası üçün Yasamal rayon İcra Şöbəsinə icra sənədi göndərilsə də qərar icra olunmamışdır. Bu səbəbdən İddiaçı cavabdeh Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına onun xeyrinə 176800 manat maddi ziyana, 100000 manat mənəvi ziyanın ödənilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı iddia tələbinin Maliyyə Nazirliyinə qarşı yönəldilməsinin heç bir hüquqi əsası yoxdur və iddia tələbi təmin edilə bilməz, eyni zamanda Ali Məhkəmənin hazırkı praktikasına və qəbul etdiyi qərarına görə Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilməlidir: ilk növbədə qeyd etmişdir ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarının hər hansı şəkildə pozulmasına yol verilməmişdir. Digər tərəfdən qeyd etmişdir ki, məhkəmə qətnaməsinin icrası Maliyyə Nazirliyinə deyil, Yasamal rayon İcra Şöbəsinə həvalə edilmişdir. Qeyd olunan qanunvericilik normalarından aydın olur ki, iddia tələbi fiziki və ya hüquqi şəxsə qarşı yönəldilir ki, həmin fiziki və ya hüquqi şəxs iddiaya cavab verməli olsun, habelə öz qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) ilə iddiaçının qanunla qorunan maraqlarını və mənafelərini pozmuş olsun. Halbuki, iddiaçı onun hüquqlarının Maliyyə Nazirliyi tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçı ərizəsində Yasamal rayon İcra Şöbəsinin Yasamal Rayon Məhkəməsinin qərarının indiyə kimi icra edilmədiyini bildirmiş və dəymiş ziyanın Maliyyə Nazirliyindən ödənilməsini tələb etmişdir. Buradan da göründüyü kimi inzibati orqan olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə heç bir hüquq pozuntusuna yol verilmədiyindən, ümumiyyətlə iddia ərizəsində göstərilən hallarla əlaqədar Nazirlik tərəfindən hər hansı qeyri-qanuni hərəkətə (və ya hərəkətsizliyə) yol verilmədiyindən hesab edirik ki, hazırki iddia tələbi üzrə Maliyyə Nazirliyi cavabdeh ola bilməz, iddianın Maliyyə Nazirliyinə yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən mövcud məhkəmə təcrübəsini xatırladaraq qeyd edirik ki,

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(006)- 257/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

12. Qətnamə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin hal-hazıradək icra edilməməsinin səbəbi Şuşa şəhərindən məcburi köçkün olan X1 ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda yaşamaqla boş mənzil fondunun olmaması nəticəsində onların başqa mənzillə təmin edilməməsi olmuşdur. Göründüyü kimi icra sənədinin icra edilməməsi icra qurumunun hərəkətsizliyindən irəli gəlməməklə mülki hüquq pozuntusu deyildir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının mübahisəli ünvana mülkiyyət hüquqlarını əldə edərkən məcburi köçkünlərin artıq həmin ünvanda məskunlaşması barədə məlumatlı olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)- 4492/11 saylı qətnaməsində əks olunmuş iddiaçının ərizəsinin əsaslandırmasında görünür. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “dəymiş mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “dəymiş maddi ziyanın ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə bu hissədə iddia tələbini təmin etməməkdə haqlıdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 1096, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, hazırkı iş üzrə iddiaçı tərəfindən onun xüsusi mülkiyyətində olan mənzildən qanunsuz məskunlaşmış şəxslərin çıxarılmasını və onun həmin mənzilə köçürülməsini qət edən məhkəmə aktının icrasını dövlət orqanının müvafiq strukturu və həmin strukturun vəzifəli şəxsinin icra etməli olduğu işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsinin əldə edib iş materialarına əlavə etdiyi icra işinin materiallarından görünür ki, iddiaçının istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi icra edilməmiş vəziyyətdədir və icra qurumu (məmuru) tərəfindən həmin qətnamənin icra edilməsindən ötrü heç bir ciddi və təsirli addım atılmamışdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş qərardadlarından görünür ki, Bakı şəhəri Yasamal icra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Beləliklə, iddiaçının mənafeyinə uyğun çıxarılmış məhkəmə aktının icra qurumunun qanunsuz hərəkətsizliyi nəticəsində icra edilməməsi də öz təsdiqini tapır. Qanuni qüvvəsini almış və dövlət adından çıxarılmış məhkəmə aktı hər hansı haldan asılı olmayaraq icra edilməli olduğu halda faktiki olaraq həmin məhkəmə aktının icrasını təmin etməli olan dövlət qurumunun və onun vəzifəli şəxsinin hərəkətsizliyi nəticəsində icra edilmədiyindən İddiaçı pozulmuş hüquqları bərpa edilməmiş vəziyyətdə qalmaqdadır. Belə olan halda birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarını işə baxarkən tətbiq etməli olduğu halda bunu etməmişdir. Bununla da, məhkəmə tamamilə yalnış qənaətə gələrək o mövqedən çıxış etmişdir ki, qətnamənin icra edilməməsinin səbəbi Şuşa şəhərindən məcburi köçkün olan şəxslərin mübahisəli ünvanda yaşamaqla boş mənzil fondunun olmaması nəticəsində onların başqa mənzillə təmin edilməməsi olmuş və icra sənədinin icra edilməməsi icra qurumunun hərəkətsizliyindən irəli gəlməməklə mülki hüquq pozuntusu deyildir. Halbuki, qeyd edildiyi kimi icra orqanının (məmurunun) hərəkətsizliyi artıq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 müxtəlif qərardadı ilə öz təsdiqi tapmışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi qətnamənin icra edilməməsinin səbəblərini deyil, icra edilməmənin iddiaçıya maddi ziyan və mənəvi zərər vurub-vurmaması məsələsini həll etməli idi. Belə ki, birinci instansiya məhkəməsi yanlış olaraq o nəticəyə gəlmişdir ki, iddia tələbinin qanuni əsası mövcud deyil, yəni, mülki hüquq pozuntusu (delikt) olmamışdır. İstinad edilən hüquq normalarının dispozisiyasından görünür ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Yuxarıda qeyd edilmiş dəlillər əsasında müəyyən edilir ki, məcburi icra edilməli olan məhkəmə aktı dövlət qurumunun və onun vəzifəli şəxsinin hərəkətsizliyi nəticəsində icra edilmir və bu hərəkətsizlik delikti yaratmış olur. Nəticə etibarilə iddiaçı özünün xüsusi mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edə bilmir, onun üzərində sərəncam vermək hüququndan məhrum edilmişdir. Faktiki olaraq iddiaçının mülkiyyət hüququ davamlı şəkildə pozulmaqdadır. Məhz bu da iddiaçıya maddi ziyanla yanaşı, mənəvi zərər də vurur. Vurulmuş maddi ziyanın həcmini göstərən sənəd iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi və iddianın təmin olunması xahiş edildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. Apellyasiya şikayətinin dəlilləri ilə iddianın əsasları eyniyyət təşkil etdiyindən və birinci instansiya məhkəməsinin qətnaməsi ilə düzgün əsaslandırma aparıldığından məhkəmə kollegiyası əlavə əsaslandırma aparmağa zərurət görmür.

25. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin və icra məmurunun hərəkətsizliyinin əsas dəlili 1996-cı ildən mübahisə predmeti olan mənzildə müvəqqəti məskunlaşmış X1 məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamasıdır.

26. Qeyd olunan hal Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin AR Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevə ünvanlanmış 09 aprel 2024-cü il tarixli məktubdada əksini tapır. Həmin məktubda qeyd olunur ki, Şuşa şəhərinin yenidən bərpası ilə bağlı işlər aparıldığından və köçürülmə mərhələli şəkildə həyata keçirildiyindən X7 ailəsi ilə Şuşa şəhərinin digər məcburi köçkünləri ilə birlikdə öz doğma yurduna köçürüləcəkdir.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(006)- 257/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(006)- 257/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar