Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8625/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” 2(006)-1069/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Ümüd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona vermiş olduğu 13000 ABŞ dolları və 200 manatın, 2 il müddətinə beş faizini təşkil edən 1344 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 Ümüd oğlu 17.12.2020-ci ildə vəfat etdiyindən prosesual hüquqi varisi İddiaçı2 ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05.08.2018-ci il tarixində uzun müddət tanıdığı Cavabdeh 10.000 ABŞ dolları borca pul vermişdir. Cavabdeh bu məbləği həmin ilin sentyabr ayının 30-dək qaytaracağını bildirməklə məbləğin təminatı olaraq öz əlyazması ilə ona həmin məbləği sentyabrın 30-dək qaytaracağına dair iltizam vermişdir. Eyni zamanda cavabdeh özünə məxsus və mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 82 ünvanındakı 21,1 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyət hüququna dair çıxarışının və həmin qeyri-yaşayış sahəsinin texniki pasportunun əslini də ona təqdim etmiş, yazdığı iltizamda bildirmişdir ki, əgər bu məbləği sentyabr ayınadək qaytara bilməsə, İddiaçı1 Ümüd oğlu qeyri-yaşayış sahəsini sata bilər və bu barədə onun heç bir narazıçılığı olmayacaqdır. Hətta bu iltizamda pulu qaytara bilməyəcəyi təqdirdə, mülkiyyətində olan qeyriyaşayış sahəsinin satılmasına ailəsinin də heç bir etirazının olmadığını bildirmişdir. Sonradan ondan 1000 ABŞ dolları, bir müddət sonra isə 2000 ABŞ dolları və 200 manat pul almışdır. Ümumilikdə bu günə cavabdehin 13000 ABŞ dolları və 200 manat borcu qalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 13000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı2 atası mərhum İddiaçı1 Ümüd oğlu ilə yaxın münasibətləri olmuşdur. Ondan 3000 ABŞ dolları məbləğində pulu faizlə borca götürmüşdür. Daha sonra isə əlavə olaraq 1000 manat borc almış, həmin 1000 manat borcu tam olaraq geri qaytarmışdır. 3000 ABŞ dollarını isə hər 1000 dollara ayda 150 dollar olmaqla, ümumilikdə, hər ay 450 ABŞ dolları 2 il müntəzəm ödəniş etmişdir. Hazırki vəziyyətdə iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçının təkidi ilə ərizə yazaraq güya ondan 10000 ABŞ dolları borc götürdüyünü qeyd etmişdir. Hər ay ödəniş etməsinə baxmayaraq iddiaçı həmin məbləği heç bir əsas olmadan faiz borcu kimi hesablamış və əsas məbləğdən çıxmamışdır. Bunu iddiaçı özü də təsdiq edir. Buna baxmayaraq birinci instansiya məhkəməsi bu halları araşdırmadan ondan 13000 ABŞ dollarının alınıb iddiaçıya verilməsini qət etmişdir. Halbuki, qanunverciliyin əsasən iddiaçının verilmiş borca faizlər hesablaması, vəsait - qazanc əldə etməsi sahibkarlıq fəaliyyəti hesab olunduğu üçün yazılı kredit müqaviləsinin bağlaması tələb olunur. Ona görə də peşəkar şəkildə kredit verilməsi ilə məşğul olan şəxlər "Banklar haqqında" qanunun tələbinə riayət etməli, müqaviləni yazılı formada bağlamalıdırlar. İndiki halda iddiaçı ilə aralarında belə bir yazılı müqavilə mövcud olmadığından iddiaçıya ödədiyi məbləğlər alınmış borc məbləğindən çıxılmalıdır və ona hesablanmalıdır. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu göstərərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən iddianın təmin olunmuş hissəsində ləğv edilməli və iddianın həmin hissədə qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı qətnamə iddianın təmin olunmuş hissəsinə münasibətdə yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh 05.08.2018-ci il tarixli yazılı əlyazmasında qonşusu və dostu İddiaçı1 Ümüd oğlundan 2018-ci ilin sentyabr ayının 30-dək qaytarmaq şərti ilə 10000 ABŞ dolları borc aldığını və özünə məxsus olan şəxsi diş kabinetinin yerləşdiyi 21,8 kv.metr sahənin qeydiyyat vəsiqəsini girov qoyduğunu qeyd etmişdir. Həmin əlyazmaya İddiaçı1 Ümüd oğlu tərəfindən edilmiş əlavə qeyddə Cavabdeh ona 13000 ABŞ dolları borcu qaldığı yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 82 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 10410 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə mübahisələndirilən - iddianın təmin olunan hissəsində ləğv edilməli və iddianın həmin hissədə qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iddianın “cavabdehdən 13000 ABŞ dolları məbləğində pulun tutulması” hissəsində təmin olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Cavabdeh İddiaçı1 13000 ABŞ dolları məbləğində borc pul alması məhkəmə iclasında sübuta yetirilmiş, həmin pulun qaytarmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, o, məhkəmə iclasında iştirak etməyərək buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razı deyildir. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh izahatında 10000 ABŞ dolları məbləğində pulu borc alması barədə əlyazmanı İddiaçı1 təzyiqi altında özü yazdığını və imzaladığını, lakin sonradan əlyazmaya əlavə olaraq 3000 ABŞ dolları borcu olması barədə qeydin onun tərəfindən yazılmadığını və imza edilmədiyini göstərmişdir. İddiaçı2 izahatında göstərmişdir ki, həmin əlyazmada cavabdehin 10000 ABŞ dolları borcundan əlavə 3000 ABŞ dolları, cəmi 13000 ABŞ dolları borcu olması barədə əlavə qeydi mərhum atası İddiaçı1 Ümüd oğlu yazmış və imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci məcəlləsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci məcəlləsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı borcun tutulması hissəsində tam təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, kollegiyanın gəldiyi qənaətə görə, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh 10 000 ABŞ dolları pul tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(006)-1069/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 10000 (on min) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı2 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8625/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8625/2021
05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver