Məhkəmə qərarları › İş №2(103)-8632/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8632/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8632/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3086/2021 saylı mülki iş üzrə qəbul etdiyi 03 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər «Azərsığorta» DSKŞ-yə və Cavabdeh2 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 5.000 manat məbləğində hissəsinin və «Azərsığorta» DSKŞ tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdeh «Azərsığorta» DSKŞdən tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 1.861 manat məbləğində hissəsi Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xərci olmaqla, 30 manat 40 qəpik məbləğinin mütənasib olaraq «Azərsığorta» DSKŞ və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 19.05.2015- ci il tarixdə saat 17:40 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 25-ci kilometrliyində, «Mercedes Benz 200» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil, Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış «Mercedes Benz ML 350» markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikası DİN BDYPİ YPXA-nın 27.05.2015-ci il tarixli 016- 20472- 1215 saylı arayışına və MYP 289641 saylı inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən «Mercedes Benz 200» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hadisənin baş verməsində təqsirli bilinərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərini pozmasına görə Azərbaycan Respublikası İXM-in 151.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, «Mercedes Benz ML 350» markalı ** GA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin MİP-TBK-4428/14 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 14.11.2014-cü il tarixdən 14.11.2015-ci il tarixədək 23.500 manat sığorta məbləği və sığorta dəyəri olmaqla «avto kasko» qaydaları ilə tam sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş 17.06.2015-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində «Mercedes Benz ML 350» markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6.861 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, 17.06.2015-ci il tarixli 591/15 saylı sığorta aktına və müvafiq ödəniş tapşırığına əsasən 6.861 manat məbləğində sığorta ödənişi MİP-TBK-4428/14 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı, X3 "xxxx" ASC-nin Mərkəz filialında olan hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş isb.az saytından çıxarışa əsasən, hadisə anına Cavabdeh2 idarə etdiyi «Mercedes Benz 200» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə «Azərsığorta» DSKŞ tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, "xxxx" ASC tərəfindən 21.05.2015-ci il tarixli elektron və 02.06.2015-ci il tarixli BS-C-15/0712 saylı məktubla müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. Həmçinin, 21.12.2015-ci il tarixli BS-15/1593 saylı «subroqasiya tələbinə dair» məktubundan da göründüyü kimi, iddiaçı sığorta ödənişini etdikdən sonra cavabdehin idarə etdiyi avtomobil sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etmiş «Azərsığorta» DSKŞ-yə sığorta tələbi ilə müraciət etmişdir. Beləliklə, baş vermiş sığorta hadisəsi barədə «Azərsığorta» DSKŞ-yə məlumat verilib, iddiaçı tərəfindən «Azərsığorta» DSKŞ-yə (5.000 manat məbləğində) sığorta tələbi ərizəsi ilə müraciət edilib, lakin iddiaçıya sığorta ödənişi bu günə kimi ödənilməyib. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, 06.03.2019-cu il tarixli BS-C-19/0432 saylı və 25.04.2019-cu il tarixli BS- C19/0714 saylı şikayət məktubları "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası MBNP-yə göndərilmişdir. Lakin bu günə kimi iddiaçının məktubları cavablandırılmamış və məbləğ hesabına geri ödənilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006)- 3086/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 5.000 manat sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 1.861 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun tərəfindən təqdim edilmiş ərizəni nəzərə almamış və iddia müddətini tətbiq etməmişdir. Lakin hazırki iş üzrə iddia müddəti tətbiq edilməli idi. Eyni zamanda ziyan tələbi mütəxəssis rəyi əsasında müəyyən edilmiş, məhkəmə tərəfindən ekspertiza təyin edilməmişdir. Sıradan çıxan hissələrin və təmir üçün çəkilən xərclər üçün müəyyən edilən məbləğlər şişirdilmişdir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh «Azərsığorta» DSKŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyinə və digər tərəflərin apellyasiya şikayəti vermədiyinə görə kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız apellyasiya şikayəti vermiş Cavabdeh2 münasibətdə yoxlanılır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «Mercedes Benz ML 350» markalı ** GA *** dövlət qeydiyyat nişanlı minik avtomobili MİP-TBK-4428/14 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən 14.11.2014-cü il tarixdən 14.11.2015-ci il tarixədək 23.500 manat sığorta məbləği və sığorta dəyəri olmaqla «avto kasko» sığorta növü üzrə tam sığortalanmışdır. 19.05.2015-ci il tarixdə saat 17:40 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 25-ci kilometrliyində, «Mercedes Benz 200» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil, Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış «Mercedes Benz ML 350» markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası DİN BDYPİ YPXA-nın 27.05.2015-ci il tarixli 016-20472- 1215 saylı arayışına və MYP 289641 saylı inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən «Mercedes Benz 200» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hadisənin baş verməsində təqsirli bilinərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərini pozmasına görə Azərbaycan Respublikası İXM-in 151.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. 17.06.2015-ci il tarixli zərərin hesablanması aktındakı məlumatlara əsasən hadisə nəticəsində «Mercedes Benz ML 350» markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (ehtiyat hissələrinin alınması və görüləcək usta işlərinə görə zəhmət haqqı) 6.861 manat təşkil edir. 17.06.2015-ci il tarixli 591/15 saylı sığorta aktına və müvafiq ödəniş tapşırığına əsasən 6.861 manat sığorta ödənişi MİP-TBK-4428/14 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı, X3 "xxxx" ASC-nin Mərkəz filialında olan hesabına köçürülmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 idarə etdiyi «Mercedes Benz 200» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə «Azərsığorta» DSKŞ tərəfindən sığortalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə isə təsbit olunmuşdur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı "xxxx" ASC sığortalıya ödənilmiş pul vəsaitinin reqres qaydasında tələb etməkdə haqlıdır. Belə ki, sığortalanmış «Mercedes Benz ML 350» markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 mülkiyyətində olan «Mercedes Benz 200» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində zərər dəymiş və iddiaçı həmin zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Apellyasiya şikayətində göstərilən dəlilləri isə kollegiya əsassız hesab edir. Belə ki, Cavabdeh2 apellyasiya şikayətində əsas dəlil kimi ona istinad etmişdir ki, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə, iddia rədd edilməli idi. Belə ki, Yol-nəqliyyat hadisəsi 2015-ci ildə baş verdiyi üçün "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı tələb hüququ 2015-ci il tarixdə yaranmasına baxmayaraq, iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il buraxılmış və daha sonra məhkəməyə müraciət olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, hazırki iddia tərəflər arasında bağlanmış hər hansı müqavilədən irəli gəlmədiyindən 3 illik iddia müddətinin bu münasibətlərə tətbiq edilməsi doğru deyildir. Birinci instansiya məhkəməsi düzgün olaraq bu münasibətə 10 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı qənaətə gəlmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin digər dəlili kimi sıradan çıxan hissələrin dəyərləri və təmir üçün çəkilən xərclər üçün müəyyən edilən məbləğləri mübahisələndirmiş və apellyasiya şikayətində məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi xahiş etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi üçün əsas yoxdur. Belə ki, yol-nəqliyyat hadisəsi 2015-ci ildə baş verdiyini və nəqliyyat vasitəsi təmir olduğunu nəzərə alaraq ona dəyən zərərin müəyyənləşdirilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3086/2021 saylı mülki iş üzrə qəbul etdiyi 03.05.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar