Məhkəmə qərarları › İş №2(103)-8635/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8635/2021

20.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8635/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər “Hacı Əjdərbəy” məscidi dini icması, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə qarşı “dinə etiqad hüququnun müdafiəsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsindəki tələblər inzibati məhkəməyə aiddir, ona görə də iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmala bilməz. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişinə istinad olunub. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət qismən təmin olunmalı, qərardad 2 cavabdehə - “Hacı Əjdərbəy” məscidi dini icması və Qafqaz Müsəlmanları İdarəsinə qarşı yönəlmiş tələbə aid hissədə ləğv edilməlidir. Belə ki, həmin 2 cavabdeh inzibati orqan deyil, onlara qarşı yönəlmiş tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Ali Məhkəmə Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli qərarının 16.3-cü bəndinə görə ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, qərardad həmin 2 cavabdehə qarşı yönəlmiş tələbə aid olan hissədə Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişinə uyğun deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadı qismən - cavabdehlər “Hacı Əjdərbəy” məscidi dini icması və Qafqaz Müsəlmanları İdarəsinə qarşı yönəlmiş tələblərin baxılmaq üçün qəbul edilməsindən imtina olunmasına aid olan hissədə ləğv edilsin. Qalan hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Mülki iş Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar