Məhkəmə qərarları › İş №2(103)-8639/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8639/2020

02.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8639/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Rəcəbəliyev Şiro İmaməli oğlunun, cavabdeh Talıbova Billurə İmaməli qızının iştirakları ilə, İddiaçılar Rəcəbəliyev Şiro İmaməli oğlu və Mirzəyeva Kəbirə Adil qızının cavabdeh Talıbova Billurə İmaməli qızına qarşı “evə köçürmə və paylı mülkiyyətin natura qaydasında bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 112/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar Rəcəbəliyev Şiro İmaməli oğlu və Mirzəyeva Kəbirə Adil qızı cavabdeh Talıbova Billurə İmaməli qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin və həmin evin həyətyanı torpaq sahəsinin cavabdehlə onun arasında ¼ hissə payına uyğun olaraq evə və həyətyanı sahəyə ayrıca giriş təmin olunmaqla bölünməsilə həmin sahənin o, Rəcəbəliyev Şiro İmaməli oğlunun istifadəsinə verilməsinə və iddiaçıların ayrılmış sahəyə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar Ş.Rəcəbəliyev və K.Mirzəyeva iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsində yerləşən 43 saylı evin 1/4 hissəsi Rəcəbəliyev Şiro İmaməli oğluna məxsus olmaqla, 1/4 hissəsi də cavabdeh Billurə Talıbovanın xüsusi mülkiyyətindədir. Xəzər Rayon Məhkəməsinin 2(003)- 3914/2015 saylı xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə onun cavabdeh Billurə Talıbovaya qarşı miras payın müəyyən edilməsinə dair iddiası rədd edilmişdir. Sonradan həmin məhkəmə qətnaməsindən verdiyi apelyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilərək, Xəzər Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmişdir və mərhumə anası Mehparə Rəcəbəliyevadan miras qalmış Bakı şəhəri Xəzər rayonu R.Axundov küçəsində yerləşən 43 saylı evin 1/4 hissəsi Billurə Talıbova ilə onun arasında bərabər şəkildə bölünmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən sözügedən daşınmaz əmlaka dair RX seriyalı ******* saylı Çıxarış tərtib edilmişdir. Çıxarışa əsasən, evin ¼ hissəsi onun, digər ¼ hissəsi isə cavabdeh Billurə Talıbovanın xüsusi mülkiyyətindədir. Evin digər 1/2 hissəsi onun xalasının qızı Əhədova Yeganə Ağacavad qızının xüsusi mülkiyyətindədir. Yeganənin mülkiyyətində olan hissə hazırda natura qaydasında ayrılmışdır. Ona qarşı bölgüdə heç bir etirazı yoxdur. Lakin cavabdeh Billurə Talıbova ilə onun arasında paylar natura qaydasında bölünməmişdir. Bu səbəbdən də o, ailə üzvləri ilə birgə oradan istifadə edə bilmir və həmin payın natura qaydasında bölünərək, evə köçürülməklərini məhkəmə qaydasında tələb edir. Sözügedən paylı mülkiyyətdə olan ev iki mərtəbəli tikilidən ibarətdir. Evin həyətyanı sahəsi 1400 kv.m. ərazini əhatə edir. Həyətyanı sahədə hovuz, tövlə və sanitar qovşaq vardır. Həyətyanı sahəyə ümumi giriş evin ortasında yerləşən dalandandır. Hazırda həmin evin və həyətyanı sahənin cavabdehlə onun arasında ayrıca giriş qapıları ayrılmaqla bölünməsi texniki cəhətdən tamamilə mümkündür. Xəzər Rayon Məhkəməsinin 2(003)-112/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Rəcəbəliyev Şiro İmaməli oğlu və Mirzəyeva Kəbirə Adil qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənzilə köçürülməsinə dair hissəsinə ümumiyyətlə münasibət bildirməmiş və bu barədə qətnamə qəbul etməmişdir. Yalnız iş üzrə verilmiş ekspert rəyinə əsaslanaraq mənzilin naturada bölünməsi tələbinə qiymət vermişdir. Bundan əlavə bildirmişlər ki, mənzilin hazıki mövcud giriş-çıxışından əlavə, mənzil mülkiyyətçilər arasında naturada bölündüyü halda, mülkiyyətçilərdən hər hansı birinin payına düşəcək mənzilin qərb hissəsindən ümumi mülkiyyətə heç bir ziyan vurmayacaq küçəyə, yola giriş-çıxış imkanı mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı Ş.Rəcəbəliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh B.Talıbova apellyasiya şiakyətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında mənzilin naturada bölünməsinin mümkün olmadığı bildirmişdir. Mhəkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümüknü hesab etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddia tələbi iki hissədən, yəni “evə köçürmə və paylı mülkiyyətin natura qaydasında bölünməsi” hissələrindən ibarət olsada, birinci instansiya məhkəməsi mənzilə köçürülmə tələbinə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şiro Rəcəbəliyevin cavabdeh Billurə Talıbovaya qarşı miras payın müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-395/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmış, Mehparə Rəcəbəliyevadan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 43 nömrəli evin 1/2 hissəsi Şiro Rəcəbəliyevin və Billurə Talıbovanın hər birinin hissədə payları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətindən görünür ki, ünvan 2 ünvanı ½ hissədə olmaqla Əhədova Yeganə Ağacavad qızının, ¼ hissədə olmaqla Rəcəbəliyev Şiro İmaməli oğlu və Talıbova Billurə İmaməli qızının xüsusi mülkiyyətindədir. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən, ünvan 2 ünvanı ½ hissədə olmaqla Əhədova Yeganə Ağacavad qızının, ¼ hissədə olmaqla Rəcəbəliyev Şiro İmaməli oğlu və Talıbova Billurə İmaməli qızının xüsusi mülkiyyətindədir. İddiaçı məhz bu fakta istinadla müvafiq iddia tələbini irəli sürmüş, işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertizanın rəyi iə mənzilin, mülkiyyətçilərin paylarına uyğun naturada təcrid mənzillər şəklində bölünməsinin mümkün olmadığı müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin baxışı zamanı ekspert rəyi ilə mübahisəli evin naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Şərh olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəsi gedən əmlakın naturada ayrılmasını ekspert rəyinə əsasən məqsədəmüvafiq hesab etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslı sayıla bilməz. Bununla belə kollegiya iddia tələbi “mənzilə köçürülmə” hissəsində əsaslı olduğundan hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya hesab edir ki, mübahisəli mənzilin pay hüququ üzrə həmçinin iddiaçılara məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqların onlara tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşlar. Ona görədə kollegiya hesab edir mənzilə köçürülmə hissəsində iddia tələbi təmin olunmalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-112/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar Rəcəbəliyev Şiro İmaməli oğlunun və Mirzəyeva Kəbirə Adil qızının cavabdeh Talıbova Billurə İmaməli qızına qarşı “evə köçürmə və paylı mülkiyyətin natura qaydasında bölünməsi” barədə iddia tələbi qismən təmin edilsin. İddiaçılar Rəcəbəliyev Şiro İmaməli oğlu və Mirzəyeva Kəbirə Adil qızı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 43 nömrəli evə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Birinci instansiya məhkəməsinin iş üzrə keçirdiyi ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Rəcəbəliyev Şiro İmaməli oğlu və Mirzəyeva Kəbirə Adil qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcətəsnifatınınkodu 142319, büdcəsəviyyəsininkodu 3, ekspertizaxərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, HesabAZ34CTRE********************) hesabına keçirilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar