Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8640/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili-nümayəndəsi X2, Cavabdeh, onun vəkili-nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1242/2021 saylı 18.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 15.478 (on beş min dörd yüz yetmiş səkkiz manat) manat məbləğində borc tutulması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulması və Dövlət Büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Afaq adlı rəfiqəsinin vasitəsilə Cavabdeh ilə tanış olmuş, Cavabdeh rəfiqəsi Afaqın iş yoldaşı olmuşdur. Afaqla olan normal münasibətlərində istifadə edən Cavabdeh onunla da isti münasibətlər qurmuş və ondan ehtiyacları üçün borca pul istəmişdir. Bir neçə dəfə 100-150 manat olmaqla ondan aldığı borc pulları vaxtında qaytarıb, onun etibarından istifadə etmişdir. Bundan sonra Cavabdeh ondan bir neçə dəfə ümumilikdə 16.600 manat borca pul almış və aldığı pullara görə ona qəbz yazıb vermişdir. Bir müddət sonra Cavabdeh pularını tələb etmiş, belə ki, aldığı pulların müqabilində yazdığı qəbzlərdə pulları qaytaracağı tarixləri qeyd etsə də həmin tarixlərdən artıq çox vaxt keçmişdi və Cavabdeh pullarını qaytarmırdı. Aldatdığını başa düşmüş və öz pullarını ondan tələb etmişdir. Lakin Cavabdeh ilk öncə ona pulları qaytaracağını, sonra isə aylıq ona pul vermək imkanı olduğunu bildidi və bu barədə ona plastik kart verərək hər ay həmin kartdan pullarını götürəcəyini bildirdi. Çoxsaylı cəhdlərini nəticəsində Cavabdeh ona yalnız üç dəfə hər dəfə 200 manat olmaqla 600 manat pul ödəmiş və bir dəfə də ona öz razılığı ilə vermiş kartdan o 522 manat pul çıxartmır. Beləliklə Cavabdeh ona ümumilikdə 1.122 manat pul ödəmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsisinin 2(006)-1242/2021 saylı 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 15.478 (on beş min dörd yüz yetmiş səkkiz manat) manat məbləğində borc tutulması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə araşdırılmalı olan hallar, sübutlar nəzərə alınmamış, yetərincə araşdırma aparılmamışdır. O, İddiaçı 7000 (yeddi min) manat məbləğində faizlə qaytarmaq şərtilə borc pul götürmüş qarşılığında 28000 (iyirmi səkkiz min) manat qaytarmışdır. Buna dair disk və səs yazmalar var. Həmin borcun qarşılığında bacısına məxsus maaş kartı, ona məxsus pensiya kartı, həmçinin maaş kartı da iddiaçda olmuş və 2017-ci ildən 2019-cu ilə qədər hər ay həmin kartlardan iddiaçı tərəfindən ödənişlər çəkilmişdir. İddiaçı ona məxsus maaş kartında yığılıb qalan 5000 manat pulu da birdəfəlik çəkmişdir. Buna baxmayaraq, məhkəməyə müraciətində yalan olaraq ona cəmi 1122 manat pul ödədiyini bildirmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili-nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7, onun vəkili-nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən prose iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 20.03.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 20 mart 2019-cu il tarixdə 5000 manat məbləğində pul götürmüşdür. 25.11.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 2000 manat məbləğində pul götürmüşdür. 01.01.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 01.01.2018-ci il tarixdə 5000 manat məbləğində pul götürmüşdür və maaş kartını vermişdir ki, oradan pul çəksin. Cavabdeh İddiaçı 02.10.2019-cu il tarixdə 230 manat verəcəkdir, 09.10.2019cu il tarixdə 150 manat verəcəkdir. 09.09.2018-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı hissə-hissə 2000, 1500, 1000 manat məbləğində pul götürmüşdür və kartı bacısına vermişdir ki, 16 ay yanvar ayına qədər borcu vardır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçıya olan 15.478 manat borcunu qaytarmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh şikayətində iddiaçıya pul vəsaitinin verilməsini, ona və ailəsinə məxsus bank kartlarının iddiaçı tərəfindən istifadə olunmasını bildirsə də, 2017-ci ildən 2019-cu il tarixədək məhz iddiaçı tərəfindən həmin kartlardan istifadə edilməsi məhkəmədə sübuta yetirilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və cavabdehin şəxsi mülahizələrinə əsaslanır. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsisinin 2(006)-1242/2021 saylı 18.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsisinin 2(006)-1242/2021 saylı 18.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8640/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8640/2021
24.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver