Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8646/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1959/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı pozulmuş hüquqların bərpası, maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş № 2(007)-1959/21) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qeydiyyatda olduğu mənzildə yaşayış, məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə təmir işləri apararkən divarların düzəldilməsi üçün istifadə edilən gips inşaat materialına ehtiyacı yaranmış, internet reklam səhifəsindən həmin məqsədlərə cavab verən “Retartan 200 p” xüsusi kimyəvi qatqısı və “KMX-2” yapışdırıcısını seçmiş, hər iki maddənin Azərbaycanda istehsalatının və satışının təşkil edilməsinə dair məlumatın mövcud olmaması səbəbindən onları Rusiya Federasiyasının Moskva şəhərindən sifariş etmək məcburiyyətində qalmışdır. Buna görə də internet reklam səhifələrində yer almış logistika üzrə təkliflərə üz tutmuş, diqqətini “Naviqator” və digər internet reklam səhifələrində «EMAYHOLDİNG», "xxxx" MMC-lər tərəfindən nəqliyyat vasitəsi ilə göstərilən xidmətlər haqqında verilən məlumat cəlb etmişdir. Həmin məlumat cavabdeh tərəfindən verilmişdir. Nəticədə 20.07.2017-ci il tarixdə cavabdehə Rusiya Federasiyasından 5 kq.-dan yuxarı çəkidə “Retardan 200 p” inşaat materialının və 1 kq “KMX-2” yapışdırıcının alınıb ona çatdırılmasını sifariş etmişdir. Xidmətin göstərilməsi üçün cavabdehə 200 (iki yüz) manat haqq ödəmiş və həmin tarixdə Bakı şəhərində onunla cavabdeh arasında yükün daşınması haqqında sifariş - müqavilə bağlanmış, aralarında öhdəlik-hüquq münasibətləri əmələ gəlmişdir. Cavabddeh həmin məbləği qəbul edərək sifarişi 30 gün müddətində icra etməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də 2018-ci ildə cavabdehə qarşı məhkəmədə iddia qaldırmış və iddiası qismən təmin olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının 05.03.2019-cu il tarixli qərarına və qərara dair verilən 03.04.2019-cu il tarixli izahnaməyə əsasən cavabdehə qarşı təkrarən məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçı hazırda qeyd olunanları nəzərə alaraq cavabdehin əməllərinə hüquqi qiymət verilməsini, 20.07.2017-ci il tarixli 28611/2 nömrəli müqavilənin ləğv olunması, hazırkı ərizənin 6-cı hissəsində göstərilən faiz məbləğlərinin, qüsurların hər hansı biri üçün dəbbə pulunun cavabdehdən onun xeyrinə tutulması, cavabdehin törətmiş olduğu hüquq pozuntusu nəticəsində ona vurulmuş mənəvi zərərə görə 1 928 000 manat pulun cavabdehdən onun xeyrinə tutulması, cavabdeh öhdəlikləri pozduğuna görə 200 manat maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması, cavabdehin təqsiri üzündən ödənişli tibbi müyinə görə ödədiyi 40 manat pulun (itirilmiş faydanın) cavabdehdən onun xeyrinə tutulması, iş qabiliyyətini itirməsi səbəbindən ona vurulmuş maddi ziyan üçün (itirilmiş fayda) 10.08.2018-ci il tarixdən başlayan və hazırkı mübahisə üzrə ədalətli məhkəmə qərarı çıxarılacaq tarixədək olan dövr üçün əmək haqqı ilə gəlirinin məhrum olunduğu 50% əvəzinin onun xeyrinə tutulması, hazırkı iddia ərizəsinin hazırlanması ilə bağlı xərclərin əvəzinin ödənilməsi üçün 90 manat məbləğin və gələcəkdə məhkəməyə təqdim edəcəyi digər zəruri xərclər üzrə məbləğlərin cavabdehdən onun xeyrinə tutulması, məhkəmə qaydasında tutulacaq pul məbləğinin ödənilməsinin geçikdirilməsi üçün müvafiq dəbbə pulunun cavabdehdən onun xeyrinə tutulması, kompensasiyaların hesablanmasının beynəlxalq ədalət mühakiməsi sistemində qəbul olunan qaydalar əsasında həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun təşkil etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi pozulmuş hüquqların bərpası və cavabdehdən maddi və mənəvi ziyana görə kompensasiya tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı bundan əvvəl də eyni xarakterli və məzmunlu iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin olunmuşdur. Həmin iş üzrə məhkəmə qərarlarının məzmunundan görünür ki, İddiaçı Faqif oğlu cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən avans üçün ödədiyi 200 manatın, həmin pulun qaytarılmaması ilə bağlı geçikdirilmiş hər gün üçün 23.07.2017-ci il tarixdən məhkəmənin qərar çıxaracağı günə qədər 1% məbləğində dəbbə pulunun, ödənişli tibbi müayinənin pulu kimi 40 manatın, sənədlərin tərtibatı üçün sərf etdiyi əməyin, vaxtın və pul xərclərinin əvəzi kimi 200 manatın, maddi ziyana görə kompensasiya kimi 7000 manatın, mənəvi ziyana görə kompensasiya kimi 500 000 manatın, cəmi 507 440 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən maddi ziyanın əvəzi kimi 100 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması qət olunmuş, qalan hissədə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv olunmuş, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, cavabdehdən maddi ziyanın əvəzi kimi 200 manat, mənəvi ziyana görə 100 manat, cəmi 300 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət olunmuş, qalan hissədə iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin işin predmetini İddiaçı Faqif oğlu ilə X2 arasında bağlanmış və hazırkı işin də predmetini təşkil edən 20.07.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərlə bağlı yaranmış mübahisə təşkil etmişdir. Birinci instansiya məhkəməsi hazırkı işin predmetini təşkil edən avans üçün ödənilmiş 200 manatın, həmin pulun qaytarılmaması ilə bağlı geçikdirilmiş hər gün üçün 23.07.2017-ci il tarixdən məhkəmənin qərar çıxaracağı günə qədər 1% məbləğində dəbbə pulunun, ödənişli tibbi müayinənin pulu kimi 40 manatın, sənədlərin tərtibatı üçün sərf etdiyi əməyin, vaxtın və pul xərclərinin əvəzi kimi 200 manatın tutulması, eləcə də maddi və mənəvi ziyan tələblərinin əvvəlki iş üzrə məhkəmə baxışının peredmeti olduğunu, həmin tələblər üzrə araşdırma aparıldığını, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu nəzərə alaraq həmin tələblər hissəsində hazırkı iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda iddianın qalan hissəsinin, o cümlədən iddiaçının istehlakçı hüquqlarına malik olması, cavabdehin davranışına, əməllərinə CM-nin 178,192,.1193.1,193-1,194,198,310 və 314-cü maddələrinin prizmasında hüquqi qiymət verilməsi, onun delikt və cinayət qurbanı olmasının qətnamədə əks etdirilməsi tələblərinin də əsassız olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları göstərir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən maddi ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulmuş 200 manatın müqavilə məbləği olmaması barədə apelyatorun dəlilləri əsassızdır. Belə ki, həmin qətnamənin məzmunundan göründüyü kimi, iddiaçı cavabdehdən müqavilə üzrə avans ödədiyi 200 manatın tutulmasını xahiş etmiş və apellyasiya instansiyası məhkəməsi həmin məbləği maddi ziyanın əvəzi kimi cavabdehdən tutmuşdur. Həmin qətnamə ilə iddiaçının maddi ziyanla bağlı digər tələbləri əsassız sayılaraq rədd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələblərində əvvəlki işdə rədd olunmuş maddi və mənəvi ziyanın sadəcə həcmi artırılmış, cavabdehdən eyni əsaslarla daha artıq məbləğlər tələb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8646/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8646/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver