Məhkəmə qərarları › İş №2(103)-8648/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8648/2021

13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8648/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(007)-864/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9196 manat məbləğində maddi ziyan və 30000 manat məbləğində mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun sağlamlığına zərər vurulmuş və nəticədə ona 19196 manat məbləğində maddi ziyan və 50000 manat məbləğində mənəvi ziyan dəymişdir. Xətai RPİ-nin baş təhqiqatçısı Teymur Ağamirovun 04 avqust 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh 27 iyun 2020-ci il tarixdə onu qəsdən vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərdən görünür ki, sol almacıq sümüyünün yerdəyişən, sol maksilvar sinusun lateral divarının yerdəyişən, sol almacıq sümüyünün alın çıxıntısının xətli və almacıq qövsünün xətti sınıqlar kimi xəsarətlər almışdır. Belə ki, “X6" Klinikasında ödənilmiş qəbzlərdən görünür ki, 18300 manat məbləğində ödəniş edilmiş, "Ege" Hospital klinikasında ödənilmiş qəbzdən görünür ki, 100 manat məbləğində ödəniş edilmiş, “Lor" Hospitalda ödənilmiş qəbzdən görünür ki, 196 manat məbləğində ödəniş edilmişdir. Həmçinin “Avrasiya" Hospitalında ödənilmiş qəbzdən görünür ki, 100 və 500 manat məbləğində ödəniş həmin klinikaya ödənilmişdir. Cavabdehin atası Adil Abdurəhmanov tərəfindən onun anasına 8500 manat məbləğində pulun ödənildiyini nəzərə alaraq iddia tələbimin həcmini ona görə azaldır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(007)-864/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 9196 manat, mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 10196 manat və 7,80 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 22,2 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, iddiaçının müalicəsinə xərclənmiş vəsaitin çox hissəsi, yəni 13196 manatı barışıq sazişinədək - 13.07.2020-ci il tarixədək sərf edilmişdir. İddiaçının anası həmin tarixə müalicə xərclərinin 13196 manat təşkil etməsinə rəğmən 8500 manatı şərtsiz qəbul etmiş və gələcəkdə cavabdehə qarşı hər hansı bir iddia tələbi irəli sürməyəcəyini öhdəlik götürmüşdür. İddiaçı 29.06.2020-ci il tarixdə kompyuter-tomoqrafiyası müayinəsindən keçdiyi 3 nömrəli Şəhər Kliniki xəstəxanasında pulsuz müalicə oluna bilərdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının 29.06.2020-ci il tarixli İddiaçı kompyuter-tomoqrafiya müayinəsinin protokolundan görünür ki, Frontal sinusun ölçüsü və pnevmatizasiyası təbiidir. Sfenoidal sinusun və mastoidal hücrələrin pnevmatizasiyası pozulmamışdır. Nazal konxalar və burun keçəcəkləri açıqdır. Burun çəpəri təbiidir. Sol almacıq sümüyünün yerdəyişən, sol maksilyar sinusun lateral divarının yerdəyişən, sol almacıq sümüyünün alın çıxıntısının xətti və almacıq qövsünün xətti sınıqları aşkar olunur. Sol maksilyar sinusda və etmoidal hücrələrdə qanlı möhtəviyyat izlənilir. 04 avqust 2020-ci il tarixli “Cinayət təqibinin başlanılmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə” qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Cavabdeh ilə barışmasını nəzərə alaraq xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Nizami rayonu. Q.Qarayev küçəsi ev 47, mənzil 2-də yaşayan Cavabdeh Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. “Avrasiya Hospital”ın 06.08.2020-ci il tarixli və 09.08.2020-ci il tarixli mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən 500 manat və 100 manat ödəniş edilmişdir. “X7”in 02.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 5000 manat ödəniş edilmişdir. “X7”in 21.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 1500 manat ödəniş edilmişdir. “X7”in 07.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 3000 manat ödəniş edilmişdir. “X7”in 21.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 1500 manat ödəniş edilmişdir. “X7”in 22.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 2300 manat ödəniş edilmişdir. “X7”in 13.07.2020-ci il tarixli qəbz məlumatlarından görünür ki, İddiaçı tərəfindən 5000 manat ödəniş edilmişdir. “Ege Hospital”ın 04.08.2020-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. “Lor Hospital”ın 02.07.2020-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 196 manat ödəniş edilmişdir. Cavabdeh ilə X3 arasında bağlanmış 13 iyul 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh tərəfindən 8500 manat məbləğində pul X2 ödənilmişdir, bununla əlaqədar X1 Cavabdeh qarşı heç bir şikayəti, iddia və tələbi olmayacaqdır. Beləliklə, müəyyən edilmişdir ki, Cavabdeh 27 iyun 2020-ci il tarixdə iddiaçını qəsdən vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İddiaçı aldığı xəsarətlərə görə sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün ümumilikdə 19196 manat məbləğində pul hesablansa da, endirimlə 17696 manat məbləğində pul ödəmişdir. Həmin pulun 8500 manatı cavabdeh tərəfindən iddiaçı xəstəxanada olduğuna görə onun anasına verilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh vurulmuş maddi ziyana görə 9196 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd olunan maddi-hüquq normalarının tələbləri baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Cavabdehin apelyasiya şikayəti əsassızdır. Ödəniş qəbzlərinə əsasən iddiaçının nə qədər xərc çəkməsi sübut olunur və işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən 8500 manat verilmişdir, iddiaçı hazırda qalan məbləği tələb etməkdə haqlıdır. Apelyasiya şikayətinin iddiaçının 3 nömrəli Şəhər Kliniki xəstəxanasında pulsuz müalicə oluna bilməsi barədə dəlili də əsassızdır, çünki hansı (dövlət və ya özəl) tibb müəssisəsində müalicə almaq seçimi iddiaçıya məxsus olmuşdur və bu əsasla iddianı rədd etmək yolverilməzdir. Cavabdehin təqsirli hərəkətləri iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinə səbəb olduğundan, Kollegiya hesab edir ki, mənəvi zərər hissəsində də iddia tələbini məhkəmə haqlı olaraq qismən təmin etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Cavabdehin apelyasiya şikayəti əsassızdır, o, şikayətini hər hansı konkret dəlillərlə əsaslandırmamış, fikrini ümumi sözlərlə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətində göstərilənlər qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-864/2021 saylı iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar