Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-865/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs Binəqədi Bələdiyyəsinin nümayəndəsi Əziz Eminovun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mecid oğluna və Cavabdeh2 qarşı “14 saylı notariat ofisində bağlanmış 09.12.2019-cu il tarixli ilkin alq-satqı müqaviləsinin və həmin müqaviləyə edilmiş 02.03.2020-ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsi, Cavabdeh1 Mecid oğlunun mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq onlara geri qaytarılmasına dair” ilk və Cavabdeh1 Mecid oğlunun cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 66 saylı 30.04.2010-ci il tarixli sərəncamının etibarsız hesab olunması, qeyri-yaşayış sahəsi olan torpaq sahəsinə onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı 2(001)-3327/2021 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Mecid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mecid oğluna və Cavabdeh2 qarşı 14 saylı notariat ofisində bağlanmış 09.12.2019-cu il tarixli ilkin alq-satqı müqaviləsinin və həmin müqaviləyə edilmiş 02.03.2020-ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsinə, Cavabdeh1 Mecid oğlunun mübahisə predmeti olan 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq onlara geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 03.11.2000-ci il tarixli, 1692 saylı sərəncamı ilə Qarabağ müharibəsinin İİ qrup əlili ilk iddia üzrə iddiaçıların ataları X5 Binəqədi rayonu 7 mkr, X.Dairəvi küçəsi 22 saylı binanın həyətində qaraj yerləşdirilməsi üçün 24 kv.m torpaq sahəsi ayrılmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26.09.2005-ci il tarixli, 280 saylı qərarına əsasən Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan 7 mkr, Xarici Dairəvi küçəsi 22 saylı binanın arxasında istifadə etdiyi qarajın altındakı 24 kv.m torpaq sahəsi İddiaçı2 icarəsinə verilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 22.09.2005-ci il tarixli, 289 saylı müqaviləsinə əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qaraj tikintisi üçün ayrılan 24 kv.m torpaq sahəsini icarəçi İddiaçı2 2025-ci ilin sentyabr ayınadək icarəyə vermişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 14.04.2008-ci il tarixli, 100 saylı qərarına əsasən Binəqədi rayonu 7-ci mkr, 22 saylı yaşayış binasının arxasında qaraj tikintisi üçün 18 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi əlavə edilmiş cizgi əsasında İddiaçı1 icarəsinə verilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində tikiləcək qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 14.04.2008-ci il tarixli, 496 saylı müqaviləyə əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qaraj tikintisi üçün ayrılan 18 kv.m torpaq sahəsini icarəçi İddiaçı1 11.04.2049-cu il tarixədək icarəyə vermişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 30.04.2010-cu il tarixli, 66 saylı səraəncamına əsasən Bakı şəhəri Binəqədi RİH-nə vətəndaşlar İddiaçı1, İddiaçı2 və X3 inşa olunmuş qeyriyaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına dair müraciətləri əsasında 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən və vətəndaşlar İddiaçı1 ayrılan 18 kv.m, İddiaçı2 ayrılan 24 kv.m və X5 ayırılan 24 kv.m torpaq sahələrində təqdim edilən layihə əsasında inşa olunmuş qeyri-yaşayış sahəsinin onların adına mövcud vəziyyətdə rəsmiləşdirilməsi qərara alınmışdır. 2010-cu ildən etibarən qeyriyaşayış sahəsi Uğur kafesi və çay evi olaraq fəaliyyət göstərmişdir. 2015-ci ildə ilk iddia üzrə iddiaçıların ataları İ.İddiaçı1 vəfat etmişdir. Covid-19 pandemiyası ilə əlaqədar 2020ci ilin mart ayından etibarən obyektin fəaliyyəti dayandırılmışdır. Lakin 2021-ci ilin fevral ayında ilk iddiaçılara obyekdən Cavabdeh1 istifadə etməsi məlum olmuşdur. Cavabdeh obyekti iddiaçıların qardaşı olan Cavabdeh2 almasını bildirsə də, ona obyektin Cavabdeh2 heç bir aidiyyətinin olmadığı iddiaçılar tərəfindən izah olunmuşdur. Cavabdeh1 alqı-satqı müqaviləsinin surətinin ilk iddiaçılara verilməsi tələb olunsa da, bunun nəticəsi olmamışdır. Məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 Mecid oğlu arasında 09.12.2019-cu il tarixdə bağlanaraq 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasına və istifadəsində olan 0,05 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə razılığa gəlinmiş, həmin müqaviləyə əsasən əmlakın qiyməti 200000 manat müəyyən edilsə də, sonradan həmin müqaviləyə 02.03.2020-ci il tarixdə bağlanan əlavə sazişə əsasən əmlakın qiyməti 140000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlanarkən hüquq müəyyənedici sənəd olaraq notariusa Cavabdeh2 adına saxtalaşdırılan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 30.04.2010-cu il tarixli, 66 saylı səraəncamının surəti təqdim olunmuşdur. Lakin 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə dair Cavabdeh2 adına heç bir sənəd mövcud olmamışdır. Binəqədi rayon Binəqədi Bələdiyyəsi iddiaçılara məxsus sənədlərin Bələdiyədə olmadığını bildirsə də, Milli Arxivə göndərilən sorğulara əsasən iddiaçılara torpağın ayrılmasına, icarə müqavilələrinin bağlanmasına, sərəncamın verilməsinə dair bütün ilkin sənədlərin arxivdə saxlanması müəyyən olunmuşdur. İlk iddiaçılara qardaşıları olan Cavabdeh2 tərəfindən qeyri-yaşayış sahəsinin Cavabdeh1 satılması məlum olmamışdır. Əgər məlum olsaydı hər hansı bir sənədi saxtalaşdırmağa ehtiyac qalmazdı. Cavabdeh1 saxta sənəd əsasında ilkin alqı-satqı müqaviləsi bağladığından onun həmin müqavilənin predmetinə hər hansı bir hüququnun yaranması mümkün deyildir. Bu səbəbdən Cavabdeh1 iddiaçıların adına tərtib olunan sərəncamı mübahisələndirə bilməz, torpaq sahəsinə dair onunla müqavilə bağlanmasını tələb edə bilməz. Həmçinin, iddiaçı Cavabdeh1 Mecid oğlu cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30.04.2010-ci il tarixli, 66 saylı sərəncamının etibarsız hesab olunmasına, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsi olan Uğur kafesinin yerləşdiyi torpaq sahəsinə onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq olunmuş 09.12.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə və həmin müqaviləyə 02.03.2020-ci il tarixli əlavəyə əsasən Cavabdeh2 140000 manata Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən ümumi sahəsi 235 kv.m olan qeyri-yaşayış binasını və 0,05 ha torpaq sahəsini almış və hal-hazırda istifadəsindədir. Cavabdeh1 tərəfindən 50000 manat 09.12.2019-cu il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanan günü qalan məbləğ isə 02.03.2020-ci il tarixdə ilkin alqı-satqı müqaviləsinə əlavə bağlanan günü ödənilmişdir. İlk iddia ərizəsi üzrə iddiaçılar mübahisəli obyektin Cavabdeh1 Mecid oğluna satılmasından güya xəbərlərinin olmadığını bildirsələr də, onların qardaşı Cavabdeh2 dəfələrlə mübahisəli obyektin Cavabdeh1 satmasını qardaşlarının bilməsini, şəxsən onların razılığı ilə obyektin satılmasını, satışdan aldığı puldan onlara da verdiyini bildirmişdir. 2020-ci ilin oktyabr ayında İddiaçı1 başqa bir alqısatqı müqaviləsi təqdim edərək obyektin Orxana deyil, ona məxsus olduğunu və başqa şəxsə satıldığını Cavabdeh1 demişdir. Bundan sonra məlum olmuşdur ki, mübahisəli obyekt X7 02.10.2020-ci ildə satılmış, lakin alıcı mübahisənin olmasını bilib müqavilədən imtina etmişdir. Artıq Ə.M.Mesdunovun müraciəti əsasında Cavabdeh2 və qeyriları barədə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanması üçün Bakı şəhər prokurorluğu qarşısında vəsatət qaldırılmış, Bakı şəhər prokurorluğu fakta görə cinayət işi qaldıraraq aidiyyəti üzrə Binəqədi RPİ İstintaq Şöbəsinə göndərmiş, Cavabdeh2 barəsində həbs qətimkan tədbiri seçilmiş və o, Bakı İstintaq Təcridxanasında saxlanılır. İlk iddia ərizəsi üzrə iddiaçılar İddiaçı1 və Cəlilov X9 rayonu Binəqədi Bələdiyyəsindən torpaq sahəsinin icarəyə götürülməsini və Uğur kafesini inşa etmələrini bildirsələr də torpaq icarə müqaviləsini məhkəməyə təqdim etməmişlər. Çünki belə bir müqavilə mövcud deyildir. Belə ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 09.08.2021-ci il tarixli BRB\587 saylı məktubunda Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxivində və vergi ödəyicilərinin Avtomatlaşdırılmış məlumat Sistemində Binəqədi rayon Bələdiyyəsinin 26.09.2005-ci il tarixli, 280 saylı və 14.04.2008-ci il tarixli, 100 saylı qərarlarının mövcud olmadığı bildirilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30.04.2010-cu il tarixli, 66 saylı sərəncamına əsas olmuş torpağın icarəyə verilməsi barədə belə bir qərarları olmamış, bələdiyyənin arayışına əsasən həmin sərəncam tamamilə qeyriqanuni və nəticə olaraq etibarsız hesab olunmalıdır. İddiaçıların təqdim etdikləri tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından müəyyən olunur ki, aktda ünvan olaraq Binəqədi rayonu 7ci mkr, X14 küçəsi qeyd olunmuşdur. Lakin mübahisəli obyektin ünvanı ünvan 2k iddiaçıların məhkəməyə təqdim etdikləri sərəncamın əsasında duran bələdiyyənin qərarları olmadığından Binəqədi RİH-nin 66 saylı 30.04.2010-cu il tarixli sərəncamı etibarsız hesab edilməlidir. Cavabdeh2la Cavabdeh1 arasında alqı-satqı rəsmi olaraq notarial qaydada təsdiq olunduğundan, Cavabdeh1 öz üzərinə düşən vəzifəni yerinə yetirdiyindən, vicdanlı alıcıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 Mecid oğlu ilə Cavabdeh2 arasında 14 saylı notariat ofisində bağlanmış 09.12.2019-cu il tarixli, 3M-2996 reyestr nömrəli ilkin alqısatqı müqaviləsi və həmin müqaviləyə 02.03.2020-ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı1 və İddiaçı2 təhvil verilməsi, Cavabdeh2 140000 manatın Cavabdeh1 Mecid oğlunun xeyrinə tutulması, Cavabdeh1 Mecid oğlunun İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30.04.2010-ci il tarixli, 66 saylı sərəncamının etibarsız hesab olunmasına, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsi olan “Uğur” kafesinin yerləşdiyi torpaq sahəsinə onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçılar məhkəməyə Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş torpaq icarə müqaviləsini təqdim etməmişlər. Binəqədi Bələdiyyəsinin 09.08.2021-ci il tarixli, BRB/587 saylı cavabında ilk iddia üzrə iddiaçıların məhkəməyə təqdim etdikləri sərəncamda qeyd olunan qərarların həmin bələdiyyədə olmadığı bildirilmişdir. X2 Binəqədi Rayon Məhkəməsinə ünvanladığı 29.09.2021-ci il tarixli, BRB/719 saylı absurd və qeyri-qanuni olan məktubunda qeyd olunur ki, ilkin iddiaçılar həmin qərarların surətlərini və Milli Arxiv İdarəsinin Bakı filialının məktubunun surətini təqdim etdikdən sonra həmin qərarlar bələdiyyənin arxivində ilkin qeydiyyata alınmış, onlara müvafiq arayışlar verilmişdir. Qərar verən orqanda qeyd olunan qərarlar olmadığı halda belə bir absurd məktub ünvanlanmış, məhkəmə buna hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 30.04.2010-cu il tarixli, 66 saylı sərəncamında aparılmış tikinti işlərinin Bakı şəhəri İcra Hakimiyyətinin “Bakmənzilkommunallayihə” Lİ tərəfindən işləndiyi qeyd edilmişdir, Tikinti Quraşdırma işləri komissiyasının iddia ərizəsi ilə ilkin iddiaçılar tərəfindən təqdim olunmuşdur, həmin aktın tarixi yoxdur, həmin aktda ünvan olaraq Binəqədi rayonu, 7-ci mikrorayon, X14 küçəsi qeyd olunmuşdur. Mübahisəli obyektin ünvanı isə ünvan 6r, məhkəmə bu halı araşdırmamışdır. Binəqədi Bələdiyyəsinin 10.09.2021-ci il tarixli BRB/679-2 saylı məktubunda qeyd olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30.04.2010-cu il tarixli, 66 saylı qərarı ilə Binəqədi rayonu X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən 24 kv.m torpaq sahəsi X1 istifadəsində olmaqla Bələdiyyənin arxivində qeydiyyatdadır. Həmin qərarın nömrəsi və tarixi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30.04.2010-ci il tarixli, 66 saylı sərəncamı ilə eynilik təşkil edir. Bu necə ola bilər?! İddiaçıların “Uğur” kafesinə aid sənədləri və mülkiyyət hüquqları yoxdur, əgər kafe onların adına olsa idi, çoxdan özəlləşdirərdilər. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. İş üzrə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmiş Binəqədi Bələdiyyəsinin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüququ normalarına riayət etməsini yoxlayır. İşdə olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26.09.2005-ci il tarixli, 280 saylı qərarının surətindən müəyyən olunur ki, Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan 7 mkr, Xarici Dairəvi küçəsi 22 saylı binanın arxasında istifadə etdiyi qarajın altındakı 24 kv.m torpaq sahəsi İddiaçı2 icarəsinə verilmişdir. İşdə olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 22.09.2005-ci il tarixli, 289 saylı müqavilədən müəyyən olunur ki, icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qaraj tikintisi üçün ayrılan 24 kv.m torpaq sahəsini icarəçi İddiaçı2 26.09.2005-ci il tarixdən 2025-ci ilin sentyabr ayınadək icarəyə vermişdir. İşdə olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 14.04.2008-ci il tarixli, 100 saylı qərarından müəyyən olunur ki, Binəqədi rayonu 7-ci mkr, 22 saylı yaşayış binasının arxasında qaraj tikintisi üçün 18 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi əlavə edilmiş cizgi əsasında İddiaçı1 icarəsinə verilmişdir. İşdə olan Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində tikiləcək qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 14.04.2008-ci il tarixli, 496 saylı müqavilədən müəyyən olunur ki, icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qaraj tikintisi üçün ayrılan 18 kv.m torpaq sahəsini icarəçi İddiaçı1 11.04.2008-ci il tarixdən 11.04.2049cu il tarixədək icarəyə vermişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 30.04.2010-cu il tarixli, 66 saylı sərəncamından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi RİH-nə vətəndaşlar İddiaçı1, İddiaçı2 və X3 inşa olunmuş qeyri-yaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına dair müraciətləri əsasında 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən və vətəndaşlar İddiaçı1 (18 m2), İddiaçı2 (24 m2) və X5 (24 m2) ayrılmış torpaq sahələrində (qərar № -100,14.04.08; №-280, 26.09.05; sərəncam № 1692,03.11.00) təqdim edilən layihə əsasında inşa olunmuş qeyri-yaşayış sahəsinin (İ mərt; 2 yeməkx.- 64,8 m2 , 47,3 m2 , 2 mərt. 6,5 m2 , 15,4 m2 , dəhl.-7,4 m2 , s\q-2,9 m2 , mans: dəhl. 12,4 m2 , zal 50,9 m2) mövcud vəziyyətdə rəsmiləşdirilməsi qərara alınmışdır. İşdə olan satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 Mecid oğlu arasında 09.12.2019-cu il tarixdə bağlanaraq 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, bu müqavilə üzrə tərəflərin ödləlikləri Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasına və istifadəsində olan 0,05 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən ibarətdir. İşdə olan məhkəməyə Bakı şəhəri 14 saylı notariat ofisindən təqdim olunan satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 Mecid oğlu arasında bağlanmış 09.12.2019-cu il tarixli 3M-2996 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi ilə bağlı notariat işində olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 30.04.2010-cu il tarixli 66 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri Binəqədi RİH-nə vətəndaş Cavabdeh2 inşa olunmuş qeyri-yaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına dair müraciəti əsasında 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən və vətəndaş Cavabdeh2 (66 m2) ayrılmış torpaq sahəsində təqdim edilən layihə əsasında inşa olunmuş qeyri-yaşayış sahəsi (İ mərt; 2 yeməkx.- 64,8 m2 47,3 m2 , 2 mərt. 6,5 m2 , 15,4 m2 , dəhl.-7,4 m2 , s\q-2,9 m2 , mans: dəhl. 12,4 m2 , zal 50,9 m2) onun adına mövcud vəziyyətdə rəsmiləşdirilməsi qərara alınmışdır. İşdə olan Satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 Mecid oğlu arasında bağlanmış 09.12.2019-cu il tarixli, 3M-2996 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə 02.03.2020-ci il tarixdə bağlanmaqla 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq olunmuş əlavə sazişdən müəyyən olunur ki, tərəflər Bakı şəhəri 14 saylı notariat ofisində 09.12.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 kv.m olan qeyri-yaşayış binasına və istifadəsində olan 0,05 ha torpaq sahəsinə dair bağlanmış qeydiyyatı 3M\2996 nömrə ilə aparılmış ilkin alqı-satqı müqaviləsinin 2.1-ci bəndinin aşağıdakı redaksiyada verilməsi barədə razılığa gəlmişlər: 2.1. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 140000 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin "xxxx" ASC-nin 5 saylı şöbəsinə ünvanladığı 09.12.2019-cu il tarixli 2077 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 Mecid olğunun notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 50000 manatın müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. İşdə olan "xxxx" ASC-nin 09.12.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-də olan depozit hesabına Cavabdeh1 Mecid olğu tərəfindən alqı-satqı müqaviləsinə əsasən 50000 manat köçürülmüşdür. 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-nin 5 saylı şöbəsinə ünvanladığı 19.12.2019-cu il tarixli 2135 saylı məktubundan müəyyən olunur ki, X4 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olduğu 50000 manatın müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. İşdə olan "xxxx" ASC-nin 19.12.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-də olan depozit hesabına X8 tərəfindən 2135 saylı 19.12.2019-ci il tarixli məktuba və alqı-satqı müqaviləsinə əsasən 50000 manat köçürülmüşdür. 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-nin 5 saylı şöbəsinə ünvanladığı 02.03.2020-ci il tarixli 429 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 Mecid olğunun notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 40000 manatın müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. "xxxx" ASC-nin 02.03.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyevin Muğanbank ASC-də olan depozit hesabına Cavabdeh1 Mecid olğu tərəfindən alqı-satqı müqaviləsinə əsasən 40000 manat köçürülmüşdür. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 09.08.2021-ci il tarixli, BRB\587 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxivində və vergi ödəyicilərinin avtomatlaşdırılmış məlumat sistemində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26.09.2005-ci il tarixli, 280 saylı və 14.04.2008-ci il tarixli, 100 saylı qərarlarının mövcudluğu müəyyən olunmamışdır. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10.09.2021-ci il tarixli, BRB\679-2 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30.04.2010-cu il tarixli, 66 saylı qərarı ilə Binəqədi rayonu X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən 24 kv.m torpaq sahəsi X1 istifadəsində olmaqla Bələdiyyənin arxivində qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13.09.2021-ci il tarixli, BRB\679 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30.04.2010-cu il tarixli, 66 saylı qərarı ilə Binəqədi rayonu X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən 24 kv.m torpaq sahəsi X3 istifadəsində olmaqla Bələdiyyənin arxivində qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13.09.2021-ci il tarixli, BRB\C-21 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 14.04.2008-ci il tarixli, 100 saylı qərarı ilə Binəqədi rayonu X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən 18 kv.m torpaq sahəsi İddiaçı1 istifadəsində olmaqla Bələdiyyənin arxivində qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13.09.2021-ci il tarixli, BRB\679-1 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26.09.2005-ci il tarixli, 280 saylı qərarı ilə Binəqədi rayonu X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən 24 kv.m torpaq sahəsi İddiaçı2 istifadəsində olmaqla Bələdiyyənin arxivində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08.09.2021-ci il tarixli, BA04134-2021 saylı məktubundan müəyyən olunur ki, Binəqədi RİH-nin arxiv fondu üzrə 30.04.2010-cu il tarixli, 66 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 07.09.2021-ci il tarixli, BA04096-2021 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 26.09.2005-ci il tarixli, 280 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara əsasən hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 Mecid oğlu arasında 09.12.2019-cu il tarixdə bağlanaraq 14 saylı notariat ofisinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər ilk müqavilə deyil, faktiki olaraq alqı-satqı müqaviləsi bağlamış, satıcı hələ alqı-satqı müqaviləsi bağlanmadan qeyri-yaşayış sahəsini alıcıya təhvil vermiş, alıcı isə həmin daşınmaz əmlakın dəyəri olan 140000 manatı satıcıya ödəmişdir. Baxmayaraq ki, mülki qanunvericiliyə əsasən ilk müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürməli, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyən etməlidirlər. Bu halda bir daha həmin müqavilənin aldatma olmadan bağlana bilinməyəcəyini təsdiq edir. Bununla yanaşı Cavabdeh1 ilk iddia üzrə iddiaçıların torpaq və qeyri-yaşayış sahəsi ilə bağlı hüquq müəyyənedici ilkin sənədlərinin olmadığını iddia etsə də, məhkəmə araşdırması zamanı belə sənədlərin mövcud olması və Dövlət Arxivinin Bakı Filialında saxlanması öz təsdiqini tapmışdır. Q.İ.Cəlilovun adına tərtib olunan sərəncamın mötəbərliyi ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. 09.12.2019-cu il tarixli 3M-2996 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin bağlanmasında ilk iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri əsaslıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 etibarsız əqd üzrə qeyri-yaşayış sahəsinə və ya onun yerləşdiyi torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından onun ilk iddiaçılara qarşı inzibati orqanın qəbul etdiyi inzibati aktın etibarsız hesab edilməsi, Bələdiyyə aid torpaq sahəsinə dair özü ilə icarə müqaviləsinin bağlanmasını tələb edən iddia tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur və qarşılıqlı iddia tələbi həmin iddiaya cavab verməli olmayan şəxslərə qarşı irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 351.1-ci maddəsində təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Qeyd olunan maddələrin təfsirindən müəyyən olunur ki, etibarsız əqdlərin 2 növü vardır: mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mübahisə edilən əqdin etibarsızlığını məhkəmə müəyyən edir. Əhəmiyyətsiz əqdlərin isə məhkəmə qaydasında etibarsızlığının müəyyən edilməsinə zərurət yoxdur. Yəni əgər əqd özü-özlüyündə əhəmiyyətsizdisə (məsələn, yalan və uydurma əqdlər) və bunun üçün əsaslar mövcuddursa, bu zaman həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı deyil, etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia qaldırılmalıdır. Çünki, həmin əqd özü-özlüyündə etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konctitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən edilməsidir. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Məhkəmə kollegiyası mübahisələndirilən ilkin alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin müqavilənin etibarsız sayılması və onun nəticələrinə dair restitusiya tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya şikayətində qeyd edilən hallar qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İlkin iddia üzrə iddiaçılara bələdiyyə qərarları əsasında icarəyə verilmiş torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsinə dair rayon icra hakimiyyəti tərəfindən sərəncam verilmiş, Cavabdeh2 tərəfindən Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsi məhz həmin qərarlar əsasında satılmışdır. Sadalanan sənədlər isə hazırda qüvvədədir, belə olan halda onların möbətərliliyi müzakirə edilə bilməz. Hazırda iddianın predmetini 09.12.2019-cu il tarixli ilkin alq-satqı müqaviləsinin və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 30.04.2010-ci il tarixli, 66 saylı sərəncamının etibarsız hesab edilməsi təşkil edir və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Apellyasiya şikayətində qeyd edilən Binəqədi Bələdiyyəsinin 09.08.2021-ci il tarixli, BRB/587 saylı məktubuna, X1 istifadəsinə ayrılmış torpaq sahəsinə dair Bələdiyyə qərarının qanuni olub-olmadığını müəyyən etmək hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin səlahiyyətində deyil, bu tələblərə ayrıca iddia qaydasında baxılmalıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Bİnəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(001)- 3327/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-865/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-865/2022
15.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver