Məhkəmə qərarları › İş №2(103)-8657/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8657/2021

19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8657/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və zərərin əvəzinin ödənlməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və üçüncü şəxs T.Abbasov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və zərərin əvəzinin ödənlməsi” dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə 900 manat pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 97,9 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh həmin qeyri-yaşayış sahəsinin 11,5 kv.m. sahəsini zəbt etmişdir və hazırda orada dərzi kimi fəaliyyət göstərir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və həmin sahəni boşaltması tələb olunmuşdur. Lakin cavabdeh imtina etmiş, iddiaçını hədələmişdir. İmtinasını isə belə əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsi İddiaçı deyil, başqa şəxsə X3 məxsusdur və cavabdeh sözügedən sahəni Tərahim Abbasovdan icarəyə götürmüşdür. Sözügedən qeyri-yaşayış sahəsi heç vaxt Tərahim Abbasov adlı şəxsə məxsus olmamışdır. İddiaçı həmin qeyri-yaşayış sahəsini 01 iyul 2002-ci il tarixdə qanunvericiliyə uyğun olaraq satın almışdır. Bu barəddə iddiaçının adına 001951 saylı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması barədə şəhadətnamə verilmişdir. Qeyd edilən ünvanda yerləşən digər qeyri-yaşayış sahələri də iddiaçı tərəfindən özəlləşdirilmiş və 08 may 2019cu ildə iddiaçının həmin sahələr üzərində mülkiyyət hüququnu təsdiqləyən vahid çıxarış verilmişdir. İddiaçının xüsusi mülkiyyət hüququ pozulmaqdadır. Çünki cavabdehin həmin qeyri-yaşayış sahəsi üzərində heç bir hüququ yoxdur. Tərəflər arasında hər hansı müqavilə də bağlanmamışdır. Cavabdeh özü həmin sahəni Tərahim Abbasov adlı şəxsdən aylıq 450 manat məbləğində icarəyə götürdüyünü etiraf edir. Avqust və sentyabr ayı üçün bu məbləğ 900 manat təşkil edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikasının MPM-nin 53cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə 3.600 manat pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, çıxarışın alınması zamanı korrupsiya halına yol vermiş şəxslərin məsuliyyət məsələsinə baxılması üçün iş üzrə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi üçün xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 97,9 kv.m. qeyri-yaşayış sahəsi heç vaxt iddiaçıya məxsus olmamışdır. Həmin qeyri-yaşayış sahəsi X3 məxsusdur və cavabdeh sözügedən sahəni Tərahim Abbasovdan icarəyə götürmüşdür. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, çıxarışın alınması zamanı korrupsiya halına yol vermiş şəxslərin məsuliyyət məsələsinə baxılması üçün iş üzrə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi üçün xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 97,9 kv.m. qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi yarımzirzəmi deyildir. İddiaçının mülkiyyətində olan əmlak isə çıxarışdan da göründüyü kimi, yarımzirzəmidir. İddiaçının istinad etdiyi yeni çıxarışda yarımzirzəmi yazısının olmaması isə mübahisəli haldır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli e-2(011)-464/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı "çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddiasına, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair 2(011)-464/2021 saylı mülki iş üzrə icraata qarşılıqlı iddia tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə dair hissələrdə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahə cavabdehin hesabına boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan müstəqil tələb irəli sürən üçüncü şəxs T.Abbasov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, İddiaçı 2020-ci ilin avqust avında cavabdehə həmin sahəni boşaltması barədə şifahi və ya yazılı xəbərdarlıqlar edilmişdir. Cavabdeh isə hazırda da oranı qanunsuz zəbt etməyə davam edir. Odur ki, İddiaçı bu müddət üçün zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki. cavabdeh özü həmin sahəni Tərahim Abbasov adlı şəxsdən aylıq 450 manat müqabilində icarəyə götürdüyünü etiraf edir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, üçüncü şəxsin apelyasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.- Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən hüquqi əsaslar olmadan istifadə edir. Eyni zamanda 25.12.2019cu il tarixli 281 saylı qeyri-yaşayış sahələri üzrə istismar yığımı haqqına dair birtipli müqaviləyə əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfatı birliyi ilə X5 arasında, qeyri-yaşayış sahəsi üzrə istismar yığımının ödənilməsi müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehin bu qeyri-yaşayış sahəsini qanunsuz zəbt etməsi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi əmin hissədə təmin edilməli, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılmalı və həmin sahə cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı izahatında cavabdehin sözügedən qeyriyaşayış sahəsini aylıq 450 manat müqabilində icarəyə götürdüyünü qeyd etsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş, ona dəyən ziyan işin hər hansı halı ilə müəyyən edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarından görünür ki, mülkiyyət kənar şəxslərin müdaxiləsindən qanunla müdafiə olunur və qorunur. Lakin, hazırkı iş üzrə nəzərə almaq lazımdır ki, mübahisə predmeti olan qeyi-yaşayış sahəsi iddiaçının mülkiyyətində olsa da, cavabdeh tərəfindən qanunsuz istifadə edilir. Bu isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Kollegiya üçüncü şəxsin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, üçüncü şəxs mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun və ümumiyyətlə hər-hansı hüququnun olmasını təstiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. 25.12.2019-cu il tarixli 281 saylı qeyri-yaşayış sahələri üzrə istismar yığımı haqqına dair birtipli müqavilə isə cavabdehə qeyri-yaşayış sahəsinə hər-hansı hüquq müəyyən etmir və hüquq müəyyənedici sənəd kimi qiymətləndiriləz bilməz. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində cavabdehin ona məxsus qeyri-yaşayış sahəsini X1 aylıq 450 manat məbləğind pul vəsaiti müqabilində icarəyə götürdüyünə istinad etsə də, həmin hallar məhkəmə kollegiyasının iclasına öz təsdiqini tapmamış, ümumiyyətlə X2 iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair hər-hansı hüququnun olması müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətləri formal mülahizələrə əsaslanır və öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-464/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar