Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8659/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" ASC, Suraxanı rayon İcra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun və s. etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(010)-1124/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" ASC, Suraxanı rayon İcra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(103)-3714/2018 saylı icra vərəqəsi əsasında Suraxanı rayon İcra və probasiya şöbəsinin 19.08.2019-cu il tarixli, 18- 78045 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hərraca dair 23.10.2019-cu il tarixli, Y-240/1 saylı hərracın nəticələri haqqında protokolun, onun əsasında "xxxx" MMC ilə Nikoyl İKB ASC arasında bağlanmış 23.10.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız sayılması və hərracın yenidən keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Cavabdehlərdən Cavabdeh2 ilə arasında bağlanmış 26.12.2014-cü il tarixli 11-MG-2-0-1181-14 saylı kredit müqaviləsi üzrə ona illik 22 faiz olmaqla 48 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2-nin Suraxanı Rayon Məhkəməsində qaldırdığı iddia tələbi qismən təmin edilərək ondan Bankın xeyrinə ümumilikdə 116095 ABŞ dolları məbləğində kredit borcunun tutulması, tutulacaq məbləğin tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 160000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti ilə təmin edilmiş iddia tələbi həcmində manat məzənnəsinə uyğun olaraq iddiaçıya ödənilməsi, iddiaçıya ödənilməli olan kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ona qaytarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hərracda satıldıqdan 1 ay sonra onun həmin evi məcburi qaydada boşaltması barədə qətnamə çıxarılmışdır. Suraxanı Rayon Məhkəməsinin 16.05.2016-cı il tarixli, 2(010)-252/2016 saylı qətnaməsindən verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(103)- 3714/2018 saylı icra vərəqəsinə əsasən Suraxanı rayon İcra və probasiya şöbəsinin 19.08.2019-cu il tarixli, 18-78045 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Cavabdehlərdən "xxxx" MMC ilə digər Cavabdeh2 arasında bağlanmış 23.10.2019-cu il alğı-satqı müqaviləsinə əsasən ilkin satış qiyməti 165000 manat qiymətləndirilən əmlak 105188 manata Banka təklif edilmişdir. "xxxx" MMC “İpoteka haqqında” AR Qanunun tələblərini pozmuş, belə ki, hərrac keçirərkən ipoteka qoyan tərəf kimi ona hərracın keçirilməsinə dair bildirişlər göndərməmişdir. Buna görə də həmin hərracın keçirilməsindən xəbəri olmamışdır. O, rəsmi olaraq ünvan 3 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ipoteka ilə yüklü etdiyi ünvan 1 ünvanında yaşayır. Ancaq buna baxmayaraq hərracın vaxtı və yeri barədə bildiriş daxil olmamışdır. Onun hərracda iştirak edərək mülkiyyətini əldə etmək imkanını məhdudlaşdırmışlar. Hərracın nəticələri haqqında Yekun Protokoldan görünür ki, "xxxx" MMC “İpoteka haqqında” AR Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15 faiz və 43.7-ci maddəsinə əsasən 25 faiz endirim etməklə əmlakını 105188 manata ipoteka saxlayan Cavabdeh2-yə satmışdır. Hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən hərracın keçirilməsinə dair qanunla nəzərdə tutulmuş verilməsini təsdiqetmə üsulu ilə bildirişin ipoteka qoyana göndərilməməsi “İpoteka haqqında” Qanunun tələblərinə ziddir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olmuşdur. Satış qiymətinin əvvəl 15 faiz, sonra 25 faiz aşağı salınması onu göstərir ki, hərracda başqa iştirakçı olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(010)- 1124/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddia tələbinin mahiyyəti üzrə araşdırma aparmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına və apelyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. Hərracın nəticələri haqqında 23.10.2019-cu il tarixli, Y-240/1 nömrəli protokolun və eyni tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 165000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmadığından, həmin ev Cavabdeh2 tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 105188 manata alınmışdır. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 30.08.2019-cu il tarixli bildirişin surətindən görünür ki, açıq auksion formasında hərracın keçirilməsi 18.09.2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin 30.08.2019-cu il tarixli 11 nömrəli buraxılışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 165000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi ilə bağlı elan dərc edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş iddiaçının ünvanı üzrə göndərilmiş, 31.08.2019-cu il tarixdə Eldarov Elnur adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 20.09.2019-cu il tarixli bildirişin surətindən görünür ki, açıq auksion formasında təkrar hərracın keçirilməsi 02.10.2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin 20.09.2019-cu il tarixli 12 nömrəli buraxılışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin təkrar hərracda 140250 manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi ilə bağlı elan dərc edilmişdir. Müvafiq poçt qəbzlərinin surətindən görünür ki, qeyd edilən bildiriş iddiaçının hər iki ünvanı üzrə göndərilmiş, 21.09.2019-cu il tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Hərracın yekunlarının etibarsız hesab edilməsi ilə bağlı iddiaçının qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Sözügedən hərracın nəticələri haqqında protokolu etibarsız hesab etmək üçün əsas yoxdur. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərracın nəticələri haqqında protokoldan görünür ki, mənzil təkrar hərracdan satış qiymətləri 25 faiz endirilməklə Cavabdeh2 tərəfindən 105188 manata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məcəllənin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Tərəflər arasında mülki hüquq münastbətləri yarandığı vax qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İş materiallarında olan 143122, 143423, 143424 nömrəli qəbzlərdən görünür ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər iddiaçının ünvanına “Mega Ekspress” sürətli poçt vasitəsi ilə göndərilmiş və 30.08.2019-cu il tarixli bildiriş xəbərnaməyə imza olunmaqla Eldarov Elnur adlı şəxs tərəfindən qəbul edilmiş, digər bildiriş isə hər iki ünvan üzrə göndərilsə də, “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və o özü də ən azı mənzilinin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur. Bu qənaətə gələrkən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Kollegiya hesab edir ki, göstərilən səbəblərdən bu halla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun və müqavilənin həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Beləliklə, hərracın keçirilməsində qanunların pozulmasını iddia edən iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1124/2020 saylı iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8659/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8659/2021
13.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver