Məhkəmə qərarları › İş №2(103)-867/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-867/2024

17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-867/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: faktiki icarə müqaviləsinin tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3131/23 saylı iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən 21.60 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən cavabdehlər X5 və X6 qarşı “qeyri-yaşayış sahəsindən qanunsuz sahiblərin çıxarılması, maddi zərərin ödənilməsi tələbinə dair” iddia qaldırılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-596/2022 saylı qətnaməsi ilə X7 və X3 Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 21,60 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin Cavabdeh təhvil verilməsi, 2021 -ci ilin oktyabr ayından başlayaraq qeyri-yaşayış sahəsindən çıxarılana qədər X7 və X8 tərəfindən hər ay 2.000 manat olmaqla Cavabdeh vurulmuş zərər müştərək qaydada ödənilməsi qət edilmiş, ilkin iddia digər hissədə X4 Cavabdeh və X2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı1 Rəfael oğlu və İddiaçı2 arasında ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair faktiki icarə müqaviləsinin tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi (mağaza) faktiki icrarə əsasında 2017-ci il tarixdən İddiaçı1 Rəfael oğlunun istifadədədir. Təqribən bir ildən artıqdır ki, həmin icarə obyektində İddiaçı1 ilə İddiaçı2 birgə fəaliyyət göstərir. İcarə haqqı cavabdeh və onun ailə üzvləri tərəfindən hər ay nağd şəkildə alınıb. İcarə müqaviləsinin rəsmi bağlanılmamasının səbəbi həmin dövrdə cavabdehin həmin qeyri-yaşayış sahəsinə dair sənədlərinin (çıxarışının) olmaması ilə əlaqədar olmuşdur. Sonradan Cavabdeh adına qeyd edilən qeyri-yaşayış sahəsinə dair **********95-**********2 nömrəli reystrdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixli çıxarış alınmışdır. Hazırda cavabdehin iddiaçılara icarəyə verdiyi qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin rəsmiləşdirilməsi, bununla bağlı vergilərin ödənilməsindən yayınır və əsas kimi icarə haqqını razılaşma şərtlərinə zidd artıracağını bildirir. Qeyd edilən icarə obyekti uzun illərdir iddiaçıların olduğundan həmin icarə obyektində mütamadi olaraq təmiryeniləmə işləri aparılmış və icarə obyektinin sahəsinin artırılması ilə nəticələnən tikinti işlərinin xərcləri İddiaçı1 tərəfindən ödənilmişdir. Aparılmış təmir və tikinti işləri obyektdə kanalizasiya sisteminin dəyişdirilməsi, obyektin yerinə kafel-metlax döşənilməsi, elektrik xətlərinin dəyişdirilməsi olub, bu işlərin görülməsi üçün 1300 manat, icarə obyektinin sahəsinin qarşıya tərəf artırılması ilə nəticələnən tikinti işlərinin dəyəri kimi o zaman 8000 ABŞ dolları pul ödənilmişdir. Bu şahid ifadələri ilə məhkəmədə təsdiq ediləcək. Bundan əlavə, icarə obyektinə dəyəri 1250 manat olan kondisioner qoyulmuşdur. İcarə obyektinə bu kimi xərclərin qoyulmasına səbəb həmin obyektin cavabdehlə razılaşmaya əsasən, 10 il müddətinə icarə haqqının artırılmaması şərti ilə icarə obyektində fəaliyyət göstərilməsi olmuşdur. 5 ildən artıqdır ki, tərəflər öz aralarında icarə hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrdən istifadə etmiş, öhdəliklərini icra etmişlər. İddiaçılar icarə hüquq münasibətlərinin nizama salınması və mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3131/2023 saylı iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin edilməmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar qanunsuz sahibliklərində olan sahədə təmir işləri apardıqlarını və xərc çəkdiklərini bildirsələr də, bütün bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. İddiaçıların iddia tələbini irəli sürmək üçün subyektiv hüquqları yoxdur.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 675, 700-cu maddələri, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsində tələbin hüquqi əsaslarına dair münasibət bildirməmişdir. Belə ki, işin hallarına görə icarə obyekti olan daşınmaz əmlaka mülkiyyət hüququ əmələ gələnədək ona dair istifadə hüququ Cavabdeh tərəfindən İddiaçı1 Rəfael oğluna təklif edilmiş və bu təklif qəbul edilməklə, 5 il ərzində cavabdehə icarə haqqı ödənilmişdir. Tərəflər arasında yaranmış münasibətlərin faktiki tərkibi onların öz hərəkətləri ilə təsdiq edilmişdir. Bu səbəbdən artıq Cavabdeh tərəfindən obyekdə mülkiyyət hüququ Dövlət Reyestrində qeydə alındığından icarə müqaviləsinin notariat qaydada təsdiq edilməsi qanunun tələbi olmaqla cavabdehə öhdəlik yaratmış, bu öhdəliyin icra edilməməsi hazırki iddia tələbinin qaldırılmasına əsas yaratmışdır. Nəzərə alınmalıdır ki, hüquqi əsas tərəflər arasında olan faktiki münasibətlərin hüquqi təzahürüdür. Məhkəməyə icarə obyektinin fotoşəkilləri və iddiaçının icarə haqqını qəbul etməkdən imtina etdiyi vaxtdan etibarən poçt vasitəsilə icarəçiyə ödənilmiş icarə haqqı qəbzlərinə hüquqi qiymət verməmiş, işin digər hallqrının təsdiqi üçün məhkəməyə şahidlərin təqdim edilməsi ilə bağlı iddiaçılara şərait yaratmamış və məhkəmə baxışını tələsik yekunlaşdırmağa çalışmışdır. Təqdim ediləcək şahidlər mübahisəli icarə obyektinin iddiaçı tərəfindən icarə sahəsinin ərazisinin artırılması ilə nəticələnən əsaslı təmir tikinti işləri aparılmasını təsdiq edir. Lakin məhkəmə iddiaçılara sübutları və şahidləri təqdim etmək üçün şərait yaratmamışdır. Məhkəmə qətnaməsini əsaslandırarkən, iddiaçıların cavabdehlə “faktiki icarə münasibətlərində” olmalarına dair dəlillərini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2(006)- 596/2022 saylı qətnaməsi ilə də təkzib olunduğunu qeyd etmişdir ki, bu da qanunsuz və əsassız bir yanaşmadır. Belə ki, qeyd edilən qətnamə üzrə onlar tərəf olmadıqları üçün həmin qətnamə onlarra münasibətdə preyudisial xarakter daşımır və həmin qətnamə qanuni qüvvəsini almamış, hazırda apellyasiya qaydasında mübahisələndirilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi.

11. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi 12.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 13.Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

14. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

15. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 16.Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 17.Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 18.Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 19.Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 20.Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

21. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Apellyasiya baxışının hədləri

22.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 23.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə İddiaçı1 tərəfindən mübahisələndirildiyindən və iddia təmin edilmədiyindən qətnamənin əsaslılığı İddiaçı1 apellyasiya şikayətinə münasibətdə ona aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 24.Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. 25.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 27.Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət, istifadə və s. hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Qanunun yuxarıda qeyd olunan normalarının mənasından müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. 28.Bu baxımdan qeyd olunan qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olmaqla iddiaçının həmin sahədən hər hansı qanuni əsasla istifadə etməsi iş üzrə müəyyən olunmur. Ona görə də iddiaçı hazırkı tələbi irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. 29.İddiaçının subyektiv hüququ olduğu qəbul edilsəydi belə, iddianın hüquqi əsası yoxdur. 30.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. 31.İddiaçı cavabdehlə faktiki icarə münasibətlərinin olduğunu iddia edir və cavabdeh isə bu faktı təkzib edir. 32.Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. 33.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 34.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 35.Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 36.Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 37.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. 38.Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 39.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3131/23 saylı iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində İddiaçı1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar