Məhkəmə qərarları › İş №2(103)-8673/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8673/2021

23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8673/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(009)- 1304/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, uzun müddətdiir ki, o, bəyənərək almaq istədiyi geyim və sair əşyaları X1 müəyyən saytlar vasitəsi ilə sifariş edərək əldə edir. Keçən müddət ərzində də sifariş etdiyi əşyaların ona çatdırılmasında hər hansı problem yaranmamışdır. 2020-ci ilin yay aylarında o, eyni ilə bir sıra əşyaları X1 sifariş etmişdir. Həmin sifarişlərin ona çatdırılması müvafiq çatdırılma şirkətləri vasitəsi ilə təmin edilmişdir. Lakin sifariş verdiyi həmin əşyalardan bir neçəsi yanlış və sayca əskik olduğundan onu qane etməmişdir. Belə ki, dəyəri 89,99 ABŞ dolları təşkil edən 1 ədəd balış üzü və dəyəri 299,99 ABŞ dolları təşkil edən 1 ədəd yataq örtüyü tam komplektləşdirilmiş halda göndərilməmişdir. Bu səbəbdən də həmin əşyaları satıcıya qaytarmaq qərarına gəlmişdir. Bu məqsədlə, yuxarıda qeyd edilən əşyaları özü ilə 17.07.2020-ci il tarixdə Cavabdeh MMC-nin Bakı şəhəri Səməd Vurğun küçəsində yerləşən “1022” saylı şöbəsinə apararaq, əşyaları X3 göndərmək niyyətini bildirmişdir. Həmin əşyaları Cavabdeh MMC-nin əməkdaşı tərəfindən ayrı-ayrılıqda 2 ədəd bağlamalara qablaşdıraraq ondan təhvil almışdır. Əşyaların göndərilməsi üçün tərəfindən Cavabdeh MMC-yə təminən 40 manat məbləğində haqq ödənilmişdir. Ondan təhvil alınmış 2 ədəd bağlamanın X3, FedEx X10 Square-Outside 317 W High Point, NC 27260 ünvana göndərilməsi barədə Cavabdeh MMC öz üzərinə öhdəlik götürməsi MMC tərəfindən ona təqdim olunmuş 17.07.2020-ci il tarixli qəbzlə təsdiq edilir. Lakin keçən müddət ərzində göndərilməsi üçün ondan təhvil almış 2 ədəd bağlamanın Cavabdeh MMC tərəfindən X3, FedEx X10 Square-Outside 317 W High Point, NC 27260 ünvan üzrə çatdırılıb-çatdırılmamasını öyrənmək üçün Cavabdeh MMC-nin Mərkəzi Şöbəsi ilə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq, bu barədə ona dəqiq olaraq heç bir məlumat verilməmişdir. Lakin sonuncu dəfə Cavabdeh MMC-nin Mərkəzi Şöbəsi ilə telefon əlaqəsi saxladığı zaman MMC-dən ona bağlamaların itirildiyi barədə məlumat verilmişdir. Bu səbəbdən onun tərəfindən X4, FedEx X10 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün 17.07.2020-ci il tarixdə Cavabdeh MMC-yə təhvil verilmiş 2 ədəd bağlamanın həmin ünvana hansı tarixdə göndərilməsi, hansı tarixdə ünvan üzrə çatdırılması və bağlamaların qeyd edilən ünvan üzrə kim tərəfindən qəbul edilməsi barədə məlumatın verilməsi ilə bağlı 23.02.2021-ci il tarixli sorğu ilə Cavabdeh MMC-yə müraciət ünvanlanmışdır. Cavabdeh tərəfindən 15.03.2021-ci il tarixli müraciət aşağıdakı qaydada cavablandırılmışdır: ”Bildiririk ki, mövcud qaydalara uyğun olaraq RR010788070AZ və RR010788083AZ saylı poçt göndərişlərinin axtarışı barədə təyinat ölkəsinə (Fransa) xidməti sorğu göndərilmişdir. Bizdən asılı olmayan səbəblərdən indiyə qədər Fransa poçt operatorundan müsbət cavab daxil olmamışdır. Yazışmalarımız davam etdirilir və axtarışın son nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir”. Cavabdeh MMC-nin cavab məktubundan da göründüyü kimi cavabdeh müəssisə poçt göndərişini təyin ölkəsi olan X3 deyil, səhv olaraq Fransaya göndərmişdir. Halbuki, onun tərəfindən poçt göndərişləri X3 göndərilməsi üçün təhvil verilmişdir. Həmçinin, 17.07.2020-ci il tarixdə X4, FedEx X10 Square Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün Cavabdeh MMCyə təhvil verilmiş, cəmi dəyəri 389,98 ABŞ dolları (89,99 ABŞ dolları dəyərində olan balınc üzü, dəyəri 299,99 ABŞ dolları dəyərində olan yataq örtüyü) təşkil edən əşyalar olan 2 ədəd bağlamanı Cavabdeh MMC-nın itirməsi nəticəsində ona dəymiş 389,98 ABŞ dolları məbləğində pulun, 40 manat poçt xidmət haqqının, 3899,8 ABŞ dolları məbləğinə görə kompensasiyanın (maddi zərərin) və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun 3 gün ərzində ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlamışdır. Lakin Cavabdeh MMC pretenziya məktublarını bu günə qədər cavablaşdırmamışdır. Odur ki, hal-hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, həmin bağlamaların Cavabdeh MMC tərəfindən ünvan üzrə çatdırılması təmin edilməmişdir. Yəni, Cavabdeh MMC bağlamaların ünvana çatdırılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilə şərtlərini yerinə yetirməmişdir. Beləliklə də, Cavabdeh MMC tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən ona maddi ziyan dəymişdir. Hesab edir ki, itirilmiş əşyaların dəyərini təşkil edən 389,98 ABŞ dolları, ödədiyi poçt xidmət haqqının əvəzi olaraq 40 manat və kompensasiya olaraq 3899,8 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Həmçinin hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan da vurulmuşdur. Keçirdiyi əsəb sarsıntısı, ruhi həyacana görə hesab edir ki, Cavabdeh MMCdən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. Çünki, cavabdehin öz öhdəliklərini icra etməməsi səbəbindən uzun müddət cavabdehin əməkdaşları ilə telefon əlaqələri əlaqə saxlamış, bu nəticə vermədikdə isə dəfələrlə Cavabdeh MMC-yə getmişdir, pandemiyanın sürdüyü bir vaxtda öz səhhətini təhlükə altında qoymuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-yə X4, FedEx X10 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün təhvil verilmiş, cəmi dəyəri 389,98 ABŞ dolları (89,99 ABŞ dolları olan balınc üzü, dəyəri 299,99 ABŞ dolları olan yataq örtüyü) təşkil edən əşyalar olan 2 ədəd bağlamanın Cavabdeh MMC tərəfindən itirilməsinəticəsində iddiaçıya dəymiş 389,98 ABŞ dolları məbləğində pulun, 40 manat poçt xidmət haqqının, 3899,8 ABŞ dolları məbləğində kompensasiyanın və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, AR MPM-nin 120.1-ci maddəsinə əsasən məhkəmə nümayəndə və ya vəkilin göstərdiyi yardıma görə xərcləri nəzərə almaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi haqqında qaydalarının təsdiq edilməsinə dair 31.05.2002-ci il tarixli qərarının 643.1-ci bəndinə əsasən poçt müəssisələri poçt göndərişlərini itirdiyinə görə aşağıdakı qaydada məsuliyyət daşıyır: - sifarişli məktub, banderol, xəbərnamə və adi bağlamaya görə göndərmə haqqının 10 misli, banderol və sairə görə elan olunmuş qiymət məbləğində. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəmədən Cavabdeh MMC-yə X4, FedEx X10 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün təhvil verilmiş, cəmi dəyəri 389,98 ABŞ dolları (89,99 ABŞ dolları olan balınc üzü, dəyəri 299,99 ABŞ dolları olan yataq örtüyü) təşkil edən əşyalar olan 2 ədəd bağlamanın Cavabdeh MMC tərəfindən itirilməsi nəticəsində iddiaçıya dəymiş 389,98 ABŞ dolları məbləğində pulun, 3899,8 ABŞ dolları məbləğində kompensasiyanın və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun, poçt xidmət haqqının 10 misli olan 400 manat pulun, 110 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(009)-1304/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə razı deyil və hesab edir ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, tətbiq edilməli maddi hüquq normaları tətbiq edilməmişdir. Odur ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Hesab edir ki, cavabdeh icra etmədiyi öhədliklərinə görə iddiaçı qarşısında məsuliyyət daşıyır və öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş ziyanı İddiaçı ödəməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1304/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə ödəniş sənədlərin kserosurətindən görünür ki, iddiaçı 24.06.2020-ci il tarixdə 299,00 ABŞ dolları və 179,98 ABŞ dolları ödəniş etmişdir. İş üzrə poçt qəbzlərin kserosurətlərindən görünür ki, iddiaçı X4, FedEx X10 Square- Outside 317 W High Point, NC 27260 ünvana göndərilməsi üçün RR010788083 və RR010788070AZ seriyalı 2 bağlama "xxxx" MMC-yə təhvil verilmişdir. RR010788083 seriyalı bağlamanın çəkisi 2,000 qr, qiyməti 28,40 manat, RR010788070AZ seriyalı bağlamanın çəkisi 0,374 qr, qiyməti 10,30 manat göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 19.02.2021-ci il tarixli pretenziyadan görünür ki, 17.07.2020-ci il tarixdə iddiaçı tərəfindən X4, FedEx X10 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün Cavabdeh MMCyə təhvil verilmiş, cəmi dəyəri 389,98 ABŞ dolları (89,99 ABŞ dolları olan balınc üzü, dəyəri 299,99 ABŞ dolları olan yataq örtüyü) təşkil edən əşyalar olan 2 ədəd bağlamanın Cavabdeh MMC itirilməsi nəticəsində ona dəymiş 389,98 ABŞ dolları məbləğində pulun, 40 manat poçt xidmət haqqının,10.000 manat kompensasiyasının və mənəvi ziyana görə 10.000 manat məbləğində pulu 3 gün ərzində ödəməsini, əks halda “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edəcəyini göstərilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkil Taleh İbrahimova ünvanlanmış 15.03.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, mövcud qaydalara uyğun olaraq RR010788070AZ və RR010788083AZ saylı poçt göndərişlərinin axtarışı barədə təyinat ölkəsinə (Fransa) xidməti sorğu göndərilmişdir. Onlardan asılı olmayan səbəblərdən indiyə qədər Fransa poçt operatorundan müsbət cavab daxil olmamışdır. Yazışmaları davam etdirilir və axtarışın son nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 09.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, 20.07.2020-ci il tarixdə göndərdiyi RR010788070AZ və RR010788083AZ saylı beynəlxalq poçt göndərişlərinin axtarışı zamanı aldıqları məlumata əsasən ABŞ poçt operatoru bu göndərişlərin ünvana çatdırılması və ya geri qaytarılması ilə bağlı məlumatları verə bilmədiyi üçün onun maddi məsuliyyətini öz üzərinə götürmüşdür. Bununla əlaqədar, mövcud qaydalara uyğun olaraq İddiaçı dəymiş maddi ziyanın əvəzinin (183,59 manat) ödənilməsi üçün müvafiq göstəriş verilmişdir. Eyni zamanda nəzərinə çatdırırlar ki, əgər göndərişin ünvana çatdırılması və ya geri qaytarılması barədə müsbət cavab alınarsa, İddiaçı aldığı məbləği qanunvericiliyə uyğun olaraq geri qaytarmalı olacaqdır. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı ABŞ-a poçt göndərişi vasitəsilə iki ədəd bağlamanı Azərpoçt MMC-nin xidmətlərindən istifadə etməklə göndərmiş, lakin həmin bağlamalar ünvana çatmamış, naməlum şəraitdə itirilmişdir. Həmin bağlamaların ünvana çatdırılmamasının səbəbləri ilə bağlı Azərpoçt MMC tərəfindən ABŞ-ın poçt operatoruna yazılı sorğu verilmiş, cavab məktubunda ABŞ-ın poçt operatoru poçt göndərişinin ünvana çatdırılmamasının səbəblirini izah edə bilməmiş və buna görə məsuliyyəti üzərinə götürərək bununla bağlı müəyyən edilmiş xüsusi dəyər vergiləri ilə bağlı məlumatları Azərpoçt MMC-yə göndərmişdir. Qeyd edilən məlumatlar əsasında heçablanmış kompensasiya məbləği isə 183,59 manat təşkil etmişdir. Qeyd edilən məbləğ kompensasiya şəklində iddiaçıya təklif edilsə də, o, həmin kompensasiya məbləğini qəbul etməkdən imtina etmişdir. “Poçt haqqında” AR Qanununun 17.1.1-ci maddəsinə əsasən poçt rabitəsi operatorları qiyməti bəyan olunmuş poçt göndərişinin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olmasına görə poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində istifadəçilər qarşısında maddi məsuliyyət daşıyırlar. Həmin Qanunun 17.1.3-cü maddəsinə əsasən poçt rabitəsi operatorları daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında istifadəçilər qarşısında maddi məsuliyyət daşıyırlar. Həmin Qanunun 17.1.6-cı maddəsinə əsasən poçt rabitəsi operatorları beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə X5 aktlarında, qərarlarında və tövsiyələrində nəzərdə tutulan miqdardan az olmamaqla maddi məsuliyyət daşıyırlar. Həmin Qanunun 17.4.3-cü maddəsinə əsasən poçt göndərişinin və ya onun içərisindəkilərinin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə poçt rabitəsi operatorları istifadəçilər qarşısında məsuliyyət daşımırlar. Həmin qanunun 21.1-ci maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya qismən icra olunduqda istifadəçi poçt rabitəsi operatoruna öz iradını bildirmək hüququna malikdir. Həmin qanunun 21.3-cü bəndinə əsasən istifadəçilərin daxili göndərişlərə dair iradı 15 (on beş) iş günü ərzində, beynəlxalq göndərişlərə görə iradı isə 3 (üç) ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir. Həmin qanunun 21.4-cü maddəsinə əsasən istifadəçinin iradı poçt rabitəsi operatoru tərəfindən təmin olunmadıqda və ya qismən təmin edildikdə, yaxud baxılmasının nəticəsi haqqında vaxtında cavab alınmadıqda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. X2 21-ci maddəsinin 1.5-ci maddəsinə görə, ödənilən kompensasiya məbləğləri məktub korrespondensiyası və poçt bağlamaları Reqlamentlərində qeyd olunan məbləğlərdən artıq olmamalıdır; 1.6-cı maddəsinə görə kompensasiya məbləğinin ödənilməsində əlavə itkilər və reallaşmamış gəlirlər nəzərə alınmır; 1.7-ci maddəsinə görə poçt administrasiyalarının məsuliyyətinə aid olan bütün müddəalar dəyişilməz, məcburi və qəti hesab edilir. Poçt administrasiyaları heç zaman hətta ciddi səhv (əhəmiyyətli nöqsan) olduğu halda belə, Konvensiya və Reqlamentlərdə müəyyən edilmiş hədlərdən artıq məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə kollegiyası işin araşdırılan hallarını və yuxarıda sadalanan maddi hüquq normalarını əlaqəli şəkildə dəyərləndirərək bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olmuşdur. Belə ki, iddiaçı göndərmiş olduğu bağlamaların itirilməsinə görə ödəmiş olduğu 389,98 ABŞ dolları dəyərində əşyaların dəyərinin 10 qat misli məbləğində – 3899,8 ABŞ dolları tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən bu tələbin qanuni əsasının olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, X8 17.1.3-cü maddəsində yalnız daxili göndərişlər üçün, özü də göndərilən əşyanın dəyərinin deyil, ödənilmiş haqqın 10 misli miqdarında daşıması müəyyən edilmişdir. Eyni əsasla məhkəmə kollegiyası iddia tələbinin poçt göndərişinə görə ödənilmiş xidmət haqqının 10 mislinə (400 manat) dair tələbi də əsassız olmuşdur. Bundan başqa, cavabdeh Azərpoçt MMC-yə ABŞ poçt operatoru tərəfindən göndərilmiş cavabda kompensasiya məbləği hesablanarkən post xərclərinin də nəzərə alındığı göstərilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 389,98 ABŞ dolları tutulmasına dair hissəsinin rədd edilməsini də əsaslı hesab edir. Belə ki, iddiaçının poçt göndərişinin dəyəri onun tərəfindən bəyan edilmədiyindən, həmin iddia tələbi X8 17.1.1-ci maddəsinin tələbləri baxımından əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən göndərilən bağlamaların itirilməsinə görə müəyyən edilən və iddiaçıya təklif edilən 183,59 manat kompensasiya məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi və iddiaçının bu məbləği qəbul etməkdən imtina etməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından, itirilmiş bağlamalara görə iddiaçının kompensasiya ilə bağlı tələbi əsassız hesab edir. Məhkəmə 10.000 manat mənəvi ziyan tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsini də düzgün sayır. Belə ki, X8 17.4.3-cü maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, poçt göndərişlərinin itirilməsinə görə dəymiş mənəvi zərərə görə poçt rabitəsi operatorları istifadəçilər qarşısında məsuliyyət daşımırlar. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(009)-1304/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar