Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8685/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(001)- 1628/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(001)-478/2018 saylı qərardadı ilə iddiaçının nümayəndəsinin məhkəmə iclasına gəlməməsi səbəbi ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin məhkəmənin 05.01.2021-ci il tarixli, 2(001)-478/2018 saylı qərardadı ilə iddiaçının ərizəsi əsasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(001)-478/2018 saylı qərardadı ləğv edilərək mülki işin icraatı təzələnmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(001)-1628/2018 saylı qərardadı ilə iddia ərizəsi yenidən baxılmamış saxlanılmışdır. İddiaçı məhkəməyə vəsatətlə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsinin 18.05.2021-ci il tarixə, saat 15:30-a təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə ərizə verilsə də, məhkəmə ərizəni nəzərə almamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(001)-1628/2021 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər hüquqların effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel tarixli, C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 4 iyul tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası iş materiallarına istinad edərək qeyd edir ki, iddia ərizəsinin 2017-ci il tarixdə məhkəməyə daxil olmasına, bunun üzərindən dörd ilə yaxın müddət keçməsinə baxmayaraq, məhkəmə müxtəlif vaxtlarda iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadlar qəbul etmiş, işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının qəbul edilməsinə nail olmaq üçün hər hansı hərəkət etməmişdir. Belə ki, işə baxan hakim qeyd edilən iddia ərizəsinin baxılmamış saxlanılması barədə 18.05.2021-ci il tarixli qərardadı qəbul edərkən iddiaçının nümayəndəsinin və cavabdehin gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəmə iclasının keçirildiyi vaxtadək məhkəməyə hər hansı məlumat vermədiklərinə əsaslanmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İddiaçı-nın direktoru O.Allahverdiyev tərəfindən həmin məhkəmə iclasında iddiaçının nümayəndəsinin iştirak edə bilməyəcəyi ilə bağlı ərizəsi iclasdan sonra məhkəməyə daxil olmasına baxmayaraq, iş materiallarında 11.02.2021-ci il, 04.03.2021-ci il və 01.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizələr mövcuddur. Digər tərəfdən məhkəmə sözügedən həmin qərardadında iddia ərizəsinin və İddiaçı tərəfindən məhkəməyə daxil olmuş bütün sənədlərin İddiaçı-nin direktoru kimi qeyd olunmuş X1 şəxs olmasını təsdiq edən hər hansı sənədin məhkəməyə təqdim edilmədiyinə istinad etmişdir. Məhkəmə kollegiyası bu nəticə ilə də razılaşmayaraq bildirir ki, iş materialları ilə X2 həmin müəssisənin direktoru olması təkzib edilmir və iddia ərizəsinin məhkəmənin icraatına daxil olmasından keçən xeyli müddət ərzində məhkəmə həmin şəxsin müəssisənin səlahiyyətli şəxsi olub-olmadığını müəyyən etməmişdir. Bundan əlavə, 06.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə məhz O.Allahverdiyev tərəfindən verilmiş 05.05.2021-ci il tarixli etibarnamə əsasında Nümayəndə iddiaçının nümayəndəsi qismində qəbul etmişdir. Odur ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Həmin Məcəllənin 399-cu maddəsinə əsaəsn birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(001)- 1628/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı-nin vəsatəti təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(001)-1628/2018 saylı qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8685/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8685/2021
07.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver