Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8691/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təhvil verilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 aprel 2021-ci il tarixli qətnamədən cavabdeh MTK-nın verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 4-cü bina, 1-ci giriş, 12-ci mərtəbəsindəki 28 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və "xxxx" əldə edilməsi üçün cavabdeh MTK-nın üzərinə MTK üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın ona verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MTK arasından bağlanmış 13.07.2009-cu il tarixli müqaviləyə əsasən MTK-dan iddia ərizəsində qeyd edilən mənzili almış və mənzilin dəyərini MTK-ya tam həcmdə ödəmişdir. Mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün iddiaçı cavabdehə müraciət edərək MTK üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın ona verilməsini xahiş etmiş, lakin MTK həmin sənədləri iddiaçıya verməkdən imtina etmişdir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin mənzildə yaşamasına baxmayaraq, kommunal xidmətlərin (pilləkənın, pilləkən meydançasının, liftlərin və ümumi xidmət ərazilərinin təmizlənməsi, işıqlandırılması, zibillərin daşınması xidmətlərinə görə) heç birini ödəməmiş və nəticədə iddiaçının 1.804 manat borcu yaranmışdır. İddiaçı qətnamədə göstərilən sənədləri MTK-dan tələb edərkən ona kommunal xidmətlərə görə yığılmış borcları ödədikdən sonra həmin sənədləri təqdim ediləcəyi bildirilmişdir. Buna baxmayaraq iddiaçı borcu ödəməmişdir. İşə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamış, iddianı təmin etməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş MTK apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş iddiaçı isə ərizə ilə Məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh MTK-nın nümayəndəsinin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh MTK arasında 13.07.2009-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, MTK, iddia ərizəsində qeyd edilən mənzili kooperativin payçısı olan iddiaçıya təhvil vermək, iddiaçı isə mənzilin ümumi dəyərini təşkil edən 55.223 manat məbləğində pulu MTK-ya ödəmək barədə öhdəlik götürmüşlər. İşin hallarından müəyyən edilir ki, müqavilədə qeyd edilən öhdəliklər icra olunmuş, iddiaçı mənzilin dəyərini MTK-ya ödəmiş, MTK isə mənzili iddiaçıya təhvil vermişdir. İddiaçı hazırda həmin mənzildə yaşayır. İddiaçı, mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün MTK-ya müraciət edərək MTK üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın ona verilməsini xahiş etmiş, lakin MTK həmin sənədləri iddiaçıya verməkdən imtina etmişdir. MTK-nın imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı, mənzildə yaşamasına baxmayaraq, kommunal xidmətlərin heç birini ödəməmiş və nəticədə iddiaçının 1.804 manat borcu yaranmışdır. Məhkəmə bildirir ki, MTK ilə iddiaçı arasında bağlanmış 13.07.2009-cu il tarixli müqavilənin 2.1-ci maddəsinin 5-ci hissəsinə görə, MTK iddiaçı qarşısında üzərinə öhdəlik götürmüşdür mənzilə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bütün zəruri tədbirlərin həyata keçirəcək. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə görə, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Mülki Məcəllənin 109.2-ci maddəsinə görə, kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Məcəllənin 109-4.1 və 109-4.1.3-ci maddələrinə görə, kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvünün hüququdur. Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139-1.1 və 139-1.1.6-cı maddələrinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məcəllənin 529.1-ci maddəsinə görə, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülki Məcəllənin iş üzrə tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. İddiaçının kommunal xidmətlərin ödəməməsi barədə apellyasiya şikayətinin dəlili qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Əgər iddiaçı kommunal xidmətləri ödəmirsə, onda MTK iddiaçıya qarşı həmin xərclərin ödənilməsi barədə iddia ilə müvafiq məhkəməyə müraciət edə bilər. Odur ki, MPM-nin 384 və 385-ci maddəsinin tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlili formal xarakter daşıyır. Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MTK-nın özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8691/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8691/2021
17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver