Məhkəmə qərarları › İş №2(103)-8702/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8702/2021

19.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8702/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(004)-2971/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(004)-2971/2021 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir maddi hüquq normasına istinad etmədən və apelyasiya məhkəməsinin göstərişlərini heçə sayaraq subyektiv mülahizələr əsasında qərar qəbul etmişdir. Məhkəmə nəzərdən qaçırmışdır ki, tərəflərindən cinayət mühakimə icraatı qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edilmişdir. Lakin bu hal “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən, icra icraatı çərçivəsində mülkiyyət hüququmun müdafiə edilməsi imkanını istisna edə, məhkəmə əlçatanlığı hüququ pozula bilməz. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(004)- 2971/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırki halda iddiaçının eyni predmet barəsində və eyni əsaslar üzrə işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 noyabr 2020-ci il tarixli qərardadı var. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə görə isə, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar, onlara məxsus olduğunu iddia etdikləri əmlakların üzərinə cinayət işinin icraatı zamanı səhvən həbs qoyulduğunu, sonradan isə həmin əmlaklar barəsində məhkəmənin xüsusi müsadirə cinayət-hüquqi tədbirini tətbiq etdiyini irəli sürmüşlər; yuxarıda göstərilən qanunvericilik müddəalarına görə isə, bu cür iddialara mülki mühakimə icraatı qaydasında baxılır. Mübahisəyə inzibati məhkəmədə baxılmalı olması ilə bağlı məhkəmənin qənaətinə münasibətdə kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsi üzrə mülki mühakimə icraatının mümkünlüyü məsələsi təkrarən tərəflərin iştirakı ilə müzakirə olunmalıdır. Ona görə də qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(004)-2971/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar