Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8705/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(001)-538/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Mercedes Benz 220 CDİ” minik markalı, Az **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarasız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş 29552 manat məbləğində maddi ziyanın, 10000 manat məbləğində mənəvi ziyanın, tərəfindən vəkil xidmətinə görə ödənilmiş 210 manat məbləğində pulun, habelə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(001)- 538/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi kimi 15675 manat, vəkilə çəkilən xərcin əvəzi olaraq 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və vurulmuş maddi zərərin əvəzi kimi 8500 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, avtomobilə dəymiş ziyanın məbləğinin 15000 manat olduğunu, həmin ziyanın 1500 manat hissəsinin cavabdeh tərəfindən nəqd şəkildə, 5000 manat hissəsinin isə sığorta təşkilatı tərəfindən iddiaçıya ödənilməsini nəzərə alaraq, ondan iddiaçının xeyrinə maddi ziyanın əvəzi kimi tutulmalı olan məbləğ 8500 manat təşkil edir. Məhkəmə qeyd olunanları nəzərə almadan ondan maddi zərərin əvəzi kimi 15675 manat pulun tutulmasını qət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(001)-538/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 07 may 2020-ci il tarixdə Cavabdeh mülkiyyətində olan “Mercedes Benz-E220 CDİ” minik markalı, Az **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İddiaçı mülkiyyətində olan və həmin vaxt X3 adlı şəxs tərəfindən idarə olunan “Mercedes Benz E220 CDİ” minik markalı, Az **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki sürücü xəsarət almış və hər iki avtomobilə maddi zərər dəymişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Sabunçu RPİ-də aparılmış araşdırma nəticəsində cavabdehin əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmiş və 15 may 2020-ci il tarixli qərarla toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 avqust 2020ci il tarixli 3(008)-1170/2020 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 8 ay müddətinə məhdudlaşdırılmışdır. İddiaçının mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” minik markalı, Az **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış və nəticələrə dair tərtib edilmiş 20 may 2020-ci il tarixli 21 nömrəli rəyə əsasən həmin avtomobilə 29552 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 03.03.2021-ci il tarixli 9/147 nömrəli rəyində 2013-cü il buraxılışlı “Meredes Benz E 220 CDİ” minik markalı, Az ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 22175 manat olduğu göstərilmişdir. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, avtomobilə vurulmuş zərərin əvəzi olaraq ondan 29552 manat məbləğində maddi ziyanın, 10000 manat məbləğində mənəvi ziyanın, tərəfindən vəkil xidmətinə görə ödənilmiş 210 manat məbləğində pulun, habelə ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul etmiş, ekspert rəyi ilə razılaşmamış, həm iddia üzrə tələb edilən, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2021-ci il tarixli, 9/147 nömrəli ekspert rəyində əks olunmuş məbləğin reallığı əks etdirmədiyini, avtomobilin hadisədən əvvəlki vəziyyətinin bərpa edilməsi üçün maksimum 15000 manat məbləğində pul vəsaiti tələb edildiyini, hadisədən sonra vurulmuş zərərin əvəzi olaraq onun tərəfindən iddiaçının həyat yoldaşına 1500 manat məbləğində pul verildiyini, həmçinin iddiaçıya 5000 manat məbləğində icbari sığorta məbləğinin ödənildiyini, qalan 8500 manat pulun 5000 manat hissəsini qısa müddətdə, 3500 manat hissəsini isə hissə-hissə bir neçə ay ərzində ödəmək imkanına malik olduğunu bildirmiş və tərəfindən verilmiş izahata uyğun olaraq iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış şahid X1 iddiaçının həyat yoldaşı olduğunu, yol nəqliyyat hadisəsi baş verdikdən qısa müddət sonra hadisə yerində olduğunu, sığorta şirkəti tərəfindən hadisə ilə bağlı onlara 5000 manat məbləğində pulun verildiyini, bundan başqa Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq ona 1500 manat məbləğində pulun verildiyini, bu məbləğin avtomobilə vurulmuş zərərin tam məbləğini ödəmədiyini, sonradan hər hansı məbləğ ala bilməməsi ehtimalı olduğundan bu məbləği qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törətmiş olduğu yol nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Törədilmiş inzibati xəta nəticəsində iddiaçıya maddi ziyan vurulması tam sübuta yetirilir və bunun üçün məsuliyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən Cavabdeh daşıyır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh yalnız ondan iddiaçının xeyrinə maddi zərərin əvəzi kimi tutulmalı olan pul məbləğini mübahisələndirməklə ondan 15675 manat pulun yox, 8500 manat pulun tutulmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan avtomobilin əzilməsi nəticəsində iddiaçıya 22175 manat məbləğində ziyan dəyməsi iş materialları ilə sübuta yetirildiyindən, cavabdehin sığortaçısı tərəfindən 5000 manat məbləğində sığorta ödənişinin iddiaçıya, habelə cavabdeh tərəfindən zərərin əvəzinin bir hissəsi qismində iddiaçının həyat yoldaşına 1500 manat ödənildiyindən bu məbləğlər məhkəmə tərəfindən zərər məbləği qismində müəyyən edilmiş 22175 manat məbləğindən çıxılmaqla, qalan 15675 manat məbləğində pul vəsaitini cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində hadisə nəticəsində iddiaçıya 15000 manat məbləğində ziyan dəyməsini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(001)- 538/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8705/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8705/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver