Məhkəmə qərarları › İş №2(103)-8717/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8717/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8717/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(001)-4056/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı maddi ziyana görə 967,68 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 997,68 manat pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC mülkiyyətində olan “Mitsubishi L200” markalı Az **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 20.12.2017-ci ildən 19.10.2018-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə sığortalamış, sığortalı ilə 20.12.2017-ci il tarixli CSB-009/17 nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2018-ci il mayın 06-da Cavabdeh1 idarə etdiyi “London Taxi TX4” markalı Az **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Cavabdeh1 prospektində “Toyota RAV4” markalı H019740 dövlət qeydiyyat nişanlı və "xxxx" ASC-də sığortalanmış “Mitsubishi L200” markalı Az **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı DYPİ-in 06.05.2018-ci il tarixli 955405 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Fiziki şəxs A.B.Mirzəyev Azinterservis tərəfindən 18.05.2018-ci il tarixdə verilmiş 134 nömrəli nöqsan aktına əsasən hadisə nəticəsində “Mitsubishi L200” markalı Az **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1590 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 100 manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 1490 manat olmuşdur. İddiaçı həmin məbləği 23.05.2018-ci il tarixdə 1100 nömrəli ödəniş tapşırığı ilə ödəmişdir. Cavabdeh1 tərəfindən idarə edilən “London Taxi TX4” markalı Az **-TH-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" tərəfindən icbari sığorta növündə sığortalandığı üçün sonuncu tərəfindən, yol nəqliyyat hadisəsində ikidən çox avtomobil iştirak etdiyindən, mütənasib olaraq "xxxx" ASC-yə 522,32 manat sığorta ödənişi etmişdir. İddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh1, həm də №Bakı Taksi Xidməti” MMC-yə qarşı yaranır. Sığortalı CSB41171 nömrəli sığorta aktının V bəndində cavabdehə qarşı subroqasiya tələbi hüququnun iddiaçıya verildiyini təsdiq etmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 967,68 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 997,68 manatın alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(001)- 4056/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-dən maddi ziyana görə 967,68 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 997,68 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın "xxxx" MMC-yə aid hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh1 və "xxxx" MMC arasında münasibətlər əmək münasibətləri deyil, mülki hüquqi müqavilədən yaranan münasibətlərdir. Cavabdeh1 və "xxxx" MMC arasında sürücü xidmətlərinin göstərilməsi haqqında 172-18/02 saylı 13.11.2018-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə 28.08.2020-ci il tarixdə xitam verilmişdir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən, icraçının təqsiri üzündən sifarişçinin mülkiyyətinə və digər qanuni mənafelərinə vurulmuş zərərin əvəzi icraçı tərəfindən tam olaraq ödənilir. Cavabdeh1 "xxxx" MMC-nin yol vərəqəsi əsasında sonuncunun mülkiyyətində olan “London Taxi TX4” markalı Az **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Buna görə də apellyator hesab edir ki, iddia tələbi "xxxx" MMC-yə qarşı hissədə rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(001)- 4056/2021 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 20.12.2017-ci il tarixli CSB-009/17 saylı nəqliyyat vasitələrinin sığorta müqaviləsindən müəyyən olunur ki, sığortaçı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq sığortalıya məxsus avtonəqliyyat vasitələrinin kasko, sürücü və sərnişinlərin fərdi qəza sığortası və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin könüllü sığortasını həyata keçirir, sığortalı isə müəyyən olunmuş sığorta haqqının vaxtında və tam həcmdə sığortaçıya ödənilməsini təmin edir. 20.12.2017-ci il tarixli CSB-009/17 saylı nəqliyyat vasitələrinin sığorta müqaviləsinə 1 saylı qoşmadan müəyyən olunur ki, “Mitsubishi L200” minik markalı Az ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 26.12.2017-ci il tarixdən 20.10.2018-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. 22.05.2018-ci il tarixli CSB41171 saylı sığorta aktından müəyyən olunur ki, "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə 26.12.2017-ci il tarixdən 20.10.2018-ci il tarixə qədər sığortalanmış "xxxx" MMC-yə məxsus “Mitsubishi L200” markalı Az **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 16.05.2018-ci il tarixdə Cavabdeh1 prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 1590 manat, sığorta ödənişi 1590 manat, 100 manat şərtsiz azadolma müəyyən edilmiş, 1490 manat zərər məbləği avtomobilin təmiri üçün fiziki şəxs X3 hesabına köçürülməsi qərara alınmışdır. Fiziki şəxs A.B.Mirzəyevin 18.05.2018-ci il tarixli 134 saylı nöqsan aktından müəyyən olunur ki, “Mitsubishi L200” markalı Az **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Azinterservis”də təmir xərclərinin dəyəri 1590 manat təşkil edir. "xxxx" ASC-nin 23.05.2018-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC sığorta ödənişi olaraq X5 1590 manat ödəmişdir. "xxxx" ASC-nin 14.11.2018-ci il tarixli CM 0839/18 saylı sığorta aktından müəyyən olunur ki, "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə 28.04.2018-ci il tarixdən 28.04.2019-cu il tarixə qədər 5000 manat dəyərində sığortalanmış Cavabdeh1 idarə etdiyi "xxxx" MMC-yə məxsus “London Taxi TX4” markalı Az **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Mitsubishi L200” markalı Az **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 16.05.2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh1 prospektində toqquşması nəticəsində “Mitsubishi L200” markalı az **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 1590 manat, sığorta ödənişi 522,32 manat müəyyən edilmiş, 522,32 manat zərər məbləği "xxxx" ASC-nin hesabına köçürülməsi qərara alınmışdır. AC № 481867 saylı 24.04.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2014-cü il buraxılışlı “London Taxi TX4” minik markalı Az ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BDYPİ-nin kompyuter çıxarışından müəyyən olunur ki, 2014-cü il buraxılışlı “London Taxi TX4” minik markalı Az** TH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC-nin minik avtomobili üçün № **********6 saylı yol vərəqəsindən müəyyən olunur ki, Cavabdeh1 10.05.2018-ci il tarixdən 17.05.2018-ci il tarixədək “London Taxi TX4” markalı Az ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün verilmişdir. Sifarişçi "xxxx" MMC ilə icraçı Cavabdeh1 arasında bağlanmış 01.05.2018-ci il tarixli 172/18 saylı sürücülük xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən müəyyən olunur ki, bu müqaviləyə əsasən sifarişçi icraçıya sürücü xidmətinin göstərilməsi üçün müvafiq şərait yaradır, onu tam təchiz olunmuş taksi avtomobili, müvafiq fərqlənmə nişanı, zəruri geyim forması ilə təmin edir, icraçı isə bunun müqabilində gündəlik taksi hasilatını müqaviləyə əlavə ilə müəyyən edilmiş və razılaşdırılmış məbləğdən az olmayaraq sifarişçiyə ödəyir. Baş Dövlət Yol Polisi İdarəsinin 06.05.2018-ci il tarixli TP 955405 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindan müəyyən olunur ki, Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarə etdiyi “London Taxi TX4” minik markalı Az ** TH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 06.05.2018-ci il tarixdə saat 08:15 radələrində Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini yol vərəqəsinə əsasən idarə edərkən iddiaçı "xxxx" ASC-də sığortalanmış "xxxx" MMC-yə məxsus “Mitsubishi L200” markalı Az ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq inzibati xəta törətmiş, baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçı 1490 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmiş, "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini icbari sığorta növündə sığortalayan "xxxx" ASC tərəfindən iddiaçıya 522,32 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və "xxxx" MMC arasında sürücü xidmətlərinin göstərilməsi haqqında 172-18/02 saylı 13.11.2018-ci il tarixli müqavilənin 3.5ci maddəsi mülki qanunvericiliyin müddəalarına zidd olduğundan etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsində qeyd edilir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçdiyindən 967,68 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili əsassız olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbi üzrə məbləğ 997,68 manat olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(001)- 4056/2021 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar