Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8731/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Emin Paşayevin, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» 2(006)- 1337/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkü olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 3 saylı evdə yerləşən 40 saylı mənzili vaxtında təhvil vermədikləri üçün mənzilinin dəyərinin 5 faizi həcmində, yəni 14750 manat dəbbə pulu, əldən çıxmış faydanın əvəzi qismində 18550 (26,5 ay x 700 manat) manat, ödənilməmiş kommunal xidmətlərə görə 714,51 manat, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzi qismində 10000 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı həyat yoldaşı X4 ilə birlikdə 2017-ci ilin may ayında Milli Məclisin inzibati binası yaxınlığında ev almaq fikrində olduqlarından bir müddət soraqlaşıb Cavabdeh1 ilə tanış olmuşlar. Belə ki, sonuncu özünə məxsus olan - Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 3 saylı evdə yerləşən 40 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi 9, m 5, m 2) satmaq və ya üzərində pul almaqla dəyişdirmək niyyətində idi. Bir müddət əlaqə saxladıqdan sonra Cavabdeh1 qeyd edilən evini qayınatası X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3006-cı məhəllə Məmmədcəfər Cəfərov küçəsi 10 saylı evin 425 nömrəli mənzili ilə dəyişdirilməsinə razılıq vermişdir. İlkin razılaşmaya görə onlar Cavabdeh1 evinin 215000 manat, öz evlərinin isə 130.000 manat dəyərində qəbul edilməsini və aradakı 85000 manatın da nağd qaydada ödəniləcəyi barədə sövdələşmə etmişlər. Lermontov küçəsi 3 saylı evdə yerləşən 40 saylı mənzil həmin zaman "xxxx" ASC-də ipotekada olduğundan Cavabdeh1 xahişi ilə onlar ilk növbədə 40000 ABŞ dolları ödəməklə evi yüklülükdən azad etmişlər. Qalan 10000 ABŞ dollarını isə 02.06.2017-ci il tarixdə evlərin dəyişdirilməsinə dair razılaşma bağlanarkən Cavabdeh1 təqdim olunmuşdur. Cavabdeh1 onlara hər dəfə özünə məxsus olun evin satılmasında ailə üzvlərinin, o cümlədən həyat yoldaşının da razı olduğunu demişdir. Razılaşma müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 həyat yoldaşı X3 ilə birlikdə onların evinə baxarkən oranı bəyənmədiyini, havasının ağır olduğunu dediyindən onlar da onun adına olan, Bakı şəhəri Səbail rayonu, Teymur Elçin küçəsi, 8 saylı evin 10 nömrəli mənzili (yeni qaydalarla: ünvan 1 onlara təklif etmişlər. Cavabdeh2 əri ilə birlikdə evə baxdıqdan sonra bu evi bəyəndiyindən heç bir tərəfin əlavə hər hansı ödəniş etməməsi şərti ilə 24.06.2017-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzindəki notariat kontorunda dəyişmə müqavilə imzalanmışdır. Onun adından müqaviləni etibarnamə əsasında həyat yoldaşı Emin Paşayev imzalamışdır. Qarşı tərəfdən müqaviləni Ağayev Ədalət özü imza etmiş, habelə notariat kontoruna həyat yoldaşı Cavabdeh2 adından mənzilin dəyişdirilməsinə etiraz etməməsi barədə ərizə də təqdim etmişdir. Belə ki, Cavabdeh2 əri Ədalət Ağayevə Bakı şəhəri 13 saylı notariat kontorunda 06.03.2008-ci il tarixdə 1951 reyestr nömrəli etibarnamə vermişdir. Dəyişmə müqaviləsi bağlanarkən hər bir tərəf üzərinə öhdəlik götürmüşdür ki, öz evindən 24.07.2017-ci il tarixədək qeydiyyatdan çıxsın, 31.12.2018-ci il tarixədək isə mənzili faktiki olaraq digər tərəfin sahibliyinə versin. Həmçinin müqavilənin şərtlərinə görə, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Müqavilədə mənzilə köçmələri ilə bağlı 1 ildən çox müddətin müəyyən edilməsinin səbəbi isə Cavabdeh1 uşağının yaxınlıqdakı təhsil müəssisəsində oxuması ilə bağlı olmuşdur. Dəyişmə müqaviləsi bağlandıqdan sonra onların hər biri yeni aldıqları evlərə hüquqlarını təsdiqləyən rəsmi sənəd almışlar. Belə ki, DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 04.07.2017-ci il tarixdə ona Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 3 saylı evin 40 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 9, m5, m2) üzərində mülkiyyət hüququnu təsdiqləyən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdeh1 də Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 8 saylı evin 10 nömrəli mənzilinə (yeni qaydalarla: ünvan 1 müvafiq çıxarış almış və hətta çox keçmədən başqa bir şəxsdən borc pul götürməklə həmin mənzili girova qoymuşdur. Pulunu ödəyə bilmədiyindən bu mənzil hərraca da çıxarılmışdır və həmin mənzilin taleyi ilə bağlı başqa məlumatı yoxdur. Dəyişmə müqaviləsində razılaşdıqları kimi, 2019-cu ilin ilk günlərində onlar Cavabdeh1 evi təhvil verməsini xahiş etdikdə onun həyat yoldaşı Cavabdeh2 evdən çıxmayacağını bildirmişdir. Bunun səbəbini soruşduqda isə ərinin onların var-dövlətini sataraq müflis etdiyini, yaşayacaqları yeganə mənzil olduğundan, uşaqları ilə birlikdə oranı tərk etməyəcəklərini demişlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkü olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 3 saylı evin 40 saylı mənzili tərk edərək ona təhvil vermir, onun mülkiyyət hüququna açıqcasına qəsd edirlər. Əlavə olaraq qeyd etmək istəyir ki, yuxarıda qeyd etdiyi bütün hallar artıq məhkəmədə araşdırılmış və onun iddia tələbi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(009)-1712/2019 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06.11.2019-cu il tarixli 2(103)-13331/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 08.06.2020-ci il tarixli, 2(102)-1838/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən çıxmamaları mənzilin mülkiyyətçisi kimi onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməli və onlar dərhal onun xüsusi mülkündən çıxarılmalıdırlar. Artıq 20 aydır ki, cavabdehlər üzərilərinə düşən öhdəliyi qəsdən icra etmirlər və bununla da onun mülkiyyət hüququnu kobud şəkildə pozur, mənzilindən faktiki olaraq istifadə etməyə imkan vermirlər. Dəyişmə müqaviləsində də onlar gələcəkdə öhdəliyin lazımi qaydada icra edilməməsi zamanı dəbbə pulunun ödənilməsi barədə razılığa gəlmişlər. Faktiki sahibliyindən məhrum olduğu evin qiyməti hələ 3 il əvvəl 215000 manat dəyərində qiymətləndirilmişdir. Hazırda 20 aydır ki icra edilməyən öhdəliyin əvəzi olaraq bu dəbbə pulunun mənzilin ümumi qiymətinin ən azı 5 faizi miqdarında, yəni 10750 manat məbləğində hesablanması və həmin məbləğin onun xeyrinə tutulması onun pozulmuş mülkiyyət hüququnun bərpası istiqamətində layiqli qərar olar. Cavabdehlərin qanunsuz olaraq onu xüsusi mülkündən artıq 20 aydır ki, məhrum etmişlər . Bu hərəkətləri ilə onlar nəinki əsassız olaraq evində yaşayırlar, eyni zamanda onu bu müddət ərzində əldə edə biləcək gəlirindən də məhrum etmiş olurlar. Belə ki, Dağüstü parka yaxın, şəhərə gözəl mənzərəsi açılan 70 m2 sahəsi olan evin hazırda əmlak bazarında aylıq kirayə haqqısı ən azı 700 manat təşkil etməkdədir. Bu baxımdan hələlik iddia ərizəsi verilənədək 20 ay üçün əldən çıxmış fayda müqabilində 14.000 manat pul da cavabdehlərdən tutularaq ona ödənilməlidir. Cavabdehlərin onun inamını qazanıb dəyişmə müqavilə üzrə mənzili əldə etdikdən sonra onların xahişi ilə 1 ildən artıq bir müddət üçün onlara həmin mənzildə yaşamağa icazə versə də, onlar onun bu etibarından istifadə etməklə hazırda mənzili ona təhvil verməməsi istər-istəməz mülkiyyət hüququndan faktiki olaraq məhrumetmə deməkdir. Onların bu qanunsuz əməli onda ciddi mənəvi sarsıntı oyatmışdır. Bu sarsıntının təsiri həm ailəsi ilə münasibətinə, həm də iş həyatına da öz təsirini göstərmişdir. Qanunsuz hərəkətlərlə bağlı o, dəfələrlə cavabdehlərlə danışıb hər dəfə onların israrla evi ona təhvil verməyəcəkləri, başqa sözlə aldadıldığını söylədikdə bu iztirabları daha da artmaqdadır. Qeyd edilənləri nəzərə almaqla ona dəymiş mənəvi ziyanla bağlı 10000 manat məbləğində kompensasiyanın cavabdehlərdən alınması zəruridir ki, bu hal həm də onların digər şəxslərin hüquqlarını əsassız və istəklərinə uyğun şəkildə pozmasında onların bədəli olsun. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət edən zaman əldən çıxmış fayda kimi o, cavabdehlərdən 14000 manat pul tələb etmişdir. Belə ki, iddia ərizəsini hazırlayan zaman cavabdehlər onun mənzilindən qanunsuz olaraq 20 ay istifadə etməkdə idilər. Uzun sürən məhkəmə və icra işlərindən sonra cavabdehləri icra məmurlarının köməyi ilə yalnız 17.03.2021-ci il tarixində mənzilindən çıxara bilmişdir. İş materiallarına əlavə edilmiş 24.06.2017-ci il tarixli dəyişmə müqaviləsinin şərtlərinə görə mənzil ona 31.12.2018-ci il tarixində təhvil verilməli idi. Göründüyü kimi, cavabdehlərin qanunsuz hərəkətləri ucbatından o, 2 il 2 ay 17 gün əmlakından istifadə hüququndan məhrum olmuşdur. İddia tələbinə əlavə etdiyi sənədlərlə də müəyyən edildiyi kimi, mənzilinin aylıq kirayə haqqısının ən azı 700 manat olduğu nəzərə alınsa, onun bu hissədə əldən çıxmış faydası 18550 manat (26,5 ay x 700) təşkil etməkdədir. Bundan başqa, mənzilini təhvil alandan sonra ona məlum olmuşdur ki, cavabdehlərin hazırkı günə qədər "xxxx" ASC-yə 64,50 manat, "xxxx" ASC-yə 150,01 manat, "xxxx" MTK-ya isə 500 manat borcu vardır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkü olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 3 saylı evdə yerləşən 40 saylı mənzili vaxtında təhvil vermədikləri üçün mənzilinin dəyərinin 5 faizi həcmində, yəni 14750 manat dəbbə pulu, əldən çıxmış faydanın əvəzi qismindən 18550 manat, ödənilməmiş kommunal xidmətlərə görə 714,51 manat, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzi qismində 10000 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı «pul tələbinə dair» qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi zərərə görə 214,51 manat, mənəvi zərərə görə 1000 manat, cəmi 1214,51 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə müştərək qaydada tutulması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını kobud şəkildə pozmuş, nəticədə qismən əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh1 şikayət qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın qismən təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24.06.2017-ci il tarixli dəyişdirmə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 8 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 60,3 m2 olan 10 saylı mənzili Cavabdeh1 mülkiyyətinə, Cavabdeh1 isə ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 51 m2 olan 3 otaqlı 40 saylı mənzili İddiaçı mülkiyyətinə verməyi öz öhdələrinə götürmüşlər. Müqaviləyə əsasən, bu müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə, o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(009)-1712/2019 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi 3 saylı evin 40 saylı mənzilindən (yeni qaydalarla: AZ1006 Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi 9, M5, m2) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 3 saylı evin 40 saylı (yeni qaydalarla: AZ1006 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 9, M5, m2) mənzilin İddiaçı faktiki olaraq sahibliyinə verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı «pul tələbi barədə» qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2019-cu il tarixli, 2(103)- 13331/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(009)-1712/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.06.2020-ci il tarixli 2(102)-1838/2020 saylı qərarı ilə ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 noyabr 2019-cu il tarixli 2(103)-13331/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 3 saylı evin 40 saylı mənzili (yeni qaydalarla: AZ1006 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 9, M5, m2) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 15171 nömrəli vərəqində 04.07.2017-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Tap.az saytından çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən və 70 m2-dən ibarət olan mənzilin kirayə haqqı ***-**** manat civarındadır. "xxxx" MTK tərəfindən tərtib olunmuş qəbzlərə əsasən ünvan 2, 40 saylı mənzil üzrə 2016-cı ilin mart ayı, 2017-ci ilin may ayı, 2018-ci ilin fevral ayı, 2019-cu ilin fevral ayı və 2020-ci ilin mart ayı üçün ödənilməmiş kommunal haqqı 500 manat təşkil edir. "xxxx" İB-nin məlumatına əsasən Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi ev 3, 40 saylı mənzil üzrə ödənilməmiş borcu 64,50 manat təşkil edir. "xxxx" ASC-nin məlumatına əsasən Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi ev 3, 40 saylı mənzil üzrə ödənilməmiş borcu 150,01 manat təşkil edir. 4829 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında 24.06.2017-ci il tarixli dəyişmə müqaviləsi imzalanaraq İddiaçı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 8 (yeni qaydalarla ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 60,3 m2 olan 10 saylı mənzili Cavabdeh1 mülkiyyətinə, Cavabdeh1 isə ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 51 m2 olan 3 otaqlı 40 saylı mənzili İddiaçı mülkiyyətinə verməyi öz öhdələrinə götürmüşlər. Həmçinin dəyişmə müqaviləsinə əsasən tərəflər 24.07.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. Tərəflər arasında mənzilin faktiki olaraq digər tərəfin sahibliyinə verilməsi tarixi Cavabdeh1 uşağının yaxınlıqdakı təhsil müəssisəsində oxuması ilə bağlı 31.12.2018-ci il müəyyən edilmişdir. Müqavilə imzalandıqdan sonra Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 8 mənzil 10 (yeni qaydalarla ünvan 3 ünvana dair İddiaçı adına 03.07.2017-ci il tarixli texniki pasport işlənilmiş və 04.07.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətinə keçməsinə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 17.03.2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli 2(009)-1712/2019 saylı icra sənədi tam icra edilmiş, ünvan 2, 40 saylı mənzilin açarları dəyişdirilərək tələbkara təhvil verilmiş, bu barədə müvafiq akt tərtib edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 3 saylı evdə yerləşən 40 saylı mənzilin ona vaxtında təhvil verilmədiyi üçün mənzilinin dəyərinin 5 faizi həcmində, yəni dəbbə pulu kimi 14750 manat, əldən çıxmış fayda kimi 18550 manat, ödənilməmiş kommunal xidmətlərə görə 714,51 manat, cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzi qismində 10000 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1) istinad edərək düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri qanuni qüvvəsini almış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(009)-1712/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı ilə cavabdehlərin tərəf olduqları mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş və bu iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlara əsasən cavabdehlərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi 3 saylı evin 40 saylı mənzilindən (yeni qaydalarla: AZ1006 Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi 9, M5, m2) qanunsuz istifadə etmələri, mənzili təhvil verməkdən imtina etdikləri müəyyən edilmiş, onların həmin mənzildən çıxarılmaları qanuni hesab edilmişdir. Bu faktların hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İş materiallarından göründüyü kimi, ünvan 2, 40 saylı mənzil üzrə 2016-cı ilin mart ayı, 2017-ci ilin may ayı, 2018-ci ilin fevral ayı, 2019-cu ilin fevral ayı və 2020-ci ilin mart ayı üçün "xxxx" MTK-ya ödənilməmiş kommunal haqqı 500 manat təşkil edir. Həmçinin Bakı şəhəri Səbail rayonu Lermontov küçəsi ev 3, 40 saylı mənzil üzrə cavabdehlərin yaşadığı dövr üçün "xxxx" İB-yə 64,50 manat, "xxxx" ASC-yə isə 150,01 manat məbləğində yaranmış borcu vardır. Cavabdehlərin ödəmədiyi qaz və istilik sərfiyyatına görə borc iddiaçı tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, bu pulun iddiaçı tərəfindən ödənildiyi nəzərə alınaraq, maddi zərər kimi 214,51 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin cavabdehlərdən onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun tutulmasını xahiş etmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçıya məxsus mənzili vaxtında təhvil verməkdən imtina etdikləri nəticəsində iddiaçının mənəvi sarsıntılara məruz qaldığını nəzərə alıb, iddiaçıya dəymiş mənəvi ziyanı 1000 manat məbləğində qiymətləndirərkən haqlı olmuşdur. İddianın - mənzilin dəyərinin 5 faizi həcmində, yəni dəbbə pulu kimi 14750 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair hissəsinə münasibətdə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 463.1-ci maddəsinə (dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır) istinad etməkdə haqlı olmuşdur və düzgün olaraq qeyd etmişdir ki, 24.06.2017-ci il tarixli dəyişmə müqaviləsinə əsasən tərəflər müqavilə öhdəlikləri icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməli olduğu, dəbbə pulunun miqdarının müqaviləni bağlayanlar tərəfindən müəyyən ediləcəyi barədə razılığa gəlmişlər. İddiaçı 14750 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulmasını xahiş etsə də, bu pulun hansı əsasla və hansı qaydada hesablandığı, cavabdeh tərəflə hesablanma qaydası haqqında razılığa gəlinibgəlinmədiyini göstərməmişdir. Bu səbəbdən, iddia qeyd olunan hissədə əsassız olduğundan təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı mənzilin vaxtında iddiaçıya təhvil verilməməsi nəticəsində 18550 manat əldən çıxmış faydanın tutulması hissəsində təmin etməyərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Çünki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni mənzilin kirayə verilməsi ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı qismən təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(006)- 1337/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8731/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8731/2021
26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver