Məhkəmə qərarları › İş №2(103)-875/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-875/2023

10.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-875/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, X11 qızının katibliyi, İlkin iddia üzrə İddiaçı1 və iddiaçıların nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi X5, Üçüncü şəxs Xətai Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “cavabdehin binadan çıxarılması, binanın idarəetməsindən kənarlaşdırılması, binaya dair əmlakın, sənədlərin Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi barədə ilkin iddiası, Cavabdeh MMC-nin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “aylıq xidmət haqlarının, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3408/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina 259 mənzildən ibarətdir. Bu binanın 259 mənzilindən 230-u və bir qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında MTK-nın üzvlərinə aiddir. Binanın inşası başa çatdıqdan sonra binanın inşaatını həyata keçirən Maraqlı şəxs1 MTK-nın təsisçiləri MTK-nın fəaliyyətini ləğv etmədən dayandıraraq Cavabdeh MMC-ni təsis etmişdir. Cavabdeh ilə mənzil mülkiyyətçiləri arasında (200-ə yaxın) xidmət müqaviləsi bağlanmış və bir otaqlı mənzil üçün 20 manat, iki otaqlı mənzil üçün 24 manat, üç otaqlı mənzil üçün 28 manat xidmət haqları müəyyən edilmişdir. Hazırkı iş üzrə 3 nəfər iddiaçı ilə də istinad edilən müqavilələr bağlanmışdır. 4-cü İddiaçı2 ilə müqavilə bağlanmasa da, onun tərəfindən 2021-ci ilin sonunadək ödənişlər həyata keçirilmişdir. Tərəflər arasında mübahisə MMC tərəfindən müəyyən edilmiş xidmət haqqının qaldırılacağı məlumatından sonra yaranmışdır. İddiaçılar artıma narazılıq bildirərək ödənişləri həyata keçirməkdən imtina etmiş və cavabdehin belə bir ödənişlərin aparılması üçün səlahiyyəti olmadığını iddia etmişlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən 9.000 manat (hər iddiaçıya 2.250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzi, 100 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, N.Tusi küçəsi, ev 14A-da İddiaçı2 171 və 172-ci mənzillərin, İddiaçı4 212-ci mənzilin, İddiaçı3 169-cu mənzilin və İddiaçı1 153-cü mənzilin mülkiyyətçiləridir. Bina 10 dekabr 2003-cü ildə təsis edilmiş Maraqlı şəxs1 MTK tərəfindən tikilmişdir. Bina 259 mənzildən və 1 qeyri-yaşayış sahəsindən ibarətdir. Binanın tikintisi çoxdan tam başa çatmış, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ MTK-nın üzvlərinə keçmişdir. Buna baxmayaraq, 2020-ci ilin ortalarınadək bina MTK tərəfindən idarə olunmuşdur. 2020-ci ildə qanunvericiliyin tələbinin pozulmasını qismən də olsa aradan qaldırmaq üçün MTK-nın faktiki rəhbəri olan və özünü binanın sahibi hesab edən X7 adlı şəxs müvafiq addımlar atmağa başlamışdır. Belə ki, o, MTK-nın fəaliyyətini dayandıraraq 10 fevral 2020-ci il tarixdə Cavabdeh MMC-ni təsis etmişdir. Cavabdehin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Cavabdehin öz vəsaiti faktiki olaraq yoxdur, sırf binanın sahə mülkiyyətçilərinin hesabına dolanmaq üçün yaradılmışdır. Binanın yalnız bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayaraq cavabdeh binanı idarə etməyə başlamışdır. Lakin bunun müqabilində özünü faktiki olaraq MTK-nın varisi kimi təqdim edərək bütün sahə mülkiyyətçilərindən kommunal haqq adlı rəsmi ödəniş tələb etməyə başlamışdır. Eyni zamanda heç bir təsdiqedici sənəd təqdim etmədən binanın qarşısındakı, arxasındakı və altındakı avtomobil dayanacaqlarında avtomobillərin saxlanılmasına görə də qeyri-rəsmi ödənişlər toplamışdır. Nə MTK, nə də cavabdeh binanı idarə etdiyi dövrdə binanın keyfiyyətli və təhlükəsiz saxlanması üçün adekvat tədbirlər görməmişdir. Binanın sahə mülkiyyətçilərinin əksəriyyəti dəfələrlə cavabdehə öz narazılığını bildirmişdir. O cümlədən binanı tərk edərək mövcud qanunvericiliyə əsasən idarəetməni sahə mülkiyyətçilərinin ümumi yığıncağına təhvil verməyi tələb etmişlər. Lakin cavabdeh müxtəlif qanunsuz yollarla, o cümlədən sahə mülkiyyətçilərini çaşdırmaqla binada qanuni özünü idarəçiliyə mane olur və qanunsuz fəaliyyətini davam etdirir. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2022-ci il tarixədək olan müddətdə Cavabdeh MMC-yə aylıq xidmət haqlarını ödəmədiklərinə görə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat, cəmi 2.132 manat borc məbləğinin, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC-yə dəymiş 5.163,39 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 172 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC X7 və X6 tərəfindən təsis olunaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydə alınmış və Nizamnaməyə uyğun fəaliyyət göstərərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sakinləri ilə bağlanmış müqavilələr əsasında sözügedən binanın idarəetməsini və binanın kommunal sanitar xidmətlərini həyata keçirir, 153 saylı mənzilin sakini İddiaçı1, 169 saylı mənzilin sakini İddiaçı3, 212 saylı mənzilin sakini İddiaçı4 Cavabdeh MMC ilə müqavilələr bağlayaraq 2-ci bəndində göstərilən aylıq xidmət haqlarını ödəmədiklərinə görə 01 may 2022-ci il tarixədək olan müddətdə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat, cəmi 2.132 manat borc yaranmışdır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə adları sadalanan sakinlərə rəsmi olaraq pretenziyalar göndərilmiş, lakin borclar bu günədək ödənilməmişdir. Bundan başqa həmin şəxslər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmaq niyyəti ilə sakinlərin imzalarını toplamaq və ümumi iclas keçirmək istəmiş, lakin sakinlərin narazılığı ilə qarşılaşaraq istəklərinə nail olmadıqlarına görə dağıdıcı fəaliyyətlə məşğul olmağa başlamış və Cavabdeh MMC-nin fəaliyyətini iflic vəziyyətinə salmaq üçün müəyyən əməllərə əl ataraq hüquqi şəxs Cavabdeh MMC-nin işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatları açıq yaymaqla zərər vurmuşlar. Belə ki, onların Cavabdeh MMC-nin fəaliyyətinə qarşı yönəlmiş yalan təbliğatı nəticəsində 17 nəfər sakin aylıq xidmət haqlarını ödəməyi dayandırmış və nəticədə cari ilin 4 aylıq maliyyə dövrünə əsasən çıxarılmış hesabata görə Cavabdeh MMC zərərlə işləmişdir. Daha sonra Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1524 manat borc məbləğinin, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 280 manat borc məbləğinin, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 308 manat borc məbləğinin, Cavabdeh MMC-nin göstərdiyi xidmətdən müqavilə bağlamadan faktiki olaraq yararlandığı üçün 171, 172 saylı mənzilin sakini İddiaçı2 660 manat borc məbləğinin, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh MMC ilə bağladıqları “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixdən başlayaraq İddiaçı1 hər ay 28 manat, İddiaçı3 hər ay 28 manat, İddiaçı4 hər ay 28 manat aylıq xidmət haqlarını, İddiaçı2 Cavabdeh MMC-nin göstərdiyi xidmətdən müqavilə bağlamadan faktiki olaraq yararlandığı üçün 01 oktyabr 2022-ci il tarixdən başlayaraq 171 saylı mənzilə görə 20 manat, 172 saylı mənzilə görə 24 manat aylıq xidmət haqlarını, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixədək olan müddətdə 59 nəfər sakinlərin aylıq xidmət haqlarını ödəmədiklərinə görə Cavabdeh MMC-yə dəymiş 13.104 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 172 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddianın dəqiqləşməsi barədə ərizə məhkəmə baxış iclasında verildiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3408/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən 9.000 manat (hər iddiaçıya 2250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzi, 100 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi barədə ilkin iddia tələbinin rədd edilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 may 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1384 (min üç yüz səksən dörd) manat, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 140 (yüz qırx) manat, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 168 (yüz altmış səkkiz) manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 (dörd yüz qırx) manat pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 müştərək qaydada 172 ( yüz yetmiş iki) manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan hazırkı işdə istinad olunan ünvan üzrə mənzil mülkiyyətçiləri arasında ümumi yığıncaq təşkil olunmamışdır. Ümumi yığıncağın yığılması mənzil mülkiyyətçilərinin sərbəst iradə ifadəsinə əsaslanan tədbirdir. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması” hissəsinə qiymət verərək ilkin olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi yığıncağı əsasında binaya idarəedici təyin olunmadığı təqdirdə bu səlahiyyət binanın yerləşdiyi ərazi üzrə bələdiyyə tərəfindən həyata keçirilməlidir. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçiləri tərəfindən ümumi yığıncaqda seçilməlidir. Ümumi yığıncaqda binanın idarəetmə üsulu mülkiyyətçilər tərəfindən seçilmədiyi təqdirdə ərazi bələdiyyəsi altı ay ərzində binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Hazırkı işdə isə bu proseslərin heç biri binanın mülkiyyətçiləri tərəfindən həyata keçirilməmiş, onlar tərəfindən birbaşa məhkəməyə müraciət olunmuşdur. Daha sonra məhkəmə ilkin iddianın “çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” hissəsini araşdıraraq hesab etmişdir ki, bina mülkiyyətçilərinin əksər çoxluğu öz iradə ifadəsini bildirərək binaya xidmət göstərilməsi üçün Cavabdeh MMC-ni seçərək onunla müvafiq müqavilələr bağlamışlar. Binanın mülkiyyətçiləri ilə Cəmiyyət arasında 200-ə yaxın xidmət müqavilələri bağlanmışdır və göstərilən xidmət müqabilində mülkiyyətçilər tərəfindən xidmət haqqı ödənilir. Beləliklə işdən görünür ki, binanın əksər sakinləri idarəetmədən razı olmaqla MMC-nin kənarlaşdırılması ilə bağlı iddiaçılarla eyni mövqedə deyillər. İstinad edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Eyni zamanda, məhkəmə ilkin iddianın “cavabdehdən 9.000 manat (hər iddiaçıya 2.250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsinə də qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə də əsassızdır. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçılar iddianın əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdeh "xxxx" MMC-nin törətdiyi əməl nəticəsində onlara mənəvi ziyan vurulduğunu, nəticədə mənəvi iztirab çəkdiklərini qeyd etsələr də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmələri ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Odur ki, ilkin iddia tələbi mənəvi zərərə aid hissədə də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin birgə idarəetmə xərclərində birgə iştirak etməlidirlər. Mənzil Məcəlləsinin müəyyən etdiyi tələblərə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı mübahisəni tənzimləyən normalarda müqavilənin bağlanması nəzərdə tutulsa da, müqavilə azadlığı prinsipinə əsaslanmaqla cavabdehlərin belə bir müqaviləni bağlamaqdan imtinası onların mülki və mənzil qanunvericiliyində müəyyən edilmiş vəzifələri və öhdəlikləri ilə uzlaşmır və cavabdehlərin borclu olduğu ödənişləri ödəməkdən yayınması hüquqdan sui-istifadə etməsi ilə nəticələnir. Belə ki, tələb edilən xərclər binanın saxlanılması üçün artıq sərf olunmuş məbləğin bir hissəsi olduğundan və həmin xərclər iddiaçı tərəfindən artıq ödənildiyindən Cavabdeh MMC həmin məbləği cavabdehlərdən tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab etmişdir ki, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 may 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat pul vəsaiti tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddianın İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC-yə dəymiş 5.163,39 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsini araşdıraraq hesab etmişdir ki, həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin fəaliyyəti nəticəsində ona maddi ziyan dəyməsinə əsaslansa da, həmin fəaliyyətin nədən ibarət olması, dəymiş ziyanın nədə ifadə olması və hansı məbləğdə ziyan dəyməsi ilə bağlı sübut təqdim etməmişdir. Belə olan halda iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə mənəvi ziyanla bağlı hissəni araşdıraraq hesab etmişdir ki, iddiaçı hüquqi şəxs olduğu halda ona mənəvi ziyan vurulmasına istinad edərək 10.000 manat pul tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC hüquqi şəxs olduğundan ona mənəvi ziyan vurulması ağlabatan deyildir. Məhkəmə qarşılıqlı iddianın “hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının tutulması” hissəsini araşdıraraq hesab etmişdir ki, həmin hissədə də iddia əsassızdır. Belə ki, Cavabdeh MMC hüquqi yardım üçün vəkilə ödədiyi xidmət haqqının tutulmasını tələb etsə də, həqiqətən də hazırkı iş üzrə onun vəkilə 300 manat vəsaiti ödəmiş olmasını təsdiq edəcək hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. İlkin iddia tələbi rədd edildiyindən iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onların özünə aid edilməlidir. Qarşılıqlı iddia qismən təmin edildiyindən İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 müştərək qaydada 172 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 18, 43-45, 135, 137, 141, Mülki Məcəlləsinin 21, 23, 1096, 1097-ci maddələrinə, həmçinin Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, N.Tusi,ev 14A ünvanında yerləşən çöxmənzilli bina"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idarə olunur. Faktiki olaraq idarəedici təşkilat kimi. Lakin Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq ona bu səlahiyyəti nə Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı, nə də bələdiyyə verməyib. Sadəcə bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayıb, sonra da başlayıb hətta onunla belə müqavilə bağlamamış sahə mülkiyyətçilərindən də xidmət haqqı tələb etməyə. Bir müddət sonra isə xidmət haqqını artırmağa da cəhd edib. Sahə mülkiyyətçilərinin xeyli hissəsi nəinki bu qanunsuzluqdan, həmçinin də Binanın bərbad idarə edilməsindən narazıdır. Onlar qanuna müvafiq olaraq ümumi yığıncaq keçirərək Binanın idarə edilməsi üsulunu müəyyən etməyə cəhd ediblər. Lakin Cavabdeh buna imkan verməyib. O cümlədən Binada yapışdırılmış elanları da cırıb. Dövlət qurumlarına da şikayət etdikdən sonra 4 sahə mülkiyyətçiləri (onlardan birinin Cavabdehlə müqaviləsi də yoxdur) Xətai rayon məhkəməsinə müraciət edərək Cavabdehin Binadan çıxarılmasını və qanunsuz idarəçiliyinə son qoyulmasını xahiş edib. Əslində,çox sadə məsələdir. Məhkəmə bir əsas suala cavab verməli idi: Cavabdeh iddia etdiyi kimi Binanın idarəedici təşkilatıdırmı? Bu səlahiyyəti nəyə əsasən əldə edib? İdarəedici təşkilatdırsa, Binada qalmalı və hamıdan xidmət haqqı toplamağa haqlıdır. İdarəedici təşkilat deyilsə, Binadan çıxmalıdır. Cavabdeh səlahiyyətlərinin təsdiqi kimi bəzi sahə mülkiyyətçiləri ilə bağladığı müqavilələrə istinad edir. Mənzil Məcəlləsinin MM-nin 43-cü maddəsinə görə çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Onun səlahiyyətlərinə o cümlədən binanın idarəetmə üsulunu seçmək daxildir. Lakin indiyədək Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun keçirilməyib. Cavabdeh də məhkəmə prosesi əsnasında bunu inkar etmədi. Ümumi yığıncaq keçirilməyibsə, deməli, Binanın idarəetmə üsulu da seçilməyib. MM-nin 141-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağı binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: - binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə. Binada bu üsullardan heç biri seçilməyib. O cümlədən idarəedici təşkilatın təyinatına dair də heç bir qərar yoxdur. Cavabdeh də bunu inkar etmir. Cavabdeh binanın idarəedici təşkilatı deyil. Lakin birinci instansiya məhkəməsi qanununun tələblərinə məhəl qoymayaraq, sırf Cavabdehin bəzi (məhkəmənin qənaətinə görə əksəriyyətlə) sahə mülkiyyətçiləri ilə müqaviləsinin olmasını əsas gətirərək sahə mülkiyyətçilərinin ilkin iddiasını rədd edib. Cavabdehin xidmət haqqı tələbinə dair qarşılıqlı iddianı isə təmin edib. Hətta Cavabdehlə müqavilə bağlamamış sahə mülkiyyətçisinə münasibətdə. Bina Maraqlı şəxs1 Mənzil-TikintiKooperativi tərəfindən tikilmişdir. Bina 259 mənzildən və 1 qeyriyaşayış sahəsindən ibarətdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna (259 mənzildən 230-u və 1 qeyri-yaşayış sahəsi, yəni Bina sahələrinin təxmini 89 faizi) mülkiyyət hüququ sahə mülkiyyətçilərinə keçmişdir. 2020ci ilin ortalarınadək Bina MTK tərəfindən idarə olunmuşdur. Sonra MTK fəaliyyətini dayandırmış (Mənzil Məcəlləsinin 109.5-cimaddəsinə görə ləğv olunmalı halda) və Binanın idarə olunmasını 10 fevral 2020-ci il tarixdə Cavabdehə təhvil vermişdir. Faktiki olaraq Cavabdeh Binanı zəbt etmişdir. Çünki Binanın sahə mülkiyyətçilərinin bu barədə heç bir qərarı olmamışdır və işdə də yoxdur. MTK ilə Cavabdehin faktiki sahibi eyni şəxsdir – X7. O, hər iki hüquqi şəxsin təsisçilərindən biridir. Digər təsisçilər də yaxınları, o cümlədən qohumlarıdır. Cavadeh yalnız qazanc əldə etmək məqsədini güdür. Cavabdeh toplanan vəsaitlər və onların xərclənməsi barədə sahə mülkiyyətçilərinə adekvat məlumat təqdim etmir. Cavabdehi heç kəs Binanın idarəedici təşkilatı təyin etməyib. O sadəcə Binanı, yəni başqalarının əmlakını zəbt edib. Bu halda Binanın hər bir sahə mülkiyyətçisi Cavabdehin Binadan çıxarılmasını və qanunsuz idarəetməyə son qoyulmasını tələb edir. Müqavilənin şərtlərini də ümumi yığıncaq müəyyən etməlidir. Bu prosedura riayət edilmədən müqavilələr bağlanıla bilməzsə, deməli, onlar etibarsızdır. Ümumi yığıncağın qərarı olmadan müqavilə bağlana bilərsə, bu halda hər bir sahə mülkiyyətçisi istədiyi şəxslə müqavilə bağlayıb onu idarəedici təşkilat elan edə bilər. Lakin qanunvericiliyə görə Binanın yalnız bir idarəedici təşkilatı ola bilər (Mənzil Məcəlləsinin141.10-cu maddəsindən irəli gəlir). Çünki idarəedici təşkilat sahə mülkiyyətçilərininümumiəmlakını idarə edir. Məhz ümumi yığıncaq tərəfindən təyin edilmiş idarəedici təşkilatla hər bir sahə mülkiyyətçisi müqavilə bağlamağa borcludur. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı1 və iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X9 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Xətai Bələdiyyəsinin nümayəndəsi X3 işin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən ilkin iddia üzrə iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnamə ilkin iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə cavabdehlərə aid hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 43-45,141-ci maddələrinə əsasən, məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Binanın sahə mülkiyyətçiləri binanın idarəetmə üsullarını seçə bilər. Çoxmənzilli bina üç qaydada idarə edilə bilər: 1. Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə 2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən və 3. İdarəedici təşkilat təyin edilməklə. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.4-cü maddəsində qeyd edilir ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı çağırılmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarə bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1087.1-ci maddəsinə əsasən, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən, işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinə dair hissədə qismən ləğv edilərək ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbinə dair hissədə isə məhkəmənin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələblərinə qiymət verərkən hazırki işdə istinad olunan ünvan üzrə mənzil mülkiyyətçiləri arasında ümumi yığıncaq təşkil olunmamasını, ümumi yığıncağın yığılması mənzil mülkiyyətçilərinin sərbəst iradə ifadəsinə əsaslanan tədbir olmasını, qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi yığıncağı əsasında binaya idarəedici təyin olunmadığı təqdirdə bu səlahiyyət binanın yerləşdiyi ərazi üzrə bələdiyyə tərəfindən həyata keçirilməli olmasını, binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçiləri tərəfindən ümumi yığıncaqda seçilməli olmasını, ümumi yığıncaqda binanın idarəetmə üsulu mülkiyyətçilər tərəfindən seçilmədiyi təqdirdə ərazi bələdiyyəsi altı ay ərzində binanın sahə mülkiyyətçilərinin yığıncağa çağırılmalı olmasını göstərsə də, hazırki işdə bu proseslərin heç biri binanın mülkiyyətçiləri tərəfindən həyata keçirilməməməsi, onlar tərəfindən birbaşa məhkəməyə müraciət olunması əsası ilə ilk iddianın əsassız olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, binanın əksər sakinləri idarəetmədən razı olmaqla MMC-nin kənarlaşdırılması ilə bağlı iddiaçılarla eyni mövqedə deyillər. Belə ki, bina mülkiyyətçilərinin əksər çoxluğu öz iradə ifadəsini bildirərək binaya xidmət göstərilməsi üçün Cavabdeh MMC-ni seçərək onunla müvafiq müqavilələr bağlamışlar. Binanın mülkiyyətçiləri ilə Cəmiyyət arasında 200-ə yaxın xidmət müqavilələri bağlamışdır və göstərilən xidmət müqabilində mülkiyyətçilər tərəfindən xidmət haqqı ödənilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməyən, yəni Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması hissəsi üzrə gəldiyi nəticələrlə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina 259 mənzildən ibarətdir. Bu binanın 259 mənzilindən 230-u və bir qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında MTK-nın üzvlərinə aiddir. Binanın inşası başa çatdıqdan sonra binanın inşaatını həyata keçirən Maraqlı şəxs1 MTK fəaliyyətini ləğv olunmadan dayandıraraq Cavabdeh MMC-ni təsis etmişdir. Cavabdeh ilə mənzil mülkiyyətçiləri arasında (200-ə yaxın) xidmət müqaviləsi bağlanmış və bir otaqlı mənzil üçün 20 manat, iki otaqlı mənzil üçün 24 manat, üç otaqlı mənzil üçün 28 manat xidmət haqları müəyyən edilmişdir. Hazırkı iş üzrə 3 nəfər iddiaçı ilə də istinad edilən müqavilələr bağlanmışdır. Cavabdeh binanın idarəçiliyi üzrə səlahiyyətlərinin təsdiqi kimi bəzi sahə mülkiyyətçiləri ilə bağladığı müqavilələrə istinad etsə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin hansı hüquqi əsaslarla ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyi həyata keçirilməsini aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Halbuki, Mənzil Məcəlləsinin MM-nin 43-cü maddəsinə görə çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Onun səlahiyyətlərinə o cümlədən binanın idarəetmə üsulunu seçmək daxildir. Birinci instansiya məhkəməsi də qətnamə qeyd etmişdir ki, indiyədək Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun keçirilməyib. İş materiallarından görünür ki, cavabdeh də məhkəmə prosesi zamanı ümumi yığıncağın keçirilməməsini inkar etməmişdir. Kollegiyanın qənaətinə görə ümumi yığıncaq keçirilməyibsə və MM-nin 141-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağı binanın idarəedilməsi üsullarından biri seçilməyibsə deməli, binanın idarəetmə üsulu da seçilməmiş kimi qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, binanın əksər sakinlərinin idarəetmədən razı olmaqla MMC-nin kənarlaşdırılması ilə bağlı iddiaçılarla eyni müvqedə olmamaları iddia qaldırmış bina sakinlərinin iddiasının bu hissədə əsassız olması anlamına gəlmir. Belə ki, cavabdeh tərəfindən binanın idarə edilməsi bəzi sahə mülkiyyətçiləri ilə “Kommunal xidmətlərin göstərilməsi üzrə müqavilə”nin bağlanması binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə də, ilk iddianı qaldırmış bina sakinlərinin Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyi həyata keçirilməsi üçün mənzil qanunvericiliyinə əsasən hüquqi əsaslarının olmaması işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Həmçinin də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi binanı inşa edən MTK ilə onun idarəçiliyini hüquqi əsaslar olmadan həyata keçirməyə başlamış MMC-nin əsas təsisiçinin X7 olmasına da diqqət yetirməmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, digər təsisçilər də X4 yaxın qohumlarıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar ilkin iddia tələbində cavabdehin Binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılmasına dair iddia tələbləri əsaslı olduğu üçün təmin edilməli, ilk iddia digər hissələrdə təmin edilməməlidir. Belə ki, «Komfort Yaşam” MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyini üçün mənzil qanunvericiliyinə əsasən hüquqi əsaslarının olmadan həyata keçirilməsi təsdiqini tapsa da, cavabdehin Binadan çıxarılaraq həmin binanın idarəetməsindən kənarlaşdırıldıqdan sonra binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi prosesi çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə həll edilməlidir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi yığıncağı əsasında binaya idarəedici təyin olunmadığı təqdirdə bu səlahiyyət binanın yerləşdiyi ərazi üzrə bələdiyyə tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası ilk iddia üzrə digər hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə haqlı olaraq ilkin iddianın “cavabdehdən 9.000 manat (hər iddiaçıya 2.250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsinin əsassız olmasına qənaətinə gəlmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçılar iddianın əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdeh "xxxx" MMC-nin törətdiyi əməl nəticəsində onlara mənəvi ziyan vurulduğunu, nəticədə mənəvi iztirab çəkdiklərini qeyd etsələr də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmələri ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, məhkəmə həmin iddia üzrə qənaətini onunla əsaslandırmışdır ki, hazırki mübahisəni tənzimləyən normalarda müqavilənin bağlanması nəzərdə tutulsa da, müqavilə azadlığı prinsipinə əsaslanmaqla cavabdehlərin belə bir müqaviləni bağlamaqdan imtinası onların mülki və mənzil qanunvericiliyində müəyyən edilmiş vəzifələri və öhdəlikləri ilə uzlaşmır və cavabdehlərin borclu olduğu ödənişləri ödəməkdən yayınması hüquqdan sui-istifadə etməsi ilə nəticələnməsin. Belə ki, tələb edilən xərclər binanın saxlanılması üçün artıq sərf olunmuş məbləğin bir hissəsi olduğundan və həmin xərclər iddiaçı tərəfindən artıq ödənildiyindən Cavabdeh MMC həmin məbləği cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə mövqeyi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi hazırki iş üzrə mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Faktiki vəziyyət ondan ibarətdir ki, MTK tərəfindən inşa edilmiş binanın idarəçiliyini MMC həyata keçirir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq MMC-yə verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları, bir çoxunun MMC ilə yazılı müqavilə bağlması işin mübahisəsiz halıdır. Bu hallar ona dəlalət edir ki, müqavilə bağlamış mülkiyyətçilər, o cümlədən iş üzrə 3-cü şəxs kimi cəlb edilmiş sahə mülkiyyətçiləri binanın idarəçiliyini MMC-yə tapşırmışlar. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırıq mülki hüquqi münasibətləri nəzərə alınmalıdır. Belə ki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Belə ki, binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MMC tərəfindən həyata keçirildiyi, sahə mülkiyyətçiəri bu xidmətlərdən yararlanmaları faktını da nəzərdən qaçırmaq olmaz. Məhkəmə kollegiyası iddianın müqavilə əsası müəyyən edilməsə (tərəflər arasında müqavilə münasibətləri olmasa) belə, tələblərin qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı olmasına hüquqi qiymət verərək hesab edir ki, «Komfort Yaşam” MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyini üçün mənzil qanunvericiliyinə əsasən hüquqi əsaslarının olmadan həyata keçirilməsi faktı təsdiqini tapsa da, MMC-nin bu idarəçiliyinin hazırki qətnamə qanuni qüvvəsini alandan sonra həyata keçirilməyəcəyi nəzərə alaraq hesab edir ki, qanunsuz da olsa faktiki idarəçiliyini həyata keçirdiyindən qətnamə qanuni qüvvəsini alanadak “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən qarşılıqlı iddia üzrə cavabdehlərdən ödənilməmiş kommunal borclarının tutulması labüddür. Məhkəmə kollegiyası qarşılıqlı iddianın cavabdeh İddiaçı1 tutulmalı olan məbləğ hissəsi istisna olmaqla ləğv edilməsini məqbul saymır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş qəbzlərdən görünür ki, o, 153 saylı mənzil üzrə kommunal xidmət haqlarından 2020-ci ilin iyun ayından 2021-ci ilin noyabr ayınadək müvafiq olaraq 112, 84, 84, 140, 84 manat olmaqla, ümumilikdə 504 manat kommunal xərci ödəmiş, bu tarixədək hər hansı borcu qalmamışdır. Eyni zamanda məhkəmə kollegiyasına təqdim olunmuş bildiriş-xəbərdarlıqdan görünür ki, 153 saylı mənzil üzrə 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək 140 manat kommunal borcu yaranmışdır. Həmin bildiriş-xəbərdarlıq barədə qəbzin cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 təqdim olunması eyni zamanda, təqdim edilmiş mədaxil qəbzlərinin mövcudluğunu məhkəmə kollegiyasının iclasında "xxxx" MMC-nin nümayəndəsi qəbul etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia İddiaçı1 tutulmalı olan məbləğ hissəsində dəyişdirilməli, onun borcu 140 manat olduğundan həmin məbləğ ondan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi

Cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3408/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməyən, yəni Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılmasının təmin olunmaması hissəsində ləğv edilsin və bu hissədə ilk iddia təmin edilsin. Cavabdeh MMC-i ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılsın və həmin binanın idarəetməsindən kənarlaşdırılsın. İlk iddia qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qarşılıqlı iddia tələbi İddiaçı1 aid hissədə dəyişdirilsin. Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən aylıq xidmət haqqını ödəmədiyinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 140 manat pul vəsaiti tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar