Məhkəmə qərarları › İş №2(103)-8756/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8756/2021

13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8756/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(003)-35/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(003)-35/2021 saylı qətnaməsi (hakim S.Bəhrəmzadə) ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, H.Cavid küçəsində yerləşən 6c nömrəli 32 kv.m qeyri-yaşayış binasından (103 saylı yanacaqdoldurma) və 0.1709 ha torpaq sahəsindən çıxarılmaqla həmin tikili və torpaq sahəsi boşaldılması qət edilmişdir. Qətnaməsdən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 birgə apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1709 kv.m olan və içərisində 32 kv.m tikilisi olan qeyri-yaşayış binası (103 saylı yanacaqdoldurma) olan torpaq sahəsindən və daxilində yerləşən tikilidən öz hesabına özünə aid olan əşyalara birlikdə boşaldılaraq çıxarılması və cavabdehin ona məxsus torpaq sahəsinin hüdudları daxilinə girişinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1709 kv.m olan və içərisində 32 kv.m tikilisi olan qeyri-yşayış binasını (keçmiş 103 saylı yanacaqdoldurma məntəqəsi) hərrac yolu ilə alqısatqı edərək almış və 29.01.2019-cu il tarixdə tam mülkiyyət hüququ tanınaraq seriya RX ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh ona məxsus olan torpaq sahəsinin daxilində olan tikilini qanunsuz zəbt edərək özünə aid bəzi əşyaları yerləşdirərək, özünün güya qaçqın kimi məskunlaşdığını bildirərək torpaq sahəsini boşaqldaraq ona təhvil vermir. Cavabdehin bu qanunsuz hərəkəti onun mülkiyyət hüququnu pozur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, H.Cavid küçəsində yerləşən 6 c nömrəli 32 kv.m qeyri-yaşayış binasından (103 saylı yanacaqdoldurma) və 0.1709 ha torpaq sahəsindən çıxarılması və ona məxsus həmin tikilinin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd edilən qaydada həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 birgə verdikləri apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisəli ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası (103 saylı yanacaqdoldurma məntəqəsi) 29.01.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı şıxarışa asəsən tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur və onlar mübahisəli qeyri-yaşayış sahəsindən 1997-ci il tarixdən məcburi köçkün kimi yaşayış sahəsi kimi istifadə edirlər. “Qacqınların ve məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdirması və məşğuluğun artırılması üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 №-li 01 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci hissəsinin tələblərinə görə məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan mənzillərdən torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 birgə vermiş olduqları apellyasiya şikayətində Xəzər Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı qaldırdığı iddia tələbinin əsasız olduğundan təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Xəzər Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, Xəzər Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və iddia tələbinin əsasız olduğundan təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini iş materiallarında olan sübutlarla və tərəflərin izahatları ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iş materiallarında toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası iş materiallarında toplanılmış aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan 29.01.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binası (103 saylı yanacaqdoldurma məntəqəsi) tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 04.09.2020-ci il tarixli 2(103)- 6383/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı, Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia tələbi Xətai Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən verilmiş apelyasiya şikayəti təmin edilməməklə Xətai Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmamışdır. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası (103 saylı yanacaqdoldurma məntəqəsi) 29.01.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və çıxarılma tələbinə dair iddiasını təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etmiş, iş üzrə gəlinən nəticə işin faktki hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Və belə olan halda Məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(003)- 35/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(003)-35/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar