Məhkəmə qərarları › İş №2(103)-8758/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8758/2020

25.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8758/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Sadiq Elmar Aydın oğlunun iştirakı ilə, İddiaçı Sadiq Elmar Aydın oğlunun cavabdeh Hüseynov Qabil Məhəmməd oğluna qarşı “tikinti zamanı yol verilmiş qanun pozuntusunun aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4999/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Sadiq Elmar Aydın oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Sadiq Elmar Aydın oğlu cavabdeh Hüseynov Qabil Məhəmməd oğluna qarşı “tikinti zamanı yol verilmiş qanun pozuntusunun aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4999/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Sadiq Elmar Aydın oğlunun cavabdeh Hüseynov Qabil Məhəmməd oğluna qarşı tikinti zamanı yol verilmiş qanun pozuntusunun aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ilk dəfə tikilinin Binəqədi rayonu ərazisində yerləşməsini nəzərə alaraq Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıl şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4999/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə isə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia tələbindən də göründüyü kimi iddianın predmetini iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinə hüquqularına yaradılan məhdudiyyətlərin aradan qaldırılması təşkil edir. Hazırda sözügedən iddia predmetini təşkil edən torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşir. Bu səbəblə də, mübahisəyə müstəsna aidiyyət qaydalarına uyğun olaraq Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq iddia ərizəsini geri qaytarmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4999/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar