Məhkəmə qərarları › İş №2(103)-8763/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8763/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8763/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ASC "xxxx" Sığorta Şirkəti (şirkət) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1498 manat sığorta ödənişinin əvəzinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 26.02.2017-ci il tarixində, saat 14:50 radələrində şirkət tərəfindən icbari sığorta növü ilə sığortalanmış “PEUGEOT 307” markalı **-XG-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən X1 idarə etdiy “TOYOTA PRADO” markalı **-UE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmış, Xətai DYPŞ tərəfindən o, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən zərərçəkən X2 1498 (min dörd yüz doxsan səkkiz) manat məbləğində pul ödənilməsi qət edilmiş, bundan sonra həmin məbləğ şirkət tərəfindən zərərçəkən X2 ödənilmişdir. Cavabdeh törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olan 1498 (min dörd yüz doxsan səkkiz) manat sığorta ödənişi zərərçəkənə ödənildiyindən, şirkətin “icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, yol-nəqliyyat hadisəsi nəticəsində X3 dəymiş 350 manat ziyanı qarşılıqlı razılaşma əsasında onun özünə ödədiyi, buna görə də sığorta ödənişinin ondan tutulmasının qanunsuz olduğu arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayətini müdafiə etmiş, işə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı isə nümayəndəsini məhkəməyə göndərməmişdir. Kollegiya işin hallarını, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə almaqla işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasınü mümkün hesab etmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, mülkiyyətçisi X4 olan “Peugeot 307” minik markalı ** XG *** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti ASC "xxxx" Sığorta Şirkəti tərəfindən 08.03.2016-cı il tarixdən 07.03.2017-ci il tarixinədək sığortalanmış, avtomobil cavabdehin idarəetməsində olarkən 26.02.2017-ci il tarixdə X1 idarə etdiyi “Toyota Land-Cruiser Prado” markalı ** UE *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, Xətai RPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə hadisənin törədilməsində Cavabdeh təqsirli olduğu və onun hadisə yerindən yayındığı müəyyən edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Land-Cruiser Prado” markalı ** UE *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün onun sahibi tərəfindən “Avtoservis- 777” şirkətinə 1750 manat ödənilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli qətnaməsi əsasında ziyan məbləğinin 1498 manat olduğu təsbit edilmiş, qətnamənin icrası qaydasında həmin məbləğ iddiaçı şirkət tərəfindən Məhəmməd Xəlilova ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə isə, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Göstərilən müddəaların mənasından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs, mülki məsuliyyəti icbari qaydada sığortalanmış, lakin hadisədən sonra hadisə yerindən yayınmış Cavabdehdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-372/2019 saylı iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar