Məhkəmə qərarları › İş №2(103)-8769/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8769/2021

24.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8769/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh, onun vəkili və nümayəndəsi Əkbər Məmmədzadənin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, “VAZ-2106” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil) cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, avtomobil cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Avtomobil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı iddia edir ki, 2016-cı ildə avtomobili etibarnamə ilə cavabdehə verib, lakin sonradan etibarnaməni ləğv edib, buna baxmayaraq cavabdeh avtomobili ona qaytarmır. Avtomobil cavabdehin sahibliyindədir. Sahiblik qanunsuz sayılır, çünki cavabdehin hüquq müəyyənedici sənəd yoxdur, mülkiyyətçi isə avtomobili geri tələb edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, avtomobili əldə etmək üçün 3.500 manat pul ödəyib, lakin qətnamə qəbul edilərkən bu, nəzərə alınmayıb. Məhkəmə qeyd edir ki, hazırkı işdə əqdin etibarsızlığı barədə tələb irəli sürülmədiyinə görə restitusiyanın tətbiq edilməsi məsələsinə baxılmayıb. O cümlədən cavabdeh pulun qaytarılması barədə qarşılıqlı iddia verməyib. Əgər cavabdeh avtomobilə görə iddiaçıya 3.500 manat pul veribsə həmin pulun qaytarılması üçün ümumi qaydada iddia vermək hüququna malikdir. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar