Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-877/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavadehin nümayəndəsi Fuad Ələkbərovun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(009)-1424/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Şirkəti tərəfindən iddiaçının maşınının əzilməsi nəticəsində ona dəymiş 4657 manat-2497,56 manat=2170,56 manat məbləğində ziyanın, eləcə də maşının təmiri ilə bağlı ona vurulmuş maddi və mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə idarə etdiyi “X2” markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomaşınını Quba rayonunun 2-ci Nüqədi kəndi ərazisində başqa bir maşın vuraraq nəqliyyat hadisəsi törətmiş və həmin hadisədə onun təqsiri müəyyən edilmədiyinə görə, maşınını əzmiş və ona maddi ziyan vurmuş sürücünün sığorta etdirdiyi “xxxx” şirkəti tərəfindən ona vurulmuş ziyanın ödənilməsi nəzərdə tutulmuşdur. Hadisə günü telefonla “xxxx” Şirkətinin departamentinin müdiri Füzuli Cəfərovla telefon əlaqəsi saxlamış və yaşadığı Quba rayonuna şirkətin əməkdaşları gələrək maşına baxış keçirmişlər. Lakin maşının xarici görünüşündə baş vermiş dəyişiklik maşınını Quba rayonunda təmir edilməsini qeyri-mümkün etdiyi üçün o, məcbur olub təkrarən “xxxx” Şirkətinin departamentinin müdiri Füzuli Cəfərovla telefon əlaqəsi saxlamış və o, söhbət zamanı ona bildirmişdir ki, “sənin maşınının təmirinə 1500 manat məbləğində pul ayırmışlar”. O, etirazını bildirmiş və demişdir ki, əzilmiş maşınının təmiri üçün ən azı 4- 5 min manat xərci var. Bunu da ona mütəxəssislər maşına baxış keçirərək bildirmişlər. O, buna etirazını bildirdikdə “xxxx”dan ona dedilər ki, “onda maşınını “xxxx”ya gətir və biz maşına baxış keçirib dəyərini müəyyən edək”. O, da maşınını evakuatorla qeyd edilən “xxxx”ya aparmışdır. Lakin maşınına baxmadılar və bildirdilər ki, maşınını Bakı şəhəri, Babək prospektində yerləşən “X1 Azərbaycan” servisinə aparıb, orada onlar düzəltdirəcəklər. O, da razı olub maşınını evakuatorla servisə aparmışdır. Orada mütəxəssislər maşınına baxış keçirtdilər, qeydiyyat apardılar və dedilər ki, onlar necə lazımdırsa maşınını düzəltdirəcəklər. O, maşını həmin servisdə saxlamış və təxminən iki həftə maşın həmin servisdə qalmışdır. O, dəfələrlə “xxxx” Şirkətinin departamentinin müdiri Füzuli Cəfərovla telefon əlaqəsi saxlamış maşınının təmir edilmədiyini, dəymiş ziyanın həqiqi qiymətinin çıxarılmadığını, süründürməçiliyə yol verilərək şirkət tərəfindən maşınının təmir edilmədiyini bildirsə də, “X1 Azərbaycan“ servisi tərəfindən xx.xx.2019-cu il tarixdə ilkin qiymətləndirmə aktı verilmiş və həmin akta maşınına dəymiş ziyanın məbləği 4557 manat müəyyən edilmişdir. O, idarə etdiyi maşını xx.xx.2019-cu il tarixdə Bakı şəhərinə aparıb, yuxarıda qeyd etdiyi servisə təqdim etmişdir. 10 gün gözlədikdən sonra ona servisdən bildirildi ki, “maşının burada ən azı bir ay qalmalıdır. Yaxşısı odur ki, maşınını buradan apar”. O, da məcbur olub maşınını servisdən götürüb aparmışdır. O, fikirləşmişdir ki, onsuzda maşınsız hərəkət edə bilmir və o, servisdən ilkin olaraq bir ədəd dəyəri 270 manat olan ön adi fara, dəyəri 320 manat olan ön bufer, dəyəri 15 manat olan ön buferin sol salaskası, dəyəri 15 manat olan ön buferin sağ salaskasını, cəmi 620 manat dəyərində ehtiyyat hissələrini nağd pulu ilə almış və həmin tarixdə də, yəni xx.xx.2019-cu il tarixdə ehtiyyat hissələrini alıb Quba rayonuna qayıtmışdır. Bu barədə həmin gün ona “X1 Azərbaycan” servisi tərəfindən xx.xx.2019-cu il tarixli iş kartı verilmişdir. Bununla bağlı ona “X1 Azərbaycan” servisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ilkin qiymətləndirmə aktına əsasən ona xx.xx.2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə həmin bank tərəfindən 2487,56 manat məbləğində pul verilmişdir. O, təkrarən məcbur olub avtoservisə getmiş və onlardan dəymiş ziyanla bağlı baxış aktını tələb etmişdir. Onlar tərəddüd edib aktı vermədilər və dedilər ki, onların “xxxx” Şirkəti ilə müqaviləsi var, ona görə göstərə bilmirlər. Daha sonra o, görmüşdür ki, təmirə ehtiyacı olan avtomaşınına dəymiş ziyanı “xxxx” Şirkəti tam həcmdə ödəmək istəmir və cürbəcür bəhanələrlə onu getgələ salır. O, da məcbur olub təmirə ehtiyacı olan avtomaşınına dəymiş ziyanın dəqiq qiymətini müəyyən etmək məqsədilə xx.xx.2019-cu il tarixdə Quba şəhərində fəaliyyət göstərən “xxxx” MMC-yə müraciət edərək dəymiş ziyanla əlaqədar ziyan aktı almışdır. Həmin aktda maşınına dəymiş ziyanın 4657 manat məbləğində olması müəyyən edilmişdir. Qeyd edilmiş ziyan aktına görə ona dəymiş ziyan hal-hazıra kimi ona ödənilməmiş və idarə etdiyi maşın təmir edilməmişdir. İdarə etdiyi avtomaşına vurulmuş maddi ziyanın dəqiqləşdirilməsi məqsədi ilə maşınına mütəxəssislərin iştirakı ilə baxış keçirilməsini təşkil edib, ona dəymiş maddi ziyanın tam həcmdə ödənilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixdə “xxxx” Şirkətinin idarə heyətinin sədrinə müraciət etmişdir. “xxxx” Şirkətinin idarə heyətinin üzvü Gülnarə Cavadova tərəfindən ona ünvanlanmış xx.xx.2020ci il tarixli, 121 saylı cavab məktubunda qeyd edilir ki, hadisə nəticəsində maşınına 2500 manat məbləğində ziyanın vurulduğu müəyyən edildiyinə görə həmin məbləğ ona verilərək bu barədə tərtib edilmiş akta imza etmişdir və bununla da “xxxx” Şirkəti tərəfindən maddi ziyanın ödənilməsi ilə bağlı öhdəliyi tam yerinə yetirmişdir. Hadisədən dörd aydan artıq bir müddətin keçməsinə baxmayaraq, idarə etdiyi maşın “xxxx” Şirkəti tərəfindən təmir edilərək ona təqdim edilməmişdir. “xxxx” Şirkəti tərəfindən ona 2500 manat məbləğində pul təqdim edilərkən, yəni bank vasitəsilə ödənilərkən bildirilmişdir ki, həmin 2500 manat məbləği ilkin qiymətləndirmə aktına əsasən verilir. Lakin, o, idarə etdiyi avtomaşınını tam təmir edib işlək vəziyyətə gətirmək məqsədilə maşınını təkrarən mütəxəssislərə göstərərkən, avtomaşına dəymiş ziyanın 4657 manat məbləğində olması müəyyən edilmişdir. Göründüyü kimi, “xxxx” Şirkəti avtomaşına dəymiş 4657 manat məbləğində olan ziyandan yalnız 2497,56 manat məbləğində pulu ödəmiş və qalıq qalmış 2170,56 manat pulu ona ödəmək istəmir. Beləliklə, cavabdeh “xxxx” Şirkəti maşınının əzilməsi ilə ona dəymiş 4657 manat-2497,56 manat = 2170,56 manat məbləğində ziyanın ödənilməsi məsuliyyət daşıyır və bu ödəməni könüllü şəkildə icra etməkdən boyun qaçırdığı üçün, eləcə də ona maşının təmiri ilə bağlı mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməyə məcburdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə idarə etdiyi “X2” markalı, **-FK-*** dövlət nömrə nişanlı avtomaşınını Quba rayonunun 2-ci Nüqədi kəndi ərazisində başqa bir maşın vuraraq nəqliyyat hadisəsi törətmiş və həmin hadisədə onun təqsiri müəyyən edilmədiyinə görə, maşınını əzmiş və ona maddi ziyan vurmuş sürücünün sığorta etdirdiyi “xxxx” şirkəti tərəfindən ona vurulmuş ziyanın ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan, yol nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi və mülkiyyətində olan avtomaşına 4657 manat maddi ziyan dəymişdir. Lakin «xxxx» ASC ona yalnız 2500 manat pul ödəmişdir. İş materiallarında olan sənədlərə əsasən, ona 4657 manat maddi ziyan dəyməsi tam olaraq öz əksini tapmışdır. Lakin «xxxx» ASC ona dəymiş ziyana görə qalan pulu ödəmir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “xxxx” ASC-də icbari sığorta üzrə sığortalanmış «VAZ-21074» markalı 10HM989 dövlət nömrə nişanlı avtomaşın xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən idarə olunan “X3 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “X3 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş zərər “xxxx” ASC tərəfindən 2500 manat məbləğində qiymətləndirilmiş, iddiaçı həmin məbləğlə razı olmuş və tərtib edilmiş sığorta aktında iddiaçı imza edərək təsdiq etmişdir ki, həmin sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir. “xxxx” ASC tərəfindən “X3 M2” markalı, 99EK148 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetinin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərdə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərdə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, icbari sığorta haqqında qanunvericiliyə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqilyyat hadisəsi zamanı avtomaşınına 4657 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin göründüyü kimi iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Tərəflər sığorta aktında ödənilən razılaşdırılmış həmin sığorta məbləğinin qəti olduğunu imzaları ilə təsdiq etmişlər. Digər tərəfdən sığortaçı hazırda sığortalı tərəfindən təqdim edilən ziyan məbləği ilə razı deyil və bu səbəbdən yenidən sığortaçının üzərinə sığorta ödənişi vəzifəsinin qoyulması mövcud qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. İddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. Kollegiya hesab edir ki, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində konkret olmadığından və belə bir ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilmədiyindən, təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)- 1424/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-877/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-877/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver