Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8787/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Notariat Kontoruna qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “icra qeydinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(008)- 824/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 4 saylı notariat kontoru tərəfindən verilmiş 8i- 542 saylı 18.06.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Səbail rayon İcra və probasiya şöbəsinin 19.06.2020-ci il tarixli icraata başlamaq haqqında qərarını və həmin tarixli icra bildirişini rəsmi qaydada 09.07.2020-ci il tarixdə almışdır. "xxxx" ASC ilə aralarında 04.03.2019-cu tarixli kredit müqaviləsinin təminatı kimi Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlanmışdır. Pandemiya ilə əlaqədar ödənişdə müəyyən gecikmələr olmuşdur. Məşğul olduğu fəaliyyət növü qadağa qoyulmuş sektora aiddir. Buna baxmayaraq, 4 saylı Notariat Kontoru kredit borcunun ödənilməsi barədə icra qeydi göndərmişdir. Hesab edir ki, icra qeydinin verilməsindən əvvəl ona bildiriş göndərilməli idi. İcra qeydində göstərilmiş məbləğ doğru deyil. ASC eyni predmetlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 12.08.2020-ci il tarixli qərardadı ilə "xxxx" ASC mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(008)- 824/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə prosesinin vaxtı və yeri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, 4 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 18.06.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında aparılmış icra qeydi reyestrdə 8İ-542 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən icra qeydi qovluğunun təsdiq olunmuş surəti təqdim edilmiş, həmin qovluqdan müəyyən edilmişdir ki, İpoteka saxlayan "xxxx" ASC-nin tələbinə əsasən 4 saylı notariat ofisi tərəfindən 04.03.2019-cu il tarixli ipoteka müqaviləsi üzrə tərəf ünvan 1 ünvanında qeydiyyatda olan ipoteka qoyana İddiaçı məxsus ipoteka predmeti - Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 113,3 kv.m yaşayış, 170,8 kv.m köməkçi sahədən ibarət 212 nömrəli fərdi yaşayış evinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 86704,83 manat borc üzrə) tutma yönəldilmişdir. "xxxx" ASC-nin ərizəsinə aşağıdakı sənədlər əlavə edilmişdir: Bankla iddiaçı arasında bağlanmış 04.03.2019-cu il tarixli, 19032-4909/702697/KL saylı kredit limiti müqaviləsi (500000 manat məbləğində 120 ay müddətində 05.03.2029-cu il tarixədək kredit limitinin ayrılması barədə); həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 04.03.2019, 12.03.2019, 14.03.2019, 01.04.2019, 06.05.2019-cu il tarixli razılaşmalar (kreditin şərtləri barədə); Bankla iddiaçı arasında bağlanmış 04.03.2019-cu il tarixli, 19032-4808/702697İ nömrəli yuxarıda qeyd edilən daşınmaz əmlaka dair ipoteka müqaviləsi; əmlakın Bankın xeyrinə yüklü edilməsinə dair DƏDRDX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış; 12.05.2020 və 13.05.2020-cu il tarixli kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında 5 arayış (86704,83 manat borc üzrə); İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən 15.05.2020-ci il tarixli bildiriş və həmin bildirişin alınmasını təsdiq edən poçt qəbzi; evə tutmanın yönəldilməsi haqqında 15.05.2020-ci il tarixli bildirişin qeydə alınması barədə DƏDRDX-nin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən göndərilən 20.05.2020-ci il tarixli **********92 nömrəli məktub. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildiriş aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutumanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Qanunun 38.1-ci maddəsinə əsasən Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi notariusun icra qeyd əsasında həyata keçirilir. Baxılan iş üzrə göründüyü kimi, bildiriş 15.05.2020-ci il tarixdə göndərilmiş, 16.05.2021-ci il tarixdə alınmış, məhkəməyə şikayət verilməmiş, icra qeydi isə 18.06.2020ci il tarixdə aparılmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması adlanan 1-ci bölməsinə əsasən:
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, 4 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 18.06.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında aparılmış icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilmişdir və onun ləğvi üçün əsas yoxdur. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, icra qeydinin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Göründüyü kimi, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün borcluya (iddiaçıya) icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən bildiriş göndərilmiş, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 20.05.2020-ci il tarixli məktubundan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddiaçının qeyd olunan dəlilləri əsassızdır. Digər tərəfdən iddiaçı ASC-nin eyni predmetlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etməsinə əsaslanmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-410/2021 saylı 18.05.2021-ci il tarixli qərardadından müəyyən edilir ki, iddianın əsası və predmetini təşkil edən kredit müqaviləsi və razılaşmaları üzrə borcun ödənilməsi ilə bağlı notariusun icra qeydi, yəni icra sənədi mövcud olduğundan, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1857/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.11.2020-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehlər İddiaçı, X1, "xxxx" Şirkətindən və "xxxx" MMC-dən müştərək qaydada 04 mart 2019-cu il tarixli Razılaşma üzrə 6066,53 manat məbləğində əsas kredit borcu, 833,74 manat məbləğində faiz borcu, 6,77 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6907,04 manat məbləğində borc; 12 mart 2019-cu il tarixli Razılaşma üzrə 11437,42 manat məbləğində əsas kredit borcu, 847,71 manat məbləğində faiz borcu, 91,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12376,62 manat məbləğində borc; 14 mart 2019cu il tarixli Razılaşma üzrə 1177,69 manat məbləğində əsas kredit borcu, 838,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 80,28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2096,49 manat məbləğində borc; 01 aprel 2019-cu il tarixli Razılaşma üzrə 19736,04 manat məbləğində əsas kredit borcu, 1477,85 manat məbləğində faiz borcu, 129,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21343,64 manat məbləğində borc və 06 may 2019-cu il tarixli Razılaşma üzrə 16269,35 manat məbləğində əsas kredit borcu, 2305,19 manat məbləğində faiz borcu, 67,57 manat məbləğində cərimə borcu olmaqla, cəmi 18642,11 manat məbləğində borc, ümumilikdə 61365,9 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş və ilk iddiada irəli sürülmüş kredit borcunun tutulması hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının qeydiyyatda olduğu, tərəfindən verilmiş iddia ərizəsində göstərilən ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, eyni zamanda SMS bildiriş göndərilmişdir. Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-824/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.