Məhkəmə qərarları › İş №2(103)-8799/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8799/2021

25.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8799/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(001)- 4963/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli 2(001)-4963\2021 saylı qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli 2(001)-4963\2021 saylı qərardadından İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, hansı əsasla Cavabdeh onu vergiyə cəlb etdiyi barədə qərardadda qeyd olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.06.2021-ci il tarixli 2(001)-4963\2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 şikayəti əsassız hesab edərək, onun təmin edilməməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası caavbdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən ərizələrin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikasının MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının MPM-nin 153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göründüyü kimi, ərizəçi məhkəməyə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmayan məsələ ilə bağlı iddia ərizə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından gğründüyü kimi, hazırki iddia üzrə tərəflərdən biri inzibati orqandır. Tərəflərdən biri inzibati orqan və inzibati akt qəbul etmək səlahiyyəti olan orqan olduqda işə aidiyyatı üzrə inzibati məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 2.2.5-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), həmçinin inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 16.3-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin qərardadından verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4963/2021 saylı saylı, 04 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar