Məhkəmə qərarları › İş №2(103)-884/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-884/2020

20.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-884/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, əmlakların bərpa olunması və əldən çıxmış faydanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (MTK) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK-nın onun əmlaklarını məhv etməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab olunması, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 19.12.2018-ci il və 27.12.2018-ci il tarixlərdə verilmiş çıxarışlara əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 331,3 kv.metrdən və 229,2 kv.metrdən ibarət əmlaklarının bərpa edilməsi, habelə 56 000 manat əldən çıxmış faydanın ona ödənilməsi vəzifəsinin MTK-ya həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 331,3 kv.metrdən və 229,2 kv.metrdən ibarət qeyriyaşayış sahələrinin mülkiyyətçisi olmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona bu barədə 19.12.2018-ci il və 27.12.2018-ci il tarixli çıxarışlar verilmiş, hüquqların qeydiyyatı zamanı adı çəkilən İdarə tərəfindən əmlakların qiymətləndirilməsi aparılmış, 331,3 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin 13.12.2018ci il tarixinə bazar dəyərinin 900 000 manat, 229,2 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin 13.12.2018-ci il tarixinə bazar dəyərinin 1 100 000 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Bir müddət əvvəl məlum olmuşdur ki, “Bakı şəhərinin Nəsimi və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının icrası çərçivəsində qeyri-yaşayış sahələrinin olduğu binanın sökülməsi və yerində yenisinin tikilməsi nəzərdə tutulmuş, tikinti işlərinin aparılması Cavabdeh MTK-ya tapşırılmışdır. Daha sonra binanın sahə mülkiyyətçilərinə MTK tərəfindən üzərində imza, möhür və tarix olmayan bildirişlər paylanılmış, bildirişdə Nəsimi rayon İHB-nın 16.10.2017-ci il tarixli 263 saylı sərəncamı ilə Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında MTK-nın istifadəsinə verilməsinin qərara alındığı, sərəncama uyğun olaraq müqavilə bağlandığı göstərilmiş, mənzilin çıxarışı və şəxsiyyət vəsiqəsinin surəti ilə MTK-nın baş ofisinə dəvət olunmuşlar. 2018-ci il ilin dekabr ayından başlayaraq 2019-cu ilin aprel ayına kimi olan dövr ərzində MTK-da olmuş, danışıqlar aparmağa, mülkiyyətində olan əmlakların əvəzinə ona nə təklif edildiyini öyrənməyə çalışmışdır. Şirkətdə onu qəbul edən şəxslər bu barədə hər hansı məlumat verməmiş, öz adlarını, hansı vəzifə tutduqlarını, səlahiyyətli olubolmadıqlarını belə deməmiş, tikintinin aparılması ilə bağlı sənədləri təqdim etməkdən imtina etmişlər. Sonuncu dəfə şirkətin Rasim adlı əməkdaşının qəbulunda olmuş, o isə kobud şəkildə bildirmişdir ki, sənədlərdə ümumi sahənin göstərilməsinə baxmayaraq ona 330 kv.metr və daha böyük sahə verilməyəcək, İcra Hakimiyyəti, rəhbər vəzifəli şəxslərlə əlaqələrinin olmasından istifadə edərək hər hansı əmlak ala bilməməyinə nail olacaqlar, onunla aparılan danışıqlar sənədləşdirilmədiyinə görə deyəcəklər ki, şirkətə bir dəfə də olsun gəlməmişdir, elə bir şərait yaradacaqlar ki, sahəni özü boşaldacaq və razılığı olmadan mülkiyyətində olan qeyri-yaşayış sahələrini bina ilə birgə uçuracaqlar. Bununla yanaşı, MTK əməkdaşları binada elə bir şərait yaratmışlar ki, normal fəaliyyət göstərmək, yaşamaq mümkün olmamışdır. Binanın bir hissəsinin uçurulması təhlükəli vəziyyət yaratmış, ağır texnikaların ərazidə işləməsi, vurduğu zərbələr 8 ballıq zəlzələ effektini vermiş, binanın silkələnməsi, çılçıraqların, əşyaların yellənməsinə, yerindən tərpənməsinə və vahiməyə səbəb olmuşdur. Cavabdehin bu hərəkətləri mülkiyyətə qəsd, mülkiyyət hüququndan sərbəst şəkildə istifadə etməyə qəsdən yaradılmış maneədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini kobud şəkildə pozduğunu, mülkiyyət hüququna edilən müdaxiləyə və özbaşınalığa haqq qazandıraraq heç bir qanuni əsası olmayan qərar çıxardığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, cavabdeh MTK-nın hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 331,3 kv.metrdən və 229,2 kv.metrdən ibarət əmlaklarına 50% əlavə edilməklə iddiaçıya eyni mərtəbədə, eyni texniki göstəricilərlə, eyni tavan hündürlükdə əmlakların verilməsi və qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi, 56 000 manat əldən çıxmış faydanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını; cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilərək həmin tələblər qismən təmin olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 3 saylı mənzil 25.02.2013-cü il tarixdən, həmin ünvandakı 14 saylı mənzil isə 27.07.2018-ci il tarixdən iddiaçının adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək həmin mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 m2 olması nəzərə alınmaqla qeydə alınmayan 120 m2 sahə əlavə olunaraq ümumilikdə 566,7 m2 sahənin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi onun adına qeydə almaq vəzifəsi adı çəkilən qurumun üzərinə qoyulmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 19.12.2018-ci il və 27.12.2018-ci il tarixdə verilən çıxarışlar əsasında 331,3 kv.metrdən və 229,2 kv.metrdən ibarət qeyri-yaşayış sahələri iddiaçının adına qeydiyyatdan keçirilmişdir. İş materiallarından aydın olur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı Cavabdeh MTK-nın verdiyi şikayət əsasında 12.06.2019-cu il tarixli qərardadla ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş, 30.10.2019-cu il tarixli qərarla isə İddiaçı sözügedən iddia tələbi təmin olunmamışdır. Tərəflərin bildirdiklərinə görə, həmin qərardan İddiaçı verdiyi apellyasiya şikayətinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal,Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavətədbirlər barədə” 25.02.2016-cı il tarixli 86saylı Qərarı iləBakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami,Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikintiqanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən,qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyənedilərək, sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardansakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək nəzərdə tutulmuş, qərarın icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Cavabdeh MTK arasında 23.10.2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür. İşin hallarından aydın olur ki, iddiaçı ilə MTK arasında iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi və onun əvəzində pul kompensasiyasının, yaxud digər əmlakın verilməsi barədə razılıq əldə olunmamış və əmlakların yerləşdiyi bina MTK tərəfindən artıq sökülmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmlaklarının yerləşdiyi binanın Cavabdeh MTK tərəfindən sökülməsi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı və bu qərarın icrası ilə əlaqədar MTK və Nəsimi rayon İcra Hakimiyyəti arasında 23 oktyabr 2017-ci il tarixdə bağlanmış müqavilə əsasında həyata keçirildiyindən, MTK-nin müvafiq hərəkətlərinin qanunsuz hesab edilməsi öz təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, eləcə də maddi hüquq normalarını düzgün tətbiq etməməsi səbəbindən gəlməklə, eyni zamanda qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, iddia tələbləri iddiaçının mülkiyyət hüququna müdaxilə ilə bağlı olduğundan və mülkiyyət hüququnun pozulması onun iddiasının əsas dəlilini təşkil etdiyindən, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Kollegiya hesab edir ki, iddiaçının əmlaklarının sökülərək onların yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməməkdədir. Çünkü Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;rekvizisiya;müsadirə. Məcəllənin 203.5-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Göründüyü kimi iddiaçının “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və bu tələbin təmin olunmaması mülkiyyət hüququ ilə bağlı qəbul olunmuş ümumi prinsiplərə ziddir. Yuxarıda şərh olunan qənaətinin məntiqi davamı olaraq kollegiya, iddiaçının “56 000 manat əldən çıxmış faydanın ona ödənilməsi vəzifəsinin MTK-ya həvalə olunması” tələbi üzrə gəlinən nəticəni də əsassız hesab edir; belə ki, cavabdehin yol verdiyi pozuntu nəticəsində iddiaçının maddi itkilərə məruz qaldığı, bu itkilərin əmlakının dağıdılması nəticəsində ondan istifadə etmək və faydalanmaq hüquqlarından məhrum olmasından qaynaqlandığı şübhəsizdir. İş materiallarından aydın olur ki, iddiaçı, cavabdeh MTK tərəfindən dağıdılmış əmlakının bir hissəsini 20 iyun 2012-ci il tarixdən etibarən aylıq icarə haqqı 1450 manat olmaqla “xxxx” MMC-nə icarəyə vermiş, bununla bağlı onunla həmin MMC arasında 20.06.2012-ci il və 30.03.2016-cı il tarixlərində notarial təsdiqli icarə müqavilələri bağlanmış, icarəyə götürən tərəfindən icarə haqqları ödənilmişdir. İş materiallarından həmçinin aydın olur ki, sözügedən icarə münasibətlərinə Cavabdeh MTK-nın binada söküntü və tikinti işləri aparması səbəbi ilə 31.03.2019-cu il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Kollegiya hesab edir ki, iddiaçı 31.03.2019-cu il tarixindən etibarən əmlakından fayda götürmənin hüquqi cəhətdən təmin edilmiş imkanlarından məhrum olduğundan, bu tarixdən hazırkı dövrədək keçən 10 ay 20 günlük müddət üçün əldən çıxmış fayda qismində 15 467 manat (10 ay 20 gün x 1450 manat) MTK-dan alınaraq ona ödənilməlidir. Bununla belə kollegiya, iddiaçının “mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 331,3 kv.metrdən və 229,2 kv.metrdən ibarət əmlaklarının bərpa edilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir; belə ki, işin hallarından göründüyü kimi iddiaçının əmlaklarının yerləşdiyi bina, binadakı digər mülkiyyətçilərin MTK ilə razılaşması əsasında sökülmüş, bunun müqabilində onlara bazar qiymətlərinə uyğun kompensasiya verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının bərpa olunmasını tələb etdiyi əmlaklar artıq tamamilə sökülmüş binanın tərkib hissəsi olmuşdur və bina əvvəlki vəziyyətinə gətirilmədən onun əmlaklarının bərpa edilməsi də mümkün deyildir. Bu kontekstdə kollegiya iddiaçıya, mülkiyyətində olan əmlakların sökülməsi nəticəsində məruz qaldığı ziyanın (zərərin) ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququnun olduğunu izah edir; binanın əvvəlki vəziyyətinə gətirilməsi məsələsinə isə, bununla bağlı müvafiq tələb, yəni binadakı digər mənzillərin (əmlakların) mülkiyyətçilərinin tələbləri olmadığından baxıla bilməz. İddiaçının nümayəndəsinin (vəkilinin) apellyasiya baxışı zamanı irəli sürdüyü “Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 331,3 kv.metrdən və 229,2 kv.metrdən ibarət əmlaklarına 50% əlavə edilməklə iddiaçıya eyni mərtəbədə, eyni texniki göstəricilərlə, eyni tavan hündürlükdə əmlakların verilməsi və qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi” tələblərinə isə kollegiya ümumiyyətlə münasibət bildirməyi zəruri hesab etmir; belə ki, Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumları, həmçinin bank xidməti xərcləri də cavabdedən tutularaq ona ödənməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4018/2019 saylı iş üzrə 13 sentyabr 2019-cu il tarixli qətnaməsi “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və 56 000 manat əldən çıxmış faydanın ödənilməsi vəzifəsinin MTK-ya həvalə olunması” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunsun və həmin tələblərin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılsın. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən İddiaçı məxsus əmlakları sökməsi qanunsuz hesab edilsin. Cavabdehndən əldən çıxardığı faydanın əvəzi qismində 15 467 (on beş min dörd yüz altmış yeddi) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin təqdim edilməsi ilə bağlı dövlət rüsumu qismində ödənilmiş cəmi 40,40 (qırx manat 40 qəpik) manat Cavabdehndən alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar