Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8857/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh istifadəsində olan Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, 106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik torpağın üzərindəki ümumi sahəsi 47 kv.m. olan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmini tədbiri haqqında ərizə verərək, sözügedən qanunsuz tikilinin üzərində tikinti işinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh, şikayət verərək, qərardadın ləğv, ərizənin rədd olunmasını xahiş etmişdir. Şikayət belə əsaslanıdırlmışdır ki, məhkəmə iclası barədə cavabdehə heç bir rabitə və ya poçt vasitəsilə məlumat verilməmiş, bu barədə ona məhkəmə bildirişi göndərilməmişdir. Bundan başqa, iddiaçı qeyd edir ki, Ali Məhkəmənin qərarı ilə ona məxsus tikilinin sökülməsi qərarı icra olunduqdan sonra həmin sökülmüş yerdə tikinti işləri aparmağa başlamışdır. İddiaçıya məxsus qanunsuz tikili Ali Məhkəmənin qərarı ilə sökülmüşdür. Ona görə də, həmin ərazi üzrə iddiaçının heç bir subyektiv hüququ olmadığından onun bu ərazi ilə bağlı tələb irəli sürmək hüququ yaranmır. Eyni zamanda, iddiaçı və vəkili izahatında cavabdehə məxsus ərazi kimi qeyd edir ki, bu da iddiaçının ərazi ilə bağlı sərəncam vermək hüququnun olmadığını göstərir. Sözügedən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik torpağın üzərindəki ümumi sahəsi 47 kv.m. olan torpaq sahəsində heç bir tikili və yaxud qanunsuz olaraq hər hansı bir tikintidən söhbət gedə bilməz. Əgər tikinti aparılsa belə, iddiaçının sözügedən tikintini dayandırmaq üçün subyektiv hüququ, eyni zamanda, olmayan bir tikintinin dayandırılması üçün hər hansı bir mötəbər sübutu (çıxarış, texniki pasport və s.) da yoxdur. Nizami Rayon Məhkəməsi, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, birinci instaniya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianın təmin tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə, qeyrimümkün və ya əhəmiyyətsiz edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir kimi çıxış edir. Belə ki, hazırda iddiaçı, mübahisə predmeti olan qanunsuz tikilinin sökülməsini tələ edir və xahiş edir ki, işə baxılıb qurtaranadək həmin tikili üzərində tikinti işinin aparılması cavabdehə qadağan edilsin. Kollegiya, mülki prosessual qanuvericiliyin yuxarıda qeyd olunan normalarını bu işə tətbiq edərək, hesab edir ki, iddiaçının tələbi haqlı sayılacağı halda sökülməsi tələb edilən mübahisə predmeti olan qanunsuz tikili ilə bağlı əlavə tikinti işləri aparıldığı təqdirdə iş üzrə qəbul olunacaq qətnamənin icrası ya çətinləşəcək, ya da mümkünsüz olacaq. Buna görə də, sözügedən qanunsuz tikili üzərində tikinti işinin aparılmasının cavabdehə qadağan edilməsi iddianın təmini tədbiri institutunun mahiyyəti və məqsədi ilə uzlaşır. Yəni bu tədbir, iddia haqlı sayılacağı halda qətnamənin icrasının çətinləşməsinin qarşısını alacaqdır. Kollegiya, şikayətin dəlillərinə münasibətdə isə vurğulayır ki, şikayətdə qeyd olunanlar işin mahiyyəti üzrə baxışında araşdırılmalı hallar olmaqla, iddianın təmin tədbiri haqqında ərizənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1276/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8857/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8857/2020
23.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver