Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8860/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, X1, İddiaçı X4 iştirakları ilə, İddiaçı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC "xxxx" Sığorta Şirkətini cəlb etməklə Cavabdeh qarşı “yol-qəza hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1959/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC "xxxx" Sığorta Şirkətini cəlb etməklə Cavabdeh qarşı “yol-qəza hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-qəza hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın qalan 2387 manat pul vəsaitinin, əldən çıxmış faydaya görə avtomobil tam saz vəziyyətə gətirilən günə qədər 08 dekabr 2020-ci il tarixdən etibarən hər gün 40 manat olmaqla cavabdehdən tutulması, dəymiş mənəvi ziyana görə 4000 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 etibarnamə əsasında idarə etdiyi **-GE- *** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” minik avtomobili ilə şəhər və şəhərətrafı sərnişindaşımataksi xidmətləri sahəsində fəaliyyət göstərir. Bu məqsədlə fiziki şəxs qismində fərdi sahibkarlıqla məşğuldur. 08 dekabr 2020-i il tarixində, axşam saat təxminən 19:30 radələrində sözügedən avtomobil vasitəsilə xidməti vəzifəsini yerinə yetirərkən, Füzuli küçəsində hərəkətdə olduğu həmin küçənin kəsişməsində yerləşən Bülbül prospektindəki yol ilə işıqforun qırmızı işığına məhəl qoymadan hərəkətini davam etdirən “Hunday Sonata” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zəncirvari yol qəza hadisəsi törədərək əvvəlcə qarşısına çıxan ilk avtomobili yan hissədən vurmuş, bundan sonra zərbənin təsirindən həmin avtomobil onun yanında hərəkət edən X4 idarə etdiyi avtomobilə və o, isə idarə etdiyi avtomobil paralelində də hərəkətdə olan avtomobilə çırpılmış və nəticədə 3 avtomobil zədələnərək, onlara ciddi ziyan dəymişdir. Hadisədən dərhal sonra hadisə yerinə YPX əməkdaşı olan hadisə üzrə müfəttiş və müvafiq sığorta şirkətinin əməkdaşları gəlmişlər. Aidiyyatı üzrə yerində aparılan araşdırmalar nəticəsində “Hyundai Sonata” markalı avtomobilin yol hərəkət qaydasını pozaraq zəncirvari qəzaya səbəb olan yol hadisəsi törətdiyi müəyyən edilmişdir. Bundan sonra təqsirkar şəxs qismində “Hyundai Sonata”nın sürücüsü Cavabdeh barədə YPX əməkdaşı tərəfindən inzibati protokol tərtib edilərək, onu inzibati məsuliyyətə cəlb etmişlər. Dəymiş ziyanın müəyyən edilməsi məqsədilə “Ulduz” Avtoservis şirkətinin mütəxəssisləri X4 avtomobilini müayinə edərək onun zədələnməsi nəticəsində ona 3714 manat ziyan dəydiyini hesablamış və bununla bağlı “Qüsur aktı” tərtib etmişlər. Cavabehin avtomobilini icbari sığorta etmiş "xxxx" MMC ona dəymiş ziyana görə 3714 manatın müqabilində cəmi 1327 manat pul ödəmişdir. Belə olan halda o, avtomobilini tam təmir etdirərək saz vəziyyətdə gətirə bilmədiyi üçün dəymiş maddi ziyanın qalan hissəsinin cavabdeh şəxsdən tutulmasını məqsədəuyğun hesab edir. Avtomobillə taksi xidmətləri göstərərkən iddiaçı hər gün orta hesabla 40 manat gəlir əldə edirdi, hal-hazırki dövrə qədər əldən çıxmış qazanc 1200 manat təşkil edir. Eyni zamanda, avtomobilin olmaması ailəsinin və özünün sərbəst hərəkətini və istirahətini pozmuşdur. Belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 4000 manat dəyərləndirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1959/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1967 (min doqquz yüz altmış yeddi) manat məbləğində vurulmuş zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1997 (min doqquz yüz doxsan yeddi) manat məbləğində pul tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, avtomobilini tam təmir etdirərək saz vəziyyətdə gətirə bilmədiyi üçün dəymiş maddi ziyanın qalan hissəsinin cavabdeh şəxsdən tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə əldən çıxmış faydaya görə pulun tutulması hissədə təmin etməyərək onunla əsaslandırdı ki, “bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertin rəyi ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir”. Mənəvi ziyanın ödənilməsi hissəsində rədd cavabını onunla əsaslandırdıki, “sağlamlığın pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür”. Yəni məhkəmə aydın şəkildə bunu izah etmədi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X7 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, “Opel Zafira” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. X10 ona məxsus olan “Opel Zafira” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilini 25.08.2021-ci il tarixədək X4 istifadəsinə vermişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 08.12.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. “Ulduz” avtoservis tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli qüsurluq aktından görünür ki, "Opel Zafira” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərci 3714 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 9/2724 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan "Ulduz” avtoservisin 18.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxışlı “Opel Zafira” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3294 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı X7 məhkəmə iclasında ona vurulmuş zərərin 1327 manatının artıq ödənildiyini bildirmişdir. Ona görə Cavabdeh maddi zərərə görə 1967 manat (3294-1327=1967) məbləğində pul tutularaq iddiaçı X5 ödənilməlidir. Bundan başqa iddiaçı tərəfindən əldən çıxmış fayda kimi 08 dekabr 2020-ci il tarixindən avtomobilin tam saz vəziyyətə gətirilən günə qədər hər gün 40 manat pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, hər hansı bir möcvud müqavilə və s olmadığından həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, özünün hansı şəxsi qeyriəmlak hüquqlarının pozulmasını məhkəməyə bildirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Birinci instansiya məhkəməsi iddiaçıya "xxxx" MMC tərəfindən ödənilən 1327 manat məbləğində pul vəsaitini nəzərə almaqla 1967 manat məbləğində pul vəsaiti tutmaqla düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddiaçı avtomobilin tam saz vəziyyətə gətirilən günə qədər hər gün 40 manat pul vəsaitinin cavabdehdən tutulmasınə xahiş etsə də, gündəlik tələb etdiyi pul vəsaitinin nədən ibarət olduğunu, hansı faydanın əldən çıxmasını əsaslandırmamış və buna dair hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Kollegiya qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması müəyyən edilmir. İddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən maddi ziyan məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mənəvi ziyanın tutulması hissəsində rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1959/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8860/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8860/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver