Məhkəmə qərarları › İş №2(103)-8864/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8864/2020

07.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8864/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2180/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “təqsirsizlik prezumpsiyasının tanınması, şəxsin razılığı olmadan onun barəsində görüntülərin sosial şəbəkələrdə yayılmasının qanunsuz hesab edilərək silinməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2180/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunmuş və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2180/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçılara lazımi qaydada xəbər verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına səbəbini göstərmədən gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-cimaddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun inzibati və mülki hüquq münaibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı icraata götürməkdən imtina edərkən, qənaətini öz qərardadında əsaslandırmış, iddianın mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığını və inzibati məhkəməyə müraciət etməli olduğunu iddiaçılara aydın şəkildə izah etmişdir. Ancaq iddiaçılar bununla razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin mülki mühakimə icraatı qaydasında baxılmalı olmayan bir tələblə məhkəməyə müraciət edərək bu istəklərinə necə nail olacaqlarını əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdıqları məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2180/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2180/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar