Məhkəmə qərarları › İş №2(103)-8864/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8864/2021

01.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8864/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Aysu Əli qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Zamanova Leyla Özbəyi qızının vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarxili 2(009)- 3240/2020 nömrəli qətnaməsinin İddiaçı iddia tələbinin rədd olunması hissəsindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tərəflər 02 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha girmiş, həmin nikahdan 12 sentyabr 2014-cü il tarixdə X5 və 01 noyabr 2016-cı il tarixdə X6 adlarında iki uşaqları olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaqlar anaları X1 yanında saxlanılmaqla onlara görə İddiaçı X1 xeyrinə aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Bundan başqa, İddiaçı 10 aprel 2018-ci ildən başlayaraq 12 sentyabr 2014cü il təvəllüdlü X2 “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay 600 manat tutularaq X3 ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri “Hyunday Grandeur” markalı avtomobil üzərində ½ hissədə pay hüquqları müəyyən olunmuş, qalan hissədə ilkin iddia təmin edilməmişdir. Həmin qətnamə ilə eyni zamanda digər əmlakların bölünməsi və s. tələbinə dair qarşılıqlı iddia təmin olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. 2020-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş həyat yoldaşı X1 onların birgə nikahlarından olan qızları Fatiməni 1 il sonra ondan xəbərsiz “Bakı Modern” məktəbinin məktəbəqədər uşaq bağçasından "xxxx" MMC-nin məktəbəqədər rus bölməsinə keçirməsini əsas göstərməklə qızı Fatimənin “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay ödədiyi 600 manat məbləğində təhsil haqqının ləğv edilməsinə, uşağın həmin məktəbdə təhsil almasına görə ödədiyi 6600 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29, 58, 81, “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununun 5 və 19-cu maddələrinə istinad etmişdir. Cavabdeh Zamanova (Mustafayeva) Leyla Özbəyi qızı qarşılıqlı iddia verərək 12 sentyabr 2014-cü il təvəllüdlü Fatimənin “Evrika” liseyində təhsil alması üçün hər ay 550 manat, 01 noyabr 2016-cı il təvəllüdlü X4 məktəbəqədər hazırlıq məktəbində təhsil alması üçün hər ay 400 manat olmaqla İddiaçı iki uşağın təhsil alması üçün cəmi 950 manat məbləğində təhsil haqqının alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı, 29 oktyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim: A.S.Məmmədov) ilkin iddia qismən təmin edilərək İddiaçı Cavabdeh xeyrinə 12 sentyabr 2014-cü il təvəllüdlü Fatimə Mustafayevanın “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay 600 manat məbləğində təhsil haqqının tutulması 01 oktyabr 2020-ci il tarixdən ləğv edilərək Cavabdeh artıq ödənilmiş 600 manat təhsil haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı qaytarılması, ilkin iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə qarşılıqlı iddia tələbi təmin edilərək İddiaçı qızı Fatimə Mustafayevanın təhsil alması üçün hər ay 550 manat və oğlu Hüseyn Mustafayevin məktəbəqədər hazırlıq məktəbində təhsil alması üçün hər ay 400 manat, cəmi 950 manatın tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İlkin iddia tələbi üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək “Bakı Modern” məktəbi ilə qızı Fatiməni məktəbəqədər hazırlığı ilə əlaqədar təhsil alması üçün müqavilə bağlamasını, məktəbəqədər təhsilin bitdikdən sonra uşağın həmin məktəbdə təhsil alması üçün müqavilə bağlamamasını və bununla əlaqədar üzərinə öhdəlik götürməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsindən 10 ay keçdikdən sonra cavabdehin qızını ondan xəbərsiz "xxxx"nə dəyişməsini və həmin məktəb üçün ondan 13 ay müddətində əsassız olaraq hər ay 600 manat, cəmi 7800 manat tutulmasını, "xxxx" ilə müqavilənin onun tərəfindən deyil, uşağın valideyni olmayan kənar şəxs - X7 ilə bağlanmasını və onun da təhsil haqqını ödəməklə bağlı "xxxx" qarşısında məsuliyyət daşımasını, onun razılığı olmadan təhsil haqqının ödənilməsinin onun üzərinə qoyulmasının əsassız olmasını, oğlu Hüseynin məktəbəqədər təhsili üçün 400 manat tutulmasının da onun iradəsinə zidd olmasını, onun uşaqlarının ödənişli əsaslarla təhsil almasının əleyhinə olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1067/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3240/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(102)- 3505/2021-ci il tarixli qərarı ilə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1067/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi İddiaçı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(102)- 3505/2021-ci il tarixli qərarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbini rədd edərkən İddiaçı məhkəməyə uşağının “Bakı Modern” məktəbində təhsil alması üçün ödədiyi 600 manatı maddi vəziyyətinin pisləşməsi və gəlirinin hər hansı formada azalması ilə əlaqədar ödəyə bilməməsi barədə məhkəməyə sübut təqdim etməməsini əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanuni sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi iddianı yuxarıda göstərilən əsasla rədd edərkən konkret normaya istinad etməsə də, əslində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin müddəalarına əsaslanmışdır. Qanunun həmin normasına görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən norma alimentin miqdarının dəyişdirilməsi və yaxud alimentdən azad edilməsi imkanını nəzərdə tutduğundan hazırkı konkret vəziyyətdə həmin normanın müddəalarına istinad olunmaqla iddianın rədd edilməsi əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, İddiaçı təhsil haqqının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və bunun əsas səbəbini uşağın başqa təhsil müəssisəsinə - "xxxx" MMC-nin məktəbəqədər rus bölməsinə keçirilməsi ilə əsaslandırmışdır. Müəyyən olunduğu kimi, uşağın “Bakı Modern” məktəbində təhsil alması üçün cavabdeh Leyla Mustafayevaya ödənilməsi nəzərdə tutulmuş 600 manat məbləğində təhsil haqqı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə qət edilmişdir. İddiaçı hazırkı iddia tələbində əslində məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin qismən ləğv edilməsini tələb etmişdir. Bu isə mülki prosessual qanunvericiliyin müddəalarına ziddir. Belə olan halda, kollegiya hesab edir ki, məhkəmə tərəfindən həmin iddia tələbinə baxılmasının mümkünlüyünə, yəni məhkəmədə baxılmalı olub-olmamasına qiymət verilməli idi. Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İşdən görünür ki, alimentin tutulmasına dair icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nərimanov Rayon icra və probasiya şöbəsinin icra məmuru Fatimə Mustafayevanın “Bakı Modern” məktəbində təhsil almamasını əsas göstərməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli icra sənədinin X2 “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqı tutularaq X3 ödənilməsinə dair hissədə qətnaməyə izah verilməsi üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə qətnaməyə izah verilməsindən imtina olunmuşdur. Kollegiyanın iclasında verdiyi izahatında Cavabdeh vəkili həmin qərardadın apellyasiya qaydasında mübahisələndiriləcəyini bildirmişdir. Bu isə qərardadın qanuni qüvvəyə minməsi nəticəsinə gəlmək üçün əsas vermir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 2(004)-4106/2018 nömrəli qətnaməsinin İddiaçı 10 aperl 2018-ci il tarixdən başlayaraq 12 sentyabr 2014-cü il təvəllüdlü X2 Bakı Modern məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqı tutularaq Mustafayeva Leyla Özbəyi qızına ödənilməsi hissəsidir. Belə ki, ilk iddiaçı həmin icra sənədi üzrə 12 sentyabr 2014-cü il təvəllüdlü X2 “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqının ləğv edilməsi və həmin icra sənədi üzrə əsassız olaraq ondan tutulmuş 6600 manatın geri qaytarılmasını tələb edir. Ancaq qeyd olunan məbləğin hər ay təhsil haqqı kimi tutulması ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu məbləğin tutulması tələbi artıq məhkəmə tədqiqatının predmeti olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 2(004)-4106/2018 nömrəli qanuni qüvvədə olan qətnaməsi ilə qeyd olunan məbləğ ilk iddiaçıdan tutulur. Düzdür, hazırki icraatda ilk iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 2(004)-4106/2018 nömrəli qətnaməsi ilə ondan 10 aperl 2018-ci il tarixdən başlayaraq 12 sentyabr 2014-cü il təvəllüdlü X2 “Bakı Modern” məktəbində təhsil alması üçün hər ay 600 manat təhsil haqqı tutularaq Mustafayeva Leyla Özbəyi qızına ödənilməsinin qət edildiyini, ancaq 10 ay keçdikdən sonra cavabdehin qızını ondan xəbərsiz "xxxx" MMC-yə dəyişməsini və həmin məktəb üçün ondan əsassız olaraq hər ay 600 manat tutulmasını əsas gətirib bu iddianı irəli sürmüşdür. Lakin bu halların həqiqiliyi belə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tutulan təhsil haqqının ləğv edilməsini və həmin icra sənədi üzrə tutulan məbləğin geri qaytarılmasını ayrıca iddianın yaxud icraatın predmeti olmasını istisna edir. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Başqa sözlə, kassasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi İddiaçı hazırkı iddia tələbində əslində məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin qismən ləğv edilməsini tələb etmişdir ki, bu da mülki prosessual qanunvericiliyin müddəalarına ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarxli 2(009)-3240/2020 nömrəli qətnaməsi qismən, yəni ilk iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməli, həmin tələb üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İlk İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarxli 2(009)- 3240/2020 nömrəli qətnaməsi qismən, yəni ilk iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdeh Mustafayeva Leyla Özbəyi qızına qarşı təhsil haqqının ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar