Məhkəmə qərarları › İş №2(103)-8885/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8885/2021

23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8885/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)-204/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 1.300.000 manat maddi ziyan, 100000 manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)- 204/2021 saylı qətnaməsi ilə iddiaçı ərizəsi təmin edilməmişdir. Qeyd olunan qətnamədən İddiaçı 21.06.2021-ci il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(005)- 204/2021 saylı qərardadı ilə şikayət dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmışdır. İddiaçı 05.08.2021-ci il tarixdə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)- 204/2021 saylı qətnaməsi rəsmi olaraq iddiaçıya təqdim edildikdən sonra iddiaçı 21.06.2021-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir. Dövlət rüsumu ödənilmədiyin 13.07.2021-ci il tarixdə apellyasiya şikayəti geri qaytarılmış və iddiaçı yenidən apellyasiya şikayəti ilə 05.08.2021-ci il tarixdə müraciət etmişdir. İddiaçı yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etdikdə artıq qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətləri ötürmüş və ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verimədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(005)- 204/2021 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar