Məhkəmə qərarları › İş №2(103)-8886/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8886/2021

15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8886/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “X3” Şirkətinin Azərbaycan nümayəndəliyinə qarşı “vurulan maddi və mənəvi ziyanın ödənilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyul 2021-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayri-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçının özünün və cavabdeh Təşkilatın vəkili (nümayəndəsi) X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təşkilata qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Təşkilatdan onun xeyrinə 52.000 manat maddi ziyan, 20.000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17.10.2012-ci il tarixdə cavabdeh Təşkilat ilə “Əmək müqaviləsi” bağlayaraq mühəndis vəzifəsinə təyin olunmuş, 01.11.2012-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. İlkin olaraq əmək haqqı vergi çıxılmaqla 1.400 manat, 2013-cü ilin noyabr ayından isə 1.750 manat olmuşdur. Son əmək haqqı artımın 2015-ci ilin sentyabr ayından 4.000 manat (vergi çıxılmaqla 3.155 manat) təyin edilmişdir. 2012-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayınadək o, Rüfət Marsyukayev və digər dörd nəfər Böyük Britaniya vətəndaşları "xxxx" Şirkətinin Azərbaycandakı proyektlərində işləmişlər. 2019-cu ilin fevral ayından isə o və Rüfət Marsyukayev müqavilələrində göstərilənlərə əsasən 28 gün Azərbaycanda qalıb dincəlməli, 28 gün isə Böyük Britaniyanın tərkibində olan Şotlandiyanın Aberdin şəhərində işləməli idilər. Azərbaycanda isə əlavə işlərə cəlb olduqları halda isə həmin işlədikləri günlər üçün iki qat pul məbləğlərini ödənilməli idi. İddiaçı, 05.03.2020-ci il tarixdə növbəti dəfə Aberdin şəhərinə ezamiyyətə getməli idi. Lakin Təşkilat tərəfindən iddiaçıya bildirilmişdir ki, pandemiya ilə əlaqədar yollar bağlı olduğundan o, Bakıda qalmalı və yolların açılmasını gözləməlidir. 2020-ci ilin mart ayının sonunda cavabdeh Təşkilatın kadrlar üzrə rəhbəri Cenevyeva Fearnley onlara, o cümlədən iddiaçıya bildirmişdir ki, Təşkilat aprel ayı üçün maaşı ödəməyəcək. İddiaçı və digərləri xəbərdarlığa narazılıqlarını bildirmişlər. Sonra Təşkilatdan onlara vəd vermişlər ki, iyun ayında aprel və may üçün maaşları ödəyəcəklər. Lakin 2020-ci ilin iyun ayının əvvəllərində də maaşlarını ödəmədiklərini gördüyündən iddiaçı, işdən çıxmaq qərarına gəlmiş və 15.06.2020-ci il tarixdən işdən çıxması barədə Təşkilatı məlumatlandırmışdır. Həmçinin o, Təşkilatdan 2020-ci ilin aprel və may ayları üçün bütöv iyun ayı üçün isə 15 günlük maaşlarını – 10.000 manat, yəni vergiləri çıxılmaqla 7.885 manat maaşını tələb etmişdir. Lakin Təşkilatın vəzifəli şəxsləri iddiaçının işdən çıxmasına süni maneələr törətmiş və iddiaçını məcbur etmişlər ki, işdən çıxmasının müqabilində 2020-ci ilin aprel və may ayları üçün ona ödənilməli pullardan imtina etsin. Bununla bağlı iddiaçı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə üç dəfə müraciət etmiş, lakin, ona rəsmi şəkildə cavab verilməmişdir. 2013-cü ildən işdən çıxdığı vaxta qədər iddiaçıya məzuniyyət haqları da düzgün hesablanmamışdır. Hər il məzuniyyətə çıxanda orta aylıq maaş hesablandıqdan sonra 30,4 əmsalına bölündükdən sonra məzuniyyət günlərinə vurulur. İddiaçı, bu qaydadan 2020-ci ilin may ayının əvvəllərində xəbər tutmuş və cavabdeh Təşkilatdan haqqını tələb etmişdir. Hətta 2019-cu və 2020-ci illərdə iddiaçını məzuniyyətə buraxılmamış, nə də ki məzuniyyət haqı ona ümumiyyətlə ödənilməmişdir. İddiaçıya təkcə 2013-cü ildən 2017-ci il də daxil olmaqla ən azı 10.000 manatdan artıq pul vəsaitini əlavə işlədiyi saatlara görə ödənilməmişdir. Həmçinin gecə vaxtı əlavə işlədiklərinə görə də ən azı 5.000 manatdan artıq pul vəsaitini ödəməmişlər. Daha sonra bu illər ərzində məzuniyyət haqlarını da ən azı 12.000 manatdan artıq pul vəsaitini ödəməmişlər. Bundan başqa, iddiaçıya vaxtında pul ödənilmədiyindən 90.000 manata ipoteka ilə aldığı mənzili 75.000 manata satmışdır. Mənzili 15.000 manat ziyan çəkməklə aşağı qiymətə satmışdır. Bununla da, cavabdeh Təşkilat iddiaçıya 15.000 manat ziyan vurmuşdur. Həmçinin cavabdeh Təşkilatın qanunsuz hərəkətləri nəticəsində iddiaçı xəstəliyi ilə əlaqədar müalicə ala bilməmiş, iztirablar çəkmişdir. Bununla da, iddiaçıya mənəvi zərər də dəymişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Təşkilatdan onun xeyrinə 20.000 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Təşkilatın üzərinə iddiaçıya ödənilməyən aylar (aprel, may və 01.06.2020-ci il tarixdən 09.06.2020-ci il tarixədək, həmin aylar üçün 7 gün ödənişsiz məzuniyyət verilməsi nəzərə alınmaqla) üçün əmək haqqının əmək qanunvericiliyinə uyğun olaraq hesablanaraq ödənilməsi vəzifəsi qoyulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə tərəflər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan– Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı tərəfindən verilmiş və iddia tələbinin əsaslarına uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh Təşkilat əmək haqqını ödəmədiyindən, iddiaçı özünə məxsus mənzili ucuz qiymətə satmaq məcburiyyətində qalmışdır. Bununla da iddiaçıya maddi ziyan dəymişdir. Bundan başqa, 2020 ilin aprel və may ayları üçün tam, iyun ayı üçün 15 gün ödənilməyən 10.000 manat məbləğində əmək haqqı, əlavə işlədiyi saatlara görə ödənilməmiş 10.000 manat əmək haqqı, gecə vaxtı əlavə işlədiyinə görə 5.000 manat əmək haqqı, məzuniyyət haqqlarına görə 12.000 manat da cavabdeh Təşkilatdan tutularaq ona ödənilməlidir. İddiaçı iş günlərindən əlavə işləmişdir. Bununla bağlı sübutların tələb edilməsi üçün Rayon Məhkəməsinə vəsatət vermişdir ki, onun e-mail poçtundan cavabdeh Təşkilatın email poçtuna gedən yazışmalarında əlaqədar araşdırma aparılsın, ekspertləri və mütəxəssisləri işə cəlb etməklə obyektiv rəylərin alınmasına nail olunsun. Təşkilat iddiaçının adına açdığı e-mail poçtu bağlanmışdır, bu səbəblərdən də bütün yazışmaları təqdim edə bilmir. Rayon Məhkəməsinin iddiaçının 09.06.2020-ci il tarixdən işdən çıxmasını müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Çünki ərizədə 15.06.2020-il tarixdə başqa yerdə işə girəcəyini bildirməklə həmin gün əmək müqaviləsinə xitam verilməsini xahiş etsə də, cavabdeh Şirkət 09.06.2020-ci il tarixdə işdən çıxarmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69 maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur. Cavabdeh Təşkilatın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verildiyi tarixdə iddiaçıya 4.000 manat məbləğində son haqq hesab edilmişdir. İddiaçının razılığı ilə cavabdeh Təşkilatın 01.04.2020-ci il tarixli, ÖM-001/2020 saylı əmrinə əsasən iddiaçı 01.04.2020-ci il tarixdən 01.06.2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı 26.03.2020 və 01.05.2020 tarixli ona ünvanlanmış məktublara öz imzasını çəkməklə 2020-ci ilin aprel və may ayları üçün ödənişsiz məzuniyyətlərə öz razılığını bildirmişdir. Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının ödənişsiz məzuniyyətdə olması faktı tanınmış, lakin maddi normanın səhv təfsir və tətbiqi nəticəsində ödənişsiz məzuniyyətin müddəti barədə yanlış qənaətə gəlmişdir. Rayon Məhkəməsi tərəfindən işçinin 7 gün ödənişsiz məzuniyyətdə olması deyil, imzaladığı sənədlərə əsasən razılaşdırılmış aprel və may ayları üzrə, yəni 2 ay məzuniyyətdə olması faktı təsdiq olunmalı və bu dövrlər üçün əmək haqqının hesablanması istisna olunmalı, eləcə də işçi ilə mümkün istənilən qalıq hesablaşmalar üzrə əlavə 4.000 manat məbləğində vəsait ödənilməsi nəzərə alınmalı idi. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh Təşkilat tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Cavabdeh Təşkilatın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi Təşkilatın apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin dəlillərinə uyğun izahat verdi. Məhkəmə, hər iki apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xxxxxxx000100 saylı, 31.10.2014-cü il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh Təşkilat ilə iddiaçı arasında bağlanmış 09.10.2012-ci il tarixli “Əmək müqaviləsinə” əsasən iddiaçı keyfiyyətin təmin edilməsi və keyfiyyətə nəzarət mühəndisi vəzifəsinə işə qəbul olunmuşdur. “Əmək müqaviləsi” müddətsiz bağlanmışdır. İşçinin (iddiaçının) aylıq əmək haqqı 2.625 manat məbləğində müəyyən edilmişdir. Bildiriş 31.10.2014-cü il tarixdə sistemə daxil edilmişdir. “Əmək müqaviləsi” AZF-087 layihəsində 03.12.2014-cü il tarixdən 03.09.2019-cu il tarixədək bağlanılmışdır. İddiaçı tərəfindən cavabdeh Təşkilatın rəhbəri Cenevyeva Fearnleyin adına göndərilmiş 02.06.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı, 02.06.2020-ci il tarixdən etibarən işdən çıxmasının qəbul edilməsini xahiş edir. Cavabdeh Təşkilat üzrə verilmiş 09.06.2020-ci il tarixli, 001/X-2020 saylı əmrdən görünür ki, Təşkilat ilə iddiaçı arasında bağlanmış 09.12.2012-ci il tarixli “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) 09.06.2020-ci il tarixdən etibarən xitam verilməsi, işçinin son iş günü 09.06.2020-ci il tarixin müəyyən olunması, son haqq-hesab maaş, istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya son iş günü hesablanması və ödənilməsi, işçi iş dövründə əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə işçiyə 4.000 manat məbləğində işəgötürənin iradəsinə əsasən işdənçıxma müavinəti ödənilməsi, işçiyə son iş günündə əmək kitabçasının, son haqq-hesabın və bu əmrin surəti təqdim edilməsi əmr edilmişdir. Əsas: işçinin 02.06.2020ci il tarixli işdənçıxma ərizəsi. xxxxxxx0001X0 saylı, 09.06.2020-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən” görünür ki, Təşkilat ilə iddiaçı arasında bağlanmış 09.10.2012-ci il tarixli “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə 09.06.2020-ci il tarixdən xitam verilmişdir. Cavabdeh Təşkilat tərəfindən iddiaçıya ünvanlanmış 26.03.2020-ci il tarixli elektron məktubdan görünür ki, 23.03.2020-ci il tarixli müzakirələri ilə əlavə olaraq bu sənəd 01.04.2020-ci il tarixdən başlayaraq bir ay müddətinə ödənişsiz məzuniyyət iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edir. İş fəaliyyətinə dair narazılıqla əlaqədar atılmış bir addım deyil. “COVİD-19” qlobal bir pandemiya elan edildiyi üçün şirkətin resurslarında böyük bir təzyiqin mövcudluğunun şahidi olduq və bununla da çox çətin bir qeyrimüəyyənlik dövründə şirkəti müvəffəqiyyətlə idarə edə bilmək üçün ciddi tədbirlər görülməlidir. Bu vəziyyət 2020-ci ilin aprel ayının sonuna qədər nəzərdən keçiriləcək və dəyişikliklər müzakirə edilərək. Bu dövrlərdə bu tədbirlərin zəruriliyini başa düşdüyü üçün təşəkkür edirlər. Hər hansı bir məsləhət və ya kömək edə bilsələr onlara bildirməyi və onlarla əlaqə qurmağı xahiş etmişlər. Aşağıda imza ataraq razılığını təsdiqləməsi xahiş etmişlər. İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, Təşkilat tərəfindən 01.04.2020-ci il tarixdən etibarən vəziyyətin nəzərdən keçirilməsi ilə 1 ay müddətinə verilmiş ödənişsiz məzuniyyət qəbul etmişdir. Təşkilatın 01.04.2020-ci il tarixli, ÖM-001/2020 saylı əmrindən görünür ki, iddiaçının 01.04.2020-ci il tarixdən 31.05.2020-xi il tarixədək (hər iki gün daxil olmaqla) 61 təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılması, işçisinin ödənişsiz məzuniyyətdən sonra işə başlama tarixi 01.06.2020-ci il tarixi kimi müəyyən edilməsi əmr edilmişdir. Əsas: işçinin 31.03.2020-ci il tarixli ərizəsi. Təşkilat tərəfindən iddiaçıya ünvanlanmış 01.05.2020-ci il tarixli elektron məktubdan görünür ki, 26.03.2020-ci il tarixdə iddiaçıya göndərilmiş əvvəlki məktubdan və yerli qlobal miqyasda fəaliyyətinə təsir göstərən mövcud “Covid-19” vəziyyətinin nəzərdən keçirilməsindən əlavə, 2020-ci ilin may ayı üçün aşağıdakı tədbirləri keçirməyə davam edəcəklər – cari ay üzrə ödənişsiz məzuniyyət. Bu vəziyyət ayın sonuna qədər nəzərdən keçiriləcəkdir. Bu çox çətin dövrlər arasında xərclərin azaldılması zərurəti ilə bağlı iddiaçıdan anlayış və işbirliyi gözləyirlər. Hər hansı bir məsləhət və ya kömək edə bilsələr onlara bildilməyi və onlarla əlaqə qurmağı xahiş etmişlər. Aşağıda imza ataraq razılığını təsdiqləməsi xahiş etmişlər. İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, Təşkilat tərəfindən 01.05.2020-ci il tarixdən etibarən vəziyyətin nəzərdən keçirilməsi ilə 1 ay müddətinə verilmiş ödənişsiz məzuniyyət qəbul etmişdir. Təşkilat tərəfindən iddiaçıya ünvanlanmış 07.06.2020-ci il tarixli elektron məktubdan görünür ki, 02.06.2020-ci il tarixli istefa məktubu və elektron poçtuna əlavə olaraq istefanın dərhal qüvvəyə mindiyi qəbul etdiklərini təsdiqləmək istəyirlər. Buna görə də iddiaçıya 4.000 manat ödəniş edirlər (bu məbləğə ödəniş və ya məzuniyyət daxildir). 2000 manat məbləğ 2020-ci ilin iyun ayında, qalıq 2000 manat isə 2020-ci ilin iyul ayında ödənilməlidir. Təşkilatın adından iddiaçıya gələcək işlərində uğurlar arzulayır və gələcəyi üçün ən yaxşısını diləyirlər. İddiaçı bu məktubdakı məlumatları öz imzası ilə təsdiq etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Təşkilat tərəfindən iddiaçıya 4.000 manat (vergilər çıxılmaqla 3.135 manat) ödəniş edilmişdir. X2 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən iddiaçıya, surəti isə X2 Xidmətinə ünvanlanmış 18.06.2021-ci il tarixli məktubundan görünür ki, müraciətin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətin araşdırılması ilə bağlı iddiaçıya aid olan sənədlərin təqdim olunması məqsədilə cavabdeh Təşkilatın rəhbərliyinə 18.05.2020-ci il tarixi **********3 saylı məktub ünvanlanmış, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirirlər ki, sənədlər təqdim olunduğu təqdirdə iddiaçının müraciətinə yenidən baxılacaqdır. İddiaçı qeyd olunanlarla razılaşmadığı halda məhkəməyə müraciət edə bilər. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərini nəzərə alan Məhkəmə qeyd edir ki, ödənilməyən əmək haqqı tələbi ilə bağlı həm iddiaçı, həm də cavabdeh Təşkilat Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmırlar. İddiaçı hesab edir ki, aprel, may ayları üzrə əmək haqqı tam, iyun ayı üzrə isə 15 günə görə ödənilməyən əmək haqqı hesablanmalıdır. Çünki 15.06.2020-il tarixdə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, cavabdeh Təşkilat isə 09.06.2020-ci il tarixdə ərizə verdiyi gün əmək müqaviləsinə xitam vermiş, Rayon Məhkəməsi isə əsassız olaraq işdən çıxma tarixini həmin gün hesab etmişdir. Ödənilməyən əmək haqqı tələbi ilə bağlı cavabdeh Təşkilatın apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, belə bir tələbin təmin edilməsinin əsası yoxdur. Çünki iddiaçı həmin müddət ərzində ödənişsiz məzuniyyətdə olmuş, ərizələri də özü imzalamışdır. Məhkəmə tərəflər arasında mübahisə doğuran qeyd olunan məsələ ilə bağlı ilk növbədə cavabdeh Təşkilatın apellyasiya şikayətinə münasibətdə bildirir ki, işə baxan Rayon Məhkəməsi iddiaçının iki ay müddətində ödənişsiz məzuniyyətdə olması ilə bağlı cavabdeh Şirkətin dəlilini əsassız hesab etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə görə, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci bəndinə görə, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi 2 ay müddətinə iddiaçıya ödənişsiz məzuniyyətin verilməsi ilə bağlı əmri qanunsuz hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh Təşkilat bunu pandemiya ilə əlaqələndirir. Təşkilat, işçisi olmuş iddiaçıya bir iş ilində iki ay müddətinə ödənişsiz məzuniyyət verilməklə pandemiya ilə əlaqədar yaranmış böhranın Təşkilatın maliyyə mövqeyinə mənfi təsirinin qarşısını alınmağa çalışmışdır. Lakin Təşkilatın bu mövqeyi birtərəfli xarakter daşımış, iddiaçının əsassız olaraq həmin müddətdə işsiz qalması və əmək haqqından məhrum olması ilə nəticələnmişdir. Odur ki, Məhkəmə bu halı hüquqdan sui-istifadə kimi qiymətləndirir. Həmçinin nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində ödənişsiz məzuniyyətin verilməsinin əsasları kimi pandemiya və ya digər fövqəladə hal da nəzərdə tutulmamışdır. Məhkəmə eyni zamanda iddiaçının ödənişsiz məzuniyyətə çıxması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, işə baxmış Rayon Məhkəməsi haqlı olaraq iddiaçının məzuniyyətdə olduğu vaxtı 7 gün müəyyən etmiş və 01.04.2020-ci il tarixdən 01.06.2020ci il tarixədək olan müddəti iddiaçının işdə olduğu müddət kimi qiymətləndirərək, 7 gün məzuniyyətdə olduğu müddəti çıxmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi vaxtadək ödənilməyən əmək haqqının ödənilməsi nəticəsinə gəlmişdir. İddiaçı apellyasiya şikayətində iyun ayı üzrə 15.06.2020-ci il tarixədək olan müddətədək əmək haqqının ödənilməsini xahiş edir və bildirir ki, ərizədə işdən çıxma gününü 15.06.2020-ci il tarix qeyd etmişdir, lakin cavabdeh Təşkilat qanunsuz olaraq 09.06.2020-ci il tarixdə əmək müqaviləsini ləğv etmişdir. Məhkəmə qeyd edir ki, 09.06.2020-ci il tarixli 001/X-2020 saylı saylı əmrin surətindən görünür ki, cavabdeh Təşkilat tərəfindən əmək münasibətlərinə 09.06.2020-ci il tarixdən etibarən xitam verilmişdir və iddiaçı işdən çıxma barədə bu əmri mübahisələndirməmişdir. Buna görə də işdən çıxma tarixinin 15.06.2020-ci il tarix müəyyən olunması və ödənilməyən əmək haqqının həmin tarixədək hesablanması barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. İddiaçının digər bir tələbi əlavə iş saatlarına cəlb olunması ilə bağlı ödənilməyən əmək haqqının ödənilməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndinə görə, iş vaxtından artıq iş-işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Göründüyü kimi işçinin əlavə iş saatlarına cəlb olunması onun razılığı əsasında işəgötürənin əmri ilə rəsmiləşdirilir. Lakin hazırda iddiaçının iş vaxtından artıq iş görməsini təsdiq edəcək belə bir sübut iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda iddiaçının iş vaxtından artıq işlədilməsinə dair hallar da təsdiq olunmur. İddiaçı bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Həmçinin onun əlavə işlədilməsinə dair tərəflər arasında olan yazışmaların cavabdeh Təşkilatdan tələb edilməsinə də zərurət yoxdur. Belə ki, həmin yazışmalar mövcud olsa belə qeyd olunan halın təsdiq olunmasını vəd etmir. Çünki yazışmalar hazırki faktı təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Artıq yuxarıda qeyd edildiyi kimi iş vaxtından artıq işə cəlb olunma işçinin konkret hansı əlavə iş görməsini, əlavə iş saatlarının həcmini, əlavə iş saatlarına görə ödəniləcək əmək haqqı və s. əks etdirən işəgötürənin sərəncamı və ya qərarı ilə sənədləşdirilməlidir. Odur ki, iddiaçının apellyasiya şikayətinin bu dəlili də əsassızdır. İddiaçı 2 ay üçün əmək haqqı ödənilməməsi səbəbindən mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş mənzili 15.000 manata aşağı qiymətə satması ilə əlaqədar dəymiş ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, vurulmuş ziyana görə cavabdeh Təşkilat məsuliyyət daşımır. İddiaçının mənzili daha ucuz qiymətə satması onun öz seçimi olmuşdur. Məhkəmə iddiaçının məzuniyyət haqlarının ödənilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı işlədiyi müddət ərzində məzuniyyət hüququnun cavabdeh tərəfindən pozulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. İddiaçı 2013-cü ildən işdən çıxdığı vaxta qədər ona məzuniyyət haqlarının düzgün hesablanmadığını bildirsə də, bununla bağlı sübutları məhkəmələrə (riyazi hesablamalarını, mütəxəssis rəyini və s.) təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 07 saylı qərarına görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verir. Qeyd edilənlərdən başqa Məhkəmə bildirir ki, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh Təşkilatın vəzifəli şəxslərin barəsində xüsusi qərardadın qəbul edilərək prokurora göndərilməsini xahiş edir. Məhkəmə bildirir ki, xüsusi qərardadın qəbul edilməsi üçün əsas yoxdur. Əgər iddiaçı hesab edirsə ki, cavabdeh Təşkilatın vəzifəli şəxsləri ona qarşı cinayət törədiblər, onda o, həmin şəxslər barəsində prokurorluq orqanına özü müraciət edə bilər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətlərinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyul 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar