Məhkəmə qərarları › İş №2(103)-889/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-889/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-889/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, Xudaverdiyeva Məhəbbət Əsgər qızının və İddiaçı2 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı3, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 457/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanında yerləşən ev 10 İddiaçı3, ev 6 İddiaçı1 və ev 5 İddiaçı2 mülkiyyətindədir. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu 4cü Kərpic Döngəsində təhlükəsizlik tədbirləri görülmədən aparılan inşaat işlərinin dayandırılması və Cavabdeh MMC tərəfindən hər bir iddiaçıya vurduğu 30.000 manat olmaqla, cəmi 90.000 manat maddi zərərin, hər birinə 50.000 manat olmaqla, cəmi 150.000 manat mənəvi zərərin əvəzinin Cavabdeh MMC-dən tutulmasını xahiş etmişlər.

2. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2213 saylı, 28 iyul 2022ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanında Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman İddiaçı3 məxsus yaşayış evinə ziyanın dəydiyi müəyyən edilmişdir. X2 məxsus yaşayış evinin təmirli vəziyyətdə olduğu və hər hansı bir ziyanın dəymədiyi müəyyən edilmişdir. İddiaçı2 məxsus yaşayış evinin qapısı bağlı olduğundan tədqiq olunan evə baxış keçirilməsi mümkün olmadığından yaşayış evinə ziyanın dəyib-dəymədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanında İddiaçı3 məxsus yaşayış evinə mənzilin tavanının bir çox hissəsinin suvaq qatının töküldüyünü, divarların üzərində müxtəlif (0,05-0,20 mm) ölçülərdə çatların olduğunu nəzərə alaraq, yaranmış qüsurların (zədələr və s.) aradan qaldırılmasının mümkün olub-olmaması və bunun üçün tələb olunan vəsaitin məbləği yalnız tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan mütəxəssis tərəfindən, yəni tikinti konstruktoru (mərkəzdə həmin sahə üzrə mütəxəssis yoxdur) müvafiq hesablamalar aparıldıqdan sonra həll oluna bilər. Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman sonuncu tərəfindən tikinti-təhlükəsizlik qaydalarına riayət edilib-etməməsi məsələsi tikinti-texniki ekspertin səlahiyyətlərindən kənar olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır.

3. İş materiallarında olan, “X3” MMC-nin 28 sentyabr 2022-ci il tarixli 105 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən təqdim olunmuş məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman İddiaçı3 məxsus 10 saylı fərdi yaşayış evinə dəymiş ziyanın hazırkı bazar qiymətləri ilə dəyəri təqribən 9.542 manat məbləğində müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic Döngəsində təhlükəsizlik tədbirləri görülmədən aparılan inşaat işlərinin dayandırılması və Cavabdeh MMC tərəfindən hər bir iddiaçıya vurduğu 30.000 manat olmaqla, cəmi 90.000 manat maddi zərərin, hər birinə 50.000 manat olmaqla, cəmi 150.000 manat mənəvi zərərin əvəzinin Cavabdeh MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçıların iddia tələbi belə əsaslandırılmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ev 5, ev 6 və ev 10 onların mülkiyyətindədir. Onlar, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və mülkiyyət hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” 4 noyabr 1950-ci il tarixli Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunur. Lakin, Cavabdeh MMC tikinti normalarını kobud şəkildə pozaraq apardığı inşaat işləri nəticəsində onların mülkiyyətlərinə əsaslı zərər vurulması ilə bərabər, mənəvi zərər də vurmaqda davam edir. Heç bir təhlükəsizlik tədbirləri görmədən, ehtiyac olub-olmamasından asılı olmayaraq mülkiyyətlərinin çöl divarlarının bünövrəsini qazaraq evin əsas divarlarında çatların yaranmasına səbəb olmuşdur ki, bu vəziyyətdə evin hər an kiçik bir təkan nəticəsində başlarına uçub tökülərək həyatı təhlükə yaranmasına şərait yaradır. Bu azmış kimi, 3 ildir tikilən 2 hündürmərtəbəli binanın bütün betonunun daşınması qəsdən evlərinin çöl girişindən və pəncərələrinin qarşısından nəhəng beton qarışdıran maşın və texnikalar vasitəsilə həyata keçirilir (hətta ilk əvvəllər evlərinin çöl girişinin qarşısını tikintidən çıxan müxtəlif tullantılarla bağlasalar da, sonradan kütləvi narazılıq və uzun müddətli mübahisələrdən stress və gərginlikdən sonra açılmasına nail olmuşlar). Hal-hazırda tikinti meydançasının ortasında öz mülkiyyətlərində qorxu və həyəcanla yaşamaq məcburiyyətində qalmışlar. Hətta bina tikintisi üçün quraşdırılmış kran evlərinin divarından bir neçə metr aralıda quraşdırılıb və heç bir təhlükəsizlik tədbiri görülmədən evlərinin üstündə hər gün kran vasitəsilə tonlarla armaturlar, taxtalar, daşlar və müxtəlif tikinti materialları daşınır. 10 metrlərlə hündürlükdən əgər o inşaat materiallarından hər hansı biri sürüşüb düşərsə onlar və ailə üzvləri həmin anda öz mülkiyyətlərində həlak olarlar. Lakin, onlar hər gün Cavabdeh MMC-nin onlara yaşatdığı bu qorxu, həyəcan və stresslə yaşamağa məcburdurlar. Dəfələrlə tikinti normalarına uyğun olaraq həyatları üçün təhlükəsizlik tədbirləri görülməsi üçün Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etsələr də, bu günədək heç bir tədbir görülməmiş, əksinə nəhəng texnikalar və betonqarışdıran maşınlar pəncərələrinin daha da yaxınlığından keçərək davam edən təhlükəli vəziyyəti daha da şiddətləndirmişlər. Gecələr səhərə qədər betonqarışdıran maşınlar və betonu yuxarı mərtəbələrə vuran pompaların səsindən istirahət etmək mümkün deyil. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də hazırki vəziyyətin nə qədər acınacaqlı olması göz önündədir. Hər birinin ailəsində uşaq, yaşlı və xəstələri vardır. Ətrafın səs-küy və vibrasiya təsirindən çirklənməsi normadan dəfələrlə artıqdır. Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində hər birinə 30.000 manat maddi və 50.000 manat mənəvi zərər vurulmuşdur.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-457/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, vurulmuş maddi ziyana görə 9.542 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı3 ödənilməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanda Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılan zaman İddiaçı3 məxsus 10 saylı fərdi yaşayış evinə 9.542 manat məbləğində maddi zərər vurulmuşdur. Bu səbəbdən, iddia qismən təmin edilməklə vurulmuş maddi zərər həmin zərəri vurmuş olan Cavabdeh MMC-dən tutulmalıdır. İddiaçı3 iddiasının vurulmuş mənəvi ziyana görə pulun tutulmasına dair hissəsi əsassız olduğundan təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi qeyd olunanları əsas götürərək hesab etmişdir ki, digər iddiaçıların iddia tələbləri təmin edilməməlidir. Belə ki, onlar, iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. İddiaçı1 məxsus yaşayış evinin təmirli vəziyyətdə olduğu və hər hansı bir ziyanın dəymədiyi müəyyən edilmiş, İddiaçı2 məxsus yaşayış evinin qapısı isə bağlı olduğundan tədqiq olunan evə baxış keçirilməsi mümkün olmadığından yaşayış evinə ziyanın dəyibdəymədiyini müəyyən etmək mümkün olmamışdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.1, 21.2, 1096, 1097, 1108.1 və 1115-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

12. Cavabdeh MMC-nin apelyasiya şikayətində göstərilmişdir ki, İddiaçı3 mükiyyətinə vurulmuş zərər Cavabdeh MTK tərəfindən olmamışdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin 03 mart 2017-ci il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpic döngəsi ev 3,4,5,6,8, 4-cü Kərpiçni dal 1 ev 3,4,5, 4cü Kərpiçni ev 3,4,6,7,8,9,10,12,14,18 saylı ünvanlarda yerləşən istismar müddətinin keçmiş yaşayış evlərinin texniki vəziyyətinə baxış keçirildiyi zaman, həmin ünvanlarda yerləşən yaşayış evlərinin uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsinə əsasən, Cavabdeh MTK tərəfindən cavabdehə vurulmuş zərərin ödənilməsi məqsədi ilə, cavabdehdən 9.452 manat pul vəsaitinin tutularaq İddiaçı3 ödənilməsi iddiaçının əsassız varlanmasıdır. Məhkəmə tərəfindən Cavabdeh MTK-nin məhkəməyə təqdim etdiyi sübutlar araşdırılmamış və düzgün qiymət verilməmişdir. Ekspertiza Mərkəzinin 28 iyul 2022-ci il tarixli 10/2213 saylı rəyi məhkəmə tərəfindən araşdırılmamış və düzgün qiymətləndirilməmişdir. Məhkəmə yalnız ekspert rəyinə əsaslanmış və tərəflərindən təqdim olunmuş Azərdövləttikintilayihə” DLİ-nin 03 mart 2017-ci il tarixli aktına hər hansı bir hüquqi qiymət vermədən qətnamə çıxarmışdır. Həmin, yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam sütükləri ağac konstruksiyasından inşa edilyindən divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq erozziyaya uğraması müşahidə olunmuşdur. Beləlikə həmin aktdan da göründüyü kimi, İddiaçı3 məxsus yaşayış evinə Cavabdeh MTK tərəfindən hər hansı bir zərər vurulmamışdır və həmin yaşayış evinin divarlarında daha öncədən də çatlar var idi. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı3 nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı3 və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

22. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur..

27. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəsində İddiaçı3 ziyan dəyməsi, ekspert rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

40. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü Kərpic döngəsi ünvanında Cavabdeh MMC tərəfindən tikinti və söküntü işləri aparılması nəticəsində İddiaçı3 məxsus həmin ünvanında yerləşən 10 saylı evə maddi zərər vurulmasını, həmin faktın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2213 saylı, 28 iyul 2022-ci il tarixli ekspert rəyi ilə təsdiq edilməsini əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini ekspert rəyində göstərilən məbləğdə təmin etməkdə haqlı olmuşdur.

41. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC apelyasiya şikayətində tərəfindən iddiaçıya maddi ziyan vurulmadığını, həmin, yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam sütükləri ağac konstruksiyasından inşa edilyindən divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq erozziyaya uğraması müşahidə olunduğunu bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

43. Əksinə Cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəsində İddiaçı3 ziyan dəyməsi ekspert rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh MMC-nin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin təkrar ekspertiza keçirilməsini zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir.

44. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

46. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

47. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-457/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar