Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8902/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(011)-659/2021 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi zərərə görə 5500 manat, mənəvi zərərə görə 3000 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı 16 saylı mənzil iddiaçının mülkiyyətində olmaqla həmin mənzildə yaşayır. Həmin binanın 18 mərtəbəsində, iddiaçının mənzilinin yerləşdiyi mərtəbədən bir mərtəbə yuxarıda cavabdehin mənzili yerləşir. Cavabdeh özü həmin mənzildə yaşamasa da, mütəmadi olaraq, öz mənzilini kirayə verir. Uzun müddətdir ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə mütəmadi o su axıdılması nəticəsində iddiaçının mənzilinin hamam və mətbəx hissəsi yararsız vəziyyətə düşmüş, iddiaçıya külli miqdar maddi zərər vurulmuş, həmçinin mənəvi zərərə məruz qalmışdır. Binanın yerləşdiyi 98-ci saylı MKİS-in mühəndisi Ş.Əşrəfov, sahə nəzarətçisi S.Həsənova, çilingər İ.Sepxanov, 35-ci Polis Bölməsinin sahə inspektoru polis mayoru R.Məmmədov tərəfindən tərtib edilmiş 22.07.2020-ci il tarixli və 03.08.2020 ci il tarixli Aktla da müəyyən edilmişdir ki, həmin binanın 18-ci mənzilində mətbəx, vanna otağı, sanitar qovşağı tamamilə yararsız vəziyyətdə olduğu üçün dəfələrlə alt qonşuya maddi ziyan vurulmuşdur. Lakin bundan sonra da cavabdeh ziyan vurulmasının qarşısını almaq üçün heç bir tədbir görməmiş, iddiaçıya ziyan vurmaqda davam etmişdir. Belə ki, yuxarıda sadalanan şəxslərin iştirakı ilə tərtib edilmiş daha bir Aktla 03.08.2020-ci il tarixli Aktla müəyyən edilmişdir ki, 18-ci mənzilin su və kanalizasiya boruları tamamilə yararsız vəziyyətdədir, bu səbəbdən mütəmadi olaraq 16-cı mənzilə su axıdılır, nəticədə 16-cı mənzilə maddi ziyan vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilmiş şikayətə cavab olaraq, Bakı şəhəri Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 18.01.2020- ci il tarixli məktubla da bildirilmişdir ki, cavabdehin mənzilin qanunvericiliyin tələblərinin pozulması ilə kirayə verilməsi öz təsdiqini tapmış, həmin ünvanda kirayədə yaşayan X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan əlavə, mənzilin vergi orqanında qeydiyyatdan keçmədən kirayə verilməsi faktı barədə Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər baş idarəsinə təqdimat göndərilmişdir. İstinad edilən faktlar və sənədlərlə də tam sübuta yetirilir ki, Cavabdeh təqsirli, hüquqa zidd əməlləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(011)-659/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 2840 (iki min səkkiz yüz qırx) manat tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, həmçinin su axıdılan mənzilə dair çıxarışın surətini təqdim edərək bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindəki 44 nömrəli evin 18 nömrəli mənzili 31 iyul 2019-cu ildən X1 mülkiyyətindədir və onun həmin mənzilə heç bir aidiyyəti yoxdur. Ona görə də şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus ünvan 1 saylı evin, 16 saylı mənzilinə həmin mənzilin üstündə yerləşən, Cavabdeh məxsus 18 saylı mənzildən su axıdılması halı mövcudur.Odur ki, məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən, hesab edir ki, iddia qismən əsaslıdır. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Hazırki iddia tələbi əsaslı olsa belə, bu tələb üzrə iddiaçının ərizəsində göstərdiyi Cavabdeh maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb edilə bilməzdi.Çünki, hazırki iddia üzrə Cavabdeh iddiaya cavab verməli olan şəxs olmadığından ona qarşı bu iddianın yönəlməsi də düzgün olmamışdır. Belə ki, iddiaçı 2020-ci ildə onun mənzilinə su axıdılması ilə əlaqədar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Su axıdıldığı iddia olunan mənzil isə qeyd olunduğu kimi31 iyul 2019-cu ildən başqa şəxsin mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən və iddiaya cavab verməli olan şəxs(lər) cavabdeh qismində cəlb edilmədiyindən apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli,Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(011)-659/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(011)-659/2021 nömrəli qətnaməsi ləğv edilsin və iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100(yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8902/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8902/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver