Məhkəmə qərarları › İş №2(103)-8903/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8903/2021

22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8903/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh Heydər Əliyev adına X9 səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-340/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əmlakına vurulan və səhhətinə çəkilən cəmi 18238 manat maddi, bunun nəticəsində ona dəyən 50000 manat mənəvi zərərin ödənilməsi və bununla yanaşı yaşayış sahəsinə daxil olan zərərli maddələrin axıdılmasının qarşısını almağı cavabdeh Zavoda həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evində ailə üzvüləri ilə birlikdə 20 ildən çox müddətdir ki, yaşayır, bir neçə il əvvəl yaşadığı evə və həyatyanı sahəyə onlara məlum olmayan yerdən kəskin qoxu daxil olmağa başlamışdır, qoxunun təsiri nəticəsində evdə olan bütün əşyaların rəngi dəyişərək paslanaraq yararsız vəziyyətə düşmüş, qoxunun kəskinliyi sağlamlıqlarına mənfi təsir etdiyindən və xəstəliyə düçar olduqlarına görə yaşayış sahəsini tərk edərək başqa ünvanlarda kirayə yaşamağa məcbur olmuşlar, uzun müddət müvafiq dövlət orqanlarına rəsmi qaydada müraciət edərək qoxunun haradan gəlməsini və həmin qoxunun sağlamığa zərər yetirib-yetirməməsini aydınlaşdırmaq qərarına gəlmişdir, həmçinin bu xoşagəlməz halın aradan qaldırılmasına dair müvafiq tədbir görülməsini xahiş etmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərizəyə cavab olaraq 11.09.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Xətai rayonu, Qvardiya küçəsinin ətraf ərazisində monitorinq işləri keçirilmiş və aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin etil-benzol və sair 3.2 dəfə X12 hədd normasından artıq olduğu müəyyən edilmişdir, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə müraciət olunmuş və Mərkəzin əməkdaşlarının iştirakı ilə aparılmış müayinələrin nəticələrinə dair 21.10.2019-cu il tarixdə daxil olmuş məktubda onun evində etil-benzolun miqdarının 0.064 mq/kub m. olaraq yol verilən həddən (0,02 mq/kub m.) 3,2 dəfə artıq olduğu bildirilmişdir, Fövqəladə Hallar Nazirliyi də müraciətinə cavab olaraq 12.11.2019-cu il tarixli məktubla bildirmişdir ki, Nazirliyin mütəxəsisləri həmin ünvana baxış keçirmiş, yaşayış evinin sanitar qovşaqlarının kanalizasiya xətlərindən kəskin iyin ətrafa yayıldığı müşahidə olunmuş və bununla bağlı akt tərtib edilmişdir, aktda qeyd olunmuşdur ki, mətbəx və hamam otağında benzol, toluol, etil benzol, dimet benzol, 1.3,5-trimetil benzol, 1-etil 2-metil benzol maddələri aşkar edilmişdir, aktarın surəti aidiyyəti üzrə Xətai rayon İcra Hakimiyyətinə və "xxxx" ASC-yə göndərilərək tədbir görülməsi üçün müvafiq göstəriş verilməsi bildirilmişdir, "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsi 02.12.2019-cu il tarixli cavab məktubunda göstərmişdir ki, onun yaşadığı ərazidə yerləşən evlərin kanalizasiya xətləri sakinlər tərəfindən quraşdırılmış və ərazidə formalaşan çirkab suları yaxınlıqdan keçən yağış kollektoru vasitəsilə dənizə axıdılır, güclü yağışlar yağan zaman Bakı X14nda formalaşan çirkab suların bir hissəsi də həmin yağış kollektoruna axıdılır. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, ətrafa yayılan qoxu 1975-ci ildə tikilimiş zavodun fəaliyyətindən irəli gəlir, bu, kanalizasiya, ya da hava yolu ilə ola bilər, göstərilən müddət ərzində ona vurulan zərərin hansı müəssisə tərəfindən yetirilməsinin müəyyən olunması üçün aidiyyatı qurumlara müraciət etmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 17 mart 2020-ci il tarixli məktubla bildirilmişdir ki, qeyd edilən ünvanda Deportamentin əməkdaşları tərəfindən monitorinq aparılmış və nəticələrə əsasən təyin edilən göstəricilər ətraf mühit üçün X12 həddindən artıq olmuşdur, aparılmış araşdırmalar zamanı aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar X11 X3 Deportamenti tərəfindən akt tərtib edilərək icrası məcbur olan müddətli “Məcburi Göstəriş” verilmişdir, bu səbəbdən iddia ərizəsi həmin cavabdeh zavoda qarşı verilmişdir, əgər zərərin başqa şəxs tərəfindən yetirildiyi göstərilmiş olsaydı, iddia ərizəsi həmin şəxsə qarşı qaldırılardı, Milli Monitorinq Departamenti zərərin cavabdeh zavod tərəfindən yetirilməsini müəyyən etdiyindən həmin zavoda müraciət edərək mülkiyyətinə vurulan 12238 manat maddi və bunun nəticəsində ona dəyən 50000 manat mənəvi zərərin ödənilməsinə dair müvafiq şəxslərə lazımi göstəriş verilməsini xahiş etmiş, cavabdeh isə Zavoda cari il ərzində Departament tərəfindən belə bir göstəriş daxil olmadığını, həmçinin həmin ünvanda aşkar edilən kəskin qoxu və iyə səbəb olan halların zavodla heç bir əlaqəsi olmadığından zərərə görə təzminatın ödənilməsi ilə bağlı zavoda qarşı irəli sürülən tələbin heç bir hüquqi əsası olmadığını bildirmişdir, həmçinin keçirilmiş ekspertizanın rəyi ilə razı deyil, hesab edir ki, dövlət orqanların mütəxəssislərinin rəyləri ilə ekspertizanın rəyi bir-birinə ziddir, ekspertizanın gəldiyi nəticəyə görə guya onun mənzilində yerləşən əmlakların korroziyaya uğramasına, o cümlədən ona zərər dəyməsinə gətirib çıxaran səbəblər X9 fəaliyyəti ilə birbaşa əlaqəli deyil, əmlaklar evdə yaşayış olmadığından və ev Xəzər dənizinə yaxın olduğundan rütubətliklə bağlı korroziyaya uğramışdır, halbuki, Zavoddan axıdılan zərərli maddələrin təsirindən onun əmlakları yararsız vəziyyətə düşmüşdür, belə ki, Kondisioner “Mitsubişi” 120 kv.m-lik 3500 manat dəyərində və 60 kv.m-lik 2000 manat dəyərində, “BOSCH” 100 kv.m-lik 2000 manat dəyərində, Qaz peçi 2 ədəd 500 manat dəyərində, Su qızdıran 130 manat dəyərində, Su krantı 2 ədəd 110 manat dəyərində, Vanna otağı üçün su krantı 2 ədəd 90 manat dəyərində, Asılqan 3 ədəd 90 manat dəyərində, Qüzgü 3 ədəd 105 manat dəyərində, Tavan lampalar 18 ədəd 108 manat dəyərində, Tavan Lambirin 42 kv.m. 210 manat dəyərində, Taxta döşəmə 32 kv.m 26 ədəd 520 manat dəyərində, Laqa lkub.m. 500 manat dəyərində, İran peçi 4 ədəd 600 manat dəyərində, Divar rəngi 5 vedrə 325 manat dəyərində, görülən təmir işlərinə görə usta xərci 1450 manat olmaqla ona cəmi 12.238 manat məbləğində maddi zərər dəymişdir. Bundan başqa iddiaçı izahatında bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin keçirdiyi monitorinq nəticəsində götürülən su nümunəsi orqanoleptik müşahidələrə görə zəif bozumtul rəngli, benzin qoxuludur, fiziki-kimyəvi analiz nəticələrinə əsasən təyin olunan göstəricilərdən ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə X12 həddini keçmişdir, beləliklə, cavabdeh Zavoddan buraxılan həmin zəhərli maddələrin orqanizmə təsiri nəticəsində bir nəvəsi uzun müddət beyin xəstəliyindən əziyyət çəkmiş və sonra vəfat etmişdir, digər iki nəvəsi isə ana bətnində olan zaman inkişafdan qalması nəticəsində tələf olmuşdur, uşaqların tələf olma səbəblərini araşdırmaqdan ötrü həkimə müraciət edilmiş, müayinə zamanı anada heç bir qüsur olmadığı, dölün isə qeyri-müəyyən səbəblərdən tələf olmasının aşkar edilməsi cavabı verilmişdir, sonradan orada yaşamaq qeyri-mümkün olduğundan və uşaqların həmin zərərli maddələrin təsiri nəticəsində tələf olmalarına şübhə yarandığı üçün ailəsi ilə birlikdə məcbur olaraq başqa ünvana köçmüşdür, əmlakına vurulan zərərlə əlaqədar lazımi dövlət orqanlarına dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, nəticədə keçirdiyi sarsıntı səbəbindən 6000 manat məbləğində vəsait sərf edərək ürəyindən cərrahiyyə əməliyyatı keçirmiş və sağlamlığnın pozulması nəticəsində fiziki əzab çəkmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-340/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pulun İddiaçı alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi ilə müraciət etməmişdən 1 il ərzində müvafiq dövlət orqanlarına dəfələrlə ərizə və şikayətlər yazaraq əmlakına zərərin haradan yetirilməsini öyrənməyə çalışmış və sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti şikayətini araşdıraraq zərərin cavabdeh zavod tərəfindən yetirildiyini və ona qarşı akt tərtib edilərək icrası məcburi olan müddətli “Məcburi Göstəriş” verilməsinə dair məlumat verilmişdir. Göstərilən dövlət orqanının cavab məktubunun nəticələrinə əsasən onun əmlakına zərərin Heydər Əliyev adına X14 tərfindən yetirilməsi aşkar edildiyinə görə onu cavabdeh qoyaraq "Maddi və mənəvi zərərin ödənilməsi, eyni zamanda zərərli maddələrin axıdılmasınm qarşısım almasına dair” iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə Departamentin rəsmi məlumatı ilə iddia ərizəsinin verilməsinə əsas olmuş həmin Departamenti 3-cü şəxs kimi məhkəməyə cəlb etmək əvəzinə "xxxx" ASC-ni 3-cü şəxs kimi cəlb edərək sonuncunun nümayəndəsinin izahatına istinad etmişdir. Halbuki, Departament 19/99-077 saylı 11.09.2019-cu il tarixli məktubla bildirmişdir ki, 12.07.2019-cu il tarixdə Xətai rayonu, Qvardiya küçəsinin ətraf ərazisində monitorinq işləri keçirilmiş və aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin miqdarının X12 hədd normasından artıq olduğu müəyyən edilmişdir. Həmin məktuba Laboratoriya cədvəli əlavə edilərək orada qeyd edilmişdir ki, təyin edilən çirkləndiricilərdən etil-benzol 3.2 dəfə X12 həddini keçmişdir. Bundan sonra AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 19/Ə-082 saylı 17 mart 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar ünvan 2 ünvanda Ətraf Mühit üzrə Milli Monitorinq və X6 Departamentinin əməkdaşları tərəfindən monitorinq aparılmış və nəticələrə əsasən təyin edilən göstəricilər ətraf mühit üçün X12 həddindən artıq olmuşdur. Aparılmış araşdırmalar zamanı aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar Heydər Əliyev adına X11 X6 Departamenti tərəfindən AKT tərtib edilərək icrası məcburi olan müddətli '"Məcburi Göstəriş " verilmişdir. Qeyd olunan sənədlərə baxmayaraq məhkəmə, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və X6 Departamentinin tərtib etdiyi qanuni qüvvədə olan Aktını şübhə altına alaraq 21.10.2020-ci il tarixli qərardadla məhkəmə-ekoloji ekspertizası təyin edilmişdir. Bundan sonra məhkəmənin 17.05.2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilərərək qoyulan sualı araşdırmağa rəy verilməsinə dair səlahiyyəti olmayan Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-yə həvalə edilmişdir. Göstərilən MMC özlərini guya AR Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərdiyini bildirərək yuxarıda göstərilən Dövlət orqanlarından fərqli olaraq bilə-bilə yalan rəy vermişdir. MMC 02 saylı, 23.06.2021-ci il tarixli ekspert rəyində göstərmişdir ki, ev sahibinin verdiyi şifahi məlumata əsasən 3 ildir ki, evdə yaşayış yoxdur. Evdə yaşayış olmadığından və otaqlarda hava sirkuliyasiyası olmadığı üçün asılmış çilçıraqlarda, kondisionerin üst qapağında, divarların künclərində qaralmalar hiss olunur, hamam, sanitar qovşağında sıı krantlarının işləməməsindən onların üst qatları korroziyaya uğuramışdır. Yaşayış evinin dam örtüyündə heç bir dəmirin xarab olması faktı yoxdur (Halbuki, evin dam örtüyü dəmirdən deyildir). Dənizdən məsafə 200-250 metrdir. Dənizə yaxın olduğundan əmlakların korroziyaya uğuraması halları rütübətliyi ilə bağlı istisna olunmur. Daha sonra göstərilir ki, Xətai rayonu, Qvardiya küçəsi ev 47 ünvanda yerləşən əmlakların korroziyaya uğramasına, o cümlədən ona zərər dəyməsinə gətirib çıxaran səbəblər Heydər Əliyev adma X9 fəaliyyəti ilə birbaşa əlaqəli deyil. Göründüyü kimi Dövlət orqanlarının yəni AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentin, AR Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin, AR Səhiyyə Nazirliyinin və AR Fövqəladə Hallar Nazirliyinin miitəxəsisləri ilə qeyri-dövlət orqanı olan Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin mütəxəsislərinin rəyləri bir-birinə ziddir. Məhkəmə isə MMC-nin heç bir laboratoriya araşdırması aparmadan vizual baxışla bilə-bilə əsassız yalan rəy verdiyinə görə təkrar ekspertiza keçirilmək əvəzinə onun rəyini hansı əsasla qəbul etməsini, digər dövlət orqanlarının rəylərinin isə qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmamışdır. MMC həmin rəydə ekspertiza qiymətinin 200 (iki yüz) manat olduğu qeyd olunsa da, 400 (dörd yüz) manat ödənilməsi tələb edilmiş, lakin hansı kimyavi maddələrdən, avadanlıqdan və sair ləvazimatdan istifadə edilməsi göstərilməmişdir. Halbuki, rəydən görünür ki, onların profili başqadır və əmlakların palanmasının, hansı kimyəvi maddələrin təsiri nəticəsində yararsız vəziyyətə düşməsinin müəyyən etmək üçün mütəxəssisləri və avadanlıqları yoxdur. Əks təqdirdə dövlət orqanlarının rəylərində qeyd olunduğu kimi MMC-də bu barədə göstərərdi. Digər tərəfdən məhkəmə AR Konstitusiyasının 39-cü maddəsinə, AR CM-nin 247- 251-ci maddələrinə, AR İXM-nin 233,234.237,240,262.264,275-ci maddələrinə əsaslanaraq iddiaçının, ona qarşı törədilən ekoloji hüquqpozmalara görə, cavabdeh şəxslərin inzibati və ya cinayət məsuliyyətinə cəlb- edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət etmək hüququ vardır göstərməkdə də, haqlı olmamışdır. Beləki, iş materiallarından müəyyən edilir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 19/Ə-082 saylı 17 mart 2020-ci il tarixli məktubunda Aparılmış araşdırmalar zamanı aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar Heydər Əliyev adına X11 X6 Departamenti tərəfindən AKT tərtib edilərək icrası məcburi olan müddətli "Məcburi Göstəriş ” verilməsinin, Zavodun isə belə bir göstəriş verilməməsinə dair mülahizəsini araşdırmadan məhkəmə, Dövlətin adından qanunsuz və əsası olmayan qərar çıxararaq məsuliyyətini dərk etmədən zavoda dəstək nümayiş etdirmişdir. Məhkəmə iş materiallarına əlavə edilən mötəbər sübutlara əsaslanmamış yalnız cavabdehin izahatına və hüquqi əsası olamayan rəy kimi təqdim edilən arayışı sübut kimi qəbul etmişdir. Onu da qeyd edir ki, cavabdeh zavodun törətdiyi çirklənməyə görə dəfələrlə külli miqdarda cərimə edilməsinə dair mətbuatda və Tele kanallarda məlumat verilmişdir. Məhkəmə AR Konstitusiya Məhkəməsi Plenumunun 28.11.2018-ci il tarixli qərarına istinad etsə də, orada göstərilənlərin ziddinə gedərək gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Hesab edir ki, qətnamə hazırki vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, dəlillər uyğun izahat verdi. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Heydər Əliyev adına X9 səlahiyyətli nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-340/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, 47 saylı ev mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin İddiaçı ünvanlanan 11.09.2019-ci il tarixli, 19/99-077 nömrəli məktubundan görünür ki, Departamentin əməkdaşları tərəfindən 12.07.2019-cu il tarixdə Xətai rayonu, Qvardiya küçəsinin ətraf ərazisində monitorinq işləri keçirilmiş və aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin miqdarının X12 hədd normasından artıq olduğu müəyyən edilmiş, bu barədə tədbir görülməsi üçün X7 Departamentinə məlumat verilmişdir. İş materiallarında olan həmin Departamentinin İddiaçı ünvanlanan 17.03.2020-ci il tarixli, 19/Ə-082 nömrəli məktubundan görünür ki, Departamentin əməkdaşları tərəfindən monitorinq aparılmış və nəticələrə əsasən təyin edilən göstəricilər ətraf mühit üçün X12 həddindən artıq olmuş, aparılan araşdırmalar zamanı aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar Heydər Əliyev adına X11 X3 Departamenti tərəfindən akt tərtib edilərək icrası məcburi olan müddətli “Məcburi Göstəriş” verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin İddiaçı ünvanlanan 12.11.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ünvana baxış keçirilmiş, yaşayış evinin sanitar qovşaqlarının kanalizasiya xətlərindən kəskin iyin ətrafa yayıldığı müşahidə olunmuş və bununla bağlı akt tərtib edilmişdir. Aktda yoxlama zamanı mətbəx və hamam otağında benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 trimetil benzol və 1 etil 2-metil benzol maddələri aşkar edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin İddiaçı ünvanlanan 02.12.2019-cu il tarixli cavab məktubunun surətindən görünür ki, ərizəçinin yaşadığı ərazidə yerləşən evlərin kanalizasiya xətləri sakinlər tərəfindən quraşdırılmış və ərazidə formalaşan çirkab suları yaxınlıqdan keçən yağış kollektoru vasitəsilə dənizə axıdılır, güclü yağışlar yağan zaman Bakı X14nda formalaşan çirkab suların bir hissəsi də həmin yağış kollektoruna axıdılır. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanan 16.01.2020-ci il tarixli cavab məktubundan görünür ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin, Fövqəladə Hallar Nazirliyi və Xətai rayon MKTB-nin nümayəndələri tərəfindən ərizəçinin yaşadığı ünvana baxış keçirilmiş və araşdırmalar zamanı müəyyən olunmuşdur ki, çirkləndirici maddələrin miqdarının hədd normasından artıq olması və kollektora fərdi qaydada qoşulmuş kanalizasiya xətləri kəskin iy-qoxunun gəlməsinə səbəb olduğu müəyyən olunmuşdur. Problemin həlli ilə bağlı ərizəçiyə aidiyyatı üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İddiaçı ünvanlanan 29.10.2019-cu il tarixli məktubunun surətindən görünür ki, mənzildə müayinələrin aparılması üçün Mərkəzdə ölçü cihazının olmaması səbəbindən tərəflərindən Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə müraciət olunmuş və müvafiq müayinələrin aparılması xahiş edilmişdir, Departament tərəfindən 11.10.2019-cu il tarixdə Mərkəzin əməkdaşının iştirakı ilə aparılmış müayinələrin nəticələrinə dair məktubda İddiaçı məxsus evdə etilbenzolun miqdarının 0,064mq/m3 olaraq yol verilən həddən (0,02mq/m3 ) 3,2 dəfə artıq olduğu bildirilmişdir. İş materiallarında olan Heydər Əliyev adına X9 20.10.2020-ci il tarixli arayışından görünür ki, zavodda gedən bütün proseslərdə karbohidrogenlərin - (benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 - trimetil benzol və 1-etil 2-metil benzol) heç birindən məhsulların keyfiyyət göstəricilərinə təsir etmək üçün aşqar və reagent kimi istifadə olunması heç vaxt nəzərdə tutulmamışdır. İş materiallarında olan Heydər Əliyev adına X9 İddiaçı ünvanlanan 01.06.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, ərizədə qeyd edilən karbohidrogenlərin - (benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 - trimetil benzol və 1-etil 2-metil benzol) heç birindən zavodda məhsulların keyfiyyət göstəricilərinə təsir etmək üçün aşqar və reagent kimi istifadə olunması heç vaxt nəzərdə tutulmamış, gündəlik götürülmüş analizlərin nəticələrində qeyd edilən karbohidrogenlərin göstəriciləri müəyyən edilməmiş, həmçinin zavoda Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin aşkar olunmuş çatışmazlığın aradan qaldırılması ilə əlaqədar zavoda akt tərtib edilərək icrası məcburi olan müddətli Məcburi Göstəriş verilməsi ilə bağlı göstəriş daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məhkəməyə ünvanlanan 08.02.2021ci il tarixli, 20/170 nömrəli məktubundan görünür ki, Xidmətin əməkdaşları tərəfindən monitorinq keçirilmiş, analiz nəticələrinə əsasən hava nümunəsində təyin olunan komponentlərdən yalnız etil-benzol 3,8 dəfə normadan yüksək olmuş, digər təyin edilən göstəricilər isə sanitar norma daxilində müəyyən edilmişdir, su nümunəsi orqanoleptik müşahidələrə görə zəif bozumtul rəngli, benzin qoxuludur, fiziki-kimyəvi analiz nəticələrinə əsasən təyin olunan göstəricilərdən ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə X12 həddini keçmiş, digər təyin olunan göstəricilər isə sanitar norma daxilində olmuşdur. İş materiallarında olan Heydər Əliyev adına X9 məhkəməyə ünvanlanan 28.04.2021ci il tarixli məktubundan görünür ki, zavodun bioloji təmizləmə qurğusunda (BTQ) aparılmış növbəti ekoloji monitorinqin nəticələrinə görə BTQ-nın çıxışından 20.04.2021-ci il tarixdə götürülən su nümunəsinin analizinin nəticələrinə əsasən bioloji təmizləmə prosesindən sonra dənizə axıdılan suyun fiziki-kimyəvi tərkibini göstərən parametrlər X14 üçün təsdiqlənmiş X8 Həddi (BBAH) normaları daxilindədir. İş materiallarında olan "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin məhkəməyə ünvanlanan 06.07.2021-ci il tarixli 01-02/1-01/625 saylı məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, həmin ərazidə "xxxx" ASCyə məxsus mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur, ətrafdakı fərdi yaşayış evlərinin çirkab su xətti yaxınlıqda yerləşən zavodun ərazisindən keçən yağış kollektoruna qoşulmuşdur, yağış kollektoruna qoşulmuş kanalizasiya xətləri primitiv üsulla çəkildiyi üçün intensiv yağıntılar zamanı fərdi evlərin həyətlərində kanalizasiya xətlərində tutulmalar əmələ gəlir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyinin 22/660 saylı 02.04.2021-ci il tarixli məktubundan görünür ki, neft emalı müəssisələri ekoloji təhlükəsizlik dərəcəsinə əsasən yüksək təhlükəliliyi ilə fərqlənən birinci kateqoriyaya aid edilir, bu qəbildən olan təhlükəli obyektlərin təsdiqlənmiş reqlamentlər çərçivəsində fəaliyyət göstərdikləri müddətdə ətraf mühitə təsiri qaçılmaz hesab olunur və SN-245-71 (CH-245-71) saylı sanitar normaları müəyyən edən rəhbər sənədin tələbinə əsasən sanitar mühafizə zonası 1000 metr müəyyən edilmişdir. İş materiallarında olan 02 saylı, 23.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən əmlakın korroziyaya uğramasına, o cümlədən ona zərər dəyməsinə gətirib çıxaran səbəblər Heydər Əliyev adına X9 fəaliyyəti ilə birbaşa əlaqəli deyil. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur, iddiaçı yaşayış sahəsinə daxil olan zərərli maddələrin axıdılmasını X9 fəaliyyəti ilə əlaqələndirdiyindən cavabdeh zavoddan ona dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Bununla belə, X9 hüquqa zidd fəaliyyətinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə haqlə olaraq qeyd etmişdir ki, iddia tələbi üzrə təqdim edilmiş sübutlar dəymiş maddi və mənəvi zərərin müəyyən olunması üçün yetərli deyildir. Belə ki, iddiaçının isitnad etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti və "xxxx" ASC və digər dövlət orqanlarının cavab məktublarında göstərilən xüsusatlar, bilavasitə cavabdeh təşkilatın fəaliyyətinin mənfi nəticələrini özündə ehtiva etməməklə, ətraf mühitin monitorinq göstəricilərini ifadə edir. Yəni, iş materiallarında olan İddiaçı ünvanlanan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 12.11.2019-cu il tarixli məktubunda göstərilən “yaşayış evinin sanitar qovşaqlarının kanalizasiya xətlərindən kəskin iyin ətrafa yayıldığının müşahidə olunması və bununla bağlı akt tərtib edilməsi, aktda yoxlama zamanı mətbəx və hamam otağında benzol, toluol, etil benzol dimetil benzol, 1,3,5 trimetil benzol və 1 etil 2-metil benzol maddələri aşkar edilməsi”, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 11.09.2019-ci il tarixli məktubunda göstərilən “aparılan analizlər nəticəsində atmosferə atılan çirkləndirici maddələrin miqdarının X12 hədd normasından artıq olduğunun müəyyən edilməsi”, Xətai rayon İcra Hakimiyyətinin 16.01.2020-ci il tarixli cavab məktubunda göstərilən “çirkləndirici maddələrin miqdarının hədd normasından artıq olması və kollektora fərdi qaydada qoşulmuş kanalizasiya xətlərinin kəskin iy-qoxunun gəlməsinə səbəb olduğunun müəyyən olunması”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 29.10.2019-cu il tarixli məktubunda göstərilən “İddiaçı məxsus evdə etil-benzolun miqdarının 0,064mq/m3 olaraq yol verilən həddən (0,02mq/m3 ) 3,2 dəfə artıq olduğu”, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 08.02.2021-ci il tarixli məktubunda göstərilən “hava nümunəsində təyin olunan komponentlərdən yalnız etilbenzol 3,8 dəfə normadan yüksək olması, digər təyin edilən göstəricilərin isə sanitar norma daxilində müəyyən edilməsi, su nümunəsi orqanoleptik müşahidələrə görə zəif bozumtul rəngli, benzin qoxulu, fiziki-kimyəvi analiz nəticələrinə əsasən təyin olunan göstəricilərdən ammonium ionu 34,8 dəfə, ionların cəmi 1,3 dəfə X12 həddini keçməsi, digər təyin olunan göstəricilərin isə sanitar norma daxilində olması”, "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin 06.07.2021-ci il tarixli məktubunda göstərilən yaşayış evinin olduğu “həmin ərazidə "xxxx" ASC-yə məxsus mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması, ətrafdakı fərdi yaşayış evlərinin çirkab su xətti yaxınlıqda yerləşən zavodun ərazisindən keçən yağış kollektoruna qoşulması, yağış kollektoruna qoşulmuş kanalizasiya xətlərinin primitiv üsulla çəkildiyi üçün intensiv yağıntılar zamanı fərdi evlərin həyətlərində kanalizasiya xətlərində tutulmaların əmələ gəlməsi” və s. faktiki hallar mübahisəli ərazidə faktiki ekoloji vəziyyətə və iddiaçıya məxsus mənzilin sanitarkommunikasiya xətlərindən axıdılan çirkab suların kimyəvi tərkibinə dair məlumatlardan ibarətdir və bu sübutlar cavabdehin mülki-hüquqi məsuliyyətini, o cümlədən bilavasitə təqsirli, hüquqazidd fəaliyyətini ifadə etmir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq orqanların iddiaçıya ünvanlanmış məktublarında qeyd edilən hallar iddia tələbinin təmin olunması üçün yetərli sayıla bilməz. Bundan başqa, iddia tələbi üçün əsas kimi iddiaçının “X3 Departamenti tərəfindən akt tərtib edilərək X11 icrası məcburi olan müddətli “Məcburi Göstəriş” verilməsi” barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, bu sənəddə belə məcburiyyət tədbirlərinin nədə ifadə olunması, zavodun hansı hüquqazidd fəaliyyətindən irəli gəlməsi görünmür. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin sənəd cavabdehin hazırkı iddia tələbi üzrə mülki-hüquqi məsuliyyəti barədə nəticəyə gəlmək üçün əsas deyil. Bununla belə məhkəmə kollegiyası iddia tələbinin əsası kimi göstərilmiş cavabdehin fəaliyyətinə dair xüsusatların dəymiş zərərlə bilavasitə səbəbli əlaqəsinin müəyyən edilməsini mülki işin düzgün həlli üçün əhəmiyyətli hallar kimi nəzərə alır və bu məqsədlə ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və ekspertin gəldiyi nəticə ilə razılaşır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə cavabdehin təqsirli, hüquqazidd fəaliyyəti istisnadır və ona qarşı irəli sürülmüş iddia tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247 və 248-251-ci maddələrinə əsasən, ekoloji hüquqpozmalar, o cümlədən sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin istismarı zamanı X3 qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulmasının insan sağlamlığına zərər vurulmasına və ya digər ağır nəticələrə səbəb olması, müəyyən edilmiş qaydaların pozulması ilə radioaktiv, kimyəvi maddələrin və tullantıların istifadəsi və ya sair dövriyyəsinin insan sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratması, eyni əməllərin ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə, insan sağlamlığına zərər vurulmasına səbəb olması, yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsinin insan sağlamlığına zərər vurulmasına səbəb olması, çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulmasının insan sağlamlığına zərər vurulmasına səbəb olması cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237, 240, 262, 264, 275-ci maddələrinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması, X3 məqsədi ilə başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulması, atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsi, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsi, X3 sahəsində mövcud standartlar və texniki tələblər pozulmaqla məhsulların (məmulatların) istifadəsi, istismarı və təmiri, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsi, su obyektlərindən istifadə qaydalarının pozulması, su obyektlərindən istifadə qaydalarının pozulması, yəni texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi, su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsi, onların istismar qaydalarına riayət edilməməsi, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması, yəni ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi, ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi, ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsi, ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsi, insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsi, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsi inzibati məsuliyyət yaradır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən qanunvericilik normaları nəzərə alınmaqla iddiaçının, ona qarşı törədilən ekoloji hüquqpozmalara görə, o cümlədən belə hüquqpozmadan irəli gələn sağlamlığa vurulmuş zərər və digər ağır nəticələrlə bağlı cavabdeh şəxslərin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məqəsədilə aidiyyəti dövlət orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). İşin hallarından göründüyü kimi, iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin təqsiri nəticəsində ona məxsus ünvan 1 ünvanda yerləşən əmlakın=a vurulan və səhhətinə çəkilən cəmi 18238 manat maddi, bunun nəticəsində ona 50000 manat mənəvi zərərin ödənilməli olduğunu qeyd etsə də, qeyd olunan halları sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf yaşayış sahəsinə daxil olan zərərli maddələrin axıdılmasının qarşısını almağı cavabdeh Zavoda həvalə edilməsini tələb etsə də, zərərli maddələrin məhz cavabdeh tərəfindən axıdılmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi onun əsasları iddiaçı tərəfindən sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı iddia tələbinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, əksinə iş materiallarında olan 02 saylı, 23.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən əmlakın korroziyaya uğramasına, o cümlədən ona zərər dəyməsinə gətirib çıxaran səbəblər Heydər Əliyev adına X9 fəaliyyəti ilə birbaşa əlaqəli deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-340/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-340/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar