Məhkəmə qərarları › İş №2(103)-8912/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8912/2020

09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8912/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Nümayəndə Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nümayəndə Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 530.23 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 560.63 manat pulun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-3703/20) iddia təmin edilmişdir. Sözügedən qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (sığortaçı) Nümayəndə Sığorta Şirkəti ASC ilə bağlanmış PAX********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən **-PE-*** dövlət qeydiyyat nişanlı, “Renault Tondar” markalı avtomobilin sahibinin mülki məsuliyyəti cəmiyyətdə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh1, Cavabdeh2 MMC-nin mülkiyyətində olan sığortalanmış avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozaraq “İveco” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. TP2955796 saylı X8 qərara əsasən cavabdeh yol hərəkət qaydalarını pozduğu və hadisə zamanı avtomobili etibarnaməsiz idarə etdiyi üçün hadisədə təqsirli şəxs kimi tanınmışdır. ******* nömrəli zərər aktına əsasən hadisə nəticəsində “İveco” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 530.23 manat məbləğində zərər dəydiyi hesablanmış və həmin məbləğdə sığorta ödənişi zərər çəkənin kasko sığortaçısı “xxxx” ASC-yə ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 sığortalanmış avtomobili etibanaməsiz idarə etdiyi üçün iddiaçının hər iki cavabdehə qarşı subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən Nümayəndə Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 530.23 manat sığorta ödənişi məbləği və ödənilmiş 30.40 manat məhkəmə rüsumu olmaqla, cəmi 560.63 manat pulun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Ə.Bayramov iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh2 MMC ilə X6 arasında xx xxxxxxxx 2016-cı il tarixli AL-984 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və “Renault Tondar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil E.Əliyevin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X1 xahişi əsasında "Cavabdeh2” MMC tərəfindən Cavabdeh1 avtomobilin idarə olunmasına dair etibarnamə verilmiş və həmin etibarnamənin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. Cavabdeh2 MMC tərəfindən xx xxxxx 2019- cu il tarixdə X5, xx xxx 2019-cu il tarixdə X5 və X2 xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin bitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Sonuncu xəbərdarlıq məktubu göndərildikdən sonra xx xxx 2019-cu il tarixdə müqavilə üzrə ödəniş olunmuş və avtomobilin idarə olunmasına dair etibarnamə alınmışdır. Qeyd edir ki, lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin Cavabdeh1 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. “Daxili Lizinq” müqaviləsinin 11.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh2 MMC-nin sahibliyindən çıxmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin onlara aid hissədə rədd edilməsini və tutulacaq pulun iş üzrə digər cavabdeh olan şirkətdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iştirak etməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iş üzrə digər Cavabdeh2 MMC-nin mülkiyyətində olan və etibarnamə olmadan idarə etdiyi «Renault Tondar» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətə çıxmadan manevr qaydasını pozaraq, “İveco” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün o, AR İXM-nin 327.1 və 332.1-ci maddəsi ilə təqsirli bilinərək İXP ******* saylı X8 Protokol tərtib edilmişdir. xx.xx.2017- ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə ******* saylı akta uyğun olaraq, “İveco” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 530.23 manat ziyan dəymiş, dəymiş ziyan zərər çəkənin kasko sığortaçısı «xxxx» ASC-yə ödənilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması və Cavabdeh2 MMC-yə aid hissədə iddianın rədd olunması xahiş edilmişdir. Cavabdeh2 MMC apellyasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748, 1108.1, 1108.2-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Z.İbrahimov hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Daxili lizinq müqaviləsinin 3.1-ci və 11.2-ci bəndlərindən də göründüyü kimi lizinq obyektinə faktiki sahiblik hüququ lizinq müqaviləsi imzalandığı andan tam həcmdə keçmişdir. Həmçinin MMC-nin xəbərdarlıq məktubuna baxmayaraq Z.İbrahimov yüksək təhlükə mənbəyi sayılan avtomobili şirkətin iradəsindən kənar idarə etmişdir. Bununla da müəyyən olunur ki, avtomobilin sahiblik hüququ Cavabdeh2 MMC-dən çıxmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, hazırkı qətnaməni yalnız Cavabdeh2 MMC mübahisələndirmişdir. Qətnamə digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayır və qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında yüksək təhlükə mənbəyi olan Cavabdeh2 MMCnin mülkiyyətində olan «Renault Tondar» markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh1 tərəfindən heç bir əsas olmadan idarə edilməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslı olduğundan iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə (müştərək) qaydada 530 (beş yüz otuz) manat 23 (iyirmi üç) qəpik sığorta ödənişi iddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 936, 1108 və s. maddələri ilə əsaslandırmışdır. Yuxarıda qeyd olunduğu kimi, qətnamədən yalnız Cavabdeh2 MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərinə görə; - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.2, 748-7.1, 1108-ci maddələrinə, Daxili Lizinq müqaviləsinin 3.1 və 11.2-ci bəndlərinə əsasən lizinq obyektinə faktiki sahiblik hüququ lizinq müqaviləsi imzalandığı andan tam həcmdə lizinq alana keçmişdir. - Cavabdeh2 MMC-nin xəbərdarlıq məktubuna baxmayaraq Z.İbrahimov avtomobili şirkətin iradəsindən kənar idarə etmişdir. Apellyasiya şikayətinin ilkin dəlilinə münasibətdə qeyd edilir ki, Cavabdeh2 MMC ilə X6 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli AL-984 saylı Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Lizinq Obyektinə mülkiyyət hüququ Lizinq Verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ Lizinq Alana tam həcmdə keçir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Lizinq Obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmala) məsuliyyəti Lizinq Alan daşıyır. Apellyatorun istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.2-ci maddəsinə əsaəsn lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsaəsn lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən lizinq müqaviləsi xx.xx.2016-cı il tarixdə 36 ay müddətinə bağlanmış, sığorta hadisəsi baş verən vaxt qüvvədə olmuşdur. Lakin nəzərə alınmalıdır ki, zərər vurulması ilə nəticələnən qəzada lizinq müqaviləsinin tərəfi olan X6 deyil, avtomobili səlahiyyəti olmadan idarə etmiş X3 təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən də, apellyasiya şikayətinin göstərilən dəlili əsaslı hesab edilə bilməz. Göründüyü kimi, hazırda qəza törədən şəxs lizinq alan olmadığı üçün hazırki mübahisə göstərilən maddənin təsir dairəsinə düşmür. Nəzərə alınmalıdır ki, avtomobilin faktiki sahibliyi lizinq alanın üzərində olduğu halda, avtomobilin idarə edilməsinə dair etibarnamə verilməsi Daxili lizinq müqaviləsinin 6.1-ci bəndinə görə yalnız lizinq verənin səlahiyyətindədir. Belə olan halda, 2019-cu ilin 16 fevral tarixdən xx xxx 2019-cu il tarixədək Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etməsində MMC-nin təqsirli olduğu, (yəni, etibarnamənin müddətinin bitməsinə əhəmiyyət verməməsi, etibar edilənin iştirakı olmadan yeni etibarnamə verməməsi və avtomobili geri tələb etməməsi) öz sübutunu tapmış olur. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsində nəzərdə tutulan mənbə sahibi dedikdə, əmlakı öz sahibliyindən başqasının idarəsinə verilməsi ilə bağlı heç bir səlahiyyəti olmayan lizinq alan deyil, məhz lizinq verən MMC başa düşülməlidir. Z.İbrahimovun hüquqa zidd hərəkətləri nəticəsində avtomobilin MMC-nin sahibliyindən çıxdığının sübutu olaraq MMC tərəfindən birinci instansiya məhkəməsinə xx xxxxx 2019-cu və xx xxx 2019-cu il tarixli xəbərdarlıq məktubları təqdim edilmişdir. xx.xx.2019-cu il xəbərdarlıq məktubu yalnız lizinq müqaviləsinin tərəfi olan X5 ünvanlanmış və ondan lizinq obyektinə istifadə hüququ verən sənədin alınması tələb edilmişdir. Həmin xəbərdarlıq məktubu E.Əliyevə xx.xx.2019-cu ildə çatdırılmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, bu xəbərdarlıq hadisəni törədən şəxsə- Cavabdeh1 ünvanlanmadığından və E.Əliyevin hadisəyə heç bir aidiyyəti olmadığından hazırkı iş üçün sübut hesab edilə bilməz. Oxşar məzmunlu xx.xx.2019-cu il tarixli digər xəbərdarlıq isə E.Əliyevlə yanaşı Cavabdeh1 da ünvanlanmışdır, lakin həmin xəbərdarlığın Cavabdeh1 təqdim edilməsi barədə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən də həmin xəbərdarlıq tutarlı sübut hesab edilə bilməz, həmin xəbərdarlığın məhz xx.xx.2019-cu ildə tərtib edilməsinin özü də şübhə doğurur. Azərbaycan Respublikası Mülki məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar