Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-892/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-426/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2000-ci ildən SOCAR-ın Cavabdehndə işləyən iddiaçı xx.xx.2014-cü il tarixdə “Neft Daşları”nda ona həvalə edilən işi icra edərkən ayağı sürüldüyündən metal döşəməyə yıxılmış, ona ilkin tibbi yardım göstərildikdən sonra helikopter ilə sahilə çıxarılaraq “Aristokrat” tibb mərkəzinə aparılmış və orada metaloostesintez əməliyyatı olunmuşdur.
2. İddiaçının SOCAR-ın Cavabdehndə işlədiyi 04 iyun 2014-cü il tarixində iş vaxtı xəsarət alması barədə müxtəlif dövlət qurumlarına ünvanladığı şikayət xarakterli müraciətlərinə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətində baxılmış, həmin xidmətin xx.xx.2020-ci il tarixli əmri ilə yaradılmış komissiya tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun (iddiaçının) xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və hadisə xx.xx.2020-ci il tarixdə İZ formalı aktla rəsmiləşdirilərək SOCAR-ın Cavabdehndə uçota alınmışdır.
3. Təhqiqat aktında və İZ formalı aktda göstərilmişdir ki, Cavabdeh “Neft Daşları” istehsalat bölümünün 2585 saylı özülünün işçiləri 2014-cü ilin 2 iyun tarixində helikopterlə özülə növbəyə (vaxtaya) işə gəlmişdilər. 04 iyun 2014-cü il tarixdə səhər tezdən işə başlamamışdan qabaq növbə rəisi (usta) Səbuhi Kərimov briqada üzvlərinə özüldə qurğunun ayaqlarının (balkaları) yuyulması işini tapşırmışdır. Təxminən saat 1200 radələrində qazmaçı köməkçisi İddiaçı nahar fasiləsinə getmiş və 30 dəqiqə sonra yenidən iş yerinə qayıdaraq qurğunun ayaqlarının alt hissələrində yuyulma işlərini davam etdirmişdir. İddiaçı balkaların üzərinə çıxaraq yuyulma işlərini davam etdirmək istəyərkən ayağı sürüşdüyündən metal döşəməyə yıxılmış və ayaqlarının daban hissəsindən ciddi zədə aldığından ayağa qalxa bilməmişdir. İddiaçı hadisədən bir neçə dəqiqə sonra yuxarı baxanda qazmaçı köməkçisi Orxan Panəliyevi görmüş və onu köməyə çağırmışdır. O.Panəliyev iş yoldaşları ilə birlikdə İddiaçı yıxıldığı yerə gəlmişlər və yataq örtüyündən istifadə edərək onu özül rəisi Anar Nuruyevin otağına aparmışlar. İddiaçı orada ilkin tibbi yardım göstərildikdən sonra Anar Nuruyev bölüm rəisi X2 hadisə barədə məlumat vermiş, o isə öz növbəsində İddiaçı xəstəxanaya aparmaq üçün özülə helikopter sifariş etmişdir. Helikopter özülə gəldikdən sonra Mirsədir Musayevin tapşırığı ilə ƏM və TT mühəndisi X1 və takelajçı X3 İddiaçı helikopterlə sahilə çıxardıqdan sonra “Aristokrat" tibb mərkəzinə aparmışlar. Həmin günü İddiaçı tibb mərkəzində müayinə olunduqdan sonra 05 iyun 2014cü il tarixdə həmin klinikada ayaqlarından cərrahi əməliyyat olunmuş və bir neçə ay müalicə aldıqdan sonra sağalaraq öz işinə davam etmişdir. “Aristokrat” tibb mərkəzinin təqdim etdiyi arayışda İddiaçı 04 iyun 2014-cü il tarixində “Hər iki baldır sümüklərinin distal metafizinin sümüklərinin oynaq daxili çoxqəlpəli sınıqları” diaqnozu ilə klinikaya daxil olduğu və 05 iyun 2014-cü il tarixində metaloostesintez əməliyyatının aparıldığı bildirilmişdir. Hal-hazırda İddiaçı “Beyincikdə keçirilmiş hemoraqik insultun qalıqları. (xx.xx.2016) Sol tərəfli hemiporez. Nitqin pozulması. Hipertoniya xəstəliyi İİİ mərhələ” diaqnozu ilə İİ dərəcəli ümumi səbəbdən əlildir. Həmin təhqiqat aktında əlavə olaraq qeyd edilmişdir ki, Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən etməmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına əsasən istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və SOCAR-ın Cavabdehndə uçota alınmalıdır, İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi SOCAR-ın Cavabdeh rəhbərliyi tərəfindən təmin edilməlidir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində xx.xx.2021-ci il tarixdə müayinə edilən iddiaçıya “sol baldır sümüklərinin distal diafizinin qeyri-düzgün bitişmiş sınığı diaqnozu qoyulmaqla bu barədə xx.xx.2021-ci il tarixli müayinə aktından çıxarış tərtib edilmiş və həmin aktda əlillik dərəcəsinin İİ, əlillik səbəbinin – ümumi, müddətinin – müddətsiz, əmək qabiliyyətinin itirilmə faizinin 15% və ağır fiziki işlərin əks göstəriş olduğu göstərilmişdir. İş materiallarından həmçinin aydın olur ki, iddiaçı Cavabdehndə işlədiyi müddətdə işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "xxxx" ASC-də icbari sığorta olunduğundan onun hesabına xx.xx.2021-ci il tarixdə 14856,50 manat birdəfəlik sığorta ödənişi köçürülmüşdür.
5. Tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2016-ci il tarixdən həmçinin “Hipertoniya xəstəliyi İİİ dərəcə. Beyinciyin sağ hemisferdə hemarragik insult” xəstəliyindən də əziyyət çəkir.
6. Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, T60/2024 saylı məhkəmə-tibbi ekspertiza rəyində ekspert qarşısında qoyulmuş sullara cavab olaraq göstərilmişdir ki, “1960-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı xx.xx.2014-cü il tarixdə hər iki baldır sümüklərinin distal metafizinin sümüklərinin oynaq daxili çoxqəlpəli sınığı olmuşdur. xx.xx.2021-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ona “Sol baldır sümüklərinin distal metafizinin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət, aşıq baldır oynağının kontrakturası, plantar bükmə =110°, tış bükmə =90°, ağrı sindromu. Sağ tibia-calcaneal oynağın hissəvi ankilozu, talonavikulyar oynağın artrozu ikinci mərhələ, sağ baldır sümüyünün bitişmiş sınığı, aşıqbaldır oynağının kontrakturası. Plantar bükmə=119°, tış bükmə=90°, ağrı sindromu ilə. Aşağı ərtafların funksiyasının pozulması. S82.3; M 19.1; M24.5; R52.2; R26.8” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəsarətlər dərəcəsinə görə istər ümumi əmək qabiliyyətinin ‘Adən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı (15%) itirilməsinə, istərsə də sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xəsarət alındıqdan dərhal sonra əmək qabiİliyyətinin itirilmə dərəcəsinin təyin etmək mümkün deyil. Belə ki, əmək qabiliyyətinin dayanıqlı itirilməsi faktı yalnız xəsarətin nəticəsi aydın olunduqdan sonra təyin edilməlidir. Məhkəmə-tibbi nöqteyi-nəzərindən ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsi səhhətin 120 gündən artıq müddətdə pozulması deməkdir. xx.xx.2016cı ildə baş vermiş “Hipertoniya xəstəliyi İİİ. Beyinciyin sağ hemisferində hemorragik insult” diaqnozunu istehsalatda baş vermiş travma ilə əlaqələndirmək mümkün deyil. Belə ki, təqdim edilmiş tibbi sənədlərdə travmadan öncə onda hipertoniya xəstəliyinin olubolmamasını, eləcə də, travmadan dərhal sonra yaranmasında adi hər hansı bir məlumat yoxdur”.
7. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, T394/2024 saylı məhkəmə-tibbi ekspertiza rəyində isə ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı təqdim edilmiş “Aristokrat” tibb mərkəzinin 16.10.“2019”-cı il tarixli epikrizində, İZ formalı aktda və xx.xx.2021-ci il tarixli Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışında öz əksini tapmış, bədbəxt hadisənin nəticəsində əmələ gələn “hər iki baldır sümüklərinin distal metafizinin sümüklərinin oynaq daxili çoxqəlpəli sınıqları və hər iki topuq oynağı sümüklərinin çox qəlpəli sınığı və oynaqların yarımçıxığı, sağ tibiocalcaneal oynağın (daban) hissəvi ankilozu, talonavikulyar oynağın artrozu ikinci mərhələ” diaqnozları təyin olunmuşdur. Qeyd edilən xəsarətlər dərəcəsinə görə istər ümumi əmək qabiliyyətinin ‘A-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı (15%) itirilməsinə, istərsə də sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Belə ki, əmək qabiliyyətinin neçə faiz dayanıqlı itirilməsi yalnız xəsarətin həyat üçün təhlükəli olmasına görə yox, eləcə də xəsarətin törətdiyi nəticəyə əsasən təyin edilir. Məhkəmə-tibbi nöqteyi-nəzərindən ümumi əmək qabiliyyətinin dayanıqlı itirilməsi səhhətin 120 gündən artıq müddətdə pozulmasından sonra təyin edilir. Vətəndaş İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə onda hipertoniya xəstəliyinin olub-olmaması ilə əlaqədar hər-hansı bir məlumat olmadığından xx.xx.2016-cı ildə onda aşkar olunmuş “Hipertoniya xəstəliyi İİİ, beyinciyin sağ hemisferində hemorragik insult” diaqnozunun istehsalatda baş vermiş travma ilə əlaqələndirmək mümkün olmadı.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən illərlə hüquqlarının tapdalanmasına, yəni istehsalatda bədbəxt hadisənin gizlədilməsinə və ona maddi və mənəvi ziyan vurulmasına görə, 4000 manat əməliyyat və müalicələrə çəkilən xərcin, 50000 manat mənəvi ziyanın və 55494 manat işəgötürən tərəfindən sığorta hadisəsinin gizlədilməsi ilə vurulan ziyanın (sığorta ödənişi), ümumilikdə 109494 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən “Socar”-da “Neft daşlarında” çalışmışdır. xx.xx.2014-cü ildə onun başına istehsalatda bədbəxt hadisə gəlmişdir. Xidməti vəzifəsini yerinə yetirərkən yıxılıb və hər iki ayağı sınıb. İş yoldaşlarının köməyi ilə helikopterlə sahilə çıxarılıb. Əsas qanun pozuntuları burada başlanılıb. Bir qayda olaraq onu Dövlət Neft Şirkətinin xəstəxanası olan “Mərkəzi Neftçilər” xəstəxanasına aparmalı idilər. Lakin faktı gizlətmək üçün onu “Aristokrat” adlı özəl klinikaya aparıblar və orada əməliyyat edilib. Xəstəxanaya ayağında çox qəlpəli açıq sınıqlarla (“Hər iki baldır sümüklərinin distal metafizinin sümüklərinin oynaq daxili çox qəlpəli sınıqları” diaqnozu ilə) huşu üstündə olmadan qəbul edilmiş və burda elə səhərisi gün əməliyyat edilib. İlk əməliyyatın ödənişi müəssisə tərəfindən edilsə də, ikinci əməliyyat üçün heç bir ödəniş edilmədi. 1000 manat ödənişi öz vəsaiti ilə etməli olub. Bu diaqnozla ilk əməliyyatda ayağa dəmir millər taxılır və 6 aydan sonra ikinci əməliyyat ilə həmin millər çıxarılır. Diaqnoz həm İZ formalı aktda, həm də “Aristokrat” tibb müəssisəsindən verilmiş epikrizdə öz əksini tapmışdır. Yüngül işə keçiriləcəyinə dair rəhbərlik tərəfindən ona sözlər verilmiş, vədlər edilmişdir. 8 ay bu diaqnoz ilə yataq rejimində yaşamağa məcbur qalmışdır. Bu müddət ərzində isə heç bir maddi dəstək almamışdır. Nəticədə heç bir güzəştli iş şəraiti yaradılmadan işə davam etməli olduğu bildirilmişdir. Belə ki, ya eyni şərtlərlə işə davam etməli idi, ya da işdən çıxarılacaqdı. 8 ay ərzində maddi vəziyyətinin kəskin pisləşməsi səbəbilə, bir neçə ay da keçdikdən sonra yenidən gəmiylə “Neft daşlarına” getməyə məcbur qalıb. Qanunvericilikdə qeyd edilmiş konkret tələblərə və sağlamlığına dəymiş ağır zərərə baxmayaraq, işəgötürən tərəfindən hadisənin araşdırılması üçün heç bir addım atılmamışdır. Qəza keçirdiyi gündən və ondan sonra uzun bir müddət vəziyyətinin və keçirdiyi əməliyyatın ağırlığına görə güclü ağrı kəsicilərin təsiri altında qaldığından özü məsələ ilə bağlı heç bir addım ata bilməyib. Hadisənin araşdırılması üçün ailəsi tərəfindən təkidlər olsa da, yerinə yetirilməmişdir. Daha sonra bir neçə dəfə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” müraciət etsə də, heç bir cavab ala bilməyib. Nəhayət Prezident tərəfindən keçirilən islahatlar nəticəsində yeni nazir Sahil Babayev təyin olunduqdan sonra müraciətlərinə cavab ala bilib. xx.xx.2020-ci il tarixində təhqiqat komissiyası yaradıldı. X7 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və hadisə İZ formalı aktla rəsmiləşdirilərək Socar-ın Cavabdehndə uçota alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən **********2 nömrəli, xx.xx.2021- ci il tarixli, müayinə aktına əsasən 15 faiz əmək qabiliyyətinin itirilməsi dərəcəsi müddətsiz şəkildə təyin olunmuşdur. Elmi-tədqiqat travmatologiya və ortopediya institutundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə verilmiş arayışda qeyd edilir ki, onu müayinə etdikdə sümüklərin düzgün bitişmədiyi və həmin qəzanın fəsadlarının hələ də ortadan qalxmadığı aşkar edilmişdir. Təyin olunmuş əmək qabiliyyətinin itirilmə faizi və sığorta hadisəsini təsdiq edən digər sənədlərlə “Paşa Həyat” sığortaya müraciət etmiş və 15 dekabr 2021-ci ildə, 14738,59 manat birdəfəlik sığorta ödənişi əldə edib. Bu ödənişin məbləği Nazirlər Kabinetinin 192 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” qərarına əsasən hesablanır. Qəzadan illər keçdikdən sonra yalnız onun müraciətlərinin araşdırıldığını və keçən illərə görə əmək qabiliyyətinin itirilmə faizi azdır. İşəgötürən qəzanın qeydə alınması üçün heç bir addım atmayaraq onun TSEK-də müayinə olmasını da gecikdirmişdir. Əgər vaxtında yəni 2014-cü ildə TSEK-də müayinədən keçsə idi, qeyd olunmuş diaqnoz ilə azı 60% əmək qabiliyyətinin itirilmə faizi təyin olunardı. Qeyd olunan faiz və NK-nın qərarındakı yaş əmsalına uyğun olaraq ən azı 70232 manat birdəfəlik sığorta ödənişi təyin oluna bilərdi. Yəni qanunun tələblərini pozub, baş vermiş sığorta hadisəsini gizlədərək, TSEK-də müayinəsini gecikdirib, ona ən azı 55494 manat ziyan vurublar. Araşdırma vaxtında aparılmadığı üçün yaşa uyğun hesablama əmsalı da düzgün olmayıb. İşəgötürən öz vəzifə borcunu yerinə yetirib faktı gizlətməsəydi, yaşa uyğun hesablama əmsalı 9.1894 yox, 10.8382 olacaqdı. Əmək qabiliyyətini itirməsinin nəticəsində gəlirinin xeyli azalması və müalicəsinə çəkilən xərclər maddi olaraq ailəsini çox pis vəziyyətə salmışdır. Bunun üstünə, işəgötürən tərəfindən faktın gizlədilməsi ilə, dəymiş ziyan xeyli böyümüşdür. Həyat yoldaşı 2-ci qrup əlildir, oğlu isə bu illər ərzində yetkinlik yaşına çatmamışdı. Yəni ki, maddi vəziyyətlərinin bu dərəcədə pisləşməsi həm onu, həm də ailəsini dərindən sarsıdıb. Hazırda həm də “Beyincikdə keçirilmiş hemoqrafik insultun qalıqları. (xx.xx.2016) Sol tərəfli hemiporez. Nitqin pozulması. Hipertoniya xəstəliyi İİİ mərhələ” diaqnozu ilə İİ dərəcəli ümumi səbəbdən əlildir. Bu xəstəlik illər boyu haqlarının tapdalanmasının üzə çıxan fəsadıdır. İldən ilə maddi vəziyyətinin getdikcə pisləşməsi səbəbi ilə diaqnozuna uyğun olaraq daimi qəbul etməli olduğu müalicəsini qarşılaya bilmir. Uzun müddətdir ki, dərmanlarını ala bilmir. İşəgötürən hadisənin ağırlığından asılı olmayaraq araşdırılması üçün müvafiq addımlar atmağa məcburdur. Lakin, təqdim etdiyi sənədlərdən də göründüyü kimi, müəssisə tərəfindən illər ərzində heç bir addım atılmamış, yalnız onun 2019-cu ildə etdiyi müraciətdən sonra hadisə araşdırılmışdır.
10. Cavabdeh Socar Cavabdeh səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçının tələblərinə münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və ərizəsini belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının əsaslandığı faktiki hallar 2014-cü ildə yaranmış münasibətlərə aiddir. Müvafiq tələblər üzrə iddia müddəti ötürülmüşdür. Çünki Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-426/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən vurduğu maddi ziyanın əvəzi kimi 7710,52 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 9710,52 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pulun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X6)
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, sığorta ödənişi hesablanarkən hansı yaş əmsalının əsas götürülməli olması qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, nəzərə alınmalıdır ki, normayaratma fəaliyyətinin əsas prinsiplərindən biri insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipidir. Konkret ictimai münasibətləri tənzimləyən norma mövcud olmadığı halda hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunarkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır (“Normativ hüquqi aktlar haqqında” Qanunun 13.4-cü maddəsi). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta ödənişinin məbləği hesablanarkən müvafiq məsələ istehlakçının xeyrinə həll edilməli, şəxsin əlilliyi aldığı dövrdə olan deyil, hadisə baş verən dövrdə olan yaşı nəzərə alınmalıdır. Şərh edilənlərlə yanaşı məhkəmə həmçinin belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyərək həmin faktı gizlətmiş, bununla əmək qanunvericiliyi ilə işəgötürənin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçının vaxtında sığorta ödənişi almasının qarşısını kəsmişdir. Buna görə də, iddiaçı 2014-cü ildə almalı olduğu sığorta ödənişini, yalnız 2021-ci ilin sonunda qismən əldə edə bilmişdir. İddiaçının nümayəndəsinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən əldə etdiyi xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, inflasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021-ci ildən 2014-cü ilə nisbətən 151.9 faiz təşkil etmişdir. Bu o deməkdir ki, iddiaçının 2021-ci ildə əldə etdiyi 14856,50 manat sığorta ödənişi məbləğinin alıcılıq qüvvəsi 2014-ci il ilə müqayisədə 151.9 faiz daha az olmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya vurulan maddi zərərin əvəzi kimi həmin məbləğ üzrə müvafiq indeksasiya aparılmalı, əldə edilən məbləğlə iddiaçıya verilən sığorta ödənişi arasındakı fərq ((14856,50 x 151,9%) - 14856,50 = 7710,52 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, 71-ci maddələrinə, Əmək Məcəlləsinin 9-cu, 215-ci, 217-ci, 225-ci, 239-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217-ci maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü, 17.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” qaydasının 2.1.1-ci bəndinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləvğ edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X9" Trestindən, vurduğu maddi ziyanın əvəzi kimi 22.567 AZN, mənəvi ziyana görə isə 50.000 AZN tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənəvi zərər qismində nəzərdə tutulmuş 2000 AZN iddiaçıya dəymiş zərərin əvəzi kimi ağlabatan məbləğ deyildir. İddiaçının üzləşdiyi haqsızlıqların, başına gəlmiş bədbəxt hadisənin ağırlığına və onun yaratdığı fiziki və mənəvi sarsıntılara baxmayaraq 7 il ərzində gizlədilməsi və bu dövr ərzində tələb olunan müalicələri alabilməməsi iddiaçıda dərin mənəvi, psixoloji sarsıntılar yaratmışdır. Məhkəmə qeyd olunan illər ərzində məbləğin alıcılıq qüvvəsinin 151.9% olduğunu qeyd etsə də, hesablamadan belə görünür ki, 14856.50 AZN məbləği, 151.9%-ə vurduqdan sonra alınan məbləğdən 14856.50-ni yenidən çıxmış və faktiki olaraq 51.9% hesablamışdır. Başqa sözlə, yekunda təmin edilən məbləğ sığorta ödənişinin 151.9%-ni deyil 51.9%-ni təşkil etmişdir. Halbuki, sığorta məbləğinin 151.9%-i ,22.567 ( iyirmi iki min beş yüz altmış yeddi) AZN təşkil edir. Beləliklə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmamış, Məhkəmə özü sığorta məbləğinin alıcılıq qüvvəsinin 151,9% azaldığını təsdiq etsə də, hesablama zamanı 51,9%-ni təmin etmişdir. Məhkəmənin hesablama üsulu ilə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, əgər inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 151,9% deyil məsələn 60% olmuş olsaydı, bu halda ((14.856,50 x 60%) - 14.856,50= - 5.942,9)) cavabdeh iddiaçıya deyil, əksinə iddiaçı cavabdehə borclu qalmış olacaqdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə tərəfindən mənəvi zərərin hesablanmasının hansımeyarlara əsaslandığı, mənəvi zərərin nədən ibarət olduğu əsaslandırılmamışdır. Sığorta ödənişinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etmək sığortaçının ("xxxx" ASC-nin) vəzifəsi olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin ölçülməsi meyarları nəzərə alınmamış və cavabdehin üzərinə onun vəzifə daşımadığı hallarla bağlı öhdəlik qoyulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi öz apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas hüquqları a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq; ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək; d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq; g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq; ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq; h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək; x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq; i) əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək; j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; k) qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək; m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq; n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaqdan ibarətdir. 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsi kimi tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. 217-ci maddəsinin 1-4-cü bəndlərinə görə, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. 239-cü maddəsinin 1-ci bəndinə görə, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
22. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 16.3-cü maddəsinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Həmin Qanunun 16.3.1-ci maddəsinə görə, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə birdəfəlik sığorta ödənişi verilir. 17.4-cü maddəsinə əsasən, bu qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı (həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin 2 iyul 2010-cu il tarixli, 289 saylı fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Qanunun 18.3-ci maddəsinə görə, birdəfəlik sığorta ödənişi icbari sığorta müqaviləsi və ya annuitet müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq verilir.
23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırki apellyatorlar tərəfindən qətnamənin həm iddianın təmin edilməsi hissəsi, həm də təmin edilməyən hissələri mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi yalnız dəymiş ziyanın məbləğinin tutulması hissəsində səhv nəticəyə gələrək, düzgün hesablama aparmamışdır. Bu səbəbdən dəymiş maddi ziyanın məbləğinin tutulması ilə bağlı hissədə qətnamə dəyişdirilməlidir.
29. Hazırkı işin faktiki hallarına əsasən xx.xx.2000-ci ildən SOCAR-ın Cavabdehndə işləyən iddiaçı xx.xx.2014-cü il tarixdə ona həvalə edilən işi icra edərkən yıxılmış, nəticədə onun hər iki baldır sümükləri sınmış, o, “Aristokrat” tibb mərkəzinə aparılaraq orada əməliyyat olunmuş, bununla belə baş vermiş həmin bədbəxt hadisənin işəgötürən (cavabdeh) tərəfindən araşdırılması və uçota alınması qaydalarına əməl edilməmişdir. Sonradan iddiaçının müraciətləri əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2020-ci il tarixli əmri ilə təhqiqat komissiyası yaradılmış, həmin komissiya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatını aparmış və hadisə xx.xx.2020-ci il tarixdə İZ formalı aktla rəsmiləşdirilərək SOCAR-ın Cavabdehndə uçota alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixdə apardığı müayinə nəticəsində iddiaçıya “sol baldır sümüklərinin distal diafizinin qeyri-düzgün bitişmiş sınığı” diaqnozu qoyulmuş, habelə onun əmək qabiliyyətini 15% həddində itirildiyi təsbit edilərək ona İİ dərəcəli müddətsiz əlillik verilmişdir. Təyin olunmuş əmək qabiliyyətinin itirilmə faizi və sığorta hadisəsini təsdiq edən sənədlər əsasında iddiaçıya "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə 14856,50 manat birdəfəlik sığorta ödənişi ödənilmişdir. Həmçinin iddiaçının xx.xx.2016-ci il tarixdən “Hipertoniya xəstəliyi İİİ dərəcə. Beyinciyin sağ hemisferdə hemarragik insult” xəstəliyindən də əziyyət çəkdiyi aydın olmuşdur.
30. İddiaçı isə cavabdeh SOCAR-ın Cavabdehndə işləyərkən başına bədbəxt hadisə gəlməsinə rəğmən cavabdehin bunu qanuna müvafiq qaydada rəsmiləşdirmədiyini, ilk əməliyyat istisna olmaqla digər əməliyyat və müalicələrə görə özünün 4000 manat xərc çəkdiyini, istehsalatda baş verən həmin bədbəxt hadisə vaxtında uçota alınmadığından əmək qabiliyyətinin itirilmə faizinin daha aşağı həddə təyin olunduğunu və yaşa uyğun hesablama əmsalının daha aşağı həddə nəzərə alındığını, bu səbəblərdən də əldə etməli olduğu sığorta ödənişdən 55494 manat daha az ödəniş aldığını və maddi zərərə düşdüyünü, o cümlədən 50000 manat məbləğində mənəvi ziyana məruz qaldığını iddia edərək hazırkı iddia tələblərini irəli sürmüşdür.
31. xx.xx.2014-cü il tarixdə iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin işəgötürən (cavabdeh) tərəfindən araşdırılması və uçota alınması tələblərinin pozulduğu, hadisənin yalnız iddiaçının şikayətlərindən sonra X7 Xidmətinin xx.xx.2020-ci il tarixli əmri ilə qurulan komissiya tərəfindən təhqiq edilərək xx.xx.2020-ci il tarixli İZ formalı aktla rəsmiləşdirildiyi və cavabdeh SOCAR-ın Cavabdehndə uçota alındığı, tibbi müayinədək keçirilərək əmək qabiliyyətinin müddətsiz 15% həddində itirilməsinin müəyyən olunduğu və "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə 14856,50 manat birdəfəlik sığorta ödənişinin hesablanaraq ona ödənildiyi işin mübahisəsiz hallarıdır. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdə baş vermiş bədbəxt hadisəyə görə, iddiaçıya yalnız 2021-ci ilin sonunda sığorta ödənişi verilmişdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” qaydasına əlavə edilmiş 3 nömrəli cədvəldən görünür ki, əlilliyi müddətsiz təyin edilən 53-56 yaş qrupu şəxslər üçün hesablama əmsalı 10,8382, 61-64 yaş qrupu şəxslər üçün hesablama əmsalı isə 9,1894 nəzərdə tutulmuşdur.
33. İş materiallarından aydın olur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Bu o deməkdir ki, iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi xx.xx.2014-cü il tarixdə onun 53 yaşı olmuşdur. Həmin əmsala görə aparılan hesablama zamanı birdəfəlik sığorta ödənişinin məbləği 17557,88 manat müəyyən olunur. Halbuki, iddiaçıya xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən daha aşağı məbləğdə – 14856,50 manat sığorta ödənişi verilmişdir.
34. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün qənaətə gəlsə də, məhkəmə ödənilməli olan sığorta məbləğini düzgün hesablamamışdır.
35. Belə ki, cavabdeh iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyərək həmin faktı gizlətmiş, bununla əmək qanunvericiliyi ilə işəgötürənin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçının vaxtında sığorta ödənişi almasının qarşısını kəsmişdir. Buna görə də, iddiaçı 2014-cü ildə almalı olduğu sığorta ödənişini, yalnız 2021-ci ilin sonunda qismən əldə edə bilmişdir. İddiaçının nümayəndəsinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən əldə etdiyi xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, inflasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021-ci ildən 2014-cü ilə nisbətən 151.9 faiz təşkil etmişdir. Bu o deməkdir ki, iddiaçının 2021-ci ildə əldə etdiyi 14856,50 manat sığorta ödənişi məbləğinin alıcılıq qüvvəsi 2014-ci il ilə müqayisədə 151.9 faiz daha az olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya vurulan maddi zərərin əvəzi kimi həmin məbləğ üzrə müvafiq indeksasiya aparılmalı, əldə edilən məbləğlə iddiaçıya verilən sığorta ödənişi (14856,50 x 151,9%) = 22567.02 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, inflasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021-ci ildən 2014-cü ilə nisbətən 151.9 faiz təşkil etdiyindən ödənilmiş məbləğ hesablanmalı məbləğdən çıxılmamalıdır. Nəzərə alınmalıdır ki, ödənilən məbləğin alıcılıq qüvvəsi məhz keçən illər ərzində bu qədər 22567.02 itirilmiş hesab edilir. Belə olan halda həmin məbləğdən yenidən ödənilmiş məbləğin çıxılması halında inflasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinin 2021-ci ildən 2014-cü ilə nisbətən 151.9 faiz daha az olması nəzərə alınmamış olur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, məhz Cavabdeh baş vermiş bədbəxt hadisə faktını gizlətməsi səbəbindən, iddiaçı əldə etməli olduğu sığorta ödənişini vaxtında ala bilməmiş, aldığı xəsarətlərə görə əməliyyat keçirtmiş, öz hesabına müalicələr almış (sığorta ödənişini almadan), o cümlədən hüquqlarının bərpası üçün çoxsaylı dövlət qurumlarına və sonda məhkəməyə müraciət etməli olmuş, uzun çəkən məhkəmə çəkişməsinin tərəfi olmağa məcbur qalmaqla yanaşı, məhkəmə tibbi müayinələrə də məruz qoyulmuşdur. Eyni zamanda kollegiya hesab edir ki, mənəvi zərərin 2000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdehndən vurulmuş maddi ziyanın əvəzi kimi 22567.02 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-426/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdehndən 22567.02 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-426/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi maddi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehndən dəymiş ziyanın əvəzi olaraq 22567.02 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.