Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8929/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 Məhərrəm oğlu və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4503/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3470 manat sığorta ödənişi və 30,4 manat dövlət rüsumunun, cəmi 3500,4 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 09 yanvar 2013-cü il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi, Cavabdeh2 məxsus “Volkswagen Passat” minik markalı, **-FJ-*** qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətməklə X3 idarə etdiyi “Mercedes (Daimler Crysler) C180” markalı, **-NG-*** qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibi X4 maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinmiş, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.4-cü (köhnə məcəllə), yəni, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulması maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Hadisə nəticəsində “Mercedes (Daimler Ceysler) C180” markalı avtomaşına 3470 manat maddi ziyan dəymiş, iddiaçı tərəfindən sığorta ödənişi edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4503/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müvafiq etibarnaməsi olmadan idarə etdiyi və 09 yanvar 2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyi “Volkswagen Passat” minik markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da, sığorta olunan avtomobil yol-nəqliyyat hadisəsi onun tərəfindən həmin əmlakı idarə etməyə etibarnamə verilmiş şəxs tərəfindən deyil, tanımadığı tamamilə başqa şəxs tərəfindən törədilmiş və nəticədə **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan yetirilmişdir Belə olan halda, delikt törətmiş şəxs o deyil, Cavabdeh1dur və "xxxx" ASC tərəfindən **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sonuncu avtomobilin sahibi X4 ödənilmiş sığorta məbləği də məhz mövcud ziyanın vurulmasında təqsiri müəyyən edilmiş şəxs, yeni Cavabdeh1 subroqasiya qaydasında tələb edilə bilərdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək sığorta ödənişinin Cavabdeh2 tutulmasının əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 13 mart 2013-cü il tarixli, 3(005)-247/2013 saylı qərarından görünür ki, Cavabdeh1 09 yanvar 2013-cü il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi, Cavabdeh2 məxsus “Volkswagen Passat” minik markalı, **-FJ-*** qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətməklə X3 idarə etdiyi “Mercedes” markalı, **-NG-*** qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, beləliklə AR İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş “Volkswagen Passat” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çixarışından görünür ki, həmin avtomobil 21.12.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış, 09 yanvar 2013-cü il tarixdə yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi törədildiyi anda da Cavabdeh2 mülkiyyətində olmuş və onun tərəfindən hər-hansı bir şəxsə etibarnamə verilməmişdir. İş materiallarında olan Qüsur aktından və sığorta aktından, eləcə də, kassa məxaric orderinin surətindən görünür ki, yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində **- NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3470 manat məbləğində zərər vurulmuş, həmin məbləğdə pul vəsaiti sığorta şirkəti tərəfindən avtomobilin mülkiyyətçisinə ödənilmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iş üzrə apellyator tərəfindən qeyd olunan halları təkzib edən mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin, apelyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi yol nəqliyyat hadisəsi törədilən zaman “Volswagen Passat” minik markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olmuş və onun tərəfindən hər-hansı bir digər şəxsə, o cümlədən də hadisəni törətmiş şəxsə etibarnamə verilməsi və ya digər qanuni əsaslarla avtomobilin verməsi halı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4503/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8929/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8929/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver