Məhkəmə qərarları › İş №2(103)-8941/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8941/2021

26.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8941/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh Məlik-zadə Dilarə Aslan qızının iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-414/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Məlik-zadə Dilarə Aslan qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Məlik-zadə Dilarə Faiq qızına qarşı “paylı mülkiyyətdə olan paya kompensasiya verilməklə xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ21074 minik avtomaşından Məlik-zadə Dilarə Faiq qızının ¼ hissədə paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri Məlik-zadə Abbas Saleh oğlu ilə 28 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olub. Birgə nikahdan 31 mart 2008-ci il tarixdə Məlik-zadə Leyla Abbas qızı və 16 yanvar 2013-cü il tarixdə Məlik-zadə Məryəm Abbas qızı anadan olublar. Məlik-zadə Abbas Saleh oğlu 26 iyul 2004-cü il tarixdən N dekabr 2019-cu il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olub. “157” saylı hərbi hissədə xidmətdə olarkən N dekabr 2019-cu il tarixdə Naftalan şəhərində ürək dayanmasından qəflətən vəfat etmişdir. 16 fevral 2011-ci il tarixli, AB №560473 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobili əri Məlik-zadə Abbas Saleh oğlunun mülkiyyətində olub. Qanun üzrə vərəsəlik hüququ haqqında 05 iyun 2020-ci il tarixli şəhadətnaməyə əsasən, mərhum Abbas Məlik-zadənin vərəsələri arvadı, yəni o, qızları Məlik-zadə Məryəm Abbas qızı və Məlik-zadə Leyla Abbas qızıdır, şəhadətnaməyə əsasən miras əmlak mərhum Abbas Məlik-zadəyə məxsus olan 2008-ci il buraxılışlı VAZ- 21074 ininik markalı avtomaşından ibarətdir. Miras payın 1/4 payı açıq saxlanılıb. Həmin pay mərhum Abbas Məlik-zadənin anası Məlik-zadə Dilarə Faiq qızına məxsusdur. Cavabdeh Dilarə Məlik-zadənin mübahisəli avtomobil üzərində payı ¼ hissəsi təşkil edir ki, bu da ümumi payın cüzi hissəsidir. Paylı mülkiyyətdə olan avtomaşının bölünməsi mümkün deyildir. Cavabdeh Dilarə Məlik-zadə mübahisə predmeti olan avtomobildən istifadə etmədiyindən onun ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi yoxdur. Hesab edir ki, cavabdeh Dilarə Məlik-zadənin mübahisəli avtomobilin üzərində payı cüzi olduğundan cavabdehə ¼ payına uyğun olaraq kompensasiya ödənilməklə, mərhum Abbas Məlik-zadəyə məxsus olan avtomobilə olan paylı mülkiyyət hüququna xitam verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-414/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunması, İddiaçı tərəfindən Məlik-zadə Dilarə Faiq qızına 1.310 manat kompensasiya verilməklə Məlik-zadə Dilarə Faiq qızının ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobildən olan payına xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Məlik-zadə Dilarə Aslan qızı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuş, məhkəmə işin hallarını hərtərəfli araşdırmadan və təqdim edilmiş sübutları hərtərəfli qiymətləndirmədən iddianı təmin etmişdir. Məhkəmənin qəbul etdiyi qətnamədə avtomobilin hazırkı likvid dəyərinin 5.240 manat müəyyən olunması yalnız "xxxx" MMC-nin rəyinə əsaslanmaqla kifayətlənmişdir. Ekspertiza aparılmasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, halbuki onun iştirakı məhkəmə tərəfindən təmin olunmalı idi. Bundan başqa məhkəmə qətnamədə onun soyadını, adını, ata adını Cavabdeh olduğu halda qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində Məlik-zadə Dilarə Faiq qızı kimi göstərmişdir. Hesab edir ki, avtomobilin qiymətləndirilməsi ilə bağlı onun iştirakı təmin olunmaqla yenidən ekspertiza keçirilməlidir və mübahisə predmeti olan avtomobil hərracda satılmaqla onun payına düşən 1/4 pay ayrılmalıdır. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-414/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh Məlik-zadə Dilarə Aslan qızı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-414/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı cavabdeh Dilarə Məlik-zadə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-414/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh Məlik-zadə Dilarə Aslan qızı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, qətnamə apelyasiya şikayətinə əsasən cavabdeh Dilarə Məlik-zadənin qətnamədə qeyd edilən ata adı hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Məlik-zadə Dilarə Faiq qızı istisna olmaqla digər vərəsələr notariat kontoruna müraciət edərək hər biri ¼ hissədə pay əldə etmiş, digər ¼ hissə açıq saxlanılmış, həmin pay mərhum Məlik-zadə Abbas Saleh oğlunun anası Məlik-zadə Dilarə Faiq qızına məxsusdur. Ekspert rəyinə əsasən miras əmlak hesab olunan avtomobilin hazırkı likvid dəyəri 5.240 manat müəyyən olunur, belə olan halda hər payın dəyəri 1.310 manat təşkil edir. İddiaçı tərəfindən Məlik-zadə Dilarə Faiq qızına 1310 manat kompensasiya verilməklə sonuncunun payına xitam verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 215 və 220-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, AB № 560473 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik markalı avtomobili mərhum Məlik-zadə Abbas Saleh oğlunun mülkiyyətində olmuşdur.(İ.vər. 7) İş materiallarında olan, Reyestrdə 2V-149 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 05 iyun 2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, mərhum Məlik-zadə Abbas Saleh oğlunun vərəsələri arvadı İddiaçı, qızları Məlik-zadə Məryəm Abbas qızı və Məlik-zadə Leyla Abbas qızıdır, şəhadətnaməyə əsasən miras əmlak mərhum Məlik-zadə Abbas Saleh oğluna məxsus olan 2008-ci il buraxılışlı VAZ-21074 ininik markalı avtomaşından ibarətdir. İddiaçı, Məlik-zadə Məryəm Abbas qızının və X1 hər birinin payı ¼ hissədə müəyyən olunub.Miras payın ¼ hissəsi açıq saxlanılıb.(İ.vər. 8) İş materiallarında olan, "xxxx" MMC-nin 28 saylı, 20 aprel 2021-ci il tarixli rəyindən görünür ki, ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobilin hazırkı likvid dəyəri 5.240 manat müəyyən olunur.(İ.vər. 37 - 43) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissəsində iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə nəticəsi qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilmişdir ki, Məlik-zadə Abbas Saleh oğlu ilə İddiaçı 28 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 31 mart 2008-ci il tarixdə Məlik-zadə Leyla Abbas qızı və 16 yanvar 2013-cü il tarixdə X2 anadan olmuş, Abbas Məlik-zadə N dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Ondan ** EF *** dövlət qeydiyyat nömrəli, VAZ-21074 minik avtomobil miras qalmış, mərhum Abbas Məlikzadənin vərəsələri arvadı İddiaçı, qızları Məryəm və Leyla Məlik-zadələr, həmçinin hazırkı iş üzrə cavabdeh olan anası Dilarə Məlik-zadədir və vərəsələrin hər birinin miras əmlakda payı ¼ hissədədir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab etmişdir ki, iş üzrə cavabdeh Məlik-zadə Dilarə Faiq qızının payı digər vərəsələrin payına nisbətdə cüzi olduğundan, payların narurada bölgüsü mümkün olmadığından iddia tələbi əsasslıdır və bu səbəbdən iddiaçı tərəfindən 1.310 manat konpensasiya verilməklə sonuncunun payına xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qeyd edilən nəticəsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Dilarə Məlik-zadənin apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh Dilarə Məlik-zadə mübahisəli əmlak olan avtomobilin ekspert rəyində göstərilən qiymətdən daha baha olmasını bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Dilarə Məlikzadənin apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Bundan başqa cavabdeh Dilarə Məlik-zadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, işin müəyyən edilmiş hallarına tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün hüquqi qiymət vermişdir. Ona görə də apelyasiya şikayətinin göstərilən dəlilləri iddia tələbinin təmin edilən hissəsində qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Lakin, məhkəmə tərəfindən qətnamədə cavabdehin ata adının düzgün göstərilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə apelyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan (iş vər. 5) DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, vətəndaş Dilarə Məlik-zadənin atasının adı Aslandır. Lakin birinci instansiya məhkəməsi həmən arayışda qeyd edilən məlumatlara diqqət yetirməmiş və iddiaçının iddia ərizəsində göstərdiyinə istinad edərək cavabdehin atasının adını səhvən “Faiq qızı” kimi qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh Dilarə Məlik-zadə tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-414/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən cavabdeh Dilarə Məlik-zadənin qətnamədə qeyd edilən ata adı hissəsində dəyişdirilərək, qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində cavabdeh Dilarə Məlik-zadənin ata adı “Faiq” əvəzinə “Aslan” adı qeyd edilməklə, Məlikzadə Dilarə Aslan qızı kimi oxunmalı, qətnamə apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollеgiyası, Qət etdi: Cavabdeh Məlik-zadə Dilarə Aslan qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-414/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi, cavabdeh Dilarə Məlik-zadə tərəfindən verilmiş apelyasiya şikayətinə əsаsən dəyişdirilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-414/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində cavabdeh Dilarə Məlikzadənin ata adı “Faiq” əvəzinə “Aslan” adı qeyd edilməklə, Məlik-zadə Dilarə Aslan qızı kimi oxunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar