Məhkəmə qərarları › İş №2(103)-8942/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8942/2021

10.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8942/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə çəkilən təmir xərcinin və digər xərclərin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-109/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə çəkilən təmir xərcinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus Bakı şəhəri Nizami rayonu Məmmədov İsmayıl küçəsi, 15 saylı evin 2 otaqlı, 52 saylı mənzilində apardığı təmir işlərinə görə xərclədiyi 20.402 manat (12000ABŞ dolları) məbləğində pulun, 30 manat dövlət rüsumunun, 2015-2016-cı illərdə cavabdehlərin mənzilində içməli su və kanalizasiya xətlərinə görə ödədiyi 78,75 manat, 2015-2017-ci illərdə mənzilin elektrik enerjisinə görə ödədiyi 717,82 manat,2013-cü ildən 2017-ci ilədək mənzilin 374- 68-92 saylı telefonuna görə ödədiyi 125,94 manat, 2014-2017-ci il illərdə mənzilə çəkilmiş KATV-yə görə ödədiyi 300 manat, 2013-cü ildən 2017-ci ilədək mənzilin mühafizə xidmətinə nəğd şəkildə ödədiyi 2.128,60 manat pulun Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 11.10.2011-ci ildə qanuni nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan onların iki əkiz oğlan uşağı anadan olmuşdur.10.01.2014-cü ildə doğulan X3 və X2. Cavabdeh1 ilə onun xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən Nizami Rayon Məhkəməsinin 09.08.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Evlənəndən sonra yalnız 2011-2017-ci ilin iyul ayınadək Nizami rayonunda yerləşən Cavabdeh2 məxsus İsmayıl Məmmədov küçəsi, 15 saylı evin 2 otaqlı, 52 saylı mənzilində yaşayıblar. Bu faktı həmin binada yaşayan qonşular da təsdiq edə bilərlər. Onun keçmiş arvadı İlahənin anası Xatirə həmin mənzili onlara bağışlayıb. O, İlahə ilə rəsmi nikaha daxil olmamışdan qabaq elə bilmişdir ki, həmin mənzil artıq onunla İlahənindir, gələcəkdə də onların uşaqlarına qalacaqdır. Cavabdehlər ondan xahiş etmişlər ki, həmin mənzil təmirsizdir, oranı təmir edib sonra ora köçüb yaşasınlar. O, da cavbdehlərin xahişinə əsasən həmin mənzili öz vəsaiti hesabına təmir etmək qərarına gəlmişdir. O, 2011 -ci ilin fevral ayından iyun ayına kimi Nizami rayonunda yerləşən sözügedən mənzilin təmir işlərini görüb və ora 12.000 ABŞ dollar məbləğində pul xərcləyib, onun 6 ildən çox orada yaşaması və həmin mənzilin onun tərəfindən təmir olunmasını qonşular da təsdiq edə bilərlər. O, 6 ildə şifahi bağışlanan cavabdehlərin evində yaşayıb. O vaxt o, düşünmüşdür ki, həmin mənzili təmir etməklə o öz uşaqlarının gələcəyinin yaxşı yaşamasını təmin edəcəkdir. Lakin çox təəsüf ki, bu belə olmadı, İlahə və onun anası Xatirə onu aldadaraq və etibarından sui-istifadə edərək əvvəlcə ona həmin mənzili təmir etdirib, sonra isə onu 2017-ci ilin iyul ayında mənzildən qovmuşlar.Onun mənzildən qovulması ilə bağlı Nizami rayon prokurorluğunun 29.08.2017-ci il tarixli məktubu da vardır. Ona görə də iddiaçıya zərər dəyib və o, dəyən zərərin geri qaytarılmasını tələb edir. Lakin cavabdehlər çəkdiyi xərci iddiaçıya ödəməkdən boyun qaçırırlar. O həmin vəsaiti cavabdehlərdən alıb uşaqlarının gələcək təhsilinə xərcləməyi düşünür. Bundan əlavə, 2015-2016-cı illərdə cavabdehlərin mənzilində içməli su və kanalizasiya xətlərinə görə 78,75 manat,2015- 2017-ci illərdə mənzilin elektrik enerjisinə görə 717,82 manat,2013-cü ildən 2017-ci ilədək mənzilin ***-**-** saylı telefonuna görə 125,94 manat,2014-2017-ci il illərdə mənzilə çəkilmiş KATV-yə görə 300 manat, 2013-cü ildən 2017-ci ilədək mənzilin mühafizəsinə görə nəğd şəkildə 2.128,60 manat pul ödəmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-109/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, iş ekspertiza təyin olunsa da, kspertizanın keçirilməsi mümükün olmamış, sonradan vəsatət versə də, məhkəmə bunu təmin etmimiş və bubunla da kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı və vəkili məhkəməyə ərizə və teleqramla müraciət edərək başqa prosesdə və tədbirdə iştirak edəcəkləri ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iddiaçı və vəkilinin qeyd etdikləri hallarnan bağlı sübut təqdim etmədiklərini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Heybətov İddiaçı İlahə Vaqif qızı11.10.2011-ci ildə qanuni nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan onların iki əkiz oğlan uşaqları anadan olmuşdur.Nizami Rayon Məhkəməsinin 09.08.2018- ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Evlənəndən sonra 2011-2017-ci ilin iyul ayınadək Nizami rayonunda yerləşən Cavabdeh2 məxsus İsmayıl Məmmədov küçəsi,ndəki 15 saylı evin 2 otaqlı, 52 saylı mənzildə yaşamışlar. İddiaçı həmin mənzildə yaşayarkən mənzildə təmir işləri apardığını və mənzilin kommunal,mühafizə xidməti və sair xidmətlərə görə müxtəlif məbləğdə pullar xərclədiyini bildirmişdir və hazırda həmin pulları cavabdehlərdən tələb edir. İş materiallarında olan DƏDRX-nin 1 saylı ünvan ünvanlanmış 26.02.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami rayonu İsmayıl Məmmədov küçəsi, 15 saylı evin 2 otaqlı, 52 saylı mənzil Cavabdeh2 adına 31.10.2006-cı il tarixdə qeydə alınmışdır.Lakin 52 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 4ə-138 reyestr nömrəli, 07.02.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edilməməsini onunla əsaslandırmışdır ki, iddiaçı özü də etiraf etdiyi kimi 2011-ci ildən 2017-ci il tarixinədək həmin mənzildə yaşamış və cavabdehlərlə birgə təsərrüfat aparmışdır. Onunla Cavabdeh1 arasında ailə münasibətləri pozulacağı halda xərclədiyi pulları mənzilin mülkiyyətçisindən geri tələb etmək hüququnun olması haqda hər hansı bir razılaşma olmamışdır. İddiaçı qeyd etmişdir ki, Cavabdeh2 şifahi formada mənzili onlara (ona və arvadına) bağışladığını bildirmiş, mənzildə təmir işləri aparmağı ondan xahiş etmişdir. O, da mənzilin gələcəkdə ona və övladlarına qalacağını düşünüb qeyd olunan xərcləri çəkmişdir. Lakin cavabdeh öz vədinə əməl etməmiş və sonradan onu evdən qovmuşdur. Buna baxmayaraq iddiaçı məhkəməyə bu xüsusatları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının əmlaka sahiblik, istifadə və sərəncam hüququ yoxdur. Mənzildə yaşayan şəxsin könüllü olaraq,mülkiyyətçi ilə hər hansı bir razılaşma tərtib etmədən mənzildə apardığı yaxşılaşdırma işlərinin əvəzinin geri tələb etmək hüququ qanunvericiliklə tənzimlənməmişdir. Bundan başqa, iddiaçı 6 il müddətində qeyd olunan mənzildə yaşamaqla ondan bəhrələnmişdir. Mülki Məcəlləyə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarına yuxarıda istinad olunan qanunvericiliyin normaları baxımından qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının qarşısında hər hansı bir müqavilədən və ya qanundan irəli gələn öhdəliyi mövcud olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-109/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar